Məhkəmə qərarları › İş №2(001)-6748/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6748/2025

10.12.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6748/2025 10.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: (ölüm faktının müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:

1. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək həyat yoldaşı X3 xx.xx.2025-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X7 xx.xx.1979-cu il tarixində doğulmuşdur. xx.xx.2005-ci ildə isə onunla rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşının xəstəliyi (qaraciyər serrozu) ilə əlaqədar səhhətində problemlər olmuşdur. Müalicəsini özəl müəssisələrdə aldığından yaşayış yeri üzrə poliklinikaya müraciəti olmamışdır. xx.xx.2025-ci il tarixində yaşadıqları ünvan 1 ünvanında yoldaşı özünü pis hiss etmiş, dərhal təcili yardım çağırmışlar. Lakin gələn həkim həkiməqədər ölüm faktını qeydə almışdır. Əri xx.xx.2025-ci il tarixində Şəmkir rayonu, Yuxarı Seyfəli kənd Bələdiyyəsinin ərazisində yerləşən Çaylı kənd qəbirstanlığından dəfn edilmişdir. Yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün aidiyyəti qurumlara müraciət edilsə də şəhadətnamənin alınması mümkün olmamışdır. Daha sonra qeyd etmişdir ki, ölüm faktının müəyyən edilməsi gələcəkdə vərəsəliklə bağlı məsələlərin həllində ona lazım olacaqdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları:

3. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinin təmin edilməsini xahiş etmişdir.

4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.

5. Məhkəmə iclasında iştirak edən şahid X5 ifadə verərək bildirmişdir ki, ərizəçi onun qohumudur. Mərhumu da yaxından tanımışdır. X7 29 avqust 2025-ci il tarixdə axşam saatlarında ölmüşdür.

6. Məhkəmə iclasında iştirak edən şahid X4 ifadə verərək bildirmişdir ki, ərizəçini və mərhumu tanıyır, onlarla qonşudur. Mərhuma qulluq edən tibb bacısını özü onlara yönləndirib. Daha sonra bildirdi ki, X7 29 avqust 2025-ci il tarixdə axşam saatlarında ölmüşdür.

Mülki işin materialları:

7. Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1979-cu il tarixdə Şəmkir rayonunda doğulmuşdur.

8. Bakı şəhəri Səadət Sarayı tərəfindən verilən nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X7 ilə Ərizəçi arasında xx.xx.2005-ci il tarixdə nikah bağlanmışdır.

9. AR “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” PHŞ “Bakı şəhər Baş Səhiyyə Mərkəzi PHŞ-in 9 №-li Şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X3 9 saylı şəhər poliklinikasına heç bir müraciəti olmamış, bu səbəbdən ölüm haqqında tibbi şəhadətnamənin verilməsi mümkün olmamışdır.

10. Təcili və X2 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2025-ci il tarixdə, saat 17:30-da Hüseyn Seyidzadə küçəsi, ev 38, mənzil 35 ünvanında X6 məxsus (kişi cinsli) meyid aşkar edilmiş, həkiməqədər ölüm halı aşkar edilmişdir.

11. Maraqlı şəxs xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölümün dövlət qeydiyyatına alınması mümkün olmamışdır.

12. Şəmkir rayonu X1 xx.xx.2025-ci il tarixli, 26 saylı arayışından görünür ki, X7 xx.xx.2025-ci il tarixdə vəfat etmiş, onun cənazəsi Yuxarı Seyfəli kənd bələdiyyəsinin ərazisində yerləşən Çaylı kənd qəbirstanlığında dəfn edilmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası MPM-nin:

13. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

14. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

15. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

16. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

17. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

18. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.

19. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.

20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

21. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmənin mövqeyi:

22. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.

23. Mülki işin materiallarından da görünür ki, Ərizəçi ərinin ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ərinin ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.

24. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.

25. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

26. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X3 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi ərinin ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X3 xx.xx.2025-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.

27. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.

28. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1979-cu il il tarixdə anadan olmuş X3 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Lətifə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar