Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6907/2022 15.11.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi, Məhkəmə iclas katibi Quliyev Mikayıl Əbdüləli oğlunun katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 saylı Mediasiya Təşkilatında xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/11-00975 saylı barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışlar ki, Maraqlı şəxs onların oğludur. Ərizəçilər əmək qabiliyyətli deyil, pensiya almır və başqa gəlir yerləri olmadığına görə maddi yardıma çox ehtiyacları var. X8 Polisində işləyir və aylıq əmək haqqısı yetərincədir və həmin məvaciblə onları saxlaya bilər. Lakin Maraqlı şəxs könüllü surətdə bunu yerinə yetirmək arzusunda deyil. Baxmayaraq ki, onun aylıq gəliri orta hesabla 3000 manata yaxındır. Maraqlı şəxs könüllü surətdə valideynlərinə maddi yardım etmədiyindən onlar məcbur qalıb 11 saylı Mediasiya Təşkilatına müraciət etmişlər. Mediasiya prosesi zamanı Maraqlı şəxs həmin gündən başlayaraq valideynlərinə maddi yardım göstərəcəyinə söz vermiş və bununla bağlı mediasiyada barışıq sazişi bağlanmışdır. Lakin barışıq sazişinin imzalanmasından müəyyən müddət keçsə də, Maraqlı şəxs barışıq sazişini yerinə yetirməkdən yayınmışdır. Bu səbəbdən də, ərizəçilər məcbur olaraq mövcud iddia tələbi ilə məhkəməyə müraciət etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat göndərilsə də, məhkəmə iclasına gəlməmişlər. Lakin ərizəçilər məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini və təmin edilməsini xahiş etmişlər. Həmçinin Maraqlı şəxs nümayəndəsi-vəkili Vəkil da məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini, ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı mümkün hesab edir. Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia aşağıdakılara əsasən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - nikah haqqında şəhadətnaməyə əsasən, Ərizəçi2 ilə X2 xx.xx.1988-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, nikahdan sonra arvada “Kətənova” soyadı verilmişdir. - doğum haqqında şəhadətnaməyə əsasən, xx.xx.1991-ci il təvəllüdlü Maraqlı şəxs atası X4, anası X1r. - MŞB/11-00975 saylı, xx.xx.2022-ci il tarixli Barışıq Sazişinə əsasən, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, valideynləri xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi2 və xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi1 saxlanması üçün hər ay onların saxlanılması ilə bağlı ayrıayrılıqda 600 manat, ümumilikdə 1200 manat sabit pul məbləğində aliment məbləğini nağd şəkildə ödəməyi öz öhdəsinə götürmüşdür. Sazişin 4-cü bəndinə əsasən, saziş imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin sazişin 6-cı bəndinə əsasən, sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Saziş tam imzalandığı tarixdən qüvvəyə minir və tərəflər öhdəliklərini tam icra edənədək qüvvədədir. - 6 saylı DOST Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışlara əsasən, Ərizəçi2 və Ərizəçi1 ƏƏSMN-nin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. - 13 nömrəli Tibbi Sosial Ekspert Komissiyasının qərarına əsasən, Ərizəçi2 ikinci dərəcəli əlildir. - Epikrizdən və digər tibbi sənədlərə əsasən, Ərizəçi2 və Ərizəçi1 müəyyən xəstəliklərlə bağlı daimi olaraq tibbi müayinələrdən keçmişlər. - AR DİN Bakı şəhər Baş Polis İdarəsi Maliyyə-Plan Şöbəsinin xx.xx.2022-ci il tarixli arayışına əsasən, YPXA-nın YPX inspektoru, polis baş serjantı Maraqlı şəxs aylıq əmək haqqısı tutulmalardan sonra 855,96 manat təşkil edir. Əmək haqqı və sair gəlirlərin xx.xx.2021xx.xx.2022-ci il dövrünə dair arayışa əsasən, Maraqlı şəxs həmin dövr üzrə ümumi olaraq 9146 manat əmək haqqı almışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. - 82.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. - 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. - 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. - 83.1-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan övladlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamadıqda və valideynləri ağır xəstəliyə tutulduqda, əlilliyi müəyyən edildikdə, onlara qulluq etməyə görə kənar şəxslərə haqq ödəmək lazım gəldikdə və digər müstəsna hallarda, yetkinlik yaşına çatmış övladlar məhkəmə qaydasında yuxarıdakı hallarla əlaqədar əlavə xərclərin çəkilməsinə cəlb edilə bilərlər. - 83.2-ci maddəsinə əsasən, yetkinlik yaşına çatan övladların hər biri tərəfindən əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı məhkəmə tərəfindən, valideynlərin və uşaqların maddi və ailə vəziyyətləri, digər diqqətəlayiq hallar nəzərə alınmaqla bu Məcəllənin 82.3—82.6-cı maddələrinə uyğun olaraq müəyyən edilir. - 83.3-cü maddəsinə əsasən, əlavə xərclərin ödənilməsi qaydası və bu xərclərin miqdarı tərəflərin sazişi ilə də müəyyən oluna bilər. - 94.1ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş (alimentin miqdarı, ödənilmə qaydası və şərtləri) aliment ödəməli olan şəxslə onu alan şəxs arasında, aliment ödəməli olan və (və ya) onu alan şəxs fəaliyyət qabiliyyəti olmayan şəxs olduqda isə həmin şəxslərin qanuni nümayəndələri arasında bağlanır. Tam fəaliyyət qabiliyyəti olmayan şəxslər aliment ödənilməsi barədə sazişi özlərinin qanuni nümayəndələrinin razılığı ilə bağlayırlar. - 94.2-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş yazılı formada bağlanır və notariat qaydasında təsdiq olunur. Aliment ödənilməsi barədə sazişin qanunla müəyyən olunmuş formasına əməl edilməməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. - 95.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə sazişi icra etməkdən birtərəfli qaydada imtina etməyə və onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. - 95.4-cü maddəsinə əsasən, tərəflərin maddi və ailə vəziyyətində əsaslı dəyişiklik olduqda və aliment ödənilməsi barədə sazişin dəyişilməsi və pozulması üçün razılıq əldə edilmədikdə, maraqlı tərəf bu sazişin dəyişdirilməsi və ya pozulması üçün məhkəmə qarşısında iddia qaldırmaq hüququna malikdir. Məhkəmə qeyd edir ki, tərəflər mediasiya prosessi zamanı aralarında razılığa gəlmiş və alimentin ödənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixdə barışıq sazişi bağlanmışdır. Lakin Maraqlı şəxs barışıq sazişində nəzərdə tutulmuş tələbləri pozaraq, 10 (on) təqvim günündə sazişin tələblərinə əməl etməmiş, aliment ödəməkdən yayınmışdır. Belə olan halda ərizəçilər barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət etmişlər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-23.2-ci maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. - 355-24-cü maddəsinə əsasən, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-25.1-ci maddəsinə əsasən, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. - 355-25.3-cü maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barışıq sazişinin məcburi icrası üçün təsdiq edilməsi barədə ərizə təmin edilməli, barışıq sazişinə uyğun olaraq, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq, valideynləri xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi2 və xx.xx.1970-ci il təvəllüdlü Ərizəçi1 saxlanması üçün hər ay onların saxlanılması ilə bağlı ayrıayrılıqda 600 manat, ümumilikdə 1200 manat sabit pul məbləğində aliment tutularaq ərizəçilərə ödənilməlidir. Məhkəmə qeyd edir ki, AR Mülki Prosessual Məcəlləsinin 112.1.3,119.2 və "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrinə əsasən (1200 x 12 ay = 14.400) 133.20 (bir yüz otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu cavabdeh X3 tutularaq dövlət nəfinə keçirilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: xx.xx.2022-ci il tarixdə bağlanmış MŞB/11-00975 saylı barışıq sazişi təsdiq edilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, Maraqlı şəxs hər ay 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi2 ödənilsin. xx.xx.2022-ci il tarixdən başlayaraq, Maraqlı şəxs hər ay 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutularaq Ərizəçi1 ödənilsin. Maraqlı şəxs 133.20 (bir yüz otuz üç manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günel Abbasova
Məhkəmə qərarları › İş №2(001)-6907/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6907/2022
15.11.2022 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver