Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6113/2020 08.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X43 oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 cəlb edilməklə) qarşı evə dair birgə nikah dövründə alınmış vəsaitinin bölünməsi və mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 cəlb edilməklə) qarşı evə dair birgə nikah dövründə alınmış vəsaitinin bölünməsi və mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, 124 korpus ünvanında yerləşən tikilinin alınması üçün birgə nikah dövründə verilmiş 16.500 manat məbləğə və birgə vəsait hesabına tikilinin təmirinə sərf olunmuş 4.000 manat məbləğə 2/3 hissədə payının müəyyən edilməklə, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3cü mədən, 124 korpus ünvanında yerləşən tikiliyə yetkinlik yaşına çatmayan uşaqları X22 və X27 ilə birlikdə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, cavabdeh ilə xx xxxxxxx 2009-cu il tarixdə ailə həyatı qurmuş və nikahları Mingəçevir şəhər qeydiyyat şöbəsində xx xxxxxx 2009-ci il tarixdə 427 nömrə ilə qeydə alınmışdır. Onların birgə nikahından xx xxxxx 2010cu il tarixdə X23, xx xxxxxxx 2012-ci il tarixdə isə X27 anadan olmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-678/2020 saylı, xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə onların nikah pozulmuş, uşaqlar onun yanında saxlanmış və uşaqların saxlanması üçün hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində aliment cavabdehdən onun xeyrinə tutulmuşdur. Ailə həyatı qurduqdan sonra o, 2009-cu ildə Şəki şəhərinə köçərək 6 il ailəsi ilə birlikdə yaşamışdır. Köçərkən el adəti üzrə cehizlərini də aparmışdır. Şəki şəhərində yaşayarkən yoldaşı pendir sexi işlədərək onlara yaxşı baxmış və ailəsini dolandırmışdır. Yoldaşının xasiyyəti pis olmuş, hər şeyə söz etmişdir. Onu işləməyə qoymamış, ancaq uşaqlara baxmağını tapşırmışdır. Ona tez-tez əl qaldırmış, o isə uşaqlarına görə susub səbr etmişdir. Birgə nikah dövründə müxtəlif illərdə 6 ümumi avtomaşınları olmuşdur. Avtomaşından birini icarəyə verib avtobus kimi icarə haqqı almışlar. Məqsədləri pul yığıb özlərinə Bakı şəhərində mənzil almaq olmuşdur. Həmçinin onlar, birgə nikah dövründə alınmış “Microavtobusu” da satmışlar ki, yoldaşının birgə nikah dövründə borcunu ödəsinlər, qalan məbləğin üstünü düzəldib özlərinə mənzil alsınlar. Təxminən 2014-cü ilin əvvəlində ailələri ilə birlikdə Bakı şəhərinə gəlmişlər və anasıgilə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən mənzildə yaşamağa başlamışlar. Təxminən 1 il yarıma yaxın anasıgilə məxsus mənzildə yaşamışlar. Yaşadıqları ərəfədə pul toplayaraq özlərinə mənzil almağa çalışmışlar. 2016-cı ilin mart ayında keçmiş həyat yoldaşı cavabdeh Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 ünvanında yerləşən mənzili tapmışdır. Bundan sonra birgə vəsaitləri hesabına evin sahibi X4 Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən 124 korpus ünvanında yerləşən, 1 mərtəbəli, 2 otaqlı evi keçmiş yoldaşı Cavabdeh adına 18.000 manata razılaşmaqla, 16.500 manata almışlar və qeyd olunan evi almaqlarını və pulu vermələrinə dair ərizəni də Bakı şəhəri 14 saylı Notariat Ofisinin notariusu Elmar Əliyev təsdiq etmişdir. Evin alınmasında notariusda anası Gülnarə də iştirak etmişdir. Evi aldıqdan sonra isə təmir etdirməyə başlamışlər və evin təmiri 2016-cı ilin aprel ayının sonuna kimi davam etmişdir. Təxminən 4.500 manata yaxın evin təmirinə pulları çıxmışdır. Evin təmirinə anası Gülnara 1.600 manata yaxın pulla köməklik etmişdir. Evin təmiri başa çatdıqdan sonra 2016-cı ilin may ayının əvvəli ailəsi ilə birlikdə qeyd olunan mənzilə köçmüşlər və birgə təsərrüfat aparmağa başlamışlar. Mənzili onlar alarkən 2 otaq, 1 dəhzil və 1 mətbəxdən ibarət olmuşdur. Onlar, evdə mətbəxi artırıb bir otaq əlavə etmiş, evdən əlavə bir otaq da tikirmişlər. Əlavə olaraq tualet tikmiş, hasarı qaldırmış və həyətin üstünü bağlamışlar. Evə köçərkən özü ilə stenka, paltar dolabı, yataq taxtı, qab-qacaq, qazanlar, televizoru, iran peçi və zəruri olan digər əşyalarını da ora gətirmişdir. xx xxxx 2016-ci il tarixdə evə gələn suyun müqaviləsi, xx xxxxx 2016-ci il tarixdə qaza dair sayğacın müqaviləsi, xx xxxxxx 2016-ci tarixdə isə işığa dair sayğacın müqaviləsi evin əvvəlki sahibi Telman Abbasovun adından cavabdehin adına keçirilmişdir. Həmin mənzildə yaşamaqla təsərrüfat aparmaqla uşaqlarını yaşadıqları evə yaxın yerləşən Binəqədi rayonu, 182 saylı tam orta məktəbə qoymuşlar. Hazırda uşaqları X23 həmin məktəbin 5-ci “a”, X27 isə 2-ci “e” sinifində təhsillərini davam etdirirlər. Hazırda onun yaşamağa yeri yoxdur və uşaqlarına görə məktəbə yaxın ərazidə kirayəyə ev tapmağa məcburdur. Habuki, Binəqədi qəsəbəsi, 3-cü Mədən, 124 korpus ünvanında yerləşən, 1 mərtəbəli ev onların birgə vəsaitləri hesabına alınmışdır. Cavabdeh onu həmin evdən zorla çıxarmış və indi də mənzilə buraxmır. Ona qarşı kobud hərəkətlər edərək, dəfələrlə əl qaldırmışdır. O, həmin evdən zorla çıxarkən özü ilə heç uşaqların və özünün gündəlik paltarlarını da götürə bilməmişdir. Onun cehiz əşyaları və uşaqlarının və özünün gündəlik paltarları qeyd olunan ünvanda qalmışdır. Ən azından özünün və uşaqlarının gündəlik geyim əşyalarını götürmək üçün cavabdehə müraciət edərək mübahisəli evə daxil olmaq istəsə də, onu evə buraxmamış və gündəlik əşyalarını verməkdən imtina etmişdir. Bu səbəbdən də o, məcbur olub evdə ona məxsus əşyaların, geyim əşyalarının, uşaqların gündəlik geyim paltarlarının, “Samsung" markalı mobil telefonun qaytarılması ilə bağlı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Araşdırma zamanı cavabdeh onun və uşaqlarının gündəlik geyim paltarlarını yaxın günlərdə gətirib təhvil verəcəyini, qalan əşyaları isə məhkəməyə müraciət edib tezliklə götürməyini, telefonu isə araşdırmadan sonra götürə biləcəyini demişdir. Polisə müraciət etdikdən sonra uşaqların paltarlarını qaytarmışdır. Onun patlarlarını və digər əşyalarını isə verməmişdir. Polisə şikayətindən sonra gedib paltarlarını tələb etsə də, onu evə buraxmamışlar və qonşuların dediyinə görə cavabdeh polisdə araşdırma aparılandan sonra paltarları yaşadıqları ünvandan Şəki rayonuna aparmışdır. Keçmiş həyat yoldaşı olan cavabdehin maddi durumu yaxşı vəziyyətdədir. Belə ki, əvvəllər “xxxx” MMC-də 61 nömrəli avtobus sürücü işləmiş və aylıq maaşı 800-900 manat olmuşdur. Hazırda isə pandemiya olana kimi Bakı şəhəri ərazisində sərnişin daşıma fəaliyyəti ilə məşğul olur və 108 B saylı avtobusda sürücü işləyir. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu Elmar Əliyev tərəfindən sorğuya əsasən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli 01-01/03-711 saylı cavabından görünür ki, xx xxxx 2016-cı il tarixdə 7E-3518 reyestr nömrə ilə qeydə alınmış X6 Bakı şəhəri, Binəqədi qəsəbəsi, 3-cü Mədən 124 korpus ünvanında yerləşən, 1 mərtəbəli, 2 otaqlı evə dair Cavabdeh Məmiş oğlundan 16.500 manat pul almasını, eyni zamanda qeyd olunan məbləğə dair heç bir iddia və tələbinin olmaması ilə bağlı ərizəsindəki imzanın həqiqiliyi notarius tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, notarius tərəfindən təsdiq edilmiş ərizələrin nüsxəsi notarius ofisinin arxiv sənədləri içərisində saxlanmadığından T.Abbasovun adından rəsmiləşdirilmiş ərizənin təsdiq edilmiş surətinin təqdim edilməsi imkanları xaricindədir. X32 təqdim etdiyi cavabdan da görünür ki, mübahisəli evə dair Cavabdeh xx xxxx 2016-cı il tarixdə 16.500 manat pulu X9 verməsini təsdiq etmişdir. Qeyd olunan məbləğ onların birgə vəsaitləridir. Azərbaycan Respublikası “xxxx” ASC-nin Binəqədi Rayon Sukanal idarəsi tərəfindən sorğuya əsasən verilmiş xx xxxxxxxx 2020-ci ii tarixli 01-01/03-711 saylı cavabından görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən 124 korpus ünvanında yerləşən özbaşına tikilinin sahibi X11 ilə xx xxxx 2013-cü ildə müqavilə bağlanmışdır. xx xxxx 2016-ci ilə ünvan ad dəyişmə əməliyyatı olmuş, ünvanın abonent kodu Cavabdeh adına keçmiş, xx xxx 2020-ci il tarixdə Asan Xidmətdə razılıq ərizəsi əsasında ad dəyişmə olunaraq X1 adına keçirilmişdir. “xxxx” ASC-nin X25 və Satışı İdarəsi tərəfindən sorğuya əsasən verilmiş xx xxxxxxxx 2020-ci il tarixli, BİxO-0444 saylı cavabından görünür ki, abonent İddiaçı yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 3-cü Mədən 124 korpus ünvanında yerləşən mənzil xx xxxxxx 2011-ci il tarixdə X5 adına elektrik enerjisindən (**********40172) abunə kodu ilə qeydiyyata alınmışdır. xx xxxxxx 2016-ci ilə X6 adından Cavabdeh adına, xx xxx 2020-ci il tarixdə isə Cavabdeh adından X1 adına keçirilmişdir. Bakı Regional Qazın Satış Departamentinin xx xxxxxxxx 2020-ci il tarixli məktubundan isə görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mədən 124 korpus ünvanında yerləşən mənzil qazın alqı-satqısı barəsində xx xxxxx 2016ci il tarixli 07-210 nömrəli müqavilə xx xxx 2020-ci il tarixədək Cavabdeh adına olmuşdur. Cavabdeh notarial qaydada təsdiq olunmuş xx xxx 2020-ci il tarixli **********226 saylı ərizəsinə əsasən abonent kodu xx xxx 2020-ci il tarixdə AKX- 02244xx/xx-2020 saylı müqavilə bağlanılaraq X1 adına rəsmiləşdirilmişdir. Həmin tikilini məhkəmədə rəsmi qaydada boşanmaya 10 gün qalmış cavabdeh kommunal ödənişləri öz anası X1 adına keçirmişdir. Həmçinin 43-cü Polis Bölməsinin sorğulara əsasən təqdim etdiyi xx xxxxxxxx 2020-ci il tarixli İddiaçı və X7 müraciətləri əsasında aparılmış araşdırma materiallarının sürətlərindən görünür ki, Binəqədi rayonu, 3-cü Mədən 124 korpus ünvanında yerləşən nömrəsiz evdə yaşayan İddiaçı məxsus əşyaların, geyim əşyalarının, uşaqların gündəlik geyim paltarlarının, “Samsung” markalı mobil telefonun qaytarılması ilə bağlı Binəqədi RPİ-nin 43-cü Polis Bölməsinə ərizə ilə müraciət edilmişdir. Araşdırma zamanı cavabdeh izahatında göstərmişdir ki, “sözləri düz gəlmədiyi üçün 2020-ci ilin mart ayında boşanmışlar. Keçmiş həyat yoldaşım və uşaqlarımın gündəlik geyim paltarlarını yaxın günlərdə aparıb təhvil verəcəm. Qalan əşyaları isə məhkəməyə müraciət edib tezliklə götürsünlər. Lamiyənin ərizəsində göstərdiyi 1.600 manat pulu xərclədiyi pullardır və onun birgə nikah dövründə aldığı qızılları satıb və yeri məlum deyil, borca görə də məhkəməyə verilməsini xahiş edirəm. Telefon barədə isə mənə maddi sübut kimi lazımdır. Telefonu ancaq araşdırmadan sonra götürə bilər”. Materiallar mülki xarakterli olduğu üçün arayış yazılmaqla bağlanmışdır. Araşdırma materiallarından göründüyü kimi ona məxsus olan əmlaklar, gündəlik geyim paltarları belə mübahisəli tikilidə qalmış və cavabdeh izahatında bunları təsdiq edərək, “keçmiş həyat yoldaşının və uşaqlarının gündəlik geyim paltarlarını yaxın günlərdə aparıb təhvil verəcəyini, qalan əşyaları isə məhkəməyə müraciət edib tezliklə götürmələrini” qeyd etmişdir. Sənədlərdən görünür ki, mübahisəli özbaşına tikilini onlar birgə nikah dövründə 2016-cı ilin mart ayında birgə vəsaitləri hesabına almış və həmin tikili mövcuddur. Onunla cavabdeh arasında nikah pozulduğundan gələcəkdə torpaq sahəsinin və tikilini birgə mülkiyyət kimi qeydə alınması mümkün deyildir. Birgə nikah dövründə mübahisəli tikiliyə 16.500 manat pul vermələri notarius tərfindən təsdiq olunmuşdur. Hazırda həmin tikili yalnız cavabdehdə olduğundan və özbaşına tikili olduğundan onun hüquqları pozulmuş, həmin tikiliyə pay hüququnu tələb edə bilmir. Bu səbəbdən də tikilinin alınması üçün birgə nikah dövründə verilmiş 16.500 manat məbləğə və birgə vəsait hesabına tikilinin təmirinə sərf olunmuş 4.000 manat məbləğə 2/3 hissədə payım müəyyən edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsində qeyd edilən məzmunda izahat verdi. Həmçinin bildirdi ki, cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər tərəfindən məhkəməyə etirazlar göndərilsə də, etirazın əsasları barədə hər hansı sübutlar əlavə etməmiş, habelə məhkəmə iclasında iştirak edərək təqdim etməmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh və mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs məhkəməyə gəlməmişlər, lakin məhkəməyə yazılı etirazlarını göndərmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh yazılı etirazında bildirmişdir ki, iddianı qəbul etmir, belə ki, həmin ev onun bacısı Vüsaləyə məxsusdur. Onun bacısı Şəki şəhərində yaşayır. Bacısı ona Bakı şəhərindən ev almaq istədiyini, lakin qadın başına bunu edə bilməyini bildirmişdir. Bacısı gəlib Sulutəpə ərazisində satılan torpaq sahəsinə baxdıqdan sonra bəyənmişdir. Təxminən 2016-2017-ci il tarixində o, bacısının əvəzinə qardaşı olaraq əməliyyatları öz adına etdirməklə pulun torpaq sahibinə ödənilməsində iştirak etmişdir. Lakin sonradan müvafiq kommunal xidmətlərin öz adına rəsmiləşdirilməsində bacısı Vüsalə gələ bilmədiyi üçün öz adına rəsmiləşdirmişdir. Bəli, bu mübahisələr yarandıqdan sonra sayğacları anasının adına rəsmiləşdirmişdir ki, gələcəkdə bacısına məxsus əmlak mübahisə predmeti olmasın. Bacısı həmin evi uşaqlarına gələcək üçün almışdır. Həmin ev alınarkən yaxşı vəziyyətdə olmuş, yaşanılmaq üçün tam şəraitli olmuşdur. Həmin vaxt o, ailəsi ilə birlikdə qaynanasıgilə məxsus evdə yaşamışdır. Onlar evləndikdən sonra, yəni 2009-cu il tarixdən 2016-cı ilədək Şəki şəhərində atası evində yaşamışlar. Bütün əşyaları da bu günə kimi Şəki şəhərində olan evlərindədir. Onun işləri Bakı şəhərində olduğundan orada qalmalı idi. Həmin vaxt bacısının evi yaşamaq üçün tam şəraitli olduğundan bacısının razılığına əsasən onlar geyim əşyalarını götürməklə bacısının Sulutəpə adlanan yerdə yerləşən evinə köçmüşlər. Bir müddət orda yaşadıqdan sonra ailə münasibətləri pisləşdiyindən onlar ayrılmışlar. İddiaçı atası evinə getmiş, o isə Bakı şəhərində Biləcəri qəsəbəsində kirayə yaşamağa başlamışdır. İddiaçı ilə münasibətləri pisləşdikdən sonra bacısı Vüsalə ilə də arasında mübahisələr yaranmışdır. O, onun evində yaşamasını istəməməsini bildirdikdən sonra evdən çıxmış və açarları ona təhvil vermişdir. İddia tam əsssız və qanunsuzdur. Həmin evin nə mülkiyyət sənədi var, nə də həmin evin onun adına olmasına dair hər hansı sübut təqdim edilməmişdir. Bacısı onlara yaxşılıq edib onlara himayədarlıq edib və iddiaçı da bundan sui-istifadə edir. Cavabdehin vəsatəti əsasən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X21 yazılı etirazında bildirmişdir ki, iddia predmeti olan ev ona və ailəsinə məxsusdur. O, yoldaşı Rafiq və uşaqları ilə birlikdə Şəki şəhərində yaşayır. Bağça müdirəsi olmaqla uzun müddətdir ki, dövlət qulluğu sahəsində çalışır. Gələcəkdə övladlarının Bakı şəhərində rahat təhsil almaları üçün həyat yoldaşı ilə 2016-cı ilin mart ayında ev almaq istəmişlər. Həmin vaxt qardaşı Vüsal Bakı şəhərində qaynatası evində yoldaşı ilə birlikdə yaşayırdı. Onlar Vüsala ev axtarması üçün xahiş etmişlər. O da onlara müxtəlif ərazilərdə baxmaqları üçün evlər tapmışdır. O, mart ayının əvəllərində işdən icazə alaraq həyat yoldaşı ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Bir neçə evə baxsalar da Telman adında şəxsin istifadəsində olaraq qeydiyyata alınmamış torpaq sahəsinin üzərində tikilmiş evi bəyənmişlər. Lakin, həmin daşınmaz əmlak sənədsiz olduğu üçün onlar torpaq sahəsinin haqqının verilməsini rəsmiləşdirmək üçün bunun notariusda həyata keçirilməsi barədə razılığa gəlmişlər. Həmin vaxt pulları tam hazır olmadığından və onlar hər dəfə şəhərə gələ bilmədiklərindən onların əvəzindən Telman adlı şəxsə pulun verilməsi və bunun notarial qaydada rəsmiləşdirilməsinin Vüsal tərəfindən ediləcəyi barədə razılığa gəlmişlər. Hətta pulları tam çatmadığı üçün pulun yalnız 16.500 manat hissəsini verəcəklərini, qalanını isə sonra verməyi öhdələrinə götürmüşlər. Bundan bir neçə gün sonra avtobusla pulu qardaşı Vüsala göndərmişlər. Vüsalda təxminən 2016cı ilin mart ayının ortalarında pulu notarial qaydada Telman adlı şəxsə vermişdir. Ev içərisində əşyalar olmaqla yaşayışa tamam yararlı vəziyyətdə olmuşdur. Qardaşının ailəsi şəhərdə çətinliklə yaşadığından gündəlik lazım olan əşyaların Bakı şəhərinə aparılması müəyyən xərclər tələb etdiyindən qardaşına ailəsi ilə birlikdə onlara məxsus evdə özlərinə ev alanadək yaşamaları barədə razılığa gəlmişlər. Əvvəlki sənədləşmə qardaşının adına olduğundan evdə olan sayğaclarında yoldaşı Rafiqin razılğı ilə Vüsalın adına sənədləşdirmişlər. Onlar bir müddət orada yaşamışlar. Lakin sonradan onların ailəsində baş verən mübahisələrin sonunda onların güc bəla ilə övladlarına aldıqları evin bölüşdürmək mərhələsinə qədər gətirib çıxartdıqlarını gördükdə evdə olan sayğacları anası Tükəzbanın adına sənədləşdirmişlər. Evin və torpağın sənədi olmadığı üçün həmin əmlak hal-hazırda heç kəsin adına qeydiyyata alınmamışdır. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(051)-678/2020 saylı qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh iddiası təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx xxxxxx 2009-cu ildə Mingəçevir şəhər qeydiyyat şöbəsində 427 nömrə ilə qeydə alınmış nikahın pozulması, borşanmadan sonra birgə nikahdan doğulmuş xx xxxxx 2010-cu il təvəllüdlü X22 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X15 anası cavabdeh İddiaçı yanında qalmalarının müəyyən edilməsi, uşaqların yetkinik yaşına çatana kimi saxlanmaları üçün hər birinə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin hər ay X10 tutularaq X12 verilməsi qət edilmişdir. Bakı şəhəri 14 saylı notariat ofisinin notariusu tərəfindən Vəkil ünvanlanmış məktubdan görünür ki, xx xxxx 2016-ci il tarixdə X31 oglu tərəfindən imzalanaraq tərəflərindən rəsmiləşdirilmiş ərizənin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətə baxılmış və bildirilmişdir ki, xx xxxx 2016-cı il tarixdə, 7E-3518 reyestr nömrəsi ilə qeydə alınaraq X6 Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, Korpus 124-də yerləşən 1 mərtəbəli 2 otaqlı evə dair Cavabdeh oğlundan 16.500 manat pul almasına, eyni zamanda qeyd olunan məbləğə dair heç bir iddia və tələbinin olmaması ilə bağlı razılıq ərizəsindəki imzasının həqiqiliyi tərəfindən təsdiq edilmişdir. Əlavə olaraq bildirilmişdir ki, notarius tərəfindən təsdiq edilmiş ərizələrin nüsxəsi notariat ofisinin arxiv sənədləri içərisində saxlanılmadığından T.Abbasovun adından rəsmişləşdirilmiş ərizənin təsdiq edilmiş surətininin təqdim edilməsi imkanları xaricindədir. Bakı şəhəri Binəqədi rayon Sukanal İdarəsi tərəfindən Vəkil ünvanlanmış məktubdan görünür ki, “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Binəqədi Rayon Sukanal İdarəsi tərəfindən Binəqədi rayonu, 3-cü mədən, korpus 124 ünvanında yerləşən özbaşına tikilinin sahibi X16 ilə xx xxxx 2013-cü ildə müqavilə bağlanmışdır. xx xxxx 2016-cı ilə ünvanda ad dəyişmə əməliyyatı olmuş, ünvanın abonent kodu Cavabdeh adına keçmiş, xx xxx 2020-ci il tarixdə Asan Xidmətdə razılıq ərizəsi əsasında yenidən ad dəyişmə olunaraq X1 adına keçirilmişdir. Bakı şəhəri X25 və Satışı İdarəsi tərəfindən Vəkil ünvanlanmış məktubdan görünür ki, abonent X13 yaşadığı mənzil xx xxxxxx 2011-ci il tarixdə X3 adına elektrik enerjisindən (**********40172) abunə kodu ilə qediyyata alınmışdır. xx xxxxxx 2016-cı ildə X3 adından Cavabdeh adına və xx xxx 2020-cİ il tarixdə isə Cavabdeh adından X2 adına keçrilmişdir. “Azəriqaz” X30 satışı Departamenti tərəfindən Vəkil ünvanlanmış məktubdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən küçəsi, ev 124 ünvanına verilmiş **********00990 saylı abonent kodu üzrə bağlanmış “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barəsində” xx xxxxx 2016-cı il tarixli, 17- 210 nömrəli müqavilə xx xxx 2020-ci il tarixədək Cavabdeh adına olmuşdur. Cavabdeh notarial qaydada təsdiq olunmuş xx xxx 2020-ci i tarixli **********226 saylı ərizəsinə əsasən **********00990 saylı abonent kodu xx xxx 2020-ci il tarixdə AKX-02244xx/xx-2020 saylı müqavilə bağlanılaraq X1 (AZE 15766010) adına rəsmiləşdirilmişdir. Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsi tərəfindən verilmiş arayışdan görünür ki, xx xxxx 2020-ci il tarixdə icraatına Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 3-cü mədən, korpus 124 yeni nömrəsiz evdə yaşayan İddiaçı keçmiş həyat yoldaşı Cavabdeh geyim və müxtəlif əşyalarının verməməsi barədə Binəqədi RPİ-nin 43cü PB-nə ünvanladığı ərizəsi daxil olmuşdur. Ərizə əsasında hər iki tərəf Polis bölməsinə dəvət olunaraq izahatları alınmış və məlum olmuşdur ki, hazırda Mingəçevir Rayon Məhkəməsində barələrində araşdırma aparılır. Beləliklə, aparılmış araşdırma zamanı hər iki tərəfin aralarında yaranan mübahisənin mülki xarakterli və mübahisəli məsələ olması müəyyən edilmişdir. Eyni zamanda tərəflər arasında baş verən mübahisənin həlli üçün aidiyyəti üzrə məhkəmə orqanına müraciət etmələri nəzərlərinə çatdırılaraq araşdırmanın aparılması dayandırılmışdır. Bakı şəhəri Binəqədi rayonu X8 Vəkil ünvanladığı məktubdan görünür ki, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən evin (özbaşına tikilinin) yerləşdiyi torpaq sahəsinin Binəqədi qəbəsə Bələdiyyəsi tərəfindən ayrılması (verilməsi) barədə Bələdiyyə arxivində Cavabdeh adına sənədlərinin olmaması və qeydiyyatdan keçmədiyi müəyyən edilmişdir. Şəki şəhər VVADQ şöbəsi tərəfindən xx xxxxxxxx 2004-cü il tarixdə verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X34 ilə X20 xx xxxxxxxx 2004-cü il tarixdə nikahlarını bağlamışlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 352 nömrə ilə qeyd edilmişdir. X35 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, mübahisəli evi həyat yoldaşı ilə birlikdə oğulları Həsənə almışlar. Lakin həmin evdə hal-hazırda yaşaya bilmədiklərindən və evin sənədlərinin oğulları balaca olduğu üçün onun adına rəsmiləşdirə bilmədiklərindən qaynı Vüsalın hayan olması üçün həmin evdə yaşamasına icazə vermişlər. Lakin son hadisələrdən sonra Vüsala da evdə yaşamağa icazə vermişlər. Onların ailə olaraq Azərbaycan Respublikası Konstitusiyasında nəzərdə tutulmuş mülkiyyət hüquqlarını qorunması xahiş edilmişdir. Ədər onlar Lamiyyə xanıma uşaqları ilə çətinlikdə yaşamasın deyə müvəqqəti başın salmağa evlə təmin etmişlərsə, yəqinki səhv etməmişlər. X16 məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, o, 2016-cı ilin mart ayında torpaq və üzərinə tam şəraitli əşyası ilə birlikdə ev satmışdır. Həmin evə əvvəlcə Vüsalə və Rafiq adlı şəxslər gələrək baxış keçirmişlər. O, evi 22.000 manata satırdı. Lakin, qarşılıqlı razılaşma ilə onlar evi 18.000 manata razılaşmışlar. Pulun 16.500 manatı əvvəl, 1.500 manatı isə sonra verilməli idi. Rafiq və həyat yoldaşı Şəki şəhərindən uzaq yol olduğu üçün gələ bilmədiklərini, onların əvəzinə pulun qardaşı Vüsalın verəcəyini və pulun verilməsini notariat kontorunda rəsmiləşdirəcəklərini bildirmişlər. Onlar razılaşmışlar. O, pulu Vüsaldan bacısının əvəzinə aldığını bildirmişdir. Sonradan sayğacları da Vüsalı tanıdığı üçün təklif etmişdir ki, onun adına keçirsinlər. O da bacısının ailəsi ilə razılaşdıqdan sonra onlarda onun adına rəsmiləşdirilmişdir. Ondan sonra o, pulunun qalığını Rafiqdən almış və sagollaşmışdır. Sonradan isə onlar bir daha görüşməmişdir. Tağıyeva Aygün məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, o, 2006-cı il tarixdən Binəqədi rayonu, korpus 124, mədən 3, mənzil 248-də yaşayır. Təxminən 2016-cı ildə qonşusu Telmanın evi satdığını və həmin evi Şəki şəhərindən müəllimə işləyən bir ailənin aldığının şahidi olmuşdur. Bir müddətdən sonra onun qardaşı Vüsal ailəsi ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. Şirinova Elmira məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, o, 2007-ci il tarixdən ünvan 11 yaşayır. Təxminən 2016-cı ildə Şəki şəhərində müəllimə işlədiklərini və bu evi oğlu Həsənə aldıqlarını demişdilər. Müəllimə gözündən əməliyyat olarkən gəlib bu evdə yaşamışdır. Bir müddət sonra da qardaşı Vüsal gəlib bu evdə yaşamışdır. Zeynalova Kifayət məhkəməyə teleqram ünvanlayaraq göstərmişdir ki, o, 2006-cı il tarixdən Binəqədi rayonu, korpus 124, mədən 3, mənzil 359-da yaşayır. Qonşuluğunda satılan evin Şəki şəhərindən olan Rafiq və Vüsalənin aldığının şahidi olmuşdur və həmin evdə bir müddət Vüsalənin qardaşı ailəsi ilə birlikdə yaşamağa başlamışdır. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər xx xxxxxx 2009-cu tarixdə rəsmi nikaha daxil olmuş, xx xxxx 2020-ci il tarixdə isə nikahları Mingəçevir Şəhər Məhkəməsinin qətnaməsi ilə pozulmuş, birgə nikahlarından olan uşaqlar iddiaçının yanında qalmaları müəyyən edilmişdir. Tərəflər birgə nikahları dövründə, yəni xx xxxx 2016-cı il tarixə 16.500 manat məbləğində vəsaitə özbaşına tikili - Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124-də yerləşən 1 mərtəbəli 2 otaqlı ev əldə etməklə həmin ünvanda yaşamışlar. 2016-cı ildə mübahisəli evin elektrik enerjisinə, su və qaz təchizatlarına dair abonent kodları cavabdehin adına keçirilmiş, xx xxx 2020 ci il tarixdə isə cavabdehin adından anası X1 adına keçirilmişdir. Hazırda iddiaçı qeyd olunan evin alınması üçün birgə nikah dövründə verilmiş 16.500 manat məbləğə və birgə vəsait hesabına tikilinin təmirinə sərf olunmuş 4.000 manat məbləğə 2/3 hissədə payının müəyyən edilməsini və həmin tikiliyə yetkinlik yaşına çatmayan uşaqları ilə birlikdə köçürülmələrini xahiş edir, cavabdeh isə iddianı qəbul etməyərək, mübahisəli evin bacısı mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X17 məxsus olduğunu, habelə evin təmirli şəraitdə aldıqlarını bildirir. Həmçinin, iş üzrə üçüncü şəxs X21 da iddia ərizəsinə etiraz edərək, mübahisəli evin ona məxsus olduğunu bildirir. Məhkəmə ilk növbədə iddia tələbinin “iddiaçının azyaşlı uşaqları ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124-də yerləşən evə köçürülmələri” hissəsi ilə bağlı aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.1-ci maddəsinə əsasən ər-arvadın hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 32.2.2-ci maddəsinin tələbinə görə, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı bir əmlak ər-arvadın ümumi birgə mülkiyyətinə aiddir. Həmin Məcəllənin 32.3-cü maddəsinə əsasən nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə əsasən ərləarvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Həmin Məcəllənin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Məhkəmə qeyd edir ki, mübahisəli ev daşınmaz əmlak kimi dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və həmin ev tərəflərin birgə nikah dövründə əldə edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının da cavabdeh kimi həmin evdə yaşamaq hüququ vardır. Tərəflərin birgə nikahlarından doğulmuş on dörd yaşına çatmamış uşaqların məhkəmə qətnaməsinə əsasən iddiaçının yanında qalmalarının müəyyən edildiyini və onların yaşayış yeri iddiaçının yaşayış yeri sayıldığını nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməli, İddiaçı uşaqları – xx xxxxx 2010-cu il təvəllüdlü X22 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X27 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı evə köçürülməlidirlər. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdeh və onun tərəfində iştirak edən mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs X21 mübahisəli evin dəyərinin X14 və onun ailəsinin vəsaiti hesabına ödənildiyini, beləliklə də həmin evin onlara məxsus olduğunu bildirsələr də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bundan əlavə, X24, X6, Aygün Tağıyevanın, Kifayət Zeynalovanın və Elmira Şirinovanın məhkəməyə ünvanladıqları teleqramların məzmunundan görünür ki, onlar cavabdehin və üçüncü şəxsin etirazlarının dəlillərini şahid kimi təsdiq edirlər. Lakin həmin şəxslərin izahatlarını şahid ifadələri kimi qiymətləndirib, həmin ifadələri mötəbər sübut hesab edə bilməz. Belə ki, həmin şəxslər işdə iştirak edən şəxslərin vəsatətləri əsasında məhkəməyə şahid qismində ifadə verilməsi üçün dəvət edilməmiş, məhkəmə tərəfindən onların şəxsiyyəti müəyyən edilməmiş, hüquq və vəzifələri izah edilməmiş, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə onlara xəbərdarlıq edilməmiş və onlardan vəzifələrinin və məsuliyyətlərinin izah edilməsi haqqında iltizam alınmamışdır. Halbuki, Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsinin 62.1-ci, 62.4-cü, 194.1-ci və 104.1-ci maddələrinə əsasən məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində dindirilə bilər. Şahid bilərəkdən yalan ifadə verməyə və ifadə verməkdən boyun qaçırmağa görə cinayət məsuliyyəti daşıyır. Sədrlik edən şahidi dindirməzdən əvvəl onun şəxsiyyətini müəyyən edib, hüquq və vəzifələrini izah edir, ifadə verməkdən qanunsuz imtina etməyə və bilə-bilə yalan ifadələr verməyə görə məsuliyyəti barədə ona xəbərdarlıq edir. Şahidin vəzifələrinin və məsuliyyətinin ona izah edilməsi haqqında şahiddən iltizam alınır. Məhkəmə iddia tələbinin “mübahisəli evin alınması üçün birgə nikah dövründə verilmiş 16.500 manat məbləğə və birgə vəsait hesabına tikilinin təmirinə sərf olunmuş 4.000 manat məbləğə 2/3 hissədə payının müəyyən edilməsi” hissəsi ilə əlaqədar aşağıdakı maddi hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilir. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə ər-arvadın rəsmi reyestrdə qeydə alınmalı olmayan ümumi daşınar əmlakı üzərində sərəncam əqdini onlardan biri həyata keçirirsə, bu halda güman edilir ki, o, digərinin razılığı ilə hərəkət edir. Həmin Məcəllənin 36.3-cü maddəsinin tələbinə görə, mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.2-ci maddəsinə əsasən, ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Məhkəmə qeyd edir ki, iddia tələbində qeyd olunan 16.500 manat mübahisəli tikilinin əldə edilməsi üçün xərclənmiş vəsaitdir, həmin vəsait hazırda cavabdehdə deyil və mübahisəli tikilinin əvvəlki sahibinə verilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin vəsait tərəflərin razılığı ilə birgə nikah dövründə xərcləndiyinə, yəni artıq mövcud olmadığına görə, ona iddiaçının hər hansı payı müəyyən edilə bilməz. Ona görə məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir. Məhkəmə iddia tələbinində qeyd edilən mübahisəli tikilinin təmirinə sərf olunmuş 4.000 manat məbləğə 2/3 hissədə payının müəyyən edilməsi hissəsi ilə əlaqədar da belə nəticəyə gəlir ki, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Belə ki, iddiaçı evin təmirinə 4.000 manat məbləğində vəsait xərclədiyini bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Bununla bağlı sübutlar olduğu təqdirdə belə, həmin məbləğ artıq mövcud olmadığına görə, ona da iddiaçının hər hansı payı müəyyən edilə bilməz. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı uşaqları – xx xxxxx 2010-cu il təvəllüdlü X22 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X27 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı evə köçürülməli, iddia digər hissədə təmin edilməməlidir. Azərbaycan Respblikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” xx xxxx 2019-cu il tarixli qərarında göstərilmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Məhkəmə eyni zamanda belə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 15 manatı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı uşaqları – xx xxxxx 2010-cu il təvəllüdlü X22 və xx xxxxxxx 2012-ci il təvəllüdlü X27 ilə birlikdə Bakı şəhəri, Binəqədi qəsəbəsi, mədən 3, korpus 124 ünvanında yerləşən 1 mərtəbəli 2 otaqlı evə köçürülsünlər. İddia digər hissədə təmin edilməsin. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manatı Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6113/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6113/2020
08.12.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver