Məhkəmə qərarları › İş №2(001)-5954/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-5954/2024

20.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-5954/2024 20.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları: Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixdə Bakı 3 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/3/2024-00227 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbini onunla əsaslandırmışdır ki, tərəflər xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş və birgə nikahdan Zəhra adlı övladları doğulmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3499/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən cavabdehlə aralarındakı nikahın pozulması, birgə nikahdan olan uşağın onun yanında saxlanılması və uşağın yetkinlik yaşına çatanadək cavabdehdən hər ay 175 manat, uşağın üç yaşı tamam olana kimi hər ay sabit məbləğdə 50 manat aliment tutularaq ona ödənilməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-3499/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş aliment məbləğinin artırılması ilə bağlı mediasiya təşkilatına müraciət etmişdir. Barışıq sazişi bağlandıqdan sonra şərtləri cavabdeh tərəfindən pozulmuş, yerinə yetirilməmişdir, sazişlə razılaşdırılmış aliment məbləği də ödənilməmişdir, sazişin şərtləri 10 gün müddətində yerinə yetirilməli olduğu halda yerinə yetirilməmişdr. Bu səbəbdən də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir. Mülki işin materialları: - Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli Barışıq Sazişinə əsasən:

1. Ərizəçi Maraqlı şəxs ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hətr ay sabit pul məbləğində 230 manat aliment tələb edir.

2. Maraqlı şəxs Ərizəçi ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat aliment ödənilməsinə razı olduğunu bildirdi və ödənişi hər ayın 15-20-u aralığında ödənilməsini öz öhdəsinə götürdü.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməlidir. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı aralarında razılığa gəlmiş və 235 manat sabit pul məbləğində alimentin ödənilməsi ilə bağlı xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Müəyyən edilmişdir ki, tərəflər arasında aliment ödənilnəsinə dair xx.xx.2024-cü il tarixdə barışıq sazişi bağlanılmasına baxmayaraq indiyədək heç bir ödəniş olmamışdır və ərizəçi xx.xx.2024-cü il tarixdə hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə təmin edilməli, - Bakı 3 saylı Mediasiya Təşkilatının xx.xx.2024-cü il tarixli, MŞB/3/2024-00227 saylı barışıq sazişi təsdiq edilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən 30 manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı məzmunlu MŞB/3/2024- 00227 saylı barışıq sazişi təsdiq edilsin:

1. Ərizəçi Maraqlı şəxs ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hətr ay sabit pul məbləğində 230 manat aliment tələb edir.

2. Maraqlı şəxs Ərizəçi ilə birgə nikah dövründə dünyaya gəlmiş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat aliment ödənilməsinə razı olduğunu bildirdi və ödənişi hər ayın 15-20-u aralığında ödənilməsini öz öhdəsinə götürdü. Maraqlı şəxs 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar