Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(004)-2634/2024 27.08.2024 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Babazadə Gülnar Vidadi qızının sədrliyi, Əlihüseynli Mehin Mətin qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onu uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava küçəsi 86 evə köçürülməyi, 100 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh2 ilə 10 mart 2012-ci il tarixdə Ucar rayon Qeydiyyat şöbəsində nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2012-ci il tarixdə 52 nömrə ilə rəsmiləşdirilmişdir. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Həmin nikahdan xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı övladları vardır. Yasamal rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e- 2(004)-96/2023 saylı qətnaməsi ilə nikah pozulmuşdur. Cavabdeh2 tərəfindən ona hədiyyə olaraq qızıl zinyət əşyaları hədiyyə edilmişdir. O, gəlin köçərkən özü ilə cehiz əmlakları qaynatasının evinə aparmışdır. 2012-ci ilin mart ayından sonra iki ay qaynata evində yaşamışdır. İki aydan sonra Bakı şəhərinə köçərək Alatavada kirayədə yaşamışlar. Bakıya köçəndə qab-qaşıq gətirmişdir. Digər əmlakları qaynatasının evində və qızıl-zinət əşyaları qaynanasında qalmışdır. İki il Bakı şəhərində kirayədə yaşadıqdan sonra 64 kv.m ərazidə 35.000 ABŞ dollarına iki otaqlı bir mətbəxdən ibarət ev, hamam və tualet həyətində olmaqla ev almışlar. Həmin evin dəyəri olan 35.000 ABŞ dollarının 24.000 ABŞ dollarını birgə nikah dövründə əldə etdiyi pul, 11.000 ABŞ dolları isə valideynləri tərəfindən evin alınmasından ötrü ona kömək üçün verilmiş pul idi. Evi aldıqdan sonra ona məxsus bütün cehiz əmlakları evə gətirilmiş və həmin vaxt qaynı onda olan bütün qızılları ona vermişdir. 2023-cü ilin aprel ayında nikah məhkəmə qaydasında pozulmuş və uşaqların saxlanması üçün aliment alır. 10 noyabr 2023-cü il tarixdə saat 12-00 radələrində gəlini qonaq gəldiyi və evin ünvanını xatırlamadığı üçün gəldiyi taksini qarşılamağa görə rəfiqəsi və qızı evdə qalmışdı. Digər övladı onunla birlikdə çıxmışdır. Evə qayıdanda görmüşdür ki, qapı arxadan bağlıdır. Rəfiqəsi qapının nə üçün bağlı olduğunu soruşduqda onun nömrəsinə 10 noyabr 2023-cü il tarixdə saat 11-47 mesaj yazdı ki, qaynı qapını bağlayıb açmağa qoymur. Həmin vaxt o 102 xidmətinə zəng edib məsələni demiş, zəngdən sonra polis əməkdaşları gəlmiş, evə daxil olmuşlar, nə danışdıqlarını bilməmiş, sonra polisə getmiş və ona polisdə bildirmişlər ki, məhkəməyə verməlisiz. Birgə nikah dövründə olduğu müddətdə 2023-cü ilin aprel ayında kimi evə dair kommunal xidmətləri, qaz işıq, su pulunun sabiq əri Cavabdeh2, həmin vaxtdan sonra isə o kartından ödəmişdir. O, evə buraxılmadıqdan sonra bütün əmlakları, zinət əşyaları, zinət əşyalarının yanında qalan 1000 manat pul, sənədləri pul qabında 120 manat pul evdə qalmışdır. Telefonu və telefonunun kabronun içində olan bank kartı onda qalmışdır. Sonradan o təhqiqatçı Nəsiminin köməyi ilə pul qabı, uşaqların şəxsiyyət vəsiqələrini, öz vəsiqəsi sabiq əri Cavabdeh2 tərəfindən təhqiqatçıya vermiş və ondan götürmüşdür. Nikahın pozulması dövründə evin qaz, işıq, su pulu keşmiş ərinin yeznəsi Cavabdeh1 adına keçirilmişdir. Belə bir hərəkətdə məqsəd də onun həmin evə olan bütün hüquqlardan məhrum etmək olmuşdur. O, öz evinə köçmək birgə nikah dövründə əldə edilmiş 24.000 ABŞ dolları və valideynlərinin verdiyi 11.000 ABŞ dolları hesabına alınmış evə köçmək, evdə qalan qızıl-zinət əşyalarının, cehiz əmlakların, 1000 manat pulunun qaytarılmasını istəyir. Cavabdeh1 heç bir zaman onunla birlikdə yaşamamış və hal-hazırda da Elsevər kirayədə yaşayır. Birgə nikah dövründə 2014-cü ildə qeyd olunan ünvanda iki oatqdan, bir mətbəxdən ibarət, hamam və tualet həyətdə olmaqla ev aldı. Murad adlı bir nəfərdən almışdır. Onların evə nəzarət edən 24 saylı Mənzil Komunal Təsərüfat birliyidir. Ailədə baş verən mübahisələr zamanı komunal xidmətli Cavabdeh1 adına keçirmişlər. Məqsəd də gələcəkdə onun evə dair hər hansı bir iddiasının qarşısının alınması olmuşdur. Daimi yaşadığı evdən onu qaynı Cavabdeh3 qovmuş, o qovulandan sonra iddia ərizəsində qeyd etdiyi cavabdehlər həmin evə köçmüşlər. Ona aid olan bütün əmlakları və qızıl-zinət əşyaları cavabdehlərin yaşadığı evdə qalmışdır. Hal-hazırda evin ümumi dəyəri 62.300 manat təşkil edir. O, polisin köməyi ilə evdən ona aid bəzi geyim əşyalarını götürsə də, qızıl-zinət əşyaları həmin evdə olmamışdır. O, evdə qovulduqdan sonra 10.11. 2023-cü il tarixdə Yasamal rayon Polis idarəsininin 27-ci Polis Şöbəsinə şikayət ərizəsi ilə müraciət etmişdir. Müraciət etdikdən sonra baş vermiş hadisə ilə bağlı 14 noyabr 2023-cü il tarixdə Cavabdeh2 barəsində əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğu üçün materiallar baxılmasından ötrü Yasamal rayon Məhkəməsinə göndərilmiş və məhkəmə işə baxaraq Cavabdeh2 barəsində 300 manat cərimə qərarı qəbul etmişdir. İzah edərək bildirir ki , birgə nikah dövründə tərəflərindən alınan evdə komunal, işiq, su, qaz pulu sabiq əri Cavabdeh2 adına olmuşdur. Bildirir ki, onun razılığı olmadan sonradan evin komunal xidmətləri, qaz, işıq, su ödənişləri Cavabdeh2 adına olmuşdur. Lakin ailədə yaranmış münaqişə baş verən zaman, ümumi birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsünün qarşısının alınmasından ibarət olmuşdur. İzah edərək bildirir ki, övladları ilə birlikdə evdən çıxaran Cavabdeh3 olmuş, evdən qovulduqdan sonra qızıl cehiz əmlakları və qızıl zinyət əşyaları evdə qalmışdır. Birgə Nikah dövründə əldə etdiyi evin qaz, işıq, su pulu Cavabdeh1 olunun adına keçirilmişdir. Evdə qalan cehiz əmlakları və qızıl zinyət əşyalarına görə cavabdehlik Cavabdeh2, Cavabdeh3 daşıyır. Birgə Nikah dövründə əldə edilmiş əmlakı üzrə cavabdehlik Cavabdeh2 daşıyır, həm də evin komunal xidmətləri və işiq qaz, su pulu Cavabdeh1 adına keçirildiyi üçün birgə nikah dövründə əldə edilmiş əmlakların bölgüsü hissəsində Cavabdeh1 cavabdehlik daşıyır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahatında bildirmişdir ki, Yasamal rayon məhkəməsinin icraatında hüquqlarını müdafiə etdiyi və nümayəndəsi olduğu İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3ov oğluna, Cavabdeh1 qarşı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları ilə birlikdə Yasamal rayonu, Alatava küçəsi, 86 saylı evə köçməyi və 100 manat dövlət rüsumu tələbinə dair iddiasına məhkəmə baxışı başa çatmışdır. Məhkəmə baxışı zamanı iddiaçı X5 iddia tələbində haqlı olduğu aydın olmuşdur. Məhkəmə baxışı zamanı müəyyən edildi ki, iddianın predmeti olan Bakı şəhəri Yasamal rayonu Alatava küçəsi, 1-ci Alatava 86 saylı ünüvan iddiaçı X10 və Cavabdeh2 tərəfindən alınmış və kommunal xidmətlərin pulu, işıq, qaz, su pulları Cavabdeh2 adına köçürülmüşdür. İddiaçı ilə Cavabdeh2 arasında ailə münasibətləri pozulduqdan sonra 2023-cü ilin əvvəlində sonradan Cavabdeh1 adına keçirilmişdir. Bunda da məqsəd İddiaçı gələcəkdə mənzilə dair hər hansı bir tələbinin hüquqi cəhətdən qarşısını almaq olmuşdur. Lakin buna nail ola bilməmişlər. Məhkəmədə səsləndirilən Cavabdeh2 ilə İddiaçı arasında olan 18 fefral 2023cü il tarixdə telefon danışığının səs yazısından birmənalı şəkildə aydın olur ki, mübahisənin predmeti olan yaşayış sahəsi iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmə baxışı zamanı səsləndirdiyi birgə nikah dövründə əldə edilmişdir. Telefon danışığında Cavabdeh2 yaşayış sahəsinin Cavabdeh1 aid olması barədə bir kəlmə də deməmişdir. Azərbaycan Respublikası Konustitusiya Məhkəməsi Plenumunun məlum qərarından göründüyü kimi, iş üzrə cavabdelə iddiaçının səs yazısı işin faktiki hallarının təsdiqinə yönəlib və sübut kimi qiymətləndirilməlidir. İddiaçı bildirmişdir ki, ev onlar tərəfindən 35000 dollara alınmış, onun 24.000 dolları özlərində olmuş, qalan 11.000 dollarını isə valideynləri kömək etmişdir. Bu hal iddiaçı tərəfin məhkəməyə təqdim etdiyi şahidlər tərəfindən təsdiq edildi. Cavabdeh tərəf isə yaşayış sahəsinin 24.000 dollara aldıqlarını bildirmişdir. Bu zaman məlum olur kı, iddiaçının valideynlərindən alınan 11.000 ABŞ dollar, məbləğ, Cavabdeh2 tərəfindən əlavə olunaraq alınmış və ya evin real qiymətin, azaltmaqla iddia tələbinin inkar edilməsinə hüquqi əsas yaratmaq məqsədi güdür. Məhkəmə iclasında cavabdehin təqdim etdiyi şahid X14 adlı şəxsi X11 tanıdığını bildirsə də, şahid İddiaçı tanımadığını bildirmişdir. Məhkəmə iclasında şahid evin kommunal xidmətlərin necə və hansı halda Cavabdeh2 olunu adına keçməsinə dair fikirlərində dolaşıqlığa yol vermiş, gah ərizə yazıb maklerə verdiyini, gah da Cavabdeh2 verdiyi bildirsə də konkret olaraq düzgün cavab verə bilməmişdir. Birmənalı şəkildə şahid özünü məhkəmə iclasında əsəbi aparmış, veteran olduğunu dəfələrlə qeyd etmiş, lakin ifadənin pulları aldığı hissədə daha çox dayanmışdır. Konkret suallardan yayınmaq üçün özünü əsəbi aparmış, xəstəxanadan gəldiyini, xəstəxanada qeydiyyatda olduğunu və sair qeyd etməklə kifayətlənməyə üstünlük vermişdir. Məhkəməyə təqdim edilən 14 aprel 2022-ci il tarixli "Cinayət işinin başlanmasının rədd ediləsi haqqında" qərarından görünür ki, xx.xx.2022-ci il tarixdən iddiaçı ilə Cavabdeh2 arasında ailə münaqişəsi zəminində baş vermiş hadisə Yasamal Rayon Polis İdarəsinin 29-cu Polis Bölməsinində araşdırılmışdır. Göründüyü kimi iddiaçı ilə cavabdeh X12 arasında ailə münasibətlərinin pozulması xx.xx.2024-cı il tarixdən başlaması rəsmi sənəddə öz təsdiqini tapır. İddiaçı verilən yaşayış sahəsinin alqı-satqısında iştirak edib-etmədiyi hissədə birmənalı şəkildə bildirmişdir ki, evin alqı-satqısı əri tərəfindən icra olunduğu üçün o, həmin alqı-satqıda iştirak etməmişdir. Amma evə baxılmasında iştirak etmişdir. Məhkəmə iclasında ifadə verən cavabdehlərin ifadələri ziddiyyətli olmuşdur. Belə ki, məlum olmuşdur ki, yaşayış sahəsinə komunal xidmətlər Cavabdeh2 tərəfindən ödənilmiş, yalnız ailə münasibətlərində yaranan ziddiyyətlərdən sonra Elsevərin adına keçirilmişdir. Cavabdeh X1 Yasamal Rayonu Polis idarəsinin 27-ci Polis Şöbəsinə ünvanlamış ərizəsindən görünür ki, guya evi 200 manata Cavabdeh2 ailəsi ilə birlikdə yaşamağa kirayə vermiş, lakin 2023-cü ilin aprel ayından evin kirayə haqqını ödəmədiklərini bildirir. Cavabdeh1 izahatında evin kommunal xidmətlərinin kimin adından ödənməsini, nə vaxtdan kommunal xidmətlərin onun tərəfindən ödənildiyini, evin onun xüsusi mülkiyyətində olmasını təsdiq edən çıxarışı nə polisdə, nə də ki, məhkəmədə təqdim edə bilməmişdir. Məhkəmə baxışı dövründə isə verdiyi izahatda kirayə haqqı olaraq 100, 1 5 0 , 2 0 0 manat olduğunu demişdir. Telefon danışığından aydın olur ki, 18 fevral 2023-cü il tarixdə Cavabdeh2 artıq qeyd edilən ünvanda yaşamamışdır. Cavabdeh tərəfin Vəkili Vəkil2 vəkil sorğusuna verilən cavabda bildirilir ki, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 86 saylı fərdi yaşayış evi özbaşına tikilidir. Həmin fərdi evin kommunal xərclərinin ödəyicisi hal-hazırda Cavabdeh1 Mərdan oğludur. Cavabdehin vəkilinin həmin ünvanın 87 olması barədə səsləndirdiyi fikirlər həm özünün aldığı sorğuya cavabda, həm də ünvanda qeydiyyatda olan şəxslərin siyahısı barədə təqdim olunan ASAN xidmətdən götürülən məhkəməyə təqdim edilən arayışla rədd edilir və iddia ərizəsində qeyd edilən ünvan düzgünlüyünü təsdiq edir. İddiaçı tərəfin təqdim etdiyi şahidlər birmənalı şəkildə iddiaçının dediklərinin həqiqət olduğunu bir daha təsdiq etmişlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, sözügedən mənzil 2013-cü ildə alınmışdır və onun yeznəsinin evidir. Ailə qurduqdan sonra yeznəsi ona evi kirayə vermişdir. Orada bir tək mətbəx mebeli olmuşdur. Başqa bir şey olmamışdır. İstər-istəməz orada yaşamaq üçün müəyyən əşyalar gətirmişlər. Həmin əşyaların hamısı eyni vaxtda gətirilməmişdir. O, 2012-ci ilin mart ayında evlənmiş və evləndikdən sonra da Ucar rayonunda yaşamışdır. Sonra burada işlədiyi üçün Bakıya şəhərinə köçmüşdür. Müəyyən müddət Alatava ərazisində yerləşən müxtəlif evlərdə kirayədə yaşamışlar. Sonra bacısının ailəsi bu evi aldılar. Onlar 2006-cı ildən evli idilər və 20-ci sahədə özlərinin evləri var idi. Boşandıqdan sonra Aynura bir neçə dəfə demişdi ki, Elsevər öz evini istəyir. Elsevər sözügedən evi Murad adlı şəxsdən 25000 dollara almışdır. Onlar həmin evə 2014-cü ilin yanvar ayında köçmüş və, o, Elsevərə işindən asılı olaraq hər ay əlbəəl kirayə haqqı vermişdir. Bəzən gecikdirmələri də olmuşdur. Elsevər özünə başqa yerdə ev tikdirdiyindən onlara yaşamaq üçün evi kirayə vermişdir. Hazırda, o, həmin evdə yaşamır. Aynur onunla boşanmazdan əvvəl onu 29-cu polis bölməsinə vermişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək, izahatında bildirmişdir ki, mənzil özbaşına tikili kateqoriyasına aid olsa da, onun sahibi Cavabdeh1dur. Buna dair bir sıra sübutları var ki, onları məhkəməyə təqdim edə bilər. Qarşı tərəf evin iddiaçıya aid olmasına dair sübutlar təqdim etməlidir. Mənzil Cavabdeh1 tərəfindən alınmışdır. Cavabdeh1 evi Murad adlı şəxsdən almışdır. Cavabdeh1 müəyyən əmlakları vardır. Əhməd bəy Elsevər bəyin həyat yoldaşının qardaşıdır. Elsevərin yoldaşı Sona Əhmədin bacısıdır. Aynurla heç bir əlaqələri yoxdur. Sona Elsevərdən xahiş etmişdir ki, öz evləri olduğundan Alatavada yerləşən və onlara məxsus olan şəraitsiz özbaşına tikilini yaşamaq üçün müvəqqəti olaraq Əhməd və Aynura versin. Həmin evdə qaz plitəsi belə olmamışdır. Elsevər həmin evi 2013-cü ildə almışdır. Evdə bir neçə yararsız vəziyyətdə olan mətbəxə aid şkaflar olmuşdur. Orada başqa hər hansı ev əşyası olmamışdır. İddiaçı Aynur xanım Əhmədin atasının Ucar rayonunda yerləşən evinə gəlin köçmüşdür. X21 rayonuna gəlin aparmışdır. Elsevər və Sona Ucar rayonundan Bakıya gəlmişdirlər. Aynur da cehiz əşyalarını Ucar rayonuna aparmışdır. Elsevər və Əhmədin arasında danışıq olur ki, ayda nə qədər pul tapa bilsə mənzildə yaşamasının əvəzinə ona versin. Əhməd və Elsevər fərqli yerlərdə “parkovşik” kimi çalışırlar. Onlar bahalı restoranlarda işləyirlər. Elsevərin Əhmədə yaşamaq üçün verəcəyi ev boş olduğundan təklif edilir ki, onlar Ucar rayonunda olan əşyaları bura gətirsinlər. Bu minvalla orada müəyyən müddətdə yaşayırlar. Yasamal Rayon Məhkəməsində tərəfindən çıxarılmış qətnamədən də məlum olur ki, tərəflər xəyanət səbəbindən boşanmışlar. Əhməd Aynuru boşamışdır. Əhməd boşandıqdan sonra Aynurla yad insanlar olurlar. Elsevər də Əhmədə deyir ki, Aynur evi boşaltsın. Elsevərin Qobu şəhərciyində apardığı tikinti işləri yarımçıq qalmışdır və Elsevər də öz evini geri istəmişdir. Ailə münaqişələri kimi qeydiyyata alınmışdır. Aynur Elsevərin aldığı evdə yaşamağa davam edir. Elsevər evinin açarını dəyişdirmək məcburiyyətində qalır. Aynur polisə müraciət edir və bununla bağlı araşdırma aparılır. Elsevərlə razılaşdırdıqdan sonra polis Aynurla birlikdə həmin mənzildə olan ona məxsus əşyaları götürməsi üçün şərait yaradılır. Bununla bağlı müvafiq çəkiliş də aparılmışdır. Həmin evdə yalnız Aynurun daşıya bilməyəciyi əşyaları qalır. Xətai ilə Aynurun arasına əl çəkişmə məsələsi olduğundan birinci polis tərəfindən cərimələnir. İddiaçı bildirir ki, bu mənzili əri ilə birlikdə almışlar, məbləğin 11000 dolları onun ailəsi ödəmiş, 25000 dolları isə yoldaşı ilə birlikdə ödəmişlər. O isə deyir ki, bu evdə nə Aynurun, nə də Əhmədin vəsaiti yoxdur. Ev Elsevər tərəfindən alınmışdır. Kommunal ödənişlərin edilməsi ilə bağlı olan qəbzlərdə də Elsevərin adı qeyd edilmişdir. Hal-hazırda da, ödənişləri o edir. İddiaçı öz iddiasını sübut etməlidir. Əgər o iddia edirsə ki, bu əmlak birgə nikah dövründə alınan əmlakdır və ondan sonra mənzilə köçürmə tələb etməlidir. Aynurun belə bir hüququ yoxdur. Satan şəxs də evin Elsevərə satıldığını bildirdi. Ona görə də, iddia tələbinin rədd edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında göstərmişdir ki, sözügedən evi 2014-cü ilin yanvar ayında almışdır. Həmin vaxt Yasamal ərazisində yaşayır və bir şəxsin evində ora baxdığı üçün pulsuz qalırdı. Həmin ev yiyəsiz qalmasın deyə orada qalırdı. 24000 ABŞ dolları məbləğində pul vəsaitini o və qayınatası vermişlər. Pul manat əskinazında imiş, onu dollara çevirmişlər. Həmin evi özü üçün almışdır. Həm Vişnevka, həm Qobu ərazisində ev tikdirir. Həmin vaxt əlavə olaraq mühafizədə də işləyirdi. Qayınatası ona evin alınmasında köməklik etmişdir. O yoldaşı ilə birlikdə mebel almış, onun əvəzinə də yoldaşının atası ona ev almağına köməklik göstərmişdir. Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə, AZEMİS vasitəsilə cavabdehə məxsus mobil nömrəyə SMS bildiriş göndərilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd olunmalıdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-96/2023 saylı qətnaməsinə əsasən İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X9 və xx.xx.2013-cü il təvəllüdlü X3 anaları İddiaçı yanında qalmları qət edilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin 27-ci PB-nin baş təhqiqatçısının 14 noyabr 2023-cü il tarixli qərarına əsasən Cavabdeh3 əməlində cinayət tərkibi olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işnini başlanmasının rədd edilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, ünvan 2 ünvanında X9 və Cavabdeh1 qeydiyyatdadır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirmişdir ki, adı Sifadə olsa da, tanışları ona Murad deyə müraciət edir. O, Cavabdeh1 və onun qayınatasını tanıyır. Onlar Elmlər metrosu ilə üzbəüz yerləşən pul dəyişmək üçün nəzərdə tutulmuş yerlərin birində ona 24000 ABŞ dolları məbləğində pul vermişlər və onlara sözügedən evi satmışdır. Onların üstündə olan pul azərbaycan manatı olmuşdur. O, isə həmin vaxt Türkiyə Respublikasına əməliyyat olmaq üçün gedirmiş və ona pul dollar olaraq lazım idi. Onlara dedi ki, sonra Türkiyədə olan zaman məzənnə fərqinə görə çətinlik çəkmək istəmir və pulu ona dollarla vermələrini xahiş etmişdir. Həmin ərazidə zibil yığan adını dəqiq xatırlamadığı şəxs onun yanına gələrək Elsevərin satışa çıxardığı evi almaq istədiyini bildirmişdir. Eləcə də, JEK-də evin sənədinin onun adına çıxmadığını demişdir. O isə evin onun mülkiyyətində olduğunu bildirmişdir. Mənzilin Lider telekanalının yanından döndükdə Alatava adlanan ərazidə yerləşirdi. Ev iki otaqdan ibarət idi. İlk olaraq evə baxmağa Elsevər və onun həyat yoldaşı gəlmişdilər. Elsevər həyat yoldaşı ilə evə baxdıqdan sonra dedi ki, “qayınatasına zəng edəcək, o da gəlsin”. Daha sonra da Elsevərin qayınatası və qaynanası gəldilər və evə baxdılar. O evi satan vaxt həmin evdə yaşayırdı. Qazi olduğundan və həmin vaxt əməliyyat olunmaq üçün başqa ölkəyə getməli olduğuna görə evi satmaq məcburiyyətində qalmışdır. Türkiyə Respublikasına gedib qayıtdıqdan sonra evin kommunal ödənişlərini Cavabdeh1 adına keçirmişdir. Tarixi dəqiq xatırlamır. Əhməd adlı şəxsi bir dəfə görmüşdür. Elsevərin qayınatası Bakı şəhərini yaxşı tanımadığından onu kişini qarşılaması və evə gətirməsi üçün göndərmişlər. Əhməd Alatavada kirayədə qalırdı. O, yaşadığı evi tanıyırdı, o isə onu tanımırdı. O, iddiaçını tanımır. Evi Elsevərə satmış və Elsevərin qayınatası da evin qızı üçün alındığını qeyd etmişdir. Elsevər ona zəng edərək, onun evini əlindən almaq istədiklərini dedi. O isə həmin vaxt Maştağada yerləşən xəstəxanada idi və gəlib məhkəmədə şahidlik edəcəyini dedi. O, xəstə adamdır, Allahı başının üstündə görür və bayrağa da and içə bilər ki ancaq həqiqətləri danışır. Sədrlik edənin suallarına cavab olaraq bildirmişdir ki, o Elsevərə etibarnamə verməmiş, evə baxdıqdan sonra Elsevər Əhmədə zəng etdi ki, atasını evə baxmaq üçün qarşılasın, evə baxdıqdan sonra halallaşmış evi Elsevərə satmışdır, Məmmədova Zivər adlı xanımı tanımır, İddiaçı tanımır, adın da eşitməmişdir. İkinci dəfə Elsevər və onun yoldaşının yanında evə baxmağa gələndə Əhməd də olmuşdur. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X2 izahatında bildirmişdir ki, İddiaçı onun qardaşı qızıdır. Ev alınan zaman qardaşı qızının körpə uşağı var idi. Onlar Bakıya gələn zaman 1 il kirayədə yaşamışlar. Sonra Əhməd və Aynur dedilər ki, Bakıda ev almışlar. Onlar da şəhərə gəzməyə gələn zaman həmin evə baxmağa getmişlər. Həmin ev də Alatavada yerləşirdi və onların kirayədə yaşadıqları evə yaxın idi. Evə baxmaq üçün gedən zaman orada evin yiyəsini görmüşdür. O, həmin vaxt evdə yaşayırdı. Onlar evi bəyənmişdir. Ev üçün 35000 ABŞ məbləğində pul verilmiş və həmin məbləğin 11000 ABŞ dollarını onun qardaşı, yəni Aynurun atası vermişdir. Həmin pulu ona vermiş və o da gətirib Aynura vermişdir. Sərdlik edənin suallarına cavab olaraq bildirmişdir ki, hadisənin üstündən 12 ilə yaxın vaxt keçib. Evin köhnə yiyəsinin siması yadında deyil. Onun yoldaşı da evə gedən vaxt orada olmuşdur. İddiaçının nümayəndəsi və vəkilinin sualına cavab olaraq olaraq bildirmişdir ki, Aynurun atası ev almaları üçün onlara köməklik etmişdir. Evin və həyətin quruluşu yadındadır. Həyətin girəcəyində uzun yol var idi və güllər düzülmüşdü, eləcə də orada ev var idi. O, 11000 ABŞ dollarında pulu qardaşından aldıqdan sonra gətirib Aynura vermişdir. Aynura pulu təzə aldıqları evdə vermişdir. Pulu ondan alıb hara qoyduğunu deyə bilməz. İddiaçı 12 il ərzində həmin evdə yaşamışdır. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş X4 izahatında bildirmişdir ki, qızı İddiaçı Ucara gəlin köçmüşdür. Onlar Ucarın kəndində yaşayırdı, Aynur isə Ucar şəhərinə gəlin getmişdir. Əhməd və Aynur dedilər ki, Bakıda ev alırlar. Onların pulları çatmırdı. Aynurun atası da 11000 ABŞ dolları məbləğində onlara köməklik etmişdir. Sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, 24000 ABŞ dolları məbləğində pulun Əhmədin hardan aldığı barədə məlumatı yoxdur. Aynurun bibisi Bakıya gəlmişdir və onlar Əhmədin anasının da iştirakı ilə almaq istədikləri evə baxmağa getmişlər. Evə baxmağa gedən zaman orada bir kişi olmuşdur. Evi aldıqdan sorna cehizlərini də gətirib ora yığmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ bəndinin tələbinə görə, mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqları haqqında Ümumi Bəyənnamə»nin 8-ci maddəsinə əsasən hər bir şəxs kostitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh2 arasında 2012-ci il tarixdə Ucar qeydiyyat şöbəsi tərəfindən nikah bağlanmış və həmin nikahdan iki övladları doğulmuşdur. Daha sonra Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(004)-96/2023 saylı qətnaməsi ilə tərəflər arasında bağlanmış nikahın pozulmuşdur. Tərəfləri izahatları ilə işin mübahisəsiz halı olaraq müəyyən edildi ki, Aynur və Əhməd nikaha daxil olduqdan sonra bir müddət Ucarda yaşamış, cehiz əmlakını Ucarda qaynatasının evinə gətirmiş, daha sonra Bakıya köçmüş, iki il Alatava ərazisində digər bir evdə kirayə yaşamış, daha sonra mübahisəli fərdi yaşayış evinə köçmüşdür. Həmin vaxtdan 10 noyabr 2023-cü il tarixinədək yaşamışlar. İşin mübahisəsiz halıdır ki, fərdi yaşayış evi daşınmaz əmlakın rəsmi reyestrində qeydə alınmamış özbaşına tikilidir. İşin mübahisəli halı isə sözügedən özbaşına tikilinin kimə məxsus olması ilə əlaqədardır. Hazırda isə İddiaçı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu, 1-ci Alatava küçəsi, ev 86 saylı mənzilə köçürülməyi xahiş edir. Məhkəmə qeyd edir ki, şahid qismində dindirilmiş X6 ifadəsi ilə müəyyən edilir ki, iddiaçı tərəfindən iddia ərizəsində göstərildiyi kimi X14 özbaşına tikilini Cavabdeh2 deyil, Cavabdeh1 satmışdır, yəni iddiaçı tərəfindən özbaşına tikilinin Cavabdeh2 satılması, həmçinin özbaşına tikilinin birgə nikah dövründə alınmış əmlak olması barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə CD diskə baxış keçirilmiş, iddiaçı ilə Cavabdeh2 arasında aparılan danışıqlardan Əhmədin məlumatlı olmaması görünür və həmin danışıqlarda mübahisəli tikilinin Cavabdeh2 və iddiaçı tərəfindən birgə nikah dövründə əldə edilməsi barədə etiraf olunması müəyyən edilmir. Belə olan halda CD disk işin faktiki halını müəyyən edən legitim və mötəbər sübut kimi məhkəmə tərəfindən nəzərə alınmır. Belə olan halda, məhkəmə bildirir ki, iddiaçının mübahisəli fərdi yaşayış evinə köçürülməsi üçün hər hansı əsas yoxdur. İddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi də öz qərarlarında bu mövqeydən çıxış etmişdir (“Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli Qərar, “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərar və sair). Mülki prosessual qanunvericiliyə görə sübut hüququ öz daxilində ümumən işə baxan hakim tərəfindən ardıcıl bir neçə prosessual hərəkətlərin edilməsini nəzərdə tutur. Həmin ardıcıllığa uyğun olaraq hakim ilk növbədə nə vaxt sübutun tələb edilməli olduğunu müəyyən etməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsinə uyğun olaraq tələb olunan sübutun kimin tərəfindən təqdim edilməli olduğunu aydınlaşdırmalı, daha sonra sübutetmənin hansı qaydada həyata keçirilməli olduğunu tərəflərə izah etməli və nəhayət, təqdim edilmiş sübutları qiymətləndirməlidir. Məhkəmənin bütün bu prosessual hərəkətləri sözsüz ki, iddianın predmeti və irəli sürülən tələbin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Məcəllənin 180.2-ci maddəsinə əsasən Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Məcəllənin 180.3-cü maddəsinə əsasən Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Mülki Prosessual Məcəllənin 4.1-ci maddəsinə görə bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Bu normanın tələbinə görə məhkəməyə müraciət etmiş şəxs birinci növbədə özünün hansı hüquq və azadlığının, eləcə də maraqlarının pozulduğunu sübut etməli və bundan sonra onların təmin edilməsini tələb etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə qeyd edir ki, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı uşaqları xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X9 adlı uşaqları ilə birlikdə Bakı şəhəri, Yasamal rayonu 1-ci Alatava küçəsi, 86 saylı evə köçürülməyi tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Bakı şəhəri Yasamal Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Babazadə
Məhkəmə qərarları › İş №e-2(004)-2634/2024
Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №e-2(004)-2634/2024
27.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver