Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-68/2025 09.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, X8 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı "X9" Şirkətinin Cavabdeh qarşı (Bakı şəhəri Binəqədi Rayon İcra Hakimiyyəti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) "qanunsuz tikilinin sökülməsi" tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı şirkəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2 saylı mədənin 1-ci sahəsində Şirkətin saziş ərazisi hüdudları daxilində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1578 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılması, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılaraq Şirkətin qanuni istifadəsinə qaytarılması və ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən Şirkətin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən İddiaçı Şirkətinin saziş əsasında istifadəsinə verilmiş kontrakt sahəsinin ərazisində lazımi icazələr almadan, şəhərsalma və tikinti normaları və qaydaları ciddi surətdə pozulmaqla özbaşına tikili inşa edilmişdir. Hesab edilmişdir ki, cavabdehin inşa etdiyi özbaşına tikili şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneələr yaratdığından, İddiaçı Şirkətinin qanunla qorunan hüquqları və Dövlət tərəfindən verilmiş təminatları kobud surətdə pozulmuşdur. Məlum olduğu kimi, xx.xx.2004-cü il tarixdə "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandag və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, X12 Bi.Vi. və ARDNŞ-in Ortaq Şirkəti arasında saziş imzalanmış və xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901 saylı Qanuna əsasən Saziş qanun statusunu almışdır. Qeyd olunan qanunun 4-cü bəndinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökümət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökümət təminatı və Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökümət təminatına və Əlavələrə uyğun gəlməyən və zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının müddəalarından üstün tutulur və s. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi izahatında bildirmişdir ki, iddia tələbini müdafiə edir və təmin edilməsini xahiş edir. Həm mütəxəssis, həm də ekspert rəyi ilə torpağın saziş ərazisində olduğu müəyyən edilib. Həmçnin tikilidən 75 metr aralı məsafədə fəaliyyətdə olan neft quyusu aşkar edilib. Qanunun 4-cü və 5-ci maddələrinə istinad etməklə, İnzibati Məhkəmə iddianı mümkünsüz hesab edir ki, Sazişdən sonrakı aktlar qanunsuz olduğundan, mübahisəyə ehtiyac yoxdur. Bundan başqa, iddia müddətinin ötməsi ilə bağlı İnzibati Məhkəmədə baxılan işlərdə olan etirazlarında göstərirlər ki, hüququn müəyyən edilməsi tələblərində iddia müddəti müəyyən edilməmişdir. Ərazidəki torpaq dövlət torpağı statusundadırsa, Sazişin üstünlük hüququ hələ də qüvvədədirsə, Nazirlər Kabinetinin qərarlarına görə, dövlət də, həmin torpaqların toxunulmazlığına təminat verirsə, iddianın təmini üçün kifayət qədər əsas var. Torpaqların təyinatı belə, yalnız qanunun tələbinə uyğun qaydada dəyişdirilə bilər. Ərazidə 30000 yuxarı ərazidə qanunsuz tikililər var və həmin tikililərə münasibətdə iddialar davamlı olaraq, məhkəmədə qaldırılır. Dövlət tərəfindən rəsmi reyestirdə qeydiyyata alınmayan torpaqla bağlı, cavabdehin torpaq sahəsini xüsusi mülkiyyət kimi mübahisələndirməsi düzgün deyil. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Torpağa dair əlində bələdiyyə qərarı var. Onlara əvvəldə demişdilər ki, həmin torpaq Abşeron rayonunun ərazisinə düşür. Lakin sonradan müəyyənləşdirdilər ki, torpaq Binəqədi rayonunun ərazisidir. Həmin ərazini 2003-cü ildə almışlar, 2012-2013-cü illərdə isə tikintini tamamlamışlar. Cavabeh iddiaya yazılı etirazında göstərir: Mübahisə predmeti olan torpaq sahəsi X3 22 dekabr 2009cu il tarixli, 820 saylı, qərarı (Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1203 saylı, 31 sentyabr 2007-ci il tarixli ilkin qərarı və həmin torpaq sahəsinin adına ayrılması və istifadəsinə verilməsi haqqında 820 saylı, 22 dekabr 2009-cu il tarixli qərarı) əsasında ona ayrılmışdır. Sözügedən torpaq sahəsi üzərində tikinti aparmaq hüququ da məhz həmin bələdiyyə qərarı əsasında yaranmış, tikilinin inşası zamanı heç bir neft quyusuna, təhlükəsizlik zonasına və ya hasilat ərazisinə müdaxilə edilməmişdir. Torpaq sahəsi ona ayrıldığı tarixdən etibarən qanuni istifadə və sahibliyində olmaqla, müvafiq bələdiyyə vergiləri vaxtı-vaxtında ödənməkdədir. Habelə, sözügedən ərazidə kommunal xidmətlərdən istifadə edilməklə, su, qaz, elektrik xəttləri çəkilmiş, bütün ödənişlər vaxtı-vaxtında yerinə yetirilir. Torpaq sahəsinin istifadəsində olduğu 21 il ərzində iddiaçı tərəfindən torpaq sahəsindən istifadə edilməsinə heç bir maneçilik törədilməmiş və susmaqla əslində dolayısı ilə buna razılıq bildirilmişdir. İddiaçının tikilinin “qanunsuz” olduğunu deməsi üçün hüquqi əsası yoxdur, çünki həmin sahə üzərində istifadə hüququ ona məxsusdur. Qeyd edilən bələdiyyə qərarı gələcəkdə onun mübahisəli torpaq sahəsinə mülkiyyət hüququnun dövlət qeydinə alınması üçün əsasdır. Belə ki, həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq sənədlər hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, geri çağrılması və ya qüvvədən düşməsi halı mövcud deyildir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin18 iyun 2021-ci il tarixli, 2- 1(103)-1358/2021 nömrəli qərardadından görünür ki, iddiaçı "X10” şirkəti cavabdeh Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı X7 və Cavabdeh inzibati məhkəmə icraatına 3-cü şəxslər qismində cəlb edilməklə, qərarın etibarsızlığının tanınması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Binəqədi qəsəbə X1 istifadəsinə torpaq sahəsinin ayrılması haqqında 1203 saylı, 31 sentyabr 2007-ci il tarixli ilkin qərarının və həmin torpaq sahəsinin Cavabdeh adına və istifadəsinə verilməsi haqqında 820 saylı, 22 dekabr 2009-cu il tarixli qərarının qanunsuzluğunun tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 24 fevral 2021-ci il tarixli, 21(112)-2657/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamış, Bakı Apellyasiya Məhkəməsinin 18 iyun 2021-cü il tarixli, 2-1(103)-1358/2021 nömrəli qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Bununla bağlı vurğulamaq istəyir ki, qeyd edilən məhkəmə aktlarının mahiyyətindən məlum olur ki, iddia tələbinin mümkün sayılmama əsası İddiaçı şirkətinin mübahisələndirdiyi qərarlarının ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürməsi olmuşdur. Belə ki, iddiaçı cavabdehin (Binəqədi rayonu X3) 2007 və 2009-cu il tarixlərdə qəbul edilmiş qərarlarının ləğv edilməsi ilə bağlı 2020-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. "Həmçinin, iddiaçı hazırkı iddia ərizəsində bildirir ki, inşa etdiyi tikili Şirkətin həmin ərazidə neft-qaz əməliyyatlarını həyata keçirməsinə ciddi maneə yaradır. Halbuki, mübahisə predmeti olan torpaq sahəsinin onun istifadəsində olduğu uzun illər ərzində iddiaçı buna qarşı hər hansı etirazını bildirməmiş, torpaq sahəsinin boşaldılması barədə ona müraciət etməmişdir. Məlumat üçün bildirir ki, eyni hüquqi və faktiki şərtlərə malik qonşu torpaq sahələri üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bununla bağlı müvafiq çıxarışları təqdim edə bilməsə də, məhkəmə müvafiq reyestr xidmətinə sorğu ünvanlayaraq sözügedən çıxarışları və çıxarışların verilməsinə əsas olmuş sənədləri əldə edə bilər. Həmçinin, bildirir ki, etiraza qoşma olaraq əlavə edilmiş fotoşəkillərdən də göründüyü kimi, iddiaçının hazırda guya onun qanunsuz istifadəsindən alınmasını istədiyi və qanunsuz tikilinin inşa edildiyini bildirdiyi torpaq sahəsindən ön və arxa, sağ və sol tərəflərdə fərdi yaşayış evləri mövcuddur (fotoşəkillər əlavə edilib). Hazırkı halda isə, sadəcə ona qarşı iddia qaldırılması iddiaçının qərəzli mövqeyini ortaya qoymaqla mülkiyyət hüququ ilə birlikdə, bərabərlik hüququnu da pozmaqdadır. AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 05 may 2025-ci il tarixli 10/237 nömrəli rəyinə münasibətdə isə bildirir ki, mütəxəssis rəyində qeyd edilir ki, torpaq sahəsinə texniki baxış üçün İddiaçı şirkətinin nümayəndələri ilə birgə ünvanda oldular. Sahəyə vizual baxış keçirildi (giriş qapısından istinad nöqtələri götürüldü). Qeyd olunan torpaq sahəsinə dair sənəd təqdim edilməyib. Vahid elektron baza məlumatlarına əsasən sahə AR Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidir. Torpaq sahəsindən 77.0125.0 metr məsafədə fəaliyyətsiz, 75.0 metr məsafədi isə fəaliyytdə olan neft quyusu məlumatları mövcuddur.Qeyd olunan ekspert rəyinin sübut kimi qəbul edilməməsini xahiş edirəm. Belə ki, mütəxəssislər və iddiaçı tərəfin nümayəndələri ilə torpaq sahəsinə baxış keçirilən zaman mənə məlumat verilməmiş, çəkişmə prinsipi pozulmuşdur. Həmçinin, əgər mübahisə predmeti olan torpaq sahəsi “Kontrakt sahəsi”nin hüdudları daxilində yerləşirsə qonşu torpaq sahələrinə hansı əsaslarla çıxarışlar verilmişdir? AR Ali Məhkəməsi tərəfindən anoloji işlər üzrə qəbul edilmiş qərarlarında da (04 mart 2025-ci il tarixli 2(102)-809/2025) oxşar mövqe sərgilənmiş, sonda İddiaçı Şirkətinin iddia tələbi təmin edilməmişdir. Əlavə olaraq bildirir ki, onun eşitmə qabiliyyəti ciddi şəkildə məhdudlaşmışdır, həyat yoldaşı isə bir gözünü tamamilə itirmiş, digər gözünün görmə qabiliyyəti cəmi 4%-dir. Bu vəziyyət onların ailəsini sosial baxımdan həssas və ağır tibbi vəziyyətdə olduğunu göstərir. Evləri yerləşən bu torpaq sahəsi onlar üçün yeganə təhlükəsiz sığınacaqdır. Onun geri alınması və tikilinin sökülməsi ailənin həyat və sağlamlığı üçün birbaşa təhlükə yaradacaq. Bu səbəbdən, AR Konstitusiyası, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun və Avropa İnsan Hüquqları Konvensiyasının prinsiplərinə əsaslanaraq, bu sosial və humanitar halın nəzərə alınmasını xahiş edir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin edilməsinə dair qətnamə çıxarılmalıdır. Belə ki, iş materiallarında olan “Kontrakt sahəsinin coğrafi koordinatlarının xəritə üzərində düzgün göstərilməsini təsdiq edən” Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xəritəsindən və mübahisəli torpaq sahəsinin həmin ərazidə yerləşməsini təsdiq edən xəritədən çıxarışdan görünür ki, sökülməsi tələb edilən mübahisəli tikili İddiaçı şirkətinin kontraktla istifadəsinə ayrılmış torpaq sahəsində, eləcə də tikinti aparılan torpaq sahəsinin Azərbaycan Respublikası Prezidentinin imzaladığı 901-İİQD saylı xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2004-cü il tarixli, 296 saylı Sərəncamında göstərilən saziş blokunun kontrakt sahəsinin coğrafi koordinatları daxilində yerləşdiyi müəyyən olunur. Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sianşor neft yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti, X12 Bi.Vi. və ARDNŞ-nin Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayı, Şabandağ və Sian-şor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında" 2004-cü il 1 iyul tarixli 296 nömrəli Sərəncamına uyğun olaraq, 2004-cü il sentyabrın 29-da Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("ARDNŞ") ilə X12 Bi. Vi. ("xxxx") və ARDNŞ-nin Ortaq Neft Şirkəti ("ONŞ") arasında Saziş bağlanmışdır. Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktına və Azərbaycan Respublikasının Konstitusiyasına əsasən qərara alır: Bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. 6. Bu Qanun qüvvəyə mindikdən sonra Podratçının (və ya onun hüquq varislərinin) Saziş, Hökumət təminatı və Əlavələr üzrə əldə etdiyi hüquqlar və mənafelər Podratçının qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və ya azaldıla bilməz. 7. Sazişdən irəli gələn hüquq və öhdəliklərin yerinə yetirilməsi üçün Sazişin iştirakçılarına bütün lazımi lisenziyalar, gömrük icazələri, vizalar, başqa səlahiyyətlər və sanksiyalar verilir. 8. Sazişə və ya Əlavələrə hər hansı əlavələr, düzəlişlər, dəyişikliklər yalnız Sazişin və Əlavələrin tərəflərinin yazılı razılığı ilə edilir. X3 22 dekabr 2009-cu il tarixli, 820 saylı qərarından görünür ki, X3 ərazi hüdudlarında Bakı şəhər sakinləri X5 və Cavabdeh razılıq ərizələri və müraciətləri nəzərə alınaraq, birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 1000 kv.m torpaq sahəsinin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini Cavabdeh adına keçirilməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı şirkətinin cavabdeh Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbə Bələdiyyəsinə qarşı (X7 və Cavabdeh inzibati məhkəmə icraatına cəlb edilməklə) qərarın etibarsızlığının tanınması tələbinə dair inzibati iş üzrə məhkəmə iddia müddətinin ötürülməsi səbəbindən iddianı mümkün hesab etməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1358/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı ilə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2657/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, torpaq sahəsinə baxış keçirilməsi üçün İddiaçı şirkətinin nümayəndəsi ilə birgə ünvanda olmuşlar, vizual olaraq baxış keçirildi və torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd təqdim edilmədi. Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. (Binəqədi Oil) Sahədən təqribən 77.0-125.0 metr məsafədə fəaliyyətsiz və 75.0 metr məsafədə isə fəaliyyətdə olan neft quyuları mövcuddur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/237 saylı ekspert rəyində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə istinadla eyniməzmunlu rəy verilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikasında Binəqədi, Qırməki, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor neft-qaz yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ("xxxx"), X12 Bi.Vi və ARDNŞ-ın Ortaq Şirkəti (“Podratçılar ”) arasında Saziş (“ Saziş ”) imzalanmış və 29 aprel 2005-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmış və 15 may 2005-ci il tarixindən qüvvəyə minmiş 901 saylı Qanunun: 4-cü maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Saziş, Hökumət təminatı və Əlavələr Qanun olurlar. Sazişdə konkret surətdə başqa hallar göstərilməyibsə, Saziş, Hökumət təminatı, Əlavələr Sazişin qüvvədə olduğu müddət ərzində bu Sazişə, Hökumət təminatına və Əlavələrə uyğun gəlməyən və ya zidd olan Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunların, fərmanların, yaxud inzibati sərəncamların (və ya onların hissələrinin) müddəalarından üstün tutulur. 5-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindikdən sonra Sazişdə nəzərdə tutulan kontrakt sahəsinin istənilən hissəsi barəsində əvvəllər bağlanmış hər hansı saziş, kontrakt və ya bu cür Başqa sənədlə verilə bilən bütün digər hüquq və vəzifələr ləğv edilir, habelə bu Qanun qüvvəyə mindikdən sonra Sazişin, Hökumət təminatının və Əlavələrin şərtlərinə müvafiq surətdə və qüvvədə olduğu bütün müddət ərzində Sazişin pay iştirakçılarına kontrakt sahəsində neft-qaz əməliyyatları aparmaq üçün müstəsna hüquq verilir. Qanunun qeyd olunan normalarında göründüyü kimi, Saziş qüvvədə olduğu müddətdə Azərbaycan Respublikasının hər hansı başqa mövcud və ya qəbul oluna biləcək qanunlarının, fərmanlarının, yaxud inzibati sərəncamlarının (və ya onların hissələrinin) müddəalarından üstün tutulur və istər 15 may 2005-ci il tarixindən əvvəl, istərsə də bundan sonra Kontrakt sahəsi barəsində qəbul olunmuş bütün sənədlər ləğv edilir və hüquqi qüvvəyə malik ola bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.4-cü maddəsinə görə tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. O cümlədən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Həmin maddənin 2-ci hissəsinə görə özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Həmin maddənin 3-cü hissəsinə görə isə torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli mütəxəssis və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/237 saylı ekspert rəyindən görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadədə olan “Kontrakt sahə”sinin hüdudları daxilində yerləşir. (Binəqədi Oil) Vahid elektron kadastr baza məlumatlarına əsasən sahə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazisidir. (Binəqədi Oil) Sahədən təqribən 77.0- 125.0 metr məsafədə fəaliyyətsiz və 75.0 metr məsafədə isə fəaliyyətdə olan neft quyuları mövcuddur. Cavabdeh isə torpaq sahəsinə dair bələdiyyə qərarının mövcudluğa və həmin qərarın hüquqi qüvvəsini hələ də saxladığını iddia etməklə iddianı əsaslı saymamaqla, rədd edilməsini xahiş edir. Göstərilən qanunvericilik normalarının tələbləri baxımından məhkəmə hesab edir ki, mübahisə predmetini təşkil edilən və cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evi Sazişlə iddiaçının istifadəsinə ayrılmış torpaq sahəsinin hüdudları daxilində yerləşir və tikiliyə dair hər hansı hüquq müəyyənedici sənəd yoxdur, bu səbəbdən də iddia əsaslıdır. Bununla belə məhkəmə o qənaətə gəlir ki, özbaşına tikililərin sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsi tələbinə dair işlərə baxılarkən İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 8-ci maddəsinin tələbi baxımından mənzil hüququna müdaxilənin mütənasibliyi yoxlanılmalıdır. Məhkəmənin bu qənaəti “Əhmədovanın Azərbaycana qarşı” işi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarındakı mövqedən formalaşmışdır. Belə ki, həmin qərarın məzmunundan görünür ki, Avropa Məhkəməsi ərizəçinin yaşadığı tikilinin milli qanunvericiliyə əsasən özbaşına tikili olması baxımından onun sökülməsinə dair qərarın qəbulunda İnsan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmişdir. Bununla yanaşı, Avropa Məhkəməsi qərarında Konvensiyanın 8-ci maddəsi baxımından qiymətləndirmə apararkən işə baxan məhkəmələrin iddianın təmin edilməsinin qarşıya qoyulan məqsədə münasibətdə mütənasibliyinin qiymtləndirilməsi istiqamətində zəruri araşdırmanın aparılmadığını göstərmişdir. Qərarda qeyd edilmişdir ki, mütənasiblik aidiyyəti orqanların geri almaq istədiyi torpağın hansı məqsədlə istifadə ediləcəyi ilə ayrılmaz şəkildə bağlıdır. Nə iddiaçı milli məhkəmələrdə qaldırdığı iddiasında, nə də hökümət öz təqdimatlarında torpağın təcili olaraq neft əməliyyatları və ya hər hansı digər işlənmə məqsədləri üçün lazım olduğunu iddia etməmişdirlər. Digər tərəfdən, alternativ mənzilin ərizəçi üçün əlçatan olduğunu hesab etmək üçün prosedurun olması da müəyyən edilməmişdir. Hökümət sosial sığınacaqda müvəqqəti qalmağın alternativ yaşayış imkanlarının araşdırılması üçün hər hansı prosedur olmadığı halda hazırki şəraitdə mütənasiblik tələbini ödəyən həll yolu kimi qəbul edilə biləcəyini bildirməmişdir. Belə şəraitdə ərizəçiyə müdaxilənin mütənasibliyinə, yəni şəxsi şəraiti nəzərə alınmaqla onun sözügedən evdən çıxarılmasına adekvat baxış əldə etməyə imkan verən prosedur təmin edilməmişdir. Buna görə də Məhkəmə, köçürülmə qərarı belə bir yoxlama olmadan icra olunduğu halda Konvensiyanın 8-ci maddəsinin pozulacağını hesab etmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi istinad edilən qərarında özbaşına tikiliyə mülkiyyət kimi yanaşmayaraq, iş üzrə Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin pozuntusunu müəyyən etməmiş və mövcud şəraitdə neft-qaz əməliyyatları üçün ayrılmış torpaq sahəsində yaşayış sahəsi kimi istifadə olunan özbaşına tikilinin kompensasiya ödənilmədən sökülməsi və həmin sahələrdə yaşayan şəxslərin köçürülməsinə dair iddiaların təmin edilməsini istisna etməmişdir. Bu səbəbdən də ilk növbədə tikililərin sökülməsi və cavabdehin çıxarılması tələblərinin icrasının təcililiyi ilə bağlı zərurətin mövcudluğuna dair iddiaçının dəlilləri üzrə araşdırma aparılmalı, bu halın mövcud olmadığı, habelə öz təsdiqini tapmadığı halda isə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 220.6-ci maddəsində nəzərdə tutulmuş imkandan istifadə edilməklə, qətnamənin icrası müddəti müəyyənləşdirilməlidir. Bu məqam məhkəmə araşdırması dövründə iddiaçı tərəflə müzakirə edilmiş və ekspert rəyi ilə müəyyən edilmişdir ki, cavabdehin faktiki sahibliyində olan fərdi yaşayış evinin yaxınlığında fəaliyyətdə olan neft quyusu yoxdur. Sadəcə həmin evin yerləşdiyi torpaq sahəsi şirkətin saziş ərazisi hüdudlarında yerləşir. Göründüyü kimi tikilinin sökülməsi və cavabdehin çıxarılmasının təcililiyi ilə bağlı hal yoxdur. Bu səbəbdən də qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Bununla yanaşı qeyd edilməlidir ki, qətnamə icra edildiyi zaman yaşayış sahəsinə ehtiyacı olan cavabdeh aztəminatlı əhali kateqoriyasına aiddirsə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinə əsasən sosial kirayə müqaviləsi üzrə mənzil əldə etmək hüququndan istifadə edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.6-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh şirkətin saziş ərazisi hüdudları daxilində 2 saylı mədənin 1-ci sahəsində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1578 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılmalı, özbaşına tikili cavabdehin hesabına sökülməli və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılmalı, qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilməlidir. Həmçinin iddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait isə cavabdehdən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh şirkətin saziş ərazisi hüdudları daxilində 2 saylı mədənin 1-ci sahəsində Mehdiabad qəsəbəsi, 0090, mənzil 1578 ünvanda inşa edilmiş özbaşına tikilidən çıxarılsın, özbaşına tikili cavabdehin hesabına sökülsün və torpaq sahəsi boşaldılaraq İddiaçı Şirkətinin qanuni istifadəsinə qaytarılsın. Qətnamə özbaşına tikilidən çıxarılma, özbaşına tikilinin cavabdehin hesabına sökülməsi və torpaq sahəsinin boşaldılması hissəsində həmin ərazidə (fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsində) neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatların başlandığı zaman icra edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərini təşkil edən 100 (yüz) manat məbləğində vəsait Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin (Dövlət xəzinədarlığı Agentliyi, Kodu 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE********************). İddia ərizəsinin verilməsinə görə ödənilmiş 10 (yüz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh İddiaçı Şirkətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına(“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev
Məhkəmə qərarları › İş №2(001)-68/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-68/2025
09.09.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver