Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6793/2021 16.09.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 10 yanvar 1951-ci il təvəllüdlü X3 13 avqust 2021-ci il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 10 yanvar 1951-ci il təvəllüdlü X3 13 avqust 2021-ci il tarixdə vəfat etmişdir. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi şəhər poliklinikasına və qeydiyyat şöbəsinə yazılı ərizə ilə müraciət etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi isə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda öz imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməyini tövsiyyə etmişdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək həmçinin bildirdi ki, o, atasının həyat yoldaşı X9 və öz uşaqları ilə 13 avqust 2021-ci il tarixdə Şamaxı rayonunda olarkən səhər saatlarında atasına zəng etmiş, lakin telefona cavab verilməmişdir. Belə olan halda o, həyat yoldaşı X2 zəng edərək bildirmişdir ki, gedib atasına baş çəksin. Eyni zamanda, bibisi X4 da bu barədə məlumat vermişdir. Sonradan həyat yoldaşı ona zəng edərək bildirmişdir ki, atası evdə yatağında rəhmətə gedib. Bu xəbəri alandan sonra Bakı şəhərinə qayıtmışlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış 08 sentyabr 2021-ci il tarixli məktubda iddiaya etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X5 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin həyat yoldaşıdır. Ərizəçi 13 avqust 2021-ci il tarixdə səhər saatlarında ona zəng edərək bildirmişdir ki, atası zənglərə cavab vermir və xahiş etmişdir ki, gedib atasına baş çəkim. Onlar, rəhmətə gedən qaynatası ilə qonşuluqda yaşayırlar. O, həmin vaxt qaynatasının evinə yollanmış və onu yataqda rəhmətə getdiyini aşkar etmişdir. Həmin vaxt dərhal təcili tibbi yardıma zəng etmiş, həmçinin həyat yoldaşına da məlumat vermişdir. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 verdiyi ifadəsində bildirmişdir ki, o, ərizəçinin bibisidir. Ərizəçi 13 avqust 2021-ci il tarixdə səhər saatlarında ona zəng edərək bildirmişdir ki, atası zənglərə cavab vermir və xahiş etmişdir ki, gedib ona baş çəkim. O, həmin vaxt qardaşının evinə yollanmış və onu yataqda rəhmətə getdiyini aşkar etmişdir. Həmin vaxt X5 da və təcili tibbi yardımımın həkimləri də orada idi. O, dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, rəhmətə getmiş X3 həyat yoldaşı olmuşdur. O, ərizəçi ilə birlikdə Şamaxı rayonunda olarkən 13 avqust 2021-ci il tarixdə səhər saatlarında X5 ərizəçiyə zəng edərək məlumat vermişdir ki, onun həyat yoldaşı evdə rəhmətə gedib. Onlar həmin gün Bakı şəhərinə qayıtmışlar. O, dəfn və yas mərasimində iştirak etmişdir. İş materiallarında olan: AZE seriyalı 01149343 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 10 yanvar 1951-ci il tarixdə Bakı şəhərində anadan olmuş, yaşayış yeri ünvan 2dir. Təcili və X6 Stansiyasının “ölüm haqqında xəbərdarlıq” vərəqəsindən görünür ki, X8 13 avqust 2021-ci il tarixdə ölmüşdür. “Ə.D Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası” PHŞ X1 tərəfindən ərizəçiyə ünvanlanmış məktubdan görünür ki, ünvan 2də yaşamış, 10 yanvar 1951-ci il təvəllüdlü X8 poliklinikaya son 5 il ərzində müraciət etməmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 20 avqust 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun vəfat edən atası X8 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Bakı şəhəri Sabunçu rayonu Kürdəxanı Bələdiyyəsi tərəfindən verilmiş 18 avqust 2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən də X8 13 avqust 2021-ci il tarixdə Kürdəxanı qəsəbə qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X8 13 avqust 2021-ci il tarixdə ev şəraitində ölmüş, lakin ərizəçinin atasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 10 yanvar 1951-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 13 avqust 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 10 yanvar 1951-ci il tarixdə Bakı şəhərində doğulmuş X3 13 avqust 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-6793/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6793/2021
16.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver