Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5657/2023 13.09.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Cavabdeh iştirakları ilə, Ərizəçi (maraqlı şəxs qismində Cavabdeh cəlb edilməklə) mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında mediasiya prosesinin nəticəsində əldə edilmiş xx.xx.2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onun Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə toyları olmuşdur. Qohum olduqları üçün rəsmi nikaha bir o qədər əhəmiyyət vermədən həmin tarixdən ailə olaraq birgə yaşamağa başlamışlar. 14 oktyabr 2012-ci ildə Abbaslı Zəhra, 13 mart 2014-cü ildə Abbaslı Məhəmməd adlı övladları anadan olmuşdur. 2022-ci ilin mart ayında Cavabdeh ilə alimentin müəyyən edilməsi barədə mübahisənin məhkəməyə qədər həlli üçün mediatora müraciət etmişdir. Mediasiya prosesində onunla Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır.Həmin barışıq sazişinə əsasən 14 oktyabr 2012-ci il təvəllüdlü X4 və 13 mart 2014-cü il təvəllüdlü X2 üçün 01 aprel 2022-ci il tarixindən başlayaraq hər uşaq üçün hər ay (bir yüz doxsan üç) manat, cəmi 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh xx.xx.2022-ci il tarixdən başlayaq, uşaqların saxlanılması üçün öhdəsinə götürdüyü alimenti bu günə kimi ödəməmişdir. Bir neçə dəfə ondan alimenti ödəməsini xahiş etsə də, müxtəlif bəhanələr gətirərək bu günədək alimenti ödəməkdən yayınmışdır. Məhz buna görə xx.xx.2023-cü il tarixində Cavabdeh sonuncu dəfə üçün rəsmi olaraq xəbərdarlıq məktubu yazaraq onun qeydiyyatda olduğu ünvana göndərmişdir. O, həmin məktubu xx.xx.2023-cü il tarixdə almışdır. Hesab edir ki, onların arasında bağlanmış barışıq sazişi məhkəmə qaydasında təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək, ərizədə yazılanlara uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Cavabdeh Ərizəçi ilə aralarında uşaqlarının saxlanılmasına görə alimentin ödənilməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdə barışıq sazişinin bağlandığını, işində problemlər olduğuna görə bir müddət alimentin ödənilməsində gecikmələrin olduğunu, lakin bəzi vaxtlarda razılaşdıqları məbləğdən artıq məbləğdə alimenti ödədiyini bildirdi. Ərizənin təmin edilməsinə etiraz etmir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZ-İİ seriyalı 982545 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 14 oktyabr 2012-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası Ərizəçidır; AZ-İİİ seriyalı 276550 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13 mart 2014-cü il təvəllüdlü X3 atası Cavabdeh, anası Ərizəçidır; 31 mart 2022-ci il tarixdə, Bakı 4 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi və Cavabdeh arasında bağlanmış barışıq sazişindən görünür ki, hər iki tərəfin razılığı ilə birgə nikahdan doğulmuş 14 oktyabr 2012-ci il təvəllüdlü X4 və 13 mart 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh 01 aprel 2022-ci il tarixdən başlayaraq hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386(üç yüz səksən altı) sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Ərizəçi həmin aliment məbləği ilə razılaşır. 26 iyul 2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, Ərizəçi tərəfindən Cavabdeh alimentin ödənilməsi ilə əlaqədar xəbərdarlıq edilmişdir. 16 avqust 2023-cü il tarixli və 01 sentyabr 2023-cü il tarixli mədaxil qəbzlərindən görünür ki, hazırki ərizənin məhkəməyə verilməsi üçün ərizəçi tərəfindən cəmi 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər; 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir; 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir; 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır; 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur; 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər; 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə işdə iştirak edən şəxslər tərəfindən imzalanmış 31 mart 2022-ci il tarixli barışıq sazişinin müddəalarını təhlil edərək və Mülki Prosessual Məcəllənin 355-26.1-ci göstərilən barışıq sazişinin təsdiq edilməsindən imtina olunması üçün əsasların olmadığını nəzərə alaraq belə qənaətə gəlir ki, maraqlı şəxs Cavabdeh barışıq sazişi üzrə öhdəliklərini qanunla müəyyən edilmiş müddətdə könüllü olaraq icra etmədiyinə görə, sazişin məcburi icrasının təmin edilməsi məqsədilə barışıq sazişi məcburi icrası üçün məhkəmə tərəfindən təsdiq edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 234.2-ci və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə itirak edən şəxslərə aid edilir; Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə həmçinin hesab edir ki, hazırki ərizənin verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 31 mart 2022-ci il tarixdə Bakı 4 saylı Mediasiya təşkilatı vasitəsi ilə Ərizəçi ilə Cavabdeh arasında bağlanmış aşağıdakı şərti özündə əks etdirən barışıq sazişi məcburi icrası üçün təsdiq edilsin: - Hər iki tərəfin razılığı ilə birgə nikahdan doğulmuş 14 oktyabr 2012-ci il təvəllüdlü X4 və 13 mart 2014-cü il təvəllüdlü X1 üçün Cavabdeh 01 aprel 2022-ci il tarixdən başlayaraq hər uşaq üçün 193 (bir yüz doxsan üç) manat, cəmi 386(üç yüz səksən altı) manat sabit pul məbləğində aliment ödəməyi öhdəsinə götürür. Ərizəçi həmin aliment məbləği ilə razılaşır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə
Məhkəmə qərarları › İş №2(001)-5657/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5657/2023
13.09.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver