Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-6086/2024 10.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: mənzilə köçürülmə) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızı və X2 ibarət tərkibdə, Fərəcullayeva Aysel Elşən qızının katibliyi ilə, İddiaçının nümayəndəsi-vəkili Vəkil3, Cavabdeh3, Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 və onların nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 2634/2024 nömrəli 27 avqust 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 10 dekabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh2 2012-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 doğulmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-96/2023 nömrəli qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X11 və xx.xx.2013-cü il təvəllüdlü X5 anaları İddiaçı yanında qalmaları qət edilmişdir.
2. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışa görə ünvan 1 ünvanında X11 və Cavabdeh1 qeydiyyatdadır.
3. Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısının 14 noyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh3 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işnini başlanmasının rədd edilməsi qərara alınmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava küçəsi 86 evə köçürülmələri, 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Cavabdeh2 ilə 10 mart 2012-ci il tarixdə nikah bağlanmış və nikahdan xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 adlı övladları vardır. xx.xx.2023-cü il tarixli qətnamə ilə nikah pozulmuşdur. Cavabdeh2 tərəfindən ona hədiyyə olaraq qızıl zinyət əşyaları hədiyyə edilmişdir. O, gəlin köçərkən özü ilə cehiz əmlakları qaynatasının evinə aparmışdır. 2012-ci ilin mart ayından sonra iki ay qayınata evində yaşamışdır. İki aydan sonra Bakı şəhərinə köçərək Alatavada kirayədə yaşamışlar. Bakıya köçəndə qab-qaşıq gətirmişdir. Digər əmlakları qayınatasının evində və qızıl-zinət əşyaları qayınanasında qalmışdır. İki il Bakı şəhərində kirayədə yaşadıqdan sonra həmin ərazidə 35.000 ABŞ dollarına iki otaqlı bir mətbəxdən ibarət, hamam və tualet həyətində olmaqla ev almışlar. Həmin evin dəyəri olan 35.000 ABŞ dollarının 24.000 ABŞ dollarını birgə nikah dövründə əldə etdikləri pul, 11.000 ABŞ dolları isə valideynləri tərəfindən evin alınmasından ötrü ona kömək üçün verilmiş pul idi. Evi aldıqdan sonra ona məxsus bütün cehiz əmlakları evə gətirilmiş və həmin vaxt qaynı onda olan bütün qızılları ona vermişdir. 10 noyabr 2023-cü il tarixdə saat 12-00 radələrində gəlini qonaq gəldiyi və evin ünvanını xatırlamadığı üçün gəldiyi taksini qarşılamağa görə rəfiqəsi və qızı evdə qalmış, digər övladı onunla birlikdə çıxmışdır. Evə qayıdanda görmüşdür ki, qapı arxadan bağlıdır. Rəfiqəsi qapının nə üçün bağlı olduğunu soruşduqda onun nömrəsinə 10 noyabr 2023-cü il tarixdə saat 11-47 mesaj yazdı ki, qaynı qapını bağlayıb açmağa qoymur. Həmin vaxt o, 102 xidmətinə zəng edib məsələni demiş, zəngdən sonra polis əməkdaşları gəlmiş, evə daxil olmuşlar, nə danışdıqlarını bilməmiş, sonra polisə getmiş və ona polisdə bildirmişlər ki, məhkəməyə verməlisiz. Birgə nikah dövründə olduğu müddətdə 2023-cü ilin aprel ayında kimi evə dair kommunal xidmətləri, qaz işıq, su pulunun sabiq əri Cavabdeh2, həmin vaxtdan sonra isə o, kartından ödəmişdir. O, evə buraxılmadıqdan sonra bütün əmlakları, zinət əşyaları, zinət əşyalarının yanında qalan 1000 manat pul, sənədləri pul qabında 120 manat pul evdə qalmışdır. Telefonu və telefonunun kabronun içində olan bank kartı onda qalmışdır. Sonradan o, təhqiqatçı Nəsiminin köməyi ilə pul qabı, uşaqların şəxsiyyət vəsiqələrini, öz vəsiqəsi sabiq əri Cavabdeh2 tərəfindən təhqiqatçıya vermiş və ondan götürmüşdür. Nikahın pozulması dövründə evin qaz, işıq, su pulu keşmiş ərinin yeznəsi Cavabdeh1 adına keçirilmişdir. Belə bir hərəkətdə məqsəd də onun həmin evə olan bütün hüquqlardan məhrum etmək olmuşdur. Cavabdeh1 heç bir zaman onunla birlikdə yaşamamış və hal-hazırda da Elsevər kirayədə yaşayır. Ailədə baş verən mübahisələr zamanı komunal xidmətli Cavabdeh1 adına keçirmişlər. Məqsəd də gələcəkdə onun evə dair hər hansı bir iddiasının qarşısının alınması olmuşdur. Daimi yaşadığı evdən onu qaynı Cavabdeh3 qovmuş, o, qovulandan sonra iddia ərizəsində qeyd etdiyi cavabdehlər həmin evə köçmüşlər. Ona aid olan bütün əmlakları və qızıl-zinət əşyaları cavabdehlərin yaşadığı evdə qalmışdır. Hal-hazırda evin ümumi dəyəri 62.300 manat təşkil edir. O, polisin köməyi ilə evdən ona aid bəzi geyim əşyalarını götürsə də, qızıl-zinət əşyaları həmin evdə olmamışdır.
6. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, adı Sifadə olsa da, tanışları ona Murad deyə müraciət edir. O, Cavabdeh1 və onun qayınatasını tanıyır. Onlar Elmlər metrosu ilə üzbəüz yerləşən pul dəyişmək üçün nəzərdə tutulmuş yerlərin birində ona 24000 ABŞ dolları məbləğində pul vermişlər və onlara sözügedən evi satmışdır. Onların üstündə olan pul azərbaycan manatı olmuşdur. O, isə həmin vaxt Türkiyə Respublikasına əməliyyat olmaq üçün gedirmiş və ona pul dollar olaraq lazım idi. Onlara dedi ki, sonra Türkiyədə olan zaman məzənnə fərqinə görə çətinlik çəkmək istəmir və pulu ona dollarla vermələrini xahiş etmişdir. Həmin ərazidə zibil yığan adını dəqiq xatırlamadığı şəxs onun yanına gələrək Elsevərin satışa çıxardığı evi almaq istədiyini bildirmişdir. Eləcə də, JEK-də evin sənədinin onun adına çıxmadığını demişdir. O isə evin onun mülkiyyətində olduğunu bildirmişdir. Mənzilin Lider telekanalının yanından döndükdə Alatava adlanan ərazidə yerləşirdi. Ev iki otaqdan ibarət idi. İlk olaraq evə baxmağa Elsevər və onun həyat yoldaşı gəlmişdilər. Elsevər həyat yoldaşı ilə evə baxdıqdan sonra dedi ki, “qayınatasına zəng edəcək, o da gəlsin”. Daha sonra da Elsevərin qayınatası və qaynanası gəldilər və evə baxdılar. O evi satan vaxt həmin evdə yaşayırdı. Qazi olduğundan və həmin vaxt əməliyyat olunmaq üçün başqa ölkəyə getməli olduğuna görə evi satmaq məcburiyyətində qalmışdır. Türkiyə Respublikasına gedib qayıtdıqdan sonra evin kommunal ödənişlərini Cavabdeh1 adına keçirmişdir. Tarixi dəqiq xatırlamır. Əhməd adlı şəxsi bir dəfə görmüşdür. Elsevərin qayınatası Bakı şəhərini yaxşı tanımadığından onu kişini qarşılaması və evə gətirməsi üçün göndərmişlər. Əhməd Alatavada kirayədə qalırdı. O, yaşadığı evi tanıyırdı, o isə onu tanımırdı. O, iddiaçını tanımır. Evi Elsevərə satmış və Elsevərin qayınatası da evin qızı üçün alındığını qeyd etmişdir. Elsevər ona zəng edərək, onun evini əlindən almaq istədiklərini dedi. O isə həmin vaxt Maştağada yerləşən xəstəxanada idi və gəlib məhkəmədə şahidlik edəcəyini dedi. O, xəstə adamdır, Allahı başının üstündə görür və bayrağa da and içə bilər ki ancaq həqiqətləri danışır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o Elsevərə etibarnamə verməmiş, evə baxdıqdan sonra Elsevər Əhmədə zəng etdi ki, atasını evə baxmaq üçün qarşılasın, evə baxdıqdan sonra halallaşmış evi Elsevərə satmışdır, Məmmədova Zivər adlı xanımı tanımır, İddiaçı tanımır, adın da eşitməmişdir. İkinci dəfə Elsevər və onun yoldaşının yanında evə baxmağa gələndə Əhməd də olmuşdur.
7. Şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Ev alınan zaman qardaşı qızının körpə uşağı var idi. Onlar Bakıya gələn zaman 1 il kirayədə yaşamışlar. Sonra Əhməd və Aynur dedilər ki, Bakıda ev almışlar. Onlar da şəhərə gəzməyə gələn zaman həmin evə baxmağa getmişlər. Həmin ev də Alatavada yerləşirdi və onların kirayədə yaşadıqları evə yaxın idi. Evə baxmaq üçün gedən zaman orada evin yiyəsini görmüşdür. O, həmin vaxt evdə yaşayırdı. Onlar evi bəyənmişdir. Ev üçün 35000 ABŞ məbləğində pul verilmiş və həmin məbləğin 11000 ABŞ dollarını onun qardaşı, yəni Aynurun atası vermişdir. Həmin pulu ona vermiş və o da gətirib Aynura vermişdir. Sərdlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hadisənin üstündən 12 ilə yaxın vaxt keçib. Evin köhnə yiyəsinin siması yadında deyil. Onun yoldaşı da evə gedən vaxt orada olmuşdur. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq olaraq bildirmişdir ki, Aynurun atası ev almaları üçün onlara köməklik etmişdir. Evin və həyətin quruluşu yadındadır. Həyətin girəcəyində uzun yol var idi və güllər düzülmüşdü, eləcə də orada ev var idi. O, 11000 ABŞ dollarında pulu qardaşından aldıqdan sonra gətirib Aynura vermişdir. Aynura pulu təzə aldıqları evdə vermişdir. Pulu ondan alıb hara qoyduğunu deyə bilməz. İddiaçı 12 il ərzində həmin evdə yaşamışdır.
8. Şahid qismində dindirilmiş X6 izahatında bildirmişdir ki, qızı İddiaçı Ucara gəlin köçmüşdür. Onlar Ucarın kəndində yaşayırdı, Aynur isə Ucar şəhərinə gəlin getmişdir. Əhməd və Aynur dedilər ki, Bakıda ev alırlar. Onların pulları çatmırdı. Aynurun atası da 11000 ABŞ dolları məbləğində onlara köməklik etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 24000 ABŞ dolları məbləğində pulun Əhmədin hardan aldığı barədə məlumatı yoxdur. Aynurun bibisi Bakıya gəlmişdir və onlar Əhmədin anasının da iştirakı ilə almaq istədikləri evə baxmağa getmişlər. Evə baxmağa gedən zaman orada bir kişi olmuşdur. Evi aldıqdan sorna cehizlərini də gətirib ora yığmışdır.
9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 27 avqust 2024-cü il tarixli 2(004)-2634/2024 nömrəli qətnaməsi ilə (hakim Gülnar Babazadə) iddia təmin edilməmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, şahid qismində dindirilmiş X8 ifadəsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi X14 özbaşına tikilini Cavabdeh2 deyil, Cavabdeh1 satmışdır, yəni iddiaçı tərəfindən özbaşına tikilinin Cavabdeh2 satılması, həmçinin özbaşına tikilinin birgə nikah dövründə alınmış əmlak olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə CD diskə baxış keçirilmiş, iddiaçı ilə Cavabdeh2 arasında aparılan danışıqlardan Əhmədin məlumatlı olmaması görünür və həmin danışıqlarda mübahisəli tikilinin Cavabdeh2 və iddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsi barədə etiraf olunması müəyyən edilmir. CD disk işin faktiki halını müəyyən edən legitim və mötəbər sübut kimi məhkəmə tərəfindən nəzərə alınmır. Belə olan halda, məhkəmə bildirir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi üçün hər hansı əsas yoxdur.
11. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 152.1, 152.5, 157.2, 157.4, 180.1, 180.2, 180.3, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
12. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
13. İddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayətində göstərilmişdir ki, işin mübahisəsiz hallarından biri odur ki, mübahisəli yaşayış evi mülkiyyət hüququ ilə heç kəsə məxsus deyildir, bu yaşayış evinin (tikilinin) özbaşına tikili olub-olmaması iş materialları ilə təsdiq edilmir. Mübahisəli yaşayış evində uzun müddət yaşamışdır, keçmiş əri Cavabdeh2 ilə orada birgə təsərrüfat aparmışlar. Hətta nikahlarına xitam verildiyi vaxtdan sonra da həmin evdə yaşamışlar. Ancaq heç bir əsas olmadan və hüquqi əsas gətrimədən bu yaşayış evindən əsassız olaraq çıxarılmışdır. İddia rədd edilərkən, məhkəmə iş üzrə şahid qismində cavabdeh tərəfdən məhkəmədə dindirilmiş X8 (Murad kimi özünü təqdim etmiş) ifadəsini rəhbər tutmaqla həyata keçirmişdir. Hələ məhkəmə müəyyən edə bilməmişdir ki, həqiqətən də haqqında danışılan yaşayış evi Sifadənin olub, ya yox? Daha sonra yaşayış evi Sifadənin olmuşdursa, kimə satılıb? Bu halları məhkəmə ancaq cavabdeh tərəfindən məhkəməyə cəlb edilmiş şahidələrin sözlərinə əsaslanmışdır. Bununla belə, onun dəvət etdiyi şahidlərin ifadələrini əhəmiyyətsiz saymış, ümumiyyətlə digər şahidlərin ifadələrinə hüquqi cəhətdən qiymət belə verməmişdir. Məhkəmə tərəfindən aydınlaşdırılmayan digər hal isə, tərəflərin birgə nikahlarından dünyaya gəlmiş X7 həmin evdə pasport qeydiyyatının hüquqi əsaslarının araşdırılmamasıdır. İşin əsas hallarından biri mübahisəli yaşayış evinə məhkəmə tərəfindən yerdə baxışın keçirilməməsidir. Çünki bəzi əşyalar var ki, bu gün də ona aid olmaqla həmin evdədir. Hətta bu barədə cavabdehlərin vəkili və nümayəndəsi bunu məhkəmədə öz çıxışında belə qeyd edir. Bununla belə, məhkəmə maraqlı olmur ki, yaşayış evinə baxış keçirsin və işin həqiqi tərəflərini müəyyənləşdirsin.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
15. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi.
16. Cavabdeh tərəf isə apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsi
17. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
18. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.
19. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
Apellyasiya baxışının hədləri
23. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
25. Qətnamə tam yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.
27. Göründüyü kimi mübahisəli ev özbaşına tikilidir, iddiaçı və Cavabdeh2 ailə qurduqdan sonra əvvəlcə Ucarda yaşamış, daha sonra Bakıya köçərək, iki il kirayədə yaşadıqdan sonra, təxminən 2014-cü ildən mübahisəli evdə yaşamışlar.
28. İddiaçı hazırda uşaqları ilə birlikdə həmin evə köçürülməsini tələb edir və tələbini onunla əsaslandırır ki, mübahisəli evi birgə nikah dövründə əldə etmişlər, evin dəyəri olan 35.000 ABŞ dollarının 24.000 ABŞ dollarını birgə nikah dövründə əldə etdikləri, qalan 11.000 ABŞ dollarını isə valideynləri tərəfindən evin alınmasından ötrü ona kömək üçün verilmiş pul hesabına ödəmişlər.
29. Cavabdeh2 isə bildirir ki, ev onların birgə nikah dövründə əldə edilsə də, ev bacısının əri Cavabdeh1 tərəfindən alınmış, sonuncuya məxsus olmuşdur, onlara yaşamaq üçün evi kirayəyə vermişdir.
30. İddiaçının nümayəndəsi-vəkili tərəfindən təqdim edilmiş “Azəriqaz” İB–nin cavab məktubunda göstərilmişdir ki, göstərilən mənzildə quraşdırılan məişət qaz sayğacı X1 Sistemində istehlakçı kimi ilk dəfə xx.xx.2014-cü il tarixdə Murad Əhmədovun adına qeydiyyata alınmış, xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək Cavabdeh2 adına və daha sonra xx.xx.2022-ci il tarixdən etibarən Cavabdeh1 adına keçirilmişdir.
31. "xxxx" ASC-nin cavab məktubunda göstərilmişdir ki, Səhmdar Cəmiyyətin elektron bazasında qeyd olunan ünvanın 21 noyabr 2007-ci il tarixində **********70012 nömrəli abunə kodu ilə X3 adına qeydiyyatda alınaraq elektrik enerjisi ilə təchiz edilməsinə dair məlumat vardır. Əhali istehlakçısının ad dəyişdirilməsi xidməti həyata keçirilərək 18 fevral 2014-cü il tarixində abunə kodu üzrə qeydiyyat X3 adından Cavabdeh2 adına, 16 aprel 2022-ci il tarixində Cavabdeh2 adından Cavabdeh1 adına dəyişdirilmişdir.
32. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri şəhərlərin X16 Xidməti” PHŞ-nin cavab məktubunda göstərilmişdir ki, elektron bazada vətəndaş Cavabdeh2 adına (abonent kodu:**********30, müqavilə nömrə 10658549, müqavilə tarixi xx.xx.2000-ci il) müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixdə isə vətəndaş Cavabdeh1 (abonent kodu **********030 müqavilə nömrə 45610436 müqavilə tarixi xx.xx.2022-ci il) adına ad dəyişikliyi olmuşdur.
33. Yasamal Rayon MKTB 24 nömrəli MKİS tərəfindən verilmiş arayışda göstərilmişdir ki, ünvan 2 ünvanda 2014-cü il tarixdən 2022-ci ilə qədər qeydiyyatda olmaqla yuxarıda göstərilən ünvan Cavabdeh2 məxsus olmuşdur. Məişət tullantılarının xərclərini Cavabdeh2 tərəfindən ödənilmişdir. Aşağıdakı ailə üzvləri ilə birgə yaşamışdır: İddiaçı – həyat yoldaşı, qeydiyyatsızdır, X11-qeydiyyatdadır, X10-qeydiyyatdadır.
34. Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən verilmiş məktubda göstərilmişdir ki, xx.xx.2015-ci il təvəllüdlü X11 xx.xx.2018-ci il tarixdə atası Cavabdeh2 qeydiyyatda olduğu ünvan 3 ünvanı üzrə sənədləşdirilmiş və hal-hazıradək həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.
35. Göründüyü kimi mübahisəli evə dair kommunal xidmətlərin (qaz, işıq və su ilə təchiz edilməsinə) göstərilməsinə dair müqavilələr 2014-cü ildən Cavabdeh2 ilə bağlanmış, istehlakçı sonuncu olmuşdur.
36. Tərəflər arasında münasibətlər faktiki olaraq 2022-ci ildən pozulmuşdur. Məhz həmin dövrdə, xx.xx.2022-ci il tarixdə kommunal xidmətlər üzrə dəyişiklik edilərək Cavabdeh1 adına keçirilmişdir.
37. MKİS tərəfdən verilmiş arayışda da göstərilmişdir ki, 2014-cü il tarixdən göstərilən ünvanda qeydiyyatda olmaqla ev Cavabdeh2 məxsus olmuşdur.
38. Digər tərəfdən iş materiallarında olan CD diskdəki iddiaçı ilə Cavabdeh2 arasındakı səs yazılarını dinlədikdə məlum olur ki, danışıq mübahisəli evlə bağlı olmuşdur, iddiaçı bildirir ki, “sən məni evlə üzbəüz qoymusan, mənim ev məsələm var. ... Sən getdin evi çıxartdın adından, mənim sənə etibarım yoxdur. Sabah söküntü oldu, məni çıxartdılar burdan, mən onda harda qalacam...” Cavabdeh2 bildirir ki, “Onlar hamısı düzələndir. Mən uşağımı çöldə qoyan deyiləm. Ora neçə kvadrat oldu?” İddiaçı bildirir ki, “76 kv.m deyəsən. ..” Cavabdeh2 bildirir ki, “orada olmuş olsam qabağı bağlayardım, ora da ölçülərdi, 85 kv.m edərdi, nəsə edərdik.... Mən səni ordan çıxara bilərəm. Prinsipə qalsa səni çıxara bilərəm. ... Sənədsiz olduğuna görə nə məhkəmə, nə 102 yaxın durmayacaq.” İddiaçı bildirir ki, “Mən axıra kimi gedəcəm, mən də çıxmayacam, bildirəcəm bu ev sənin olub, sən indi adından çıxarmısan.”
39. Danışıqlardan aydın olur ki, iddiaçı ilə Cavabdeh2 mübahisəli evlə bağlı danışırlar, iddiaçı evdən çıxmayacağını bildirir, Əhməd evin sahibi kimi danışır və istəsə çıxara biləcəyini bildirsə də, evin ona məxsus olmadığını, Elsevər Səfərəova məxsus olduğunu danışıq zamanı ümumiyyətlə bildirmir.
40. Kollegiya hesab edir ki, “orada olmuş olsam qabağı bağlayardım, ora da ölçülərdi, 85 kv.m edərdi, nəsə edərdik” kimi fikirləri yalnız mənzilin sahibi söyləyə bilər.
41. Bütün bu sadalananlar belə qənaətə gəlməyə əsas verir ki, iddiaçının istinad etdiyi hallar doğrudur, mübahisəli ev onlara məxsus olmuşdur, birgə nikah dövründə əldə etmişlər və uşaqları ilə birlikdə yaşamışlar. Cavabdeh2 ilə arasında münasibətlər faktiki pozulduqdan sonra kommunal xidmətlər üzrə dəyişiklik edilmiş və hamısı Cavabdeh1 adına keçirilmişdir.
42. Cavabdeh tərəf şahid X8 izahatına əsaslanaraq, ona istinad edir ki, evi satan adam odur və evi Cavabdeh1 satdığını bildirir.
43. Kollegiya göstərilən şahid ifadəsinə tənqidi yanaşır, belə ki, şahidin ifadəsi sadalanan hallara əsasən hadisələrin real axarına uyğun gəlmir, aydın olur ki, şahid ifadəsi cavabdehlərin mənafeyinə uyğun verilməklə obyektiv həqiqəti əks etdirmir.
44. Qeyd olunanlara əsasən Kollegiya belə qənaətə gəlir ki, iddiaçının haqlı tələbi təmin edilməlidir.
45. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2634/2024 nömrəli iş üzrə 27 avqust 2024-cü il tarixli qətnaməsi ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı uşaqları - xx.xx.2013-cü il təvəllüdlü X10 və xx.xx.2015-ci il təvəllüdlü X11 ilə birlikdə Bakı şəhəri Yasamal rayonu 1-ci Alatava küçəsi 86 nömrəli evə köçürülsün. İddia ərizəsi və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş, müvafiq olaraq 100 manat və 50 manat, cəmi 150 manat dövlət rüsumu cavabdehlərdən alınıb iddiaçıya ödənilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.