Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-874/2023 13.06.2023 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X7 Əsədov (sədrlik edən və məruzəçi), Samir İlham oğlu Mayılov və Tofiq Xudayar oğlu Heydərovdan ibarət tərkibdə, katib X6 və iddiaçının iştirakı ilə, İmişli Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti əsasında İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İmişli Rayon Məhkəməsinin (hakim Q.Hacıyev) 06 mart 2023-cü il tarixli qətnaməsi ilə İddiaçı iddiası təmin edilməmiş, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. İşinhalları Cavabdeh ilə İddiaçı 04 aprel 2014-cü ildən birgə nikahda olmuşlar. Birgə nikahdan bir uşaq- 17 iyul 2014-cü il təvəllüdlü Ayhan doğulmuşdur. İmişli Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, X3 ana- X2 yanında qalması və uşaq yetkinlik yaşına çatanadək Cavabdeh hər ay 150 manat alimentin tutularaq X4 ödənilməsi qət edilmişdir. İddiaçı 17 iyul 2014-cü il təvəllüdlü uşağı X8 ilə birlikdə İmişli rayonunun Qızılkənd kəndində cavabdehlə birlikdə tikdikləri evə köçürülmələri barədə iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahları dövründə İmişli rayonunun Qızılkənd kəndində fərdi yaşayış evi tikmişlər, hazırda cavabdeh ona orada yaşamağa imkan vermir. Birinci instansiya məhkəməsində Cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçının köçürülməsini tələb etdiyi mənzil ona məxsus deyil, ümumiyyətlə onun evi yoxdur. Cavabdehin kənd icra nümayəndəliyindən və bələdiyyədən aldığı və təqdim etdiyi arayışda göstərilir ki, guya 2017-ci ildə tikilmiş ev ona məxsusdur. Halbuki icra nümayəndəsi evin harada tikildiyini və yeri məlum olmayan evin hansı sənəd əsasında ona məxsus olduğunu göstərməmişdir. Bələdiyyə isə səlahiyyətlərinə aid olmayan gülünc bir arayış təqdim edərək göstərmişdir ki, guya o, 2017-ci ildən 2022-ci ilədək cavabdehlə birlikdə harada yerləşdiyi və hansı sənəd əsasında ona məxsus olması müəyyən edilməyən evdə yaşamışdır. Qeyd olunan hallar İcra nümayəndəsinin və Bələdiyyənin təqdim etdiyi arayışların saxtalığının və iddiaçının sifarişi əsasında yazıldığının əsas göstəriciləridir. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1, 228.2-ci maddələrinə, "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarına, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (Azərbaycan Respublikasının MPM-nin və ya MPM-in) müvafiq maddələrinə istinad etmişdir. Apellyasiyaşikayətinindəlilləri İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətə görə, iddiaçının köçürülməsini tələb etdiyi mənzil cavabdehlə birgə nikah dövründə əldə edilmiş vəsait hesabına tikilmişdır və iddiaçı ilə cavabdehin birgə əmlakıdır. Birgə əmlak sahiblərinin həmin əmlakdan istifadə etmələri ilə bağlı aralarında razılaşmanın olmasına zərurət yoxdur. Hazırda həmin əmlakdan cavabdeh özü istifadə edir və iddiaçının onunla bərabər olan hüquqlarından istifadə etməsinə imkan vermir. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş arayışlar əsaslıdır, əgər həmin sənədlər saxta olsaydı, məhkəmə bununla bağlı xüsusi qərar çıxarardı. İzahatlar Apellyasiya baxışında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı izahatında qeyd etmişdir ki, cavabdehlə 2013-cü ildə ailə qurmuşlar və 2014-cü ildə nikahlarını rəsmiləşdirmişlər. 2 il Bakıda yaşamışlar və sonradan qayıdıb Qızılkənddə yaşamışlar. Valideynləri cehiz əvəzinə Yalavac kəndində torpaq almışlar. Sonra onu satıb Elnarədən hazırda mübahisəli tikilinin yerləşdiyi torpaq sahəsini almışlar. Cavabdeh apellyasiya şikayətinin dəlillərinə qarşı etirazını bildirərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Cavabdeh sonuncu apellyasiya baxışı iclasında iştirak etməmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası məruzəni, izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikasının MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İşin hallarından görünür ki, iddiaçı və cavabdeh 04 aprel 2014-cü ildən birgə nikahda olmuşlar. Birgə nikahdan bir uşaq- 17 iyul 2014-cü il təvəllüdlü Ayhan doğulmuşdur. İmişli Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, azyaşlı uşağın ananın yanında qalması müəyyən edilmişdir. Hazırkı tələbində iddiaçı uşağı ilə birlikdə İmişli rayonunun Qızılkənd kəndində cavabdehlə birlikdə yaşadığı tikiliyə köçürülməsini xahiş etmişdir. Cavabdeh iddia edilən tikilinin və həmin tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olmadığını, qardaşına məxsus olduğunu bildirmişdir. Kollegiya aşağıdakılara görə hesab edir ki, iddia əsassızdır. Kollegiya qeyd edir ki, iddianın hüquqi dəyərləndirilməsi aparılarkən ilk növbədə yaşayış evinin hüquqi statusu və iddiaçının mübahisəli evə nə kimi hüquqlarının olduğunu müəyyən etmək zəruridir, belə ki, yaşayış sahəsinə köçürülmə şəxsin bu sahəyə nə kimi hüququnun olmasından asılıdır. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, köçürülməsini tələb etdiyi tikilini cavabdehlə birgə nikahda inşa etmişlər, onların birgə mülkiyyətindədir. Kollegiya qeyd edir ki, iddiaçının tələbinin təmin edilməsi üçün ilk növbədə iddiaçı yaşayış evinin mülkiyyətçisi olmalıdır. Mübahisə edilən tikiliyə dair hüquq müəyyənedici sənəd yoxdur. Mübahisəli tikili mülkiyyət hüququ əsasında qeydiyyatdan keçməmişdir. Qeydə alınmamış evlər barəsində istifadə hüququnun tanınması (yaranması), həyata keçirilməsi və xitamı ilə bağlı mübahisələrin həlli qaydası mülki və mənzil qanunvericiliklərində nəzərdə tutulmamışdır. Lakin mübahisəni oxşar (analoji) münasibətləri tənzimləyən, yəni tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi dövrdə qüvvədə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı münasibətləri tənzimləyən normalarına uyğun qaydada həll etmək mümkündür. Məhkəmə Kollegiyası hesab edir ki, hazırkı mübahisə Azərbaycan Respublikasının Konstitusiyasının, eləcə də hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin ümumi müddəalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1-ci maddəsinə əsasən mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Əvvəla, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 68.1-ci maddəsi sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinin hüquq və vəzifələrini təsbit edir. Hazırkı halda sözügedən yaşayış sahəsinin sosial kirayə müqaviləsi əsasında verildiyi müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.5-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin göstərilən normalarına əsaslanaraq Kollegiya qeyd edir ki, mülkiyyətdə olan tikiliyə köçürülmək və istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan yazılı razılaşma tələb olunur ki, hazırkı halda belə razılığın olması müəyyən edilmir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5 və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarına əsasən yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin, 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında hüquqi mövqeyinə görə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Kollegiya hesab edir ki, iddiaçının tələbi üzrə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.1 və 30.4-cü maddələrini də tətbiq edilməməlidir. Birbaşa qeyd etməsə də, iddiaçı tələbində mahiyyəcə onu göstəmişdir ki, mübahisəli tikilinin yerləşdiyi həyətyanı sahə və orada olan tikili ona məxsusdur, onun birgə mülkiyyətindədir. Torpaq sahəsini cavabdehlə birgə nikah dövründə əldə etmişlər. Tikilini əri ilə birgə inşa etmişlər. O, ailəsi ilə birgə inşa edilmiş tikilidə qanuni əsaslarla yaşamışdır. Başqa sözlə, iddiaçı tələb edə bilər ki, onun tikiliyə hüququnu “qanuni gözlənti” hüququ kimi qiymətləndirmək olar. Kollegiya qeyd edir ki, mübahisəli tikiliyə mülkiyyət hüququnu təsdiq edən sənəd olmasa da qüvvədə olan qanunvericilik bəzi halda tikiliyə “qanuni gözlənti” ilə mülkiyyət hüququnu (yanaşmanı) tanıyır. «Önəryıldızın Türkiyəyə qarşı» işi üzrə Avropa Məhkəməsi 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin 1–ci hissəsində «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «əmlak hüquqları», «mülkiyyət» kimi qiymətləndirilə bilər. «Mülkiyyət» anlayışı «mövcud mülkiyyətlə» məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və «qanuni gözləntiyə» malik olduğuna dair tələblərini də əhatə edə bilər. İddiaçının tələb etdiyi qaydada «qanuni gözlənti hüququna» malik olduğu qənaətinə gəlmək üçün tikilinin yerləşdiyi torpaq sahəsinin ona və ya birgə nikah dövründə ərinə qanuni əsaslarla ayrıldığı müəyyən edilməlidir. Lakin işin hallarında bu fakt müəyyən edilmir. Müəyyən edilir ki, mübahisəli tikilinin yerləşdiyi sahə X5 ailə üzvlərinə məxsusdur. Belə ki, İmişli Rayon Aqrar İslahat Komissiyasının 15 noyabr 1997-ci il tarixli qərarına əsasən İmişli rayonu, Qızılkənd kəndi ərazisində 0.40 ha torpaq sahəsi X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmişdir. İzahatlardan və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, mübahisəli tikinin yerləşdiyi həyət X5 və onun ailə üzvlərinin mülkiyyətinə verilmiş 0,40 ha torpaq sahəsinin bir hissəsidir- 0,10 ha hissəsidir. İddiaçı izahatında göstərmişdir ki, tikilinin yerləşdiyi həmin torpaq sahəsini iddiaçı cavabdehlə birlikdə mülkiyyətçi olan Elnarə adlı şəxsdən almışdır. Lakin iddiaçı məhkəməyə bu halı təsdiq edən sübutu təqdim etməmişdir. Məhkəməyə təqdim edilmiş və kənd sakinləri tərəfindən tərtib edilmiş aktdan görünür ki, X5 ailə üzvü olan Məmmədova (Qəhrəmanova) Elnarə Əyyub qızı ona məxsus 0,40 ha torpaq sahəsinin 0,10 ha hissəsini həmkəndlisi X1. Beləliklə, iddiaçının köçmək istədiyi tikilinin yerləşdiyi torpaq sahəsinin ona məxsus olduğu və ya həmin sahənin birgə nikah dövründə əldə edildiyi müəyyən edilmir. Göstərilənlər onu deməyə əsas verir ki, iddia əsassızdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən işin hallarını düzgün müəyyən etmiş, mahiyyətcə doğru qənaətə gəlmişdir. Beləliklə, apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur, odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.1, 392 və 393-cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. İmişli Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(036)-503/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən İlham Əsədov Hakimlər Samir Mayılov Tofiq Heydərov
Məhkəmə qərarları › İş №2(106)-874/2023
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-874/2023
13.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver