Məhkəmə qərarları › İş №2(001)-6744/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6744/2022

13.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6744/2022 13.12.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, onun qardaşı X8 xx.xx.1976-cı il tarixdə doğulmuş və altı aylıq olarkən - xx.xx.1977-ci il tarixdə Bakı şəhərində, evlərində ölmüşdür. Ərizəçi doğum haqqında şəhadətnamə alısa da, ölümü qeydə alınmamışdır. O, özü xx.xx.1980-ci il təvəllüdlü olmasına görə bütün bunları ailə üzvlərinin sözlərindən bilir. Hal-hazırda valideynlərinin hər ikisi rəhmətə gedib. Valideynlərindən qalan evin sənədləşməsi ilə məşğul olarkən müəyyən etmişdir ki, mərhum qardaşı X8 hələ də həmin evdə qeydiyyatdadır. Belə vəziyyətdə qardaşının ölüm faktı məhkəmə qaydasında müəyyən edilməsə, evin sənədləşdirilməsi mümkün olmayacaq. Qeyd olunanlara əsasən ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, xx.xx.1976-cı il təvəllüdlü X4 və xx.xx.1980-ci il təvəllüdlü X2 atası X5, anası isə X3r. İş materiallarında olan ölüm haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 xx.xx.2011-ci il tarixdə və X6 xx.xx.2016-cı il tarixdə ölmüşlər. İş materiallarında olan Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsinin xx.xx.2022ci il tarixli arayışında göstərilmişdir ki, xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş X4 ölümü haqqında məlumatın müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə xx.xx.2022-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeydi aşkar olunmamışdır. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş ‘Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”- nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənizi hazırda təmin edə bilmirik”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində məhkəməyə bildirdi ki, mərhum X8 onun dayısı oğlu idi. Polad Bağırov doğulanda onun 18 yaşı var idi. Uşaq daun xəstəliyi ilə doğulmuşdur. Yadındadır ki, uşaq 6-7 aylıq olanda rayonda olarkən xəstələndi, valideynləri təcili olaraq uşağı Bakıya gətirdilər. Bakıya gələndən sonra uşaq elə evində keçindi. Bilir ki, uşaq hardasa Biləcəridə dəfn edilib. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində məhkəməyə bildirdi ki, o, ərizəçinin mərhum atasının iş yoldaşı və dostu olmuşdur. Bilir ki, Eldarın 1976-cı ildə Polad adlı oğlu doğulmuş və uşaq altı aylıq olanda, təhminən qış aylarında, ölmüşdür. Uşaq öləndən sonra Biləcəridə Depo tərəfdə dəfn olunmuşdur. O, uşaq dəfn olunanda uşağın atası ilə birlikdə dəfndə iştirak etmişdir. Həmin hadisələrin üzərindən artıq 40 ildən çox vaxt keçib və ona görə də, tarixlər dəqiq yadında deyil. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1976-cı il tarixdə Bakı şəhərində doğulmuş X4 xx.xx.1977-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar