Məhkəmə qərarları › İş №2(001)-6370/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6370/2023

15.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6370/2023 15.11.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Hətəmzadə Fərid Eldar oğlunun sədrliyi, Məhkəmə iclas katibi Ağazadə Səbinə Əjdər qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi (maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi” barədə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, 29 yanvar 2021-ci ildə Bakı şəhərində anadan olmuş X1 08 iyul 2023-cü ildə Abşeron rayonunda ölməsi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhum oğlu X2 xx.xx.2021-ci ildə doğulmuşdur. Oğlu 08 iyul 2023-cü ildə qohumuna məxsus olan çoxmərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində olan mənzilin pəncərəsindən yıxılaraq bədbəxt hadisə nəticəsində ölmüşdür. Onun vəfatından sonra həmin tarixdə, yənu 08 iyul 2023-cü ildə mərhumu Binəqədi kənd qəbiristanlığında dəfn edilmişdir. X1 ölüm haqqında şəhadətnaməsinin alınması üçün 3 saylı Bakı Asan Xidmət X4 və Abşeron rayon Mərkəzi Xəstəxanasına müraciət edilmiş, lakin ölümün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmiş, ölüm haqqında tibbi şəhadətnamə tərəfindən təqdim edilmədiyindən və AR Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ölümə dair məlumatlar aşkar edilmədiyindən ölümün dövlət qeydiyyatına alınmasının imkanları xaricində olması bildirilmiş, nəticədə ölüm haqqında şəhadətnamə verilməmişdir. Hazırda oğlunun ölüm haqqında şəhadətnaməsini almağa zərurət yaranmışdır. Belə ki, özü və ailə üzvləri Zəngilan rayonundan məcburi köçkünlər, onun hazırda ailə üzvü kimi qeydiyyatda qalması həm də dövlətlərinin qarşısında əlavə öhdəliklərinin yaranmasına ailə təsərüffatında əlavə olaraq qeydiyyatda qalmaqla adına çörək pulunun ödənilməsinə səbəb olur. Ölüm haqqında şəhadətnamə olmadığından isə bu kimi problemlərin həll edilməsi mümkünsüzdür. Eyni zamanda ölüm haqqında şəhadətnamə özü özlüyündə hüquqi bir sənəddir, hüquqi nəticələr yaradır. Həmin sənədin onda olmaması isə gələcəkdə də bir sıra məsələrdə əlavə çətinliklərin yaranmasına səbəbdir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, lakin məhkəməyə məktub göndərərək tələbə heç bir etirazlarının olmadıqlarını bildirib, iş yükünün çox olması ilə əlaqədar olaraq işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin məhkəməyə gəlməsini məcburi hesab etməmiş və işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatına və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, mülki işin materiallarında olan AZ-İV seriyalı, 566697 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, 29 yanvar 2021-ci ildə Bakı şəhərində anadan olmuş X1 atası Ərizəçi, anası X3r. İş materiallarında olan Abşeron Rayon Mərkəzi X5 Şöbəsinin 08 iyul 2023-cü il tarixli Siqnal vərəqəsindən görünür ki, həmin günü ünvan 1 ünvanına X1 adına çağırış olmuş və çağırış yerinə gələndə, çağırış ünvanında kişi cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 02/S-986 saylı, 24 avqust 2023-cü il tarixli arayışından görünür ki, X2 Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbəsində yerləşən Binəqədi kənd qəbiristanlığında xx.xx.2023-cü il tarixində dəfn olunub. İş materiallarında olan Abşeron rayon prokurorluğunun 31 avqust 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində Abşeron RPİ-nin növbətçi hissəsindən 2021-ci il təvəllüdlü X1 Abşeron rayonu, Xırdalan şəhəri, “Abşeron City” yaşayış kompleksi bina 240, mənzil 193ün pəncərəsindən yıxılaraq ölməsi barədə daxil olmuş məlumat əsasında toplanmış material üzrə X1 ölməsi faktında hər hansı cinayət hadisəsi müəyyən edilmədiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan 3 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsindən verilmiş 30 avqust 2023-cü il tarixli məktubdan görünür ki, ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyindən və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən EHİS vasitəsi ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülmüş məlumatlar arasında ölümə dair məlumatlar aşkar edilmədiyindən X1 ölümünün dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. İş materiallarında olan “Abşeron Rayon Mərkəzi Xəstəxanası” X8 22 sentyabr 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2021-cı il təvəllüdlü X1 ölümün baş vermə səbəbi məlum olmadığına görə onun adına ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. İş materiallarında olan 07 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmə qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə hesab edir ki, X1 08 iyul 2023-cü il tarixdə Abşeron rayonunda ölməsi təqdim olunmuş sübutlarla tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, həmin sənəd, ərizəçiyə sənədləşmə işləri üçün tələb olunur və qeyd olunanlara əsasən ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: Ərizə təmin edilsin. 29 yanvar 2021-ci il təvəllüdlü X1 08 iyul 2023-cü ildə Abşeron rayonunda ölməsi faktı müəyyən edilsin. Qətnamə 29 yanvar 2021-ci il təvəllüdlü X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar