Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-6927/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Rəhimov Elçin Əhəd oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı 18 saylı Mediasiya təşkiları tərəfindən təsdiq olumuş Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmış MŞB/18/2024-00966 nömrəli barışıq sazişinin “İ tərəf uşağın saxlanması üçün uşaq yetkinlik yaşına çatana qədər 235 manat məbləğində alimentin İİ tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür” hissəsinin təsdiq edilməsinə və barışıq sazişinin həmin hissəsinin Maraqlı şəxs tərəfindən məcburi icra edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı 18 saylı Mediasiya Rəşkiları tərəfindən onunla Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixində MŞB/18/2024-00966 nömrəli barışıq sazişi bağlanmışdır. Belə ki, həmin barışıq sazişi 5 bənddən ibarət olmaqla, aşağıdakı kimidir.
1. Tərəflər onlar arasında xx.xx.2021-ci il tarixində 3260 №-li reyestr qeydi ilə Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, barışıq üçün vaxt verilmədən pozulmasına razıdır.
2. İ Tərəf Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 İİ Tərəfin ananın yanında qalmasına razılıq verir.
3. İ Tərəf uşağın saxlanması üçün, uşaq yetkinlik yaşına çatana qədər 235 manat məbləğində alimenti İİ tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.
4. İİ Tərəf Ərizəçi uşağın təhslinə və sağlamlığına zərər vurmamaq şərtilə, İ tərəfin istirahət günlərinə uyğun olaraq, uşaqla ünsiyyətinin məhdudiyyət qoyulmadan təşkilinə razıdır.
5. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (100 manat) İ tərəf ödəyir. Maraqlı şəxs isə üzərinə götürdüyü öhdəliyin icrasından yayınır. Məhkəmə iclasında iştirak edən ərizəçi izahatında bildirmişdir ki, cavabdeh barışıq sazişində təyin olunan alimenti ödəməmişdir. Oktyabr ayının 5-nə kimi ailə kimi birlikdə yaşamışlar. Həmin müddətdə ailənin təminatını cavabdeh ödəsə də, artıq ata evinə qayıtdığı vaxtdan etibarən, cavabdeh uşağın saxlanmasında iştirak etmir. Ondan pul tələb edildiyi təqdirdə telefon nömrəsini bloklayır, pulunun olmadığını və pul veməyəcəyini bildirir. Uşaq üçün vermişəm dediyi 20 manat pul isə alimentdən sayılmır. Uşağı özü bağçaya yerləşdirmişdir. Cavabdeh bunun üçün belə dəstək olmamışdır. Ondan kart hesabı tələb edilməmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs bildirmişdir ki, özü ədliyyə orqanının işçisidir. Hər ayın 15-20 arası əmək haqqı alır. Mediasiya mərhələsində barışıq sazişi imzaladıqdan sonra oktyabr ayına kimi birlikdə ailə kimi yaşamışlar və ailənin dolanışığını özü təmin etmişdir. Ərizəçiyə dəfələrlə ona kart hesabını verməsini təklif və təkid etmişdir. Ərizəçi isə onun uşaqla ünsiyyətini məhdudlaşdırır. Anasına uşağın yanına gedəcəyi üçün pul vermiş, uşağın pampersini almışdır. Ata olaraq, uşağın saxlanılmasını təmin etmək onun vəzifəsidir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtləri özündə ehtiva edir:
1. Tərəflər onlar arasında xx.xx.2021-ci il tarixində 3260 №-li reyestr qeydi ilə Sumqayıt “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində qeydə alınmış nikahın məhkəmə qaydasında, barışıq üçün vaxt verilmədən pozulmasına razıdır.
2. İ Tərəf Maraqlı şəxs onların birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X1 İİ Tərəfin ananın yanında qalmasına razılıq verir.
3. İ Tərəf uşağın saxlanması üçün, uşaq yetkinlik yaşına çatana qədər hər ayın 1dən 10-na qədər 235 manat məbləğində alimenti İİ tərəfə məxsus bank kartına ödəməyi öz öhdəsinə götürür.
4. İİ Tərəf Ərizəçi uşağın təhslinə və sağlamlığına zərər vurmamaq şərtilə, İ tərəfin istirahət günlərinə uyğun olaraq, uşaqla ünsiyyətinin məhdudiyyət qoyulmadan təşkilinə razıdır.
5. İlkin mediasiya xərcini (60 manat) və tam mediasiya xərcini (100 manat) İ tərəf ödəyir. Göründüyü kimi, tərəflər arasında nikahın pozulması, uşağın yaşayış yerinin müəyyən edilməsi, ünsiyyət və alimentlə bağlı mediasiya prosesində xx.xx.2024-cü il tarixli barışıq sazişi imzalanmışdır. Hazırda aralarında olan nikah pozulmamışdır. Bundan başqa tərəflər etiraf edirlər ki, oktyabr ayının 5-nə kimi birlikdə ailə kimi yaşamışlar və ailənin təminatını maraqlı şəxs özü qarşılamışdır. Lakin həmin tarixdən sonra maraqlı şəxs uşağın saxlanılmasını təmin etməmişdir. Sazişin şərtinə əsasən Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 1indən 10-u tarixinədək 235 (iki yüz otuz beş manat) sabit pul məbləğində aliment ödəməyə razı olsa da, hazırda sazişin şərtlərini yerinə yetirmir, bunu isə uşaqla ünsiyyətinə qoyulan maneələr və əmək haqının alınması tarixi ilə əlaqələndirir. Odur ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədiyindən Ərizəçi mediasiya prosesində bağlanmış barışıq sazişinin alimentin ödənilməsi hissəsində məcburi icrasi üçün təsdiq edilməsi barədə ərizəsi aşağıda qeyd edilən normalara görə əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Maraqlı şəxs (birinci tərəf) ilə Ərizəçi (ikinci tərəf) arasında mediasiya prosesində bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/18/2024-00966 saylı barışıq sazişinin üçüncü bəndi təsdiq edilsin, barışıq sazişi Maraqlı şəxs birgə nikahdan olan xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ayın 1-indən 10-u tarixinədək 235 (iki yüz otuz beş manat) sabit pul məbləğində alimentin tutulması hissəsində məcburi icraya yönəldilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İlkin Əliyev