Məhkəmə qərarları › İş №2(001)-615/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-615/2023

10.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-615/2023 10.01.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Abdulova İlahə Telman qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Bakı şəhəri Maraqlı şəxs qismində cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 avqust 1998-ci il təvəllüdlü oğlu X3 xx.xx.1998-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1998-ci il təvəllüdlü oğlu X8 xx.xx.1998-ci ildə ölmüşdür. Bu günə qədər də, ölümü təsdiq edən sənədi almamışdır. Vərəsəlik işləri üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər baş səhiyyə idarəsinin şəhər poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın,qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməsi tösiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun bacısıdır. Uşaq doğulandan sonra 2 aylığında xx.xx.1998-ci ildə ölmüşdür. Həmin dövrdə Tovuzda hərbi xidmətdə olduğundan uşağın ölümündən yalnız atasının yanına gələn zaman xəbərdar olmuşdur. Uşaq anasının qəbrinin yanında dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 ifadəsində bildirmişdir ki, o, mərhumun bacısıdır. Qardaşının xəstəliyi olduğu, öldükdən sonra evlərindəki (Goranboy rayonunun, Qızılhacılı kəndində) ailə üzvlərinin ağlaşması yadındadır. Qardaşı xx.xx.1998-ci ildə ölmüşdür. Həmin vaxt onun 5 yaşı olsa da, qardaşının bələkdəki görüntüsü, evdəki qarışıqlıq onun yadındadır. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəsinin hazırda təmin olunması mümkün deyildir. XX-ЖГ seriyalı, 451414 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1998-ci il tarixində doğulmuşdur. X2, anası Ərizəçidır. Qızılhacılı qəsəbə icra nümayəndəliyinin sabiq sədri X12, Qızılhacılı qəsəbə icra nümayəndəliyinin sabit müavini X4, Qızılhacılı qəsəbə sakini, qonşu X5, X6, X7 iştirakı ilə tərtib edilən xx.xx.2022-ci il tarixli aktdan görünür ki, aktı imzalayanlar sabiq Göranboy rayon, Qızılhacılı qəsəbə sakini mərhum X10nun oğlu mərhum X8 xx.xx.1998-ci il tarixində vəfat etmiş və Goranboy rayonu X1 kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X3 anasıdır. X3 09 oktyabr 1998-ci il tarixində vəfat etməsi iş materiallarında olan sübutlarla, şahid ifadələri ilə təsdiq edilir. Ərizəçi oğlunun vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə oğlunun ölüm haqqında şəhadətnaməsini almaq və gələcəkdə vərəsəlik məsələlərinin həlli üçün lazımdır. Odur ki, Ərizəçi oğlu 02 avqust 1998-ci il təvəllüdlü X3 09 oktyabr 1998-ci il tarixində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 02 avqust 1998-ci il təvəllüdlü X3 09 oktyabr 1998-ci il tarixində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi təmin edilsin. 02 avqust 1998-ci il təvəllüdlü X3 09 oktyabr 1998-ci il tarixində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar