Məhkəmə qərarları › İş №2(001)-6660/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6660/2025

08.10.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6660/2025 08.10.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxs qarşı mülki iş üzrə (Açar sözlər: mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Məşədiyeva Fidan Eynur qızının katibliyi, Ərizəçinin nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək tərəflər arasında mediasiya qaydasında bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00719 saylı barışıq sazişinin qismən təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, Maraqlı şəxs ilə nikahları Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(001)-687/2025 saylı qətnaməsi ilə pozulmuş və birgə nikahdan doğulmuş xx.xx.2019-cu il təvəllüdlü X4 ananın himayəsində saxlanılmışdır. Daha sonra tərəflər xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatında MŞB/9/2025-00719 saylı Barışıq Sazişi imzalamışlar. Bu səbəbdən də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi-vəkili Vəkil ərizəni müdafiə edərək, barışıq sazişinin maraqlı şəxsin üzərinə düşən öhdəliklər üzrə təsdiq edilməsini, yəni uşaq ananın himayəsində olduğu müddətdə atanın gün və vaxtı əvvəlcədən ana ilə razılaşmaqla, uşağın gündəlik rejimini pozmamaq və uşağın sağlam olması şərti ilə istənilən vaxt, o cümlədən həftə sonları, bayramlar və məktəb tətilləri günlərində uşaqla sərbəst və məhdudiyyətsiz görüşmək və ünsiyyət qurmaq hüququnun, eyni zamanda maraqlı şəxsin birgə nikahdan doğulan X3 nənə-baba və digər ailə üzvü qohumları ilə ünsiyyətinin və birgə nikahdan doğulan X2 tətil, istirahət hüququnun təmin edilməsi üçün, bir-birinə qarşılıqlı olaraq uşaq yetkinlik yaşına çatana qədər ölkədən xaricə aparılıb-gətirilməsinə dair qanun tələb etdiyi yazılı razılıq vermək hissələrində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilməsinə baxmayaraq, maraqlı şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab edir.

Mülki işin materialları:

5. Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00719 nömrəli Barışıq Sazişinə əsasən: - 1.1 Tərəflər razılaşdılar ki, birgə nikahdan dünyaya gəlmiş övladları 5 may 2019-cu il təvəllüdlü X1 üçün Ərizəçi (Bundan sonra İkinci Tərəf) uşaq ananın himayəsində olduğu müddətdə yetkinlik yaşına çatanadək saziş imzalandıqdan 1 (bir) ay sonra hər ayın 5-dən gec olmayaraq aylıq 1500 (bir min beş yüz) AZN məbləğində alimenti ana Maraqlı şəxs təqdim etdiyi bank hesabına köçürəcək. - 1.2. İkinci tərəf — Ərizəçi, bu sazişə əsasən birinci tərəf — Maraqlı şəxs yaşayış mənzili almalıdır. Alınacaq mənzilin ümumi qiyməti maksimal 350.000 (üç yüz əlli min) AZN olmalıdır və bu məbləğdən az olmamalıdır. - 1.3. Mənzil tərəflərin birgə nikahından doğulan xx.xx.2019-cu il təvəllüdlü X3 adına rəsmiləşdiriləcək. Mənzilin alınmasının təmin olunmasını bu sazişin imzalanma tarixindən etibarən 6 (ay) ay ərzində həyata keçirilməsini ikinci tərəf öhdəsinə götürür. Mənzil alınanadək birinci tərəfin və tərəflərin birgə nikahdan doğulan yetkinlik yaşına çatmayan X3 yaşayış hüququnun təmin olunması məqsədi ilə İkinici tərəf öhdəsinə götürür ki, birinci tərəfin və yetkinlik yaşına çatmayan övladının hazırda yaşadıqları mənzildə (Bakı şəhəri, Xətai rayonu, Ağ şəhər yaşayış şəhərciyi, Fəvvarələr küçəsi, ev 1, mənzil 71) (Diplomant residense) yaşamalarına maneçilik törətməyəcək. - 1.4. Bu Sazişin 1.2-1.3-cü bəndində qeyd edilən mənzil bu Sazişdə qeyd edilən şərtlər əsasında əldə edildiyi andan Birinci tərəfin tam və qeyd-şərtsiz istifadəsinə veriləcək və birgə nikahdan doğulan X3 tam mülkiyyətinə keçəcəkdir. - 1.5. Birinci tərəf - Maraqlı şəxs, bu sazişdə qeyd olunan şərtlər tam şəkildə yerinə yetirildikdən sonra ikinci tərəfə qarşı hər hansı bir hüquqi və ya maddi tələb, şikayət və ya iddia irəli sürməyəcəyinə dair öhdəlik götürür. - 1.6. Tərəflər razılaşırlar ki, uşaq ananın himayəsində olduğu müddətdə İkinci tərəf (ata) gün və vaxtı əvvəlcədən Birinci tərəflə razılaşmaqla, uşağın gündəlik rejimini pozmamaq və uşağın sağlam olması şərti ilə istənilən vaxt, o cümlədən həftə sonları, bayramlar və məktəb tətilləri günlərində uşaqla sərbəst və məhdudiyyətsiz görüşmək və ünsiyyət qurmaq hüququna malikdir. - 1.7. Eyni zamanda tərəflər razılaşır ki, Birinci tərəf birgə nikahdan doğulan X3 nənəbaba və digər ailə üzvü qohumları ilə ünsiyyətinə etiraz etmir. - 1.8. Eyni zamanda tərəflər razılaşır ki, birgə nikahdan doğulan X5 gızının keyfiyyətli tətil, istirahət hüququnun təmin edilməsi üçün, bir-birinə qarşılıqlı olaraq uşaq yetkinlik yaşına çatana qədər ölkədən xaricə aparılıb-gətirilməsinə dair qanun tələb etdiyi yazılı razılıq verməyi öhdələrinə götürür. - 1.9.Tərəflər uşağın asudə vaxtlarının səmərəli keçirilməsi üçün uşağın müxtəlif kurslarda, idman, elmi-mədəni və digər tədbirlərdə iştirakına dair birgə qərar qəbul etməyi öhdələrinə götürürlər. Tərəflər uşaq üçün birgə razılaşdırılmış fəaliyyətlərin və asudə vaxtların keçirilməsinin xərclərini, həmçinin tam orta təhsil müddətində ödənişli əsaslarla olan təhsil müəssisəsinin təhsil haqqını ata Ərizəçi ödəməyi öhdəsinə götürür. - 1.10. Tərəflər razılaşırlar ki, uşağın saxlanması, tərbiyəsi, təhsili və gələcəkdə uşağın himayəsi ilə bağlı yarana biləcək və hazırki sazişdə nəzərdə tutulmayan hallar baş verərsə, tərəflər bu məsələləri qarşılıqlı razılıq əsasında birlikdə həll edəcəklər. - 1.11. Hazırkı saziş imzalandığı andan bağlanmış hesab olunur və uşaq yetkinlik yaşına çatana qədər etibarlıdır. - 1.12. Hazırkı sazişin hər hansı hissəsinin etibarsız hesab edilməsi bu sazişin bütövlükdə etibarsız hesab edilməsinə səbəb olmayacaq. - 1.13. Hazırkı saziş Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir. - 1.14. Hazırkı sazişdən irəli gələn və ya onunla əlaqədar olan mübahisələrin həllində Tərəflər arasında razılıq əldə olunmadıqda, həmin mübahisələr Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilməlidir.

6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-687/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Ərizəçi ilə cavabdeh Mirzəyeva (Səfərova) Nigar Ramiz qızı arasında bağlanmış nikah pozulmuş, nikah pozulduqdan sonra xx.xx.2019-cu il təvəllüdlü X4 cavabdehin himayəsində saxlanılması qət edilmişdir.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

7. Məhkəmə ərizəçinin nümayəndəsi-vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakılara görə qismən təmin edilməlidir.

8. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosesi zamanı öz aralarında razılığa gəlmiş və xx.xx.2025-ci il tarixdə barışıq sazişi bağlanmışdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

9. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

10. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

11. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir.

12. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır.

13. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir.

14. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

15. Müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış barışıq sazişinə əsasən ərizəçi (ikinci tərəf) öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də birinci tərəf öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş və bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

16. Beləliklə məhkəmə hesab edir ki, barışıq sazişinin təsdiq edilməsi barədə ərizə qismən təmin edilməli, Bakı 9 saylı Mediasiya Təşkilatının xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00719 saylı barışıq sazişi qismən təsdiq edilməlidir.

17. Belə ki, Barışıq Sazişi 1.6 və 1.8 hissələrdə yəni, uşaq ananın himayəsində olduğu müddətdə İkinci tərəf (ata) gün və vaxtı əvvəlcədən Birinci tərəflə razılaşmaqla, uşağın gündəlik rejimini pozmamaq və uşağın sağlam olması şərti ilə istənilən vaxt, o cümlədən həftə sonları, bayramlar və məktəb tətilləri günlərində uşaqla sərbəst və məhdudiyyətsiz görüşmək və ünsiyyət qurmaq hüququ və birgə nikahdan doğulan X5 gızının keyfiyyətli tətil, istirahət hüququnun təmin edilməsi üçün, bir-birinə qarşılıqlı olaraq uşaq yetkinlik yaşına çatana qədər ölkədən xaricə aparılıb-gətirilməsinə dair qanun tələb etdiyi yazılı razılıq vermək öhdəliyi üzrə təsdiq edilməlidir.

18. Məhkəmə hesab edir ki, ərizə Barışıq sazişinin 1.7-ci hissədə təsdiq edilməməlidir.

19. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26.1.2. maddəsinə əsasən barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

20. Müəyyən edilmişdir ki, Barışıq sazişinin 1.7-ci hissəsində qeyd edilən nənəbaba və digər ailə üzvü qohumlar barışıq sazişi mediasiyada iştirak etməmişlər.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:

Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin qismən təsdiq edilməsi”nə dair ərizəsi qismən təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış aşağıdakı məzmunlu xx.xx.2025-ci il tarixli, MŞB/9/2025-00719 saylı barışıq sazişi qismən təsdiq edilsin: - 1.6. Tərəflər razılaşırlar ki, uşaq ananın himayəsində olduğu müddətdə İkinci tərəf (ata) gün və vaxtı əvvəlcədən Birinci tərəflə razılaşmaqla, uşağın gündəlik rejimini pozmamaq və uşağın sağlam olması şərti ilə istənilən vaxt, o cümlədən həftə sonları, bayramlar və məktəb tətilləri günlərində uşaqla sərbəst və məhdudiyyətsiz görüşmək və ünsiyyət qurmaq hüququna malikdir. - 1.8. Eyni zamanda tərəflər razılaşır ki, birgə nikahdan doğulan X5 gızıinın keyfiyyətli tətil, istirahət hüququnun təmin edilməsi üçün, bir-birinə qarşılıqlı olaraq uşaq yetkinlik yaşına çatana qədər ölkədən xaricə aparılıb-gətirilməsinə dair qanun tələb etdiyi yazılı razılıq verməyi öhdələrinə götürür. Ərizə qalan hissədə təsdiq edilməsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar