Məhkəmə qərarları › İş №2(001)-6450/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6450/2020

02.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6450/2020 02.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X1, Ərizəçi iştirakı ilə Ərizəçi “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 ölüm faktının müəyyən edilməklə, müvafiq ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Gürcüstan Respublikasının vətəndaşı 1948-ci il təvəllüdlü mərhum atası X8 xx.xx.2020-ci il tarixdə keçirdiyi ağır xəstəlikdən sonra Binəqədi rayonu, 7 mikrorayon, keçid 1260, ev 29A, mənzil 77 ünvanda vəfat etmişdir. Ölüm faktının təsdiq olunması üçün X4 Yardım xidmətinə zəng etmişdir. Təcili Tibbi yardım gələrək atasının ölüm faktını qeydə almış, xx.xx.2020-ci il tarixli, 0364 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsi verərək getmişdir. Atasının ölüm faktı Bakı şəhəri səhiyyə idarəsi 25 saylı Şəhər poliklinikasının xidməti ərazisində baş verdiyi üçün həmin poliklinikaya müraciət etmişlər. Lakin atasının xarici ölkə vətəndaşı olduğu və digər texniki səbəblər əsas gətirilərək ölüm haqqında arayış verə bilməyəcəklərini bildirmişlər. Atası Gürcüstan Respublikası, Tbilisi şəhəri, Dzveli Tbilisi rayonu, Sayat Nova küçəsi, ev 19 ünvanında qeydiyyatdadır. Bununla əlaqədar xx.xx.2020-ci il tarixində həmin poliklinikaya atasının ölümü haqqında arayışın verilməsi xahişi ilə rəsmi qaydada məktubla müraciət etmişdir. Poliklinikanın Baş həkimi tərəfindən imzalanmış xx xxxx 2020-ci il tarixli, 135 saylı cavab məktubuna əsasən 1948-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixində vəfat etməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Buna səbəb mərhumun Dövlət Miqrasiya xidmətində icazəsinin xx.xx.2020-ci il tarixində bitdiyi üçün onun haqqında məlumatların elektron portalda qeyd olunmamasıdır. Bundan sonra Ərizəçi tələbin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1948-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş X6 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin və tələbinin dəyişdirilməsi barədə ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin iş yoldaşıdır. 2020-ci ilin iyun ayının 16-dan 17nə keçən gecə digər iş yoldaşları ona zəng edərək, Ərizəçi atasının öldüyünü bildirmişdir. O, da dərhal Ərizəçi yaşadığı mənzilə getmişdir. O, mənzilə gələndə Ərizəçi atasının öldüyünü görmüşdür. Təxminən gecə saat birin yarısı mənzili tərk edib öz evinə qayıtmışdır. Həmin vaxt Təcili və X5 Stansiyasının həkimləri hələ gəlməmişdilər. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X7 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, ərizəçinin qonşusudur. xx.xx.2020-ci il tarixdə ərizəçinin atasının vəziyyəti ağırlaşdığı zaman orada olmuş, təcili tibbi yardıma o da zəng etmişdir. Lakin təcili tibbi yardım stansiyasının həkimləri gələndə ərizəçinin atası artıq vəfat etmişdir. Məhkəmə, Ərizəçi izahatını, habelə şahidlərin ifadələrini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, xx.xx.1948-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X9 Ərizəçi atasıdır. Ərizəçi Nərimanov rayonu, S.Rəhimov küçəsi, ev 12 ünvanında qeydiyyatda olmaqla, ünvan 1 mənzil 77 ünvanında yaşayır. X8 xx xxxx 2020-ci il tarixdə ev şəraitində ölmüşdür. Bu hal həmin tarixdə çağırışa gəlmiş Təcili və X5 Stansiyasının 9 saylı bölməsinin təcili tibbi yardım briqadası tərəfindən də müəyyən edilmişdir (briqada evdə kişi cinsli meyit aşkar etmişdir). Ərizəçi əvvəlcə Bakı şəhəri Baş Səhiyyə İdarəsi 25 nömrəli şəhər Poliklinikasına müraciət etmiş, lakin ölüm hadisəsindən 1 ay müddət ötməsi, həmçinin mərhumun miqrasiya xidmətindən icazəsinin xx.xx.2020-ci il tarixdə bitdiyindən haqqında elektron portalda məlumatların olmaması səbəbindən ərizəçiyə ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Eyni zamanda, ərizəçi atasının ölümünün qeydə alınması üçün Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin şöbə ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün onun ölümü ilə bağlı akt qeydləri kitabında müvafiq qeydin aparılmasından imtina etmiş və məsələ ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ərizəçinin atası xx xxxx 2020-ci il tarixdə Fatmayı kənd qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi məhkəməyə hazırki ərizə ilə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmiş, lakin həmin məbləği tələb etmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” xx xxxxx 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın 9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Göründüyü kimi, Ərizəçi atası xx.xx.1948-ci il tarixdə Gürcüstan Respublikasında anadan olmuş X6 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Ərizəçi atasının ölüm faktını təsdiq edən sənədi əldə etmək üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin vaxtında müraciət etməməsi, habelə atasına Miqrasiya Xidməti tərəfindən verilmiş icazənin müddəti bitdiyindən elektron portalada məlumatların qeyd edilməsi səbəbindən ona bu sənədin verilməsindən imtina edilmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsindən ölüm haqqında şəhadətnaməni də ala bilməmişdir. Mövcud vəziyyətdə ərizəçinin qeyd edilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməsi qeyri-mümkündür. Həmin sənədin alınması ərizəçiyə atası X6 ölümündən sonra bir sıra hüquqi məsələlərin həll edilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1948-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş X6 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçi Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1948-ci il tarixdə Gürcüstan Respublikasında doğulmuş X6 xx xxxx 2020-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar