Məhkəmə qərarları › İş №2(001)-698/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-698/2023

25.05.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-698/2023 25.05.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Rəhimov Elçin Əhəd oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, İddiaçının nümayəndəsi, vəkil X3, Cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı “mülkiyyət hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ünvan 1 ünvanında yerləşən "xxxx" MTKnın binasının 13-cü mərtəbəsindəki 91 kv.m-lik, 120000 manata alınmış mənzilin ½ hissəsində onun mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 2020-ci ilin yanvar ayında Cavabdeh ilə nikah münasibətinə girmişdir. Birgə nikahdan X5 adlı övladları vardır. Sonradan birgə yaşamaları mümkün olmadığından Cavabdeh nikah münasibətlərinə xitam verilməsi barədə Binəqədi rayon məhkəməsində iddia qaldırmışdır. Məhkəmə barışmaları üçün onlara 3 ay vaxt vermişdir. Ancaq barışmaları mümkün deyildir. Qeyd edir ki, Aynurla nikah münasibətinə girməmişdən əvvəl, o, Binəqədi rayonunda Səttar Bəhlulzadə küçəsi-1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yeni tikilidən özünə 2 otaqlı mənzili kreditlə götürmüş və 51000 manat pul ödəmişdir. Ancaq mənzilin ödənişini ödəyib tam qurtarmamışdı. Aynurla ailə quracağı dəqiqləşəndən sonra 2019-cu ilin noyabr ayında o, anası Sevinc xanım, Aynur və anası birlikdə həmin ünvanda yerləşən "xxxx" MTK-nın ofisinə gəlib ona məxsus 35000 manatın üzərinə Aynurun əlavə 5000 manat əlavə etməsi ilə 40000 (qırx min) manat pulu orada şirkətin hesabına ödəyib yaşayış evinin sahəsini genişləndirərək 13-cü mərtəbədə yerləşən, 91 kv.m-lik mənzillə dəyişmişlər və həmin vaxtdan ödənişi birgə ödəməyə başlamışlar. 35000 manat pulu ata və anası Qaradağ rayonunun Sahil qəsəbəsindəki evlərini sataraq ev almağı üçün ona pay vermişdilər. O da, pulu Cavabdeh ilə ailə quracaqlarına görə evin genişləndirilməsinə yatırmışdır. Az sonra 2020-ci ilin yanvar ayında nikah münasibətinə girmişlər və qalan ödənişləri də birgə ödəməyə başlamışlar. Bir dəfə 5000 manat, 14 ay isə hər ay 1750 manat olmaqla cəmi 29500 manatı "Mahal MTK-nın hesabına ödəyib, ümumi cəmi 120000 manatlıq mənzilin mülkiyyət barədə çıxarışını Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən arvadı Cavabdeh adına almışlar. Ev onların birgə mülkiyyətidir. Hazırda boşanmaq ərəfəsindədirlər. Amma hər ay azyaşlı qızına əmək haqqından 25 faiz aliment pulu ödəyir. Aynurla birgə yaşamaları artıq mümkün deyildir, çünki o bunu istəmir və məhkəmədə nikaha xitam verilməsi barədə iddia qaldırıb. Ona görə də Binəqədi rayonunda Səttar Bəhlulzadə küçəsi-1 ünvanında yerləşən "xxxx" MTK-ya məxsus yeni tikilinin 13-cü mərtəbəsində, 91 kv.m-lik, 120000 manat pul ödənilmiş, Cavabdeh adına mülkiyyət hüququ barədə Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarışı olan yaşayış evinə paylarını bərabər hesab etməklə evin ikidə bir hissəsinə mülkiyyət hüququnun məhkəmə tərəfindən xeyrimə tanınmasını istəyir. Tərəflərin izahatları və iddiaya münasibəti:

3. Məhkəmə iclaslarında nümayəndələri kimi anası və vəkil vasitəsilə təmsil olunan iddiaçı iştirak etdiyi məhkəmə iclasında iddia tələbinin dəlillərinə uyğun olaraq izahat vermişdir.

4. Məhkəmə iclaslarında iddiaçının nümayəndələri eyni məzmunlu izahatlar verərək bildirmişlər ki, iddiaçının atasının evinin satışından əldə edilən vəsaitin 35000 manat hissəsi ev alınması üçün verilib. Belə ki, iddiaçı ilə cavabdeh əmi qızıdılar. Onlar arasında 2019-cu ilin mart ayında nişan olmuş və ailə uşaqlarının ev məsələsini həll etmək üçün müzakirələr aparmışlar. Nəticədə razılığa gəlinmişdir ki, cavabdehin adına olan və tam dəyəri ödənilməmiş mənzili MTK-ya qaytarmaqla və üstünə vəsait qoymaqla daha geniş ev alınsın. Hansı ki, bu təklifi cavabdeh özü vermiş və onların 40000 manata şəhərdən uzaq yerdə evin alınmasına dair təklifi ilə razılaşmamışdır. Necə ki, onlar da bununla razılaşmış və iddiaçı atasının evinin satışından əldə olunan vəsaitdən 35000 manat qoymuş, cavabdeh isə əlavə 5000 manat qoymuş və cavabdehin adına olan əvvəlki evə görə ödənişləri toplamaqla yeni mənzili almışlar. Hətta onların əvvəlcə danışıqları 40000 manat pulun qoyulması olsa da, sonradan gəlin üçün qızıl alınması üçün vəsaitin zəruriliyini nəzərə alaraq və cavabdehi buna razı salaraq 35000 manat vəsait qoymuşlar. Gəlin üçün isə 3600 manat dəyərində brilyant zinət əşyası və xına mərasimi, xonça və.s üçün 1400 manat vəsait xərcləmişlər. Ata evinin satışından əldə edilən vəsait hesabına başqa ev də alınmışdır, belə ki, ata evinin alqı-satqı dəyəri yüksək olsa da müqavilədə rüsumnan və.s-dən yayınmaq üçün 40000 manat göstərmişlər. Hadisələr tərəflər arasında olan razılığa uyğun olaraq cərəyan etmiş və mübahisələndirilən ev alınmışdır. xx.xx.2020ci ildə tərəflər rəsmi nikaha daxil olmuş və xx.xx.2020-ci ildə toy şənliyi keçirilmişdir. Toydan sonra da ər-arvad mənzilə görə ödəniş etmiş və ər-arvad balayına getmişdir. 2019-cu ilin dekabr ayında olan ödənişi cavabdeh ödəmişdir. Daha sonra həmin ev təmirsiz olduğundan ər-arvad kirayədə qalmışdır. Tərəflər arasında mübahisə yarandıqdan sonra cavabdeh iddiaçıya səs göndərmiş və 35000 manatı ya notarial qaydada qaytarmağı, ya da evin təmirinə xərcləməklə ailələrini qorumağı təklif etmişdir. Tərəflər birgə nikah dövründə evin tam dəyərini ödəmişlər və birinci mənzilə görə evin tam dəyəri onların və cavabdehin vəsaiti hesabına ödənilməklə, birinci müqaviləni ləğv edərək həmin ödənişləri ikinci mənzilə yönəltmişlər. İddiaçı və cavabdeh hər ikisi işləyirdi həmin vaxt, iddiaçının əmək haqqı 1118 manat olmuş, cavabdeh isə müəllimə olaraq uşaq hazırlayırdı. Eyni zamanda "xxxx" MTK-da Elvin adlı şəxs bütün proseslərin şahidi olmuşdur.

5. Məhkəmə iclaslarında cavabdeh nümayəndəsi vasitəsilə təmsil edilmiş və cavabdehin nümayəndəsi və vəkili iddia tələbini qqismən qəbul etdiyini bildirmişdir. Belə ki, cavabdeh tərəf mənzilə görə birgə nikah dövründə 28185 manat ödənildiyini təsdiq edir və uşağın cavabdehin yanında qalması nəzərə alınmaqla iddiaçının ¼, cavabdehin ¾ hissəsində payının müəyyən edilməsini xahiş etmişdir. Belə ki, tərəflər xx.xx.2020-ci ildə nikaha daxil olsalar da, toy şənliyi xx.xx.2020-ci ildə baş tutmuşdur, hansı ki, yeni alınan mənzilə görə 2 dəfə cavabdeh tərəfindən dekabr və yanvar ayının 14-də ödənişlər edilmişdir. Toy şənliyinin 17 yanvarda olması o qənaətə gəlməyə əsas verir ki, tərəflər həmin anadək birgə təsərrüfat aparmamışlar. Bundan əlavə cavabdeh tərəfindən iddiaçıya göndərilən səs yazısında səsləndirilən 35000 manat məbləğ heç də iddiaçının iddia etdiyi məsələ ilə bağlı olmamış, cavabdeh birgə nikah dövründə ödənilmiş vəsaiti nəzərdə tutmuşdur. Necə ki, həm səs yazısında digər rəqəmlər də işlədilmiş və bu da onu təsdiq edir ki, söhbət birgə nikah dövründə ödənilən məbləğlərdən gedir. Bununla yanaşı iddiaçı tərəf ziddiyyətli izahatlar vermiş və 35000 manat vəsaitin mənbəyini aydın ifadə etməmişdir. Hansı ki, iddiaçı tərəf həmin məbləğin gah evin satışından olduğu, gah həm evin satışından, həm digər vəsait hesabına olduğunu bildirmişdir. Odur ki, 35000 manat məbləğində vəsaitin evin alınmasına xərclənməsini qəbul etmirlər. Bundan əlavə ilkin mənzil nikaha girənədək cavabdeh tərəfindən tam ödənilməklə əldə edilmişdir, yəni 88993 manat cavabdehin vəsaiti olmuş iddiaçı isə evin alınmasında yalnız birgə nikah zamanı ödəniş edilməsində iştirak etmişdir. İlkin mənzilə görə tam ödəniş barədə maliyyə arayışını ona görə təqdim edə bilmirlər ki, həmin maliyyə arayışı yeni mənzil alınan zaman onun tərəfindən alınmışdır, necə ki, bu belə də olmalı idi. Cavabdehin valideynləri ilkin evin alınmasında iştirak etməmiş, bütün vəsait cavabdehin şəxsi vəsaiti olmuşdur. Belə ki, cavabdeh müəllimə olaraq uşaq hazırlayır və vergi ödəyicisi kimi qeydiyyata alınmışdır. Cavabdehin valideynlərinin daha sonra kirayə, ərzaq üçün yardımları olmuşdur. Yekun olaraq cavabdehin nümayəndəsi bildirmişdir ki, 2019-cu ilin oktyabr ayında əvvəlki mənzilin dəyərini cavabdeh tam ödədikdən sonra noyabr ayında yeni mənzil almış və tərəflər 2020-ci ilin yanvar ayında nikaha daxil olmuşlar və nikah dövründə ilk 2 ay çıxılmaqla yeni mənzilə görə qalan məbləğ tərəflərin birgə vəsaiti hesabına ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutlar və proses iştirakçılarının izahatları əsasında müəyyən edilən işin faktiki halları:

6. İddiaçı ilə Cavabdeh xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar. Onlar bundan əlavə yaxın qohumdurlar. Nikahları xx.xx.2020-ci il tarixdə rəsmi qeydiyyata alınsa da, toy şənlikləri xx.xx.2020-ci il tarixdə baş tutmuşdur.Tərəflərin birgə nikahlarından yetkinlik yaşına çatmayan 1 uşaqları vardır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(001)-3921/2022 saylı qətnaməsinə əsasən tərəflər arasında bağlanmış nikahları pozulmuş, yetkinlik yaşına çatmayan uşağın anasının yanında qalması müəyyən edilmiş, İddiaçı əmək haqqının ¼ hissəsində aliment tutulmuş və uşağın 3 yaşına çatamasınadək 50 manat Cavabdeh ödənilməsi müəyyən edilmişdir.

7. Yeni ünvanı ünvan 3n qabaqcadan qeydiyyatı barədə daşınmaz əmlakın dövlət reyestrindən Arayışa əsasən xx.xx.2021-ci il tarixdə Cavabdeh adına xüsusi mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri publik hüquqi şəxsindən sorğulanmış məlumata əsasən müəyyən edilmişdir ki, "xxxx" MTK-nın üzvlərinin ümumi yığıncağının 122 nömrəli protokolundan(xx.xx.2021-ci il tarixli) çıxarış və "xxxx" MTK-nın xx.xx.2021-ci il tarixli maliyyə arayışı hüquqların qabaqcadan qeydiyyatı üçün əsas təşkil etmişdir. Maliyyə arayışında qeyd edilmişdir ki, X7 Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 4 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının, 15-ci mərtəbəsində(yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 91.8 kv.m təşkil edən 2 otaqdan ibarət, 3 saylı mənzilin 120700 manat təşkil edən pay dəyərini “kooperativ”ə ödəmişdir, qalıq borcu yoxdur.

8. Bundan əlavə "xxxx" MTK tərəfindən göndərilən sənədlərdən müəyyən edilir ki, "xxxx" MTK ilə X7 arasında xx.xx.2018-ci il tarixdə yaşayış sahəsinə uyğun pay dəyərinin alqı-satqısı haqqında 99 nömrəli müqavilə bağlanmış və müqaviləyə əsasən “payçı” Bakı şəhəri Binəqədi rayonu İcra Hakimiyyəti Başçısının 174 saylı, 20 iyul 2017-ci il tarixli Sərəncamı əsasında ünvan 5 ünvanında inşa edilən hündürmərtəbəli binanın, 16cı mərtəbəsində(yaşayışın 14-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 64.61 kv.m təşkil edən 1 otaqdan ibarət, 2 saylı mənzilin 83993 manat təşkil edən pay dəyərinin əldə olunması üçün ilkin olaraq 18000 manat hissəsini “kooperativ”ə ödəmək, qalıq məbləği təşkil edən 65993 manatını isə hissə-hissə olmaqla qrafik üzrə 36 ay müddətinə ayda 1833 manat olmaqla ödəmək barədə öhdəlik götürmüşdür. Bununla bağlı ilkin ödənişə dair Kooperativ tərəfindən xx.xx.2018-ci il tarixdə arayış verilmişdir. Həmin arayışda Cavabdeh tərəfindən 18000 manat ilkin ödəniş edildiyi, qalıq borcunun 65993 manat olduğu öz əksini tapmışdır.

9. xx.xx.2019-cu il tarixdə Bayramova X1 ərizə ilə müraciət edərək, həmin yaşayış binasında ümumi sahəsi 91.8 kv.m olan mənzili əldə etmək niyyətində olduğunu, bunun üçün ümumi sahəsi 64.61 kv.m təşkil edən 1 otaqdan ibarət, 2 saylı mənzilə dair onunla bağlanmış 99 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilənin və müqaviləyə əlavə olaraq imzalanmış ödəniş qrafikinin ləğv edilməsini, həmin mənzilə görə etdiyi bütün ödənişlərin yeni mənzilin əldə edilməsinə yönəldilməsini, onunla ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 15-ci mərtəbəsində(yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 91.8 kv.m təşkil edən 2 otaqdan ibarət, 3 saylı mənzilə dair yeni müqavilə bağlanmasını və yeni mənzilin ümumi dəyərinin qalıq hissəsinin isə ödənilməsi üçün yeni ödəniş qrafikinin açılmasını xahiş etmişdir. Bundan əlavə 99 nömrəli, xx.xx.2018-ci il tarixli müqavilə üzrə əldə etdiyi mənzilə dair pay hüququndan MTK-nın xeyrinə imtina etdiyini və həmin mənzilə dair heç bir iddia və tələbinin olmadığını bəyan etmişdir.

10. 14 noyabr 2019-cu il tarixdə xx.xx.2018-ci il tarixli, 99 nömrəli müqavilənin ləğvi barədə müqavilə bağlanır və xx.xx.2018-ci il tarixli, 99 nömrəli müqavilə üzrə yaranmış qarşılıqlı öhdəliklərə xitam verilir.

11. Daha sonra xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə MTK arasında 216 saylı müqavilə bağlanır və müqaviləyə əsasən tərəflər ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 15-ci mərtəbəsində(yaşayışın 13-cü mərtəbəsi) yerləşən, ümumi sahəsi 91.8 kv.m təşkil edən 2 otaqdan ibarət, 3 saylı mənzilin alınması barədə razılığa gəlirlər. Payçı mənzilin 120700 manat təşkil edən pay dəyərinin əldə olunması üçün ilkin olaraq 88993 manat hissəsini kooperativə ödəyir, qalıq məbləği təşkil edən 31707 manatın isə hissəhissə olmaqla və bu müqaviləyə əlavə edilmiş qrafik üzrə 18 ay müddətinə ayda 1761 manat olmaqla ödənilməsinə dair öhdəlik götürür.

12. İddiaçı tərəf iddia edir ki, cavabdeh onun əmisi qızı olduğundan nikaha daxil olana qədər, təxminən 2019-cu ilin noyabr ayında ev məsələsini həll etmələri barədə ailə arasında müzakirələr olmuşdur. Onlar ya 35-40 min manata şəhərdən uzaq yerdə ev alınması, ya da cavabdehin adına olan evin üzərinə 35-40 min manat qoyulmaqla daha geniş ev almaları barədə danışıqlar aparmışlar. Nəticədəhər iki tərəf razılığa gələrək qərara almışlar ki, 35000 manat iddiaçı tərəf, 5000 manat cavabdeh şəxsən və əvvəlki müqavilə üzrə ödənişlər toplanılmaqla həmin MTK-dan 2 otaqlı ev alsınlar. Bu formada da davrandıqlarını göstərərək mənzilin ər-arvadın ümumi mülkiyyəti olduğuna və ½ hissədə payının tanınmasına nail olmağa çalışır.

13. Eyni zamanda iddiaçı tərəf 35000 manat vəsaitin xx.xx.2019-cu il tarixdə iddiaçının atasına məxsus olan Qaradağ rayonunda yerləşən mənzilin satışından əldə edildiyini bildirmişdir. Həmin məsələ barədə suallara cavab olaraq iddiaçının anası bildirmişdir ki, Qaradağ rayonunda yerləşən mənzilin satış dəyəri daha çox olsa da, rüsuma görə 40000 manat göstərilmişdir. Eyni zamanda həm mənzilin satışından əldə edilən, həm də şəxsi vəsaitlərini toplayaraq həm iddiaçıya 35000 manat vermişlər, həm cavabdehin qızıl üçün 5000 manat ödəmişlər, həm də özləri üçün başqa mənzil almışlar.

14. Bununla yanaşı iddiaçı tərəf ilk ayın ödənişi istisna olmaqla qalıq borcun da birgə nikah dövründə, birgə gəlirlər hesabına ödənildiyini bildirir. İddiasını isə cavabdeh tərəfindən göndərildiyi mübahisə doğurmayan səs yazısı(whatsap vasitəsilə) ilə əsaslandırır. Belə ki, tərəflərin iştirakı ilə tədqiq edilən səs yazısında Cavabdeh ona verilən 35000 manatın qaytarılacağını bildirərək, iddiaçını ailə münasibətlərini bərpa etməyə çağırır və valideynlərin müdaxiləsindən gileyləndiyini ümumi olaraq ifadə edir.

15. Cavabdeh tərəf isə məhkəmədə təmsil olunan nümayəndəsi vasitəsilə iddianı qismən qəbul edir. Belə ki, iddianı yalnız birgə nikah dövründə ödənilən 28185 manat hissəsində qəbul edir və 35000 manat iddiaçı tərəfindən vəsait qoyulduğunu qəbul etmir. Hesab edir ki, səs yazılarında 35000 manat məbləğlə yanaşı, digər məbləğlər də səsləndirilmiş və həmin rəqəmlər məhz birgə nikah dövründə ödənilən vəsaitin müzakirəsi ilə bağlı olmuşdur. Yəni cavabdeh 35000 manat qaytaracağını dediyi zaman birgə nikah dövründə ödənilən məbləği nəzərdə tutmuşdur. Çünki səs yazısında başqa rəqəmlər də səsləndirilmişdir.

16. Bundan əlavə cavabdehin nümayəndəsi bildirmişdir ki, tərəflər rəsmi nikaha xx.xx.2020-ci ildə daxil olsa da, toy şənlikləri xx.xx.2020-ci ildə baş tutmuş və bundan sonra birgə təsərrüfat apararaq ödənişlər etmişlər.Bu səbəbdən ilk 2 ayın, yəni xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli hər dəfəsində 1761 manat olan ödənişin cavabdeh tərəfindən ödənildiyini iddia etmişdir. Həmin etirazını ödəniş qrafikinə istinad etməklə əsaslandırmağa çalışmışdır.

17. Bununla yanaşı cavabdehin nümayəndəsi iddiaçı tərəfin ziddiyyətli izahatlarının onların ziyanına təfsir olunmasını və iddianın əsaslılığını şübhə altına aldığını məhkəmənin nəzərə almasını xahiş etmişdir. Hüquqi dəyərləndirmə və məhkəmənin mövqeyi:

18. Azərbaycan Respublikası Ailə Məcəlləsinin:

19. 31.1-ci maddəsinə əsasən ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur;

20. 31.2-ci maddəsinə əsasən nikah müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, ər-arvadın əmlakının qanuni rejimi fəaliyyət göstərir;

21. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır;

22. 32.2.1-ci maddəsinə əsasən onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.) ər-arvadın ümumi birgə mülkiyyətinə daxildir;

23. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır);

24. 35-ci maddəsinə əsasən nikahda olduqları dövrdə ər-arvadın ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər;

25. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir;

26. 37.1-ci maddəsinə əsasən ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

27. 37.2-ci maddəsinə əsasən ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər.

28. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

29. 213.1-ci maddəsinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur;

30. 213.2-ci maddəsinə əsasən əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər;

31. 213.3-cü maddəsinə əsasən əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.

32. 213.5-ci maddəsinə əsasən birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər;

33. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir.

34. 225.4-cü maddəsinə əsasən r-arvaddan hər birinin əmlakı o halda onların birgə mülkiyyəti sayıla bilər ki, nikah dövründə ərlə arvadın ümumi əmlakı və ya ərin (arvadın) şəxsi əmlakı hesabına həmin əmlakın dəyərini əhəmiyyətli dərəcədə artıran vəsait qoyulduğu (əsaslı təmir, yenidənqurma, yeni avadanlıqla təchizetmə və i.a.) müəyyənləşdirilsin. Əgər nikah kontraktında və ya ərlə arvadın razılaşmasında ayrı qayda nəzərdə tutulubsa, bu qayda tətbiq edilmir.

35. Ailə Məcəlləsinin 32-ci və Mülki Məcəllənin 225.1-ci maddələrinin mənasından aydın olur ki, hər hansı əmlakın ər və arvadın ümumi birgə mülkiyyəti sayılması üçün iki şərtin mövcudluğu zəruridir. Birincisi, əmlak ər və arvadın mülkiyyətinə nikah müddətində daxil olmalıdır. İkincisi, əmlak nikah dövründə ər-arvadın ümumi gəlirləri hesabına əldə olunmalıdır. Göründüyü kimi Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ər-arvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etmişdir. Bununla yanaşı göstərilən normalar ər və ərvadın şəxsi əmlakları hesabına əldə edilən əmlakın(dəyərini əhəmiyyətli dərəcədə qoyulan vəsaitin) da ümumiliyini istisna etmir.

36. Hansı ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir.

37. Məhkəmə işin müəyyən edilmiş halları baxımından hesab edir ki, ər-arvad müxtəlif məbləğdə qoyduqları şəxsi vəsaitləri və birgə gəlirləri hesabına mənzil almışlar və bu səbəbdən də iddia qismən əsaslı olmaqla, onların qoyduqları vəsait həcmində mənzilə payları müəyyən edilməlidir.

38. Belə ki, əvvəla tərəflərin mübahisəli mənzilin alqı-satqısına qədər, ailə qurmaqla bağlı qəti niyyətə əsaslanan münasibətlərinin formalaşması şübhə doğurmur. Bu hal isə həmin dövrdə onların mənzil almaq üçün birgə hərəkət etmək barədə razılığa gəlmələrini real və inandırıcı edir. Bununla yanaşı qeyd edilməlidir ki, kooperativdən əldə edilən mənzilə görə pay haqqının tam ödənilməsi əmlaka mülkiyyət hüququnun(istifadə və sahiblik) əldə edilməsi anı hesab edilə bilər. Yəni pay haqqının tam ödənilməsinə qədər tərəflərin qoyduqları vəsait onların mayaları olmuş və kooperativlə yaranan münasibət öhdəlik xarakteri daşımışdır. Əmlak isə nəticədə birgə nikah dövründə pay haqqı tam ödənilməklə əldə edilmişdir.

39. Belə ki, Mənzil Məcəlləsinin 112.1-ci maddəsində qeyd edilmişdir ki, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır.

40. İddiaçının nikahdan əvvəl 35000 manat həcmində vəsait qoyması cavabdehin etirafedici səs yazısı ilə açıq-aydın müəyyən edilir. Cavabdehin nümayəndəsinin bu barədə etirazının dəlilləri isə formal mülahizələrdən ibarətdir. Üstəlik tədqiq edilmiş sübutlar cavabdehin ilk mənzilə dair pay haqqını tam ödəmədiyini təsdiq edir və xüsusilə vurğulanmalıdır ki, cavabdehin ilk mənzilə dair pay haqqını tam ödəməsi barədə maliyyə arayışı mövcud deyildir. Bu barədə cavabdehin nümayəndəsinin dəlilləri isə əsassızdır ona görə ki, əgər mənzilin pay haqqı tam ödənilmiş olsaydı MTK-dan əldə edilmiş sənədlərdə bu barədə sübut öz əksini tapardı. Halbuki belə maliyyə arayışı olsaydı bu əvvəlki müqavilənin ləğv edilməsi qaydasında deyil, müqavilənin tərəflərin razılığı ilə dəyişdirilməsi qaydasında həyata keçirilməli idi.

41. Bununla yanaşı iddiaçı tərəfin izahatları əksinə xronoloji ardıcıllığa və mübahisənin məntiqi davamına uyğundur. Çünki iddiaçı tərəfin nikaha daxil olma ərəfəsində evlərini satması, ikinci mənzilin məhz həmin vaxtda alınması, o cümlədən cavabdehin ilkin müqavilə üzrə hər ay 1833 manat ödəniş etməli olması və bunun təxminən yeni müqavilə bağlanan vaxta qədər 14,15 ay davam etdiyi ehtimal olunduqda toplanan vəsaitin (83993-18000(ilkin ödəniş)-25662(hər ay 1833 manat 14,15 ay qrafik üzrə ödəniş)-5000(iddiaçının cavabdeh tərəfindən verildiyini etiraf etdiyi məbləğ)- 35000(iddiaçının verdiyini iddia etdiyi vəsait)) təxminən yeni mənzil üçün edilən ilkin ödənişlə üst-üstə düşməsi iddiaçının dəlillərinin əsaslılığından xəbər verir.

42. Bu baxımdan məhkəmə o qənaətə gəlir ki, iddiaçı mübahisəli mənzilin alınması üçün 35000 manat vəsait qoymuş, birgə gəlirlər hesabına 29946 manat ödənilmiş, mənzilin ümumi dəyəri olan 120700 manatın qalan hissəsini isə cavabdeh ödəmişdir.

43. Məhkəmə eyni zamanda cavabdehin ödəniş qrafiki üzrə nikahdan əvvəl 1 dəfə deyil, 2 dəfə 1761 manat ödəniş etməsi barədə etirazını da əsassız hesab edir.

44. Belə ki, cavabdehin nümayəndəsi tərəfindən təqdim edilən ödəniş qrafiki mədaxil qəbzini əvəz etməməklə, yalnız qrafik üzrə həmin ayın borcunun ödənildiyini təsdiq edir. Yəni cavabdehin nümayəndəsi toy şənliyinin 17 yanvar 2020-ci ildə baş tutmasına əsaslanaraq qrafik üzrə xx.xx.2020-ci ildə ödənilməli olan məbləğin tərəflərin birgə gəliri olmadığı barədə dəlilini ona görə əsassız hesab edir ki, əvvəla həmin ödəniş qrafikində müvafiq ay üçün borcun olmadığı təsdiq edilir və ödənişin hansı tarixdə edildiyini əks etdirmir. Çünki 18 ay müddətində ödənişlərin məhz qrafik üzrə konkret olaraq qeyd edilən tarixdə edilmiş olması ehtimalı inandırıcı hesab edilə bilməz. Bundan əlavə toy şənliyinin xx.xx.2020-ci il tarixdə olması tərəflərin nikaha daxil olduqdan sonra(xx.xx.2020) birgə təsərrüfat aparmalarını istisna etmir. Əksini isə sübut etmə yükü ər-arvadın əmlakının ümumiliyi prezumpsiyasını qəbul etməyən tərəfin üzərinə düşür. Cavabdeh tərəf isə bununla bağlı mötəbər sübut təqdim edə bilməmişdir. Bununla yanaşı iddiaçı tərəf qrafik üzrə 1-ci ay üçün edilən ödənişin cavabdeh tərəfindən edildiyini etiraf edir.

45. Odur ki, mənzilin 120700 manat olan ümumi dəyəri iddiaçının 35000 manat şəxsi vəsaiti, cavabdehin 55754 manat şəxsi vəsaiti və 29946 manat isə ər-arvadın birgə gəlirləri hesabına ödənilmişdir. Bu səbəbdən də onların qoyduqları vəsaitə münasibətdə mənzilə payları müəyyən edilməlidir. Bu isə mənzilə münasibətdə iddiaçının 0.385 hissədə, cavabdehin isə 0.615 hissədə payını təşkil edir.

46. Eyni zamanda məhkəmə iddiaçının “mənzilin ½ hissəsində onun xeyrinə mülkiyyət hüququnun rəsmiləşdirilməsi” barədə tələbini, düzgün olmayan formada ifadə edilmiş tələb kimi qiymətləndirməklə, arzu olunan hüquqi nəticənin “əmlak üzərində payın müəyyən edilməsi” olduğu qənaətinə gəlir. Belə ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün əsas təşkil edir. Tətbiq edilən prosessual normalar:

47. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin:

48. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir;

49. 77.1-ci məddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;

50. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

51. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

52. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

53. Beləliklə məhkəmə tərəflərin izahatlarını, işin faktiki hallarını mülki iş materialları ilə birlikdə tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, X6 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları qabaqcadan qeydiyyata alınan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 4, M15, m3 ünvanda yerləşən mənzilin 0.385 hissəsində İddiaçı, 0.615 hissəsində Cavabdeh payları müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

54. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə

qətetdi:

İddia qismən təmin edilsin. X6 adına daşınmaz əmlakın dövlət reyestrində hüquqları qabaqcadan qeydiyyata alınan Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi, 4, M15, m3 ünvanda yerləşən mənzilin 0.385 (sıfır tam mində üç yüz səksən beş) hissəsində İddiaçı, 0.615 (sıfır tam mində altı yüz on beş) hissəsində Cavabdeh payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar