Məhkəmə qərarları › İş №2(001)-6899/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6899/2024

23.11.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6899/2024 23.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X9 oğlunun katibliyi, Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2, Maraqlı şəxs nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 iştirakları ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış MŞB/18/00137 nömrəli xx.xx.2022-ci il tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, 19 iyun 2009-cu il tarixdə Maraqlı şəxs ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Birgə nikahlarından yetkinlik yaşına çatmayan xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2010-cu il təvəllüdlü X3 adlı iki uşaqları vardır. Ailə qurduqları vaxtdan münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuşdur. Bu səbəbdən də, nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edilmiş və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Bundan əlavə aliment tələbinə dair mediasiya prosesi zamanı cavabdehlə aralarında qanunvericiliyin tələblərinə əsasən MŞB/18/00137 nömrəli xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlanmışdır. Cavabdehlə aralarında MŞB/18/00137 nömrəli xx.xx.2022-ci il tarixli barışıq sazişi bağlansa da, qarşı tərəf bu müqavlədən irəli gələn vəzifələrini tam şəkildə yerinə yetirmir. Belə ki, şəxsin əmək haqqısı və gəlirləri qeyri-müəyyən olduğundan onlara hər ay ödənilən iki uşağa görə 1000 manat məbləğində aliment şəxsin əmək haqqısının 1/3 hissəsini yox, təqribən 1/6 hissəsini təşkil edir. Bu səbəbdən də, o, hesab edir ki, mediyasiyada bağlanan MŞB/18/00137 nömrəli xx.xx.2022-ci il tarixli barışıq sazişinin məhkəmədə təsdiq edilməsinə ehtiyac vardır. Məhkəmə iclasında Ərizəçi, onun nümayəndəsi və eyni zamanda vəkili Vəkil2 hər biri ayrı-ayrılıqda ərizəni müdafiə etməklə yanaşı, ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişlər. Bununla yanaşı, ərizəçinin nümayəndəsi Vəkil2 maraqlı şəxsin aylıq əmək haqqısının və başqa gəlirlərinin ona dəqiq məlum olmamasını, maraqlı şəxs tərəfindən ödənişlərdə gecikmələrin olmasını, əvvəlki məhkəmə iclası yekunlaşdıqdan sonra həmin vəsaitinin ərizəçinin hesabına mədaxil edilməsini bildirmişdir. Məhkəmə iclasında Maraqlı şəxs nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 barışıq sazişi üzrə öhdəliklərin könüllü icra olunduğunu və gələcəkdə də icra olunacağını, gecikmələrin səbəbinin isə Banklarla bağlı olduğunu bildirərək, ərizənin təmin edilməməsini məhkəmən xahiş etmişdir. Bununla yanaşı, maraqlı şəxsin nümayəndəsi Vəkil1 maraqlı şəxsin vəzifəli şəxs olmasını, onun tərəfindən könüllü olaraq öhdəliklərin icra edilməsi məqsədilə rəhbər şəxslərə rəsmi qaydada müraciət edilməsini bildirmişdir. Məhkəmə ərizəçinin, onun nümayəndəsinin və eyni zamanda vəkilinin, həmçinin maraqlı şəxsin nümayəndəsinin və eyni zamanda vəkilinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan 29 dekabr 2022-ci il tarixli MŞB/18-00137 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1.Tərəflər aralarında bağlanmış 19 iyun 2009-cu ildə 430 nömrə ilə qeydə alınmış nikahın məhkəmə qaydasında onlara barışıq üçün əlavə vaxt verilmədən pozulmasına razılıq verirlər. 2. İ Tərəf İİ Tərəflə birgə nikahlarından doğulmuş 23 iyul 2013-cü il təvəllüdlü X2 və 12 aprel 2010-cu il təvəllüdlü X1 (Bundan sonra uşaqlar) İİ Tərəfin yanında qalmasına etiraz etmir. 3. İ Tərəf bu saziş imzalandığı gündən başlayaraq hər ayın 1-dən 10-dək qanunvericiliyə uyğun olaraq uşaqların saxlanması üçün İİ Tərəfə hər ay əmək haqqının və digər gəlirlərinin 1/3-i məbləğində aliment verməyi öhdəsinə götürür. İ Tərəf alimentin tutulması üçün hazırkı sazişi iş yerinə təqdim edəcək. 4. İİ Tərəf İ Tərəfin uşaqlarla aşağıdakı qaydada ünsiyyətinə razılıq verir: 4.1. Görüş günləri və saatları: - Hər həftənin üçüncü günləri saat 17:00-dən 21:00-dək və bazar günləri saat 11:00-dan axşam saat 20:00-dək; - Uşaqların ad günlərindən sonrakı gün iş gününə təsadüf edərsə saat 15:00-dan 19:00-dək, qeyri-iş gününə təsadüf edərsə səhər saat 11:00-dan 19:00-dək (hər iki uşaqla birgə ünsiyyət); - 2 gündən artıq qeyri-iş günü olan bayram günlərində bir gün ərzində səhər saat 11:00-dan 19:00-dək; - Yay tətili ərzində uşaqların gecə İ Tərəfin yanında qalması şərtilə 14 gün (həmin günlərin hansı aya və ayın hansı günlərinə təsadüf etməsi tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilir (hər bir halda 14 günlük ünsiyyət təmin olunmaqla) 4.2. Ünsiyyət qaydası: İ Tərəf və ya onun müəyyən etdiyi şəxs uşaqları bir qayda olaraq İİ Tərəfin yaşadığı yerdən götürür, özü və ya təyin etdiyi şəxs görüş saatının sonunda həmin yerə qaytaracaq. Görüş İİ Tərəfin və ya onun qohumlarının iştirakı olmadan keçiriləcək. Tərəflər qarşılıqlı razılıqla bu qaydadan başqa qayda müəyyən edə bilərlər. 5. Tərəflər birgə nikah dövründə əldə etdikləri əmlakların bölünməsi ilə qarşılıqlı razılığa gələ bilmirlər və həmin tələblə bağlı hissənin məhkəmə qaydasında həlli barədə razılığa gəlirlər. 6. İlkin (50 manat) və tam mediasiya xərcini (150 manat) İ Tərəf ödəyir” barədə razılığa gəlmişlər. İş materiallarında olan Maraqlı şəxs nümayəndəsi və eyni zamanda vəkili Vəkil1 tərəfindən məhkəməyə ünvanlanmış etiraz ərizəsindən görünür ki, maraqlı şəxsin nümayəndəsi ərizəyə etiraz etməklə yanaşı, etiraz ərizəsində göstərmişdir ki, Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 18 saylı mediasiya Təşkilatının №MŞB/18- 00137 saylı Barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etmişdir. Bunu ona görə xahiş etmişdir ki, o, hesab edir ki, Maraqlı şəxs əmək haqqısı və gəlirləri qeyrimüəyyən olduğundan onlara hər ay ödənilən iki uşağa görə 1000 manat aliment Maraqlı şəxs əmək haqqısının 1/3 hissəsini yox, təqribən 1/6 hissəsini təşkil edir. Barışıq Sazişin 6-cı maddəsinə uyğun olaraq, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq Sazişinin 8-ci maddəsinə əsasən barışıq sazişinin könüllü icrasından imtina olunsa, Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Tərəflər arasında bağlanmış barışıq sazişi könüllü qaydada və vaxtında icra olunur. Belə ki, Maraqlı şəxs vaxtı ilə Azərbaycan Respublikasının Dövlət və Şəhərsalma Komitəsinin aparat rəhbəri vəzifəsində işləyərkən aylıq əmək haqqı və digər gəlirlərindən (üçdə bir hissəsi) qanunvericilikdə nəzərdə tutulmuş qaydada alimentlərin ödənilməsi Komitənin sədrinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən təmin edilirdi. Buna baxmayaraq, 2023-cü ildə Ərizəçi “barışıq sazişinin şərtinin təsdiq edilməsinə" dair ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs ilə bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş hakim Fariz Əlizadənin icraatında olmuşdur (2(004)-2339/2023). Məhkəmə müəyyən etmişdir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişinin şərtləri Maraqlı şəxs tərəfindən tam formada icra edilmiş, sonuncu 2023-cü ilin yanvar-mart ayları üçün üzərinə düşən aliment öhdəliklərini müvafiq bank əməliyyatları vasitəsilə vaxtında icra etmişdir. Nəticədə, Maraqlı şəxs tərəfindən barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina olunması xüsusatı öz təsdiqini tapmışdır. Məhkəmə 14 aprel 2023-cü il tarixli qətnamə ilə Ərizəçi Maraqlı şəxsun da maraqlı şəxs qismində cəlb edilməklə “barışıq sazişinin şərtinin təsdiq edilməsi” tələbinə dair ərizəsini təmin etməmiş və həmin qətnamədən ərizəçi tərəfindən apellyasiya şikayəti verilməmişdir. Hazırda Ərizəçi yenidən məhkəməyə ərizə ilə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış MŞB/18/00137 nömrəli xx.xx.2022-ci ii tarixli Barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs öz üzərinə götürdüyü öhdəlikləri vaxtında icra edir. Üstəlikdə, həmin aliment ödənişləri Maraqlı şəxs ərizəsi əsasında dövlət qurumları tərəfindən ödənilir. Hazırda Maraqlı şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini vəzifəsində çalışır və xx.xx.2024-cü il tarixli arayışa əsasən onun aylıq əmək haqqı, müavinətləri və başqa gəlirləri 5219.90 manat təşkil edir. Maraqlı şəxs yeni vəzifəyə keçəndən sonra Ekologiya və Təbii sərvətlər nazirinə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/18-00137 nömrəli Barışıq sazişinə əsasən xx.xx.2024-cü il tarixindən hesablanan aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsinin aliment olaraq hər ay əlavə edilən hesaba köçürülməsinə dair göstəriş verilməsini xahiş etmişdir. Barışıq Sazişinin şərtlərinə riayət etməklə Ərizəçi mövcud ödəniş tapşırıqlarına əsasən hər ay vaxtında aliment ödənişlərini alır, o cümlədən ona 30 sentyabr 2024-cü il tarixli 716 saylı ödəniş tapşırığına əsasən 1739.67 manat məbləğində aliment ödənilmişdir. Ərizəçi ilk növbədə Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin hakim Gülnar xanım Babazadə tərəfindən həmin sənədlər ərazi aidiyyəti pozulduğundan və ərizə ümumiyyətlə imzalanmadığından məhkəmə qərardadı ilə geri qaytarılmışdır. Göründüyü kimi, bağlanmış Barışıq sazişi Maraqlı şəxs tərəfindən könüllü icra olunur və olunmaqda davam ediləcəkdir. Eyni zamanda, ödənilən alimentlərə baxmayaraq övladlarının onunla birlikdə yaşaması ilə bağlı ərizəçinin imkanı yoxdursa, uşaqların istənilən vaxt daimi əsaslarla atası Maraqlı şəxs ilə birlikdə qalmasında hər hansı məhdudiyyət yoxdur və mediasiya proseduru zamanı bununla bağlı ərizə verilmişdir. Həmin ərizə bu günədək öz qüvvəsini saxlayır. Göstərilənləri və eyni zamanda eyni ərizəyə Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəsini almış qətnaməsi ilə artıq münasibət bildirildiyini, hal-hazırda qaldırılan məsələyə təkrar baxıldığını nəzərə alaraq, ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsi etiraz ərizəsində məhkəmədən xahiş edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər naziri cənab Muxtar Babayevə ünvanlanmış xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə bağladığı MŞB/18-00137 nömrəli Barışıq sazişinə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 98 nömrəli qərarının tələbinə uyğun qaydada xx.xx.2024-cü il tarixdən hesablanan aylıq əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsinin aliment olaraq hər ay əlavə etdiyi hesaba köçürülməsinə dair aidiyyəti üzrə göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan 716 nömrəli 30 sentyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, ödəyici Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1739.67 manat vəsait Maraqlı şəxs tutularaq Ərizəçi hesabına köçürülmüşdür. İş materiallarında olan 755 nömrəli 14 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, ödəyici Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 990.74 manat vəsait Maraqlı şəxs tutularaq Ərizəçi hesabına köçürülmüşdür. İş materiallarında olan 5010 nömrəli 31 oktyabr 2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, ödəyici Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən 1739.67 manat vəsait Maraqlı şəxs tutularaq Ərizəçi hesabına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin birinci müavini Maraqlı şəxs aylıq əmək haqqı, müavinətlər və başqa gəlirləri 5219.90 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2339/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, Ərizəçi “barışıq sazişinin şərtinin təsdiq edilməsi”nə dair ərizəsi təmin edilməmişdir. Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 dekabr 2022-ci il tarixli MŞB/18-00137 nömrəli barışıq sazişin 6-cı maddəsinə əsasən məlum olur ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməmişdirsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra olunmalıdır. Həmin Sazişin 8-ci maddəsinə əsasən Sazişin könüllü icrasından imtina olunarsa Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Mülki prosessual qanunvericilik “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçiyə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilmə imkanı tanımışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində 29 dekabr 2022-ci il tarixli MŞB/18- 00137 nömrəli barışıq sazişi imzalanmış, həmin sazişə əsasən tərəflər öz üzərilərinə sazişdə göstərilən öhdəliklər götürmüşlər. Hazırda ərizəçi tərəf maraqlı şəxsin aylıq əmək haqqısının və başqa gəlirlərinin dəqiq məlum olmamasını, maraqlı şəxs tərəfindən ödənişlərdə gecikmələrin olmasını əsas gətirməklə sözügedən barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etsə də, iş materiallarında olan sübutlarla təsdiq edilmişdir ki, maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilir, onun tərəfindən əmək haqqının və digər gəlirlərinin 1/3 hissəsinin aliment olaraq hər ay əlavə etdiyi hesaba köçürülməsinə dair aidiyyəti üzrə göstəriş verilməsi ilə bağlı işlədiyi təşkilatın rəhbərinə müvafiq məktub ünvanlanmışdır, ödənişlərdə baş vermiş gecikmələr onun təqsiri üzündən baş verməmişdir. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, barışıq sazişinin könüllü qaydada icra edilməməsi və ya barışıq sazişinin könüllü icrasından imtina edilməsi sübut edilmədiyi üçün ərizə əsassız olduğundan təmin edilməməli, Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 dekabr 2022-ci il tarixli MŞB/18-00137 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təsdiq edilməsindən imtina edilməsini nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi, Maraqlı şəxs və mediator X5 arasında mediasiya prosesi nəticəsində bağlanmış 29 dekabr 2022-ci il tarixli MŞB/18-00137 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar