Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6207/2025 05.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 20 saylı Mediasiya Təşkilatında Maraqlı şəxs ilə aralarında bağlanılmış xx.xx.2025-ci il tarixli Barışıq sazişinin tam təsdiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, 2022-ci ildə nikaha daxil olmuşlar, birgə nikahlarından bir uşaqları vardır, xarakterləri və ailə dəyərlərinə baxışları uyğun gəlmir, bir yerdə yaşamaları mümkün deyil, ailə münasibətləri formal xarakter daşıyır, maraqlı şəxsin nikahın pozulmasına münasibəti müsbətdir, mediasiya prosesində barışıq sazişi imzalamışlar. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında işlərə o halda baxılır ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmir və ya barışıq sazişinin könüllü icrasından imtina olunur. Bundan başqa nikahın pozulması barədə tələblərə xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında baxılır. Lakin ərizənin məzmunundan və ona əlavə edilən sənədlərdən müəyyən edilir ki, tərəflər arasında xx.xx.2025-ci il tarixdə mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanır və nikahın vaxt verilmədən pozulmasına dair, nikah pozulduqdan sonra uşağın yaşayış yerinə, alimentin ödənilməsinə, uşaqla ünsiyyətə dair və.s barədə razılıq əldə edilir. Bundan sonra xx.xx.2025-ci il tarixdə iddiaçı 50 manat dövlət rüsumu ödəyərək, nikah şəhadətnaməsinin əslini, uşağın doğum şəhadətnaməsinin surətini əlavə edərək, mediasiya prosesində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ilə xüsusi icraat qaydasında məhkəməyə müraciət edir. Göründüyü kimi ərizəçi faktiki olaraq nikahın pozulması barədə məhkəmə qətnaməsinin qəbul edilməsi hüquqi nəticəsini arzulasa da, Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsinə dair xüsusi icraat qaydasında, yəni düzgün olmayan qaydada məhkəməyə müraciət etmişdir. Odur ki, aşağıda göstərilən normalara əsasən ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəçiyə nikahın pozulması barədə iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 305.1.17-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsidir. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-24-cü maddəsinə əsasən Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində qeyd edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin icraata qəbul edilməsindən imtina olunsun. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6207/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6207/2025
05.09.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver