Məhkəmə qərarları › İş №2(001)-6925/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-6925/2021

14.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6925/2021 14.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi qızının iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 1951-ci il təvəllüdlü X4 22 may 2021ci il tarixdə ölməsi hüquqi fatkının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası 1951-ci il təvəllüdlü X8 uzun müddət şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir. 22 may 2021-ci il tarixdə evdə vəfat etmişdir. Həmin vaxt təcili tibbi yardım çağırılmışdır. Abşeron rayon Mərkəzi Xəstəxanası tərəfindən TTTYS-nin xəbərdarlıq vərəqəsi verilmişdir. Xəbərdarlıq vərəqəsində həkiməqədər ölüm, qadın cinsində meyit aşkar edilməsi göstərilmişdir. Mərhum X2 qəsəbəsi Xanxar qəbirstanlığında dəfn edilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı qeydiyyat şöbəsinə müraciət edilmişdir. Lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmiş və ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. O, hüquqlarını bilmədiyindən vaxtında poliklinikaya müraciət etməmişdir. Bu səbəbdə də həkimin tibbi şəhadətnaməsini ala bilməmişdir. Həmçinin poliklinikada qeydiyyatda olmadığı üçün arayış verilməsinin mümkün olmadığı barədə 24.08.2021-ci il tarixdə cavab verilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 izahatında bildirmişdir ki, ərizəçi onun yoldaşı, Rasimə Mehtiyeva isə qaynanası olmuşdur. Qaynanası ürək xəstəliyindən və şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir. Uzun müddət xəstəxanada kardiologiya şöbəsində yatmışdır. Qaynanası Abşeron GŞ 15-ci blok, mənzill 43 ünvanında yaşayıb. Onun özü isə 6-cı blokda yaşamışdır. Qaynanasının ölümü barədə ona bacısı oğlu məlumat vermişdir. Ölüm tarixi yadında deyil. O evə gəldikdən sonra təcili yardıma məlumat verilmiş və çağrılmışdır. Həmin vaxt qaynı da evdə olmuşdur. Mərhumu daha sonra Maştağa qəsəbəsində dəfn etmişlər. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: X16 tərəfindən verilən 24 avqust 2021-ci il tarixli, 763 saylı məktubdan görünür ki, X1 rayonu, Yeni Günəşi qəsəbəsi, “V” y/s ev 12, mənzil 28 ünvanında qeydiyyatda olmasına baxmayaraq, X17 şəhərciyi, blok 15, mənzil 43 ünvanında yaşamışdır. Endokrinoloji kabinetdə qeydiyyatda olmasına baxmayaraq 2017-ci il tarixdən müəssisəyə müraciət etməmişdir. Bu səbəbdən ölüm haqqında sənədin verilməsi mümkün olmamışdır. Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən 09.07.2021-ci il tarixdə verilən 585 saylı arayışdan görünür ki, X5 22.05.021-ci il taridə vəfat etmiş, Maştağa qəsəbəsi, “Pirşəhid” qəbiristanlığında dəfn edilmişdir. Abşeron rayon X10 və Təxirəsalınmaz Tibbi yardım Stansiyası tərəfindən verilən 22.05.2021-ci il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, 22.05.2021-ci il tarixində saat 11:30-da Abşeron rayonu, Masazır qəsəbəsi, Gənclər şəhərciyi, blok 15, mənizl 43 ünvanında qadın cinsində meyid aşkarlanmış, həkiməqədər ölüm faktı qeydə alınmış və cismində gözlə görünən zorakılıq əlamətlərini olmadığı aşkar edilmişdir. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən 07.07.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəsisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün X3nın adına tibbi şəhadətnamə olmadığı ölüm haqqında şəhadətnamə alınması barədə ərizəsi təmin edilə bilmir. Ərizəçi məhkəməyə müraciət etmək üçün 10 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, X4 22.05.2021-ci ildə Bakı şəhərində vəfat etməsi, müvafiq bələdiyyə tərəfindən təqdim edilən arayış, ölüm haqqında xəbərdarlıq vərəqəsi, həmçinin şahid ifadəsi ilə sübut olunur. Ərizəçi anasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə X4 ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi anası 11 aprel 1951-ci il təvəllüdlü X4 22.05.2021-ci ildə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 11 aprel 1951-ci il təvəllüdlü X4 22.05.2021-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 aprel 1951-ci il təvəllüdlü X4 22.05.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar