Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-6302/2024 27.09.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əliyev İlkin Əli oğlu, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında “alimentin alınması tələbinə dair” xx.xx.2024-cü il tarixli MŞB/2/2024-00944 saylı barışıq sazişində qeyd edilənlər əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizənin icraata qəbulundan imtina edilməlidir. Belə ki, ərizəçi icra müddəti çatmayan mediasiya prosesində bağlanmış barışıq sazişinin təsdiq edilməsini xahiş edir. Əvvəla, tərəflər arasında barışıq sazişi xx.xx.2024-cü il tarixində bağlanmış və alimentin hansı tarixdən ödənilməli olması ilə bağlı qeyd sazişdə əks olunmamışdır. Bununla belə, barışıq sazişinin bağlandığı andan məcburi qüvvəyə malik olması nəzərə alınarsa, ərizəçi barışıq sazişinin könüllü icrası üçün müəyyən edilmiş 10 günlük müddəti gözləmədən, xx.xx.2024-cü il tarixində barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəni imzalamaqla məhkəməyə müraciət etmişdir. Yəni ərizəçi hazırki ərizəni tərtib eləyib imzalayan vaxt məhkəməyə bu barədə müraciət edəcəyindən əmin olsa da, barışıq sazişinin könüllü icrası ilə bağlı müddət hələ başa çatmamışdır. Bundan əlavə ərizəçinin mübahisə olmadan, formal olaraq barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə müraciət etmiş olması həm də ərizənin məzmunundan aydın olur. Belə ki, ərizədə maraqlı şəxsin sazişlə müəyyən edilən öhdəliyin icrasından yayınması ilə bağlı hər hansı əsaslandırma aparılmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin Mülki-Prosessual Məcəllənin: 305.1.17-ci maddəsində qeyd edilmişdir ki, məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlərdən biri də, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsidir. 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 34-cü maddəsində qeyd edilmişdir ki, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Odur ki, tərəflər arasında hazırki halda mübahisəli hüquq münasibəti yaranmadığından onun məhkəmə qaydasında müdafiəsi üçün əsas da yoxdur. Belə ki, istənilən fiziki və ya hüquqi şəxs pozulmuş hüquqlarını müdafiə etmək və ya hüquqlarını təsdiq etdirmək üçün məhkəməyə müraciət edə bilər. Bu anlamda məhkəmə müdafiəsi mübahisəli hüquq münasibətlərindən irəli gəlməlidir. Yəni məhkəmədə hüquqların müdafiəsi ilə bağlı tələb irəli sürmək üçün digər tərəf onun hüquqlarını pozmalı və onun pozulmuş hüquqlarının bərpasından yayınmalıdır ki, tərəflər arasında mübahisə yaranmaqla məhkəmədə iş başlanılması üçün əsas olsun. Çünki Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının cavabdehə qarşı irəli sürdüyü və mübahisəli hüquq münasibətindən irəli gələn maddi hüquqi tələbi başa düşülür. Halbuki MPM-nin 153.2.1 və 261.0.1-ci maddələrinə müvafiq olaraq ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir, iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd olunmalıdır ki, iş məhkəmədə baxılmalı olmadıqda iddia tələbinin tam və ya qismən yolverilməzliyini nəzərdə tutan bu vacib institut bir sıra mühüm məqsədlərə xidmət edir. Belə ki, məhkəmədə baxılmalı olmayan iddia ərizələrinin yolverilməzliyi və ya artıq icraata qəbul edilmiş işlərə xitam verilməsi faktiki olaraq mübahisəli hüquq münasibətinin hələ yaranmadığı və məhkəmədən kənar baxılmalı olan işlərlə məhkəmələrin lüzumsuz yüklənməsinin qarşısını alır. Bu institut, eyni zamanda, tərəflərin öz aralarında olan mübahisəli məsələləri həll etmək üçün malik olduqları daha geniş imkanlardan səmərəli istifadə etməsinə şərait yaradır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. 153.6-cı maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb edilməklə “mediasiya prosesi zamanı bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” ərizəsinin icraata qəbulundan imtina edilsin. O, cümlədən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardad iddia ərizəsinə əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiya rəsmi qaydada verilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-6302/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-6302/2024
27.09.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver