Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-5801/2021 14.07.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəbizadə Nigar Xeyrulla qızı, İddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı10 və İddiaçı5 cavabdeh “xxxx” MMC-yə qarşı işə bərpa, ezamiyyət xərclərinin tam həcmdə və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı10 və İddiaçı5 cavabdeh “xxxx” MMC-yə qarşı işə bərpa, ezamiyyət xərclərinin tam həcmdə və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinə əsasən, iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Maddənin məzmunundan göründüyü kimi, iddiaçı subyektlərin tərkibinə görə deyil, tələblərin bağlılığına görə bir neçə iddia tələbini bir iddia ərizəsində birləşdirmək hüququna malikdir. İddia ərizəsi və ona əlavə edilən sənədlərdən isə müəyyən edilir ki, hazırkı iddia tələbi 10 iddiaçı tərəfindən qaldırılmış və hər bir iddiaçı onun işə bərpa edilməsini, ona ezamiyyət xərclərinin və mənəvi ziyanın əvəzini, iddiaçılardan altı nəfər isə onlara əlavə olaraq maddi ziyanın əvəzinin ödənilməsini tələb edirlər. İddia tələblərinin əsaslandığı hallardan isə aydın olur ki, hər bir iddiaçı ilə ayrı-ayrı əmək müqavilələri bağlanmış və iddia tələbləri də iddiaçıların hər biri ilə ayrı-ayrılıqda bağlanmış əmək müqavilələrindən irəli gələn mübahisə ilə əlaqəlidir. Göründüyü kimi, iddiaçılar bir-biri ilə əlaqəsi olmayan, hər birinin yalnız özü üçün hüquq və vəzifələr yaradan, yaratdığı hüquqi nəticələrinin birinin digəri üçün heç bir əhəmiyyəti olmayan, yəni bir-biri ilə bağlılığı olmayan oxşar tələbləri bir iddia ərizəsində birləşdirmişlər. Belə olan halda, 10 müstəqil iddiaçının tələblərinə bir icraatda baxılması, tərəflərin prosessual hüquq və vəzifələrinin təmin edilməsində, mülki işə qanunla müəyyən olunmuş prosessual müddətlər çərçivəsində baxılmasına maneələr yaradacaqdır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 172.2ci maddəsində işə bərpa barədə işlərinə baxılması üçün 1 ay prosessual müddət müəyyən edilmişdir. Məqsəd isə hüquq pozuntusunun uzun sürməsinin daha ciddi zərər vurmasının qarşısının almaqdır. Belə olan halda hesab edirəm ki, iddia ərizəsi hazırki formada icraata qəbul oluna bilməz, odur ki, hər bir iddiaçı onunla bağlanmış əmək müqaviləsindən irəli gələn mübahisə ilə əlaqədar ayrı-ayrılıqda ümumi qaydada məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.1 və 152.1.7-ci maddələrinə görə, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Mülki Prosessual Məcəllənin 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Mülki Prosessual Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə qənaətə gəlirəm ki, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.3-cü maddəsinin tələbinə zidd olduğuna görə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, iddiaçılara izah edilməlidir ki, hər bir iddiaçı ayrı-ayrılıqda iddia ərizəsi ilə ikinci dəfə məhkəməyə müraciət edə bilər. Eyni zamanda qeyd etməyi zəruri hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər məhkəməyə İddiaçı2 tərəfindən ünvan 1 ünvanından göndərildiyindən, məhkəmə tərəfindən də sənədlər həmin ünvana qaytarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: İddiaçılar İddiaçı2, İddiaçı7, İddiaçı3, İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı9, İddiaçı8, İddiaçı10 və İddiaçı5 cavabdeh “xxxx” MMC-yə qarşı işə bərpa, ezamiyyət xərclərinin tam həcmdə və vurulmuş maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçılara izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Nigar Nəbizadə
Məhkəmə qərarları › İş №2(001)-5801/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-5801/2021
14.07.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver