Məhkəmə qərarları › İş №2(001)-634/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-634/2021

29.11.2021 · Sair mülki iş - Maneənin aradan qaldırılması - Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-634/2021 29.11.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Əhmədli Fərid Elçin oğlunun katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 iştirakları ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilk iddia ərizəsi və Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizələri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İlk iddia üzrə İddiaçı iddia ərizəsi və iddia ərizəsinə əlavə ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin qarşısında mərtəbələr və bütün tikili boyu cavabdehlər tərəfindən qanunsuz inşa edilən tikilinin, pəncərəsinin qarşısında inşa edilmiş dəmir pilləkanın cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 hesabına sökülməsi və pəncərələrinin qarşısında qanunsuz bərkidilmiş taxta və digər maneənin sökülməsi, əmlakından maneəsiz istifadə edə bilmək imkanının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlk iddia üzrə iddiaçı tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evi onun mülkiyyətindədir və hüquqları Bakı şəhər Tİ MHQ İdarəsinin Seriya FN,010070 saylı 19 sentyabr 2001-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən rəsmən tanınmışdır. Əmlakı alqısatqı yolu ilə almışdır və aldığı qaydada da istifadə edir. Mənzilin bir otağının pəncərə hissəsi həyətə baxır və otağa işıq yalnız oradan düşür. Bu 40 kv.m yaxın olan evi cəmi yeganə 1 ədəd pəncərəlidir. Diametri 1 kv.m x 1 kv.m olan bu pəncərədən yaşadığı evin havası və işıqlığı təmin olunur. Lakin müəyyən müddətdir ki, qonşuluqda yaşayan iş üzrə Cavabdeh1 və onun oğlu Cavabdeh2 qanunsuz və yolverilməz zorakı hərəkətlərinin nəticəsində əmlakından istifadə hüquqları pozulmuş, mənzilin pəncərəsi bağlandığından ağır psixoloji sarsıntılara və mənəvi təsirlərə məruz qalmışdır. Həmin şəxslər qanunsuz olaraq onun divarına xələl gətirərək dəmir konstruksiyalı pilləkanı dəmir və betonla onun divarına bərkitmiş, pəncərəsini bütövlükdə bağlamışlar. Bunun nəticəsində evinin havası və işığının qarşısı tam şəkildə alınmışdır. Pilləkan isə divarına bitişik olduğu üçün pilləkanda hərəkət zamanı evi silkələnir. Bu da onlara böyük narahatlıq yaradır. Evinin strukturunu pozan qanunsuz veranda və nəyəsə bənzər tikinti apararkən o, etirazını bildirmişdir. Lakin cavabdehin nalayiq söyüşləri və fiziki təzyiqi ilə rastlaşdığından hüquq mühafizə orqanlarına müraciət etmişdir. Qadın inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. O, ikinci dəfə Binəqədi Rayon İcra Başçısının adına tikintinin dayandırılması haqqında məktub ünvanlamış və həmin gün Qəsəbə sovetinin sədrini baxış üçün gətirtmişdir. Lakin əks tərəfin nalayiq davranışı üzündən müvafiq tədbirlər görülmədiyindən hazırda məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Belə ki, Sona adlı şəxsin və oğlunun hədə və söyüşlərindən çəkinən dövlət rəsmiləri, polislər heç bir tədbir görmürlər və onun ailəsi, yaşayışı təhlükə altına düşmüşdür. İcra hakimiyyətindən vəziyyətə baxış üçün gəldikləri zaman Sona adlı şəxs pol ağacını əlinə alaraq onların üstünə hücum çəkib onun evinin pəncərəsinin şüşələrini şvabra taxtası ilə sındırıb, pəncərəni yağışdan qoruyan kazıroku əyərək yararsız vəziyyətə salmış, böyük taxta fanerka pəncərənin qarşısına yerləşdirmişlər. Onun şəxsiyyətinə alçaldıcı söyüşlər söyərək, ölümlə hədələmişlər. O, 102 xidmətinə zəng vuraraq polis çağırmışdır. Polis bölməsindən gələn polis işçiləri də bu səhnəni öz gözləri ilə görmüş, lakin polis işçiləri də, İcra nümayəndələri də Sona adlı şəxsdən qorxduqlarını etiraf etmişlər. Onun şikayətləri, qonşular içində təhqir olunmağı, nalayiq küçə söyüşləri ilə söyülməyi kağız üzərində qalmışdır. Evi də qaranlıq, havasız zirzəmiyə dönmüşdür. Evləri onlara məzar olmuşdur. Artıq bu evdə yaşamağa gücləri qalmamışdır. Özü ikinci qrup əlil, yoldaşı birinci qrup əlil, yataq xəstəsidir. Oğlu isə ikinci qrup əlil, epilepsiya xəstəsidir. Ona görə də məhkəmənin qanuni müdaxiləsi vacibdir. Əmlakının pəncərəsinin tutulmasının qarşısı açılmalı, maneə götürülməli, qanunsuz tikinti sökülməli və həyətdən ümumi istifadə təmin olunmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı yaşadığı Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsi, ev 44 ünvanında yerləşən evin onun ünvan 4anında yerləşən həyətinə baxan pəncərələrinin bağlanması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 tələbini onunla əsaslandırmışdır ki, həmin evi dördüncü adamdır ki, alır. Bu vaxta qədər heç bir qonşu ilə münasibətlərində narazılıq olmamışdır. Lakin cavabdeh neçə ildən sonra 1996-cı ildə qoyulmuş dəmir pilləkənin götürülməsini tələb edir. Bu isə heç başa düşülən deyil. Cavabdeh spirtli içki içir və söyüş söyməyə başlayır, onları ölümlə hədələyir, arvadı psixi xəstədir, onu səsi bütün günü onların sakit yaşamağına imkan vermir. Oğlu siqareti çəkib onların həyətinə atır. Belə olduğu təqdirdə, onun həyətinə baxan pəncərələrin bağlanmasını tələb etmək fikrinə gəlmişdir. Göstərilənlərə əsasən qarşılıqlı iddianın təmin edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edərək təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etdi. Həmçinin ona verilmiş suala cavab olaraq bildirdi ki, onun tərəfindən inşa edilmiş evin üst mərtəbəsində olan pəncərələr texniki pasportda öz əksini tapmamışdır. O, bu pəncərələri qonşuların icazəsi ilə açmışdır. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Həmçinin bildirdi ki, 1988-ci ildən o, mübahisəli evdə yaşayır. 1996-cı ildən isə mübahisəli pilləkan ordadır. Bu günə kimi də heç bir qonşu həmin pilləkanı problemə çevirməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə Cavabdeh2 ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, onun tərəfindən iddiaçıya əmlakından istifadə ilə bağlı hər hansı maneəçilik törədilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş ilk iddia üzrə Cavabdeh3 ilkin iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Həmçinin bildirmişdir ki, mübahisəli evin ikinci mərtəbəsi və ikinci mərtəbəyə qalxan dəmir pilləkan onun tərəfindən inşa edilmiş, ilk iddiaçıya məxsus pəncərə isə onun tərəfindən taxta materialla bərkidilmişdir. Çünki iddiaçının ailəsinin səs-küyü, habelə iddiaçının oğlunun etdiyi hərəkətlər qonşuluq münasibətlərinə xələl gətirir. Hazırki məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş ilk iddia üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəməyə gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının onların iştirakları olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq hesab edir ki, ilk iddia qismən təmin edilməli, qarşılıqlı iddia isə əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqların qeydiyyat idarəsi tərəfindən verilmiş FM seriyalı, 010076 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evinin 39.3 kv.m sahəsi İddiaçı mülkiyyətindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin MA seriyalı, ******* nömrəli çıxarışının surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evi 2 literdən, A (87.1 kv.m) və Q (38.4 kv.m) tikilisindən ibarət olmaqla, 6 yaşayış otağından ibarətdir. A tikilisinin 2 otağı Cavabdeh3, digər 2 otağı İddiaçı, Q tikilisi isə ümumilikdə X2 məxsusdur. M.Ə.Rəsulzadə qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin İddiaçı ünvanladığı 19 avqust 2020-ci il tarixli məktubun surətindən görünür ki, sonuncunun müraciəti üzrə nümayəndəliyin əməkdaşları tərəfindən əraziyə baxış keçirilmişdir. Yerində baxış keçirilən zaman müraciətdə qeyd edilən faktlar qismən öz əksini tapmışdır. Eyni zamanda bildirilmişdir ki, hər iki ev köhnə tikili olduğuna görə və qonşu ilə aralarında baş verən münaqişə məişət zəminində baş verən narazılıq olduğuna görə məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına və məhkəməyə müraciət edilməsi məqsədəuyğundur. Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin polis kapitanı Bəhruz İsmayılzadə tərəfindən 25 avqust 2020-ci il tarixdə tərtib edilmiş MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, 14 avqust 2020-ci il tarixdə Binəqədi rayonu, Aydınbəyov küçəsində baş vermiş hadisəylə bağlı Cavabdeh1 tərəfindən qonşuya nalayiq ifadələr işlədilmişdir. Nəticədə Cavabdeh1 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 03 mart 2020-ci il tarixli, 10/3726 nömrəli ekspertiza rəyindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 44 saylı fərdi yaşayış evinin ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan «A» tikilisinin 39,3 m2 hissəsinin qarşısında cavabdehlər tərəfindən dəmir pilləkan və taxtadan səddin quraşdırıldığı müəyyən edilir. Quraşdırılan taxtadan sədd İddiaçı məxsus hissədən istifadəyə etməyə maneə törətmədiyi, lakin otağın havalandırmasına və təbii işıqlandırılmasına mənfi təsir göstərdiyi müəyyən edilir. Bakı şəhəri, Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Aydınbəyov küçəsində yerləşən 44 saylı fərdi yaşayış evinin ilk iddia üzrə İddiaçı xüsusi mülkiyyətində olan «A» tikilisinin 39,3 m2 hissəsində faktiki olaraq pəncərəsinin olduğu və həmin pəncərənin X4 məxsus «A» tikilisinin 2 otaqdan ibarət həyətə tərəf açıldığı müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 oktyabr 2021-ci il tarixli, 10/2974 nömrəli ekspertiza rəyindən görünür ki, cavabdehlər tərəfindən Texniki pasportda öz əksini tapmayan aşağıdakı tikililər inşa olunmuşdur: - Mülkiyyətlərində olan bir mərtəbəli tikilinin üzərində ikinci mərtəbənin inşa olunması. - İkinci mərtəbəyə qalxmaq üçün dəmir materialdan pilləkanın quraşdırılması. - Pilləkan meydançasının yaradılması və üzərinə dam örtüyünün vurulması. - İddiaçının faktiki istifadəsində olan tikilinin pəncərəsinin taxta materiallar ilə bağlanması. Cavabdehlər tərəfindən görülmüş işlər iddiaçının faktiki istifadəsində olan tikilinin təbii işıqlandırılmasını təmin edən yeganə pəncərənin tamamilə bağlanılmasına bununla da tikilinin otaqlarına günəş işığının düşməsinin qarşısının alınmasına səbəb olmuşdur. Texniki Pasportda iddiaçının mülkiyyətində olan 3 nömrəli otağın cavabdehlərin həyətyanı sahələrinə tərəf olan divarında pəncərə nəzərdə tutulmuşdur. Həmçinin qeyd olunur ki, faktiki vəziyyətdə aparılmış konstruktiv dəyişiklik səbəbindən sözügedən divarın yeri cavabdehlərin həyətyanı torpaq sahələrinə doğru 1 metr yeri dəyişdirilmişdir. (3 nömrəli otağın uzunluğu 1 metr artırılmışdır). Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edildi ki, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evi 2 literdən, A (87.1 kv.m) və Q (38.4 kv.m) tikilisindən ibarət olmaqla, 6 yaşayış otağından ibarətdir. A tikilisinin 2 otağı Cavabdeh3, digər 2 otağı İddiaçı, Q tikilisi isə ümumilikdə X2 məxsusdur. İddiaçı özünə məxsus yaşayış sahəsində konstruktiv dəyişikliklər aparmış, cavabdehlərin həyətyanı torpaq sahəsinə doğru divarın yerini 1 metr məsafədə artırmışdır. Texniki Pasportda iddiaçının mülkiyyətində olan yaşayış sahəsinin cavabdehlərin həyətyanı sahələrinə tərəf olan divarında pəncərənin olması nəzərdə tutulmuşdur. Cavabdeh3 isə özünə məxsus yaşayış sahəsində texniki pasportda öz əksini tapmayan ikinci mərtəbə inşa etmiş, bununla yanaşı ikinci mərtəbəyə qalxmaq üçün dəmir materialdan pilləkan quraşdırmış və üzərinə dam örtüyü vurmuşdur. Həmçinin, İddiaçı faktiki istifadəsində olan tikilinin təbii işıqlandırılmasını təmin edən yeganə pəncərəni taxta materiallar ilə tamamilə bağlamış və bununla da tikilinin otaqlarına günəş işığının düşməsinin qarşısının alınmasına səbəb olmuşdur. Məhkəmə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilk iddiası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər; Həmin Məcəllənin 139.1-ci maddəsinə görə mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır; Həmin Məcəllənin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır; Həmin Məcəllənin 180.2-ci maddəsinə görə özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur; Həmin Məcəllənin 180.4-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır; Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir; Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 15-ci maddəsinə əsasən yaşayış sahəsindən istifadə həmin yaşayış sahəsində yaşayan şəxslərin, qonşuların hüquqlarına və qanuni mənafelərinə, yanğın təhlükəsizliyi tələblərinə, sanitariya-gigiyena, ekoloji tələblərə və qanunvericiliyin digər tələblərinə riayət edilməklə həyata keçirilməlidir. Göründüyü kimi, Cavabdeh3 tərəfindən iddiaçıya məxsus yaşayış sahəsinin pəncərəsinin qarşısında taxta materialların bərkidilməsi həmin mənzilə daxil olan havanın və günəş işığının qarşısını alır. Belə olan halda, cavabdehin hərəkəti nəticəsində iddiaçının mənzilindən dinc istifadə etmək, sanitariya-gigiyena və ekoloji tələblərə cavab verən şəraitdə özünə məxsus yaşayış sahəsində yaşamaq hüququ pozulmuş, bununla da iddiaçının qanuni mənafeyinə xələl gətirilmişdir. Ona görə də məhkəmə iddia tələbini bu hissədə əsaslı hesab edir və belə qənaətə gəlir ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materiallar Cavabdeh3 hesabına sökülməli və iddiaçının əmlakından maneəsiz istifadə hüququ bərpa edilməli, iddia digər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 münasibətdə isə təmin edilməməlidir. Belə ki, Cavabdeh1 və Cavabdeh2 iddiaçıya məxsus pəncərənin taxta materiallarla bərkitməsi və iddiaçının əmlakından istifadə edilməsinə maneə yaratmaları iş materialları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə, iddiaçının iddia tələbinin cavabdehlər tərəfindən ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin qarşısında mərtəbələr və bütün tikili boyu cavabdehlər tərəfindən qanunsuz inşa edilən tikilinin, habelə həmin tikiliyə qalxan dəmir pilləkanın cavabdehlərin öz hesabına sökülməsi hissəsi ilə bağlı hesab edir ki, iddia iddia tələbləri bu hissələrdə təmin edilməməlidir. Belə ki, yuxarıda istinad edilən Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarının və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Hazırki iş üzrə isə iddiaçının bununla bağlı hər hansı hüquqlarının məhdudlaşdırılmadığı müəyyən olunur. Qanunvericiliyin tələblərindən göründüyü kimi, belə olan halda özbaşına tikintinin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər. Bununla belə nəzərə alınmalıdır ki, sözügedən pilləkanın sökülməsi cavabdehlərin istifadəsində olan əmlakdan istifadə imkanlarını aradan qaldıracaqdır ki, bu da onların hədsiz məhrumiyyətlərə məruz qalmaları ilə nəticələnə bilər. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı isə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1 və 5.1-ci maddələrinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Konstitusiya Məhkəməsinin bu Qərarda nümayiş etdirilmiş hüquqi mövqeyi bir daha “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 3 iyul 2015-ci il tarixli Prenum Qərarında öz əksini tapmışdır. Qanunvericiliyin istinad edilən tələblərindən göründüyü kimi, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edən şəxs ilk növbədə hər hansı qanunla qorunan hüquq və azadlıqlarının və yaxud maraqlarının pozulmasını, eləcə də bununla bağlı tələb etmək hüququnun olmasını sübut etməlidir. İş materiallarından göründüyü kimi, Bakı şəhəri, Binəqədi rayonu, Aydınbəyov küçəsi, 44 nömrəli evinin “A” tikilisində olan 2 otaqdan ibarət yaşayış sahəsi mülkiyyət hüququ ilə Cavabdeh1 deyil, Cavabdeh3 məxsusdur. Belə olan halda isə, qarşılıqlı iddiaçı qarşılıqlı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik deyil. Bununla belə, qarşılıqlı iddiaçının hazırki qarşılıqlı iddia tələbi ilə məhkəməyə müraciət etməyə subyektiv hüququ olsaydı belə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilə bilməzdi. Belə ki, ekspert rəyində olan foto görüntülərdən müəyyən olunur ki, İddiaçı yaşadığı yaşayış sahəsinin birinci mərtəbəsində bir ədəd pəncərə (qarşısı taxta materiallarla bərkidilmiş və texniki pasportda öz əksini tapan), ikinci mərtəbəsində isə iki ədəd pəncərə (texniki pasportda öz əksini tapmayan) mövcuddur. Hər üç pəncərə Cavabdeh3 məxsus yaşayış sahəsinin həyətinə açılır. Məhkəmə ilk növbədə İddiaçı yaşadığı yaşayış sahəsinin birinci mərtəbəsində əksini tapan pəncərənin sökülməsi ilə bağlı qeyd edir ki, həmin pəncərənin iddiaçının mülkiyyətində olan evin birinci mərtəbəsinin təbii işıqlandırılmasını təmin edən yeganə pəncərədir və həmin pəncərənin olması evin texniki pasportunda da öz əksini tapmışdır. Digər pəncərələrin sökülməsi ilə bağlı isə məhkəmə qeyd edir ki, İddiaçı yaşadığı yaşayış sahəsinin ikinci mərtəbəsində olan iki ədəd pəncərə texniki pasportda öz əksini tapmadığından, həmin pəncərələrin sökülməsi ilə bağlı tələbləri yalnız müvafiq icra hakimiyyəti orqanları qaldıra bilərlər (MM 180.4 maddə). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmuu halında hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilməli, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materiallar Cavabdeh3 hesabına sökülməli və iddiaçının əmlakından maneəsiz istifadə hüququ bərpa edilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin iş üzrə ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən İddiaçı özünə aid edilməlidir. Habelə, Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməməli və qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 manatın 50 manatı İddiaçı, 100 manatı isə Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “mülkiyyətə müdaxiləyə son qoyulmaqla maneənin aradan qaldırılması, tikintinin sökülməsi” tələbinə dair ilkin iddiası qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən iki otaqdan, ümumi sahəsi 39.3 kv.m-dən ibarət yaşayış evinin pəncərəsinin qarşısına bərkidilmiş taxta materiallar Cavabdeh3 hesabına sökülsün və İddiaçı əmlakından maneəsiz istifadə hüququ bərpa edilsin. İlkin iddia üzrə ödənilmiş dövlət rüsumu İddiaçı aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh1 İddiaçı qarşı “pəncərələrin bağlanması” tələbinə dair qarşılıqlı iddiası təmin edilməsin. Qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyərini təşkil edən 150 (bir yüz əlli) manatın 50 (əlli) manatı İddiaçı, 100 (bir yüz) manatı isə Cavabdeh3 tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar