Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5602/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, müəyyə n e t d i m: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atasının ölüm haqqında şəhadətnaməsinin verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq hesab edirəm ki, ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizə əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq Vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.1-ci bəndinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin Qaydanın 8.14-cü bəndinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin Qaydanın 8.15ci bəndinə əsasən ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Göründüyü kimi, ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır və ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli, 136 saylı qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nın təsdiq edilməsi haqqında qərarın 1.2-ci bəndinə əsasən Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları, 2.1 və 2.1.4-cü bəndlərinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon, şəhər qeydiyyat şöbələri, İİİ bəndinə əsasən Azərbaycan Respublikası Yerli İcra Hakimiyyət orqanları və həmin bəndin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikası rayon və şəhər icra hakimiyyəti orqanlarının rayon tabeliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə nümayəndəlikləri inzibati orqanlar kimi göstərilmişdir. Ərizəyə əlavə olunmuş 17 iyun 2021-ci il tarixli məktubdan görünür ki, ərizəçi ölüm haqqında şəhadətnamənin alınması ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin həmin qurumdan imtina cavabı almışdır. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir; 2.2, 2.2.2, və 2.2.3-cü maddələrinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 153.2-ci və 153.2.1-ci maddələrinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir; 153.4-cü maddəsinə görə ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmçinin qeyd etməyi zəruri hesab edirəm ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də, iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə deyil, başqa məhkəmədə, yaxud başqa məhkəmə icraatı qaydasında baxılmalı olmasını ehtiva edir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki ərizənin qəbul edilməsindən imtina edilməli və ərizəçiyə izah edilməlidir ki, o, hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq qərara a l d ı m: Ərizəçi (Maraqlı şəxs cəlb edilməklə) “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsinin qəbul edilməsindən imtina olunsun, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçiyə hazırki tələbi ilə bağlı Bakı İnzibati Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5602/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5602/2021
29.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver