Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5721/2021 30.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclası katibi X15 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bı̇ nəqədi rayon qeydı̇ yyat şöbəsı̇ cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atasının ölüm faktı barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X5 05 aprel 2021-ci il tarixdə qəflətən rahatsızlaşmış, ürək sıxılmasından, nəfəs almaqda çətinlik çəkdiyindən şikayətlənmişdir. O, atasını dərhal götürüb Bakı Sağlamlıq Mərkəzinə həkimə aparmışdır. Həkimlər mərhumu müayinə etmiş və məlum olmuşdur ki, atasında kəskin ürək çatışmazlığı var, lakin indiki durumda əməliyyat riskli olduğu deyilmişdir. Odur ki, bir müddət konservativ müalicə almağını tövsiyə etdilər ki, atasının ürəyinin ritmi düzəlsin, sonra əməliyyat olunsun. Onlarda razılaşdılar və müalicəyə başladılar. O günə qədər atası səhhətindən heç vaxt şikayət etməmişdi. Bir kurs müalicə bitdikdən sonra yenə müayinə üçün xəstəxanaya apardı. 19 aprel 2021-ci il tarixdə müayinə olunduqdan sonra bir az daha müalicə alması tövsiyə olunmuşdur. İki həftə müalicə alandan sonra əməliyyata hazırlıq işlərinə başladılar. Müalicələrdən sonra xeyli irəliləmə müşahidə olunurdu. Lakin xəstəliyi ilə bağlı yerli poliklinikada qeydiyyata durmadılar. Planlaşdırdılar ki, bir az da yaxşılaşsın, aparıb qeydiyyata saldırsınlar. Hadisələr qısa bir vaxtda baş verdi. 09 iyun 2021-ci il tarixində gündəlik tələbatını ödəmək üçün bazar alış-verişinə getdiyi yerdə qəfildən ürəyi tutmuş və yıxılmışdır. X16 çağırılmış, briqada gələnə qədər dünyasını dəyişmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bibisi, mərhumun isə bacısıdır. 09 iyun 2021-ci ildə bacısı Rahilə ona zəng vuraraq bildirmişdir ki, Sədərəkdə Meyvəli bazarında Xəyyadın vəziyyəti qəflətən pisləşmişdir. X16 gələndə artıq Xəyyad rəhmətə getmişdi. Dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin qardaşı, mərhumun oğludur. Atası 09 iyun 2021-ci ildə evə bazarlıq üçün Meyvəli bazarına getmiş, orda vəziyyəti qəflətən pisləşmişdir. Təsadüf nəticəsində bibisi Rəhilə orda olmuşdur. Bibisi ona zəng vuraraq X16ın çağırıldığını bildirmişdir. X16 gələndə artıq atası rəhmətə getmişdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhumun əmisi oğludur. Mərhumun bacısı Rəhilə ona zəng vuraraq bildirmişdir ki, Sədərəkdə Meyvəli bazarında Xəyyadın vəziyyəti qəflətən pisləşmiş və həmin vaxtda rəhmətə getmişdir. O, yas və dəfn mərasimlərində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı 09167978 nömrəli şəxiyyət vəsiqəsiin surətindən görünür ki, 01 yanvar 1962-ci il təvəllüdlü X5 Ermənistanın Quqark rayonunda anadan olmuş, yaşayış yeri Bakı şəhəri, Rəsulzadə qəsəbəsi, sıra 1, keçid 1, ev 11-dir. Təcili və X2 Stansiyasının ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 09 iyun 2021-ci il tarixdə, saat 10:47-də X1 meyidi aşkar edilmişdir; X7, X9, X4 və X8 tərəfindən tərtib edilmiş 21 iyun 2021-ci il tarixli aktdan görünür ki, onlar, yaxın qohumluq münasibətində olduqları X5 09 iyun 2021-ci il tarixində vəfat etdiyini, elə həmin gün də Binəqədi rayonu Binəqədi qəsəbə qəbrstanlığında dəfn edildiyini, mərhumun dəfn və yas mərasimində iştirak etdiklərini təsdiq etmişlər. Bakı şəhəri Binəqədi rayonu X3 tərəfindən 23 iyun 2021-ci il tarixdə verilmiş arayışdan görünür ki, Ərizəçi atası X5 həqiqətəndə 09 iyun 2021-ci il tarixdə Binəqədi rayonu Binəqədi qəsəbə qəbrstanlığında dəfn edilmişdir. Bakı şəhəri 9 saylı Şəhər Poliklinikası tərəfindən Ərizəçi ünvanlanmış 22 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, Rəsulzadə qəsəbəsi, Sıra 1, keçid 1, ev 11 ünvanında qeydiyyatda olmuş 1962-ci il təvəllüdlü X1 9 saylı Şəhər Poliklinikasına xəstəliklə əlaqədar müraciət olmamışdır, 17 saylı köməkçi yardım stansiyasının verdiyi məlumata görə X.Məmmədov 09 iyun 2021-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Meyvəli Ticarət Mərkəzində qəflətən vəfat etmişdir. Qeyd olunan səbəblərə görə 9 saylı Şəhər Poliklinikası tərəfindən X.Məmmədovun ölüm haqqında tibbi şəhadətnamə yazılmamışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 17 iyun 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun rəhmətə gedən atası X5 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Atasının adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X5 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzinin ərazisində ölmüş, lakin ərizəçinin atasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01 yanvar 1962-ci il tarixdə Ermənistanin Quqark rayonunda doğulmuş X1 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 01 yanvar 1962-ci il tarixdə Ermənistanın Quqark rayonunda doğulmuş X1 09 iyun 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonunun ərazisində yerləşən “Meyvəli” ticarət mərkəzində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-5721/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5721/2021
30.07.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver