Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7014/2025 16.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı mülki iş üzrə Açar sözlər: (ölüm faktının müəyyən edilməsi) Hakim Məmmədova Lətifə Məhyəddin qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımov Bəxtiyar Fərhad oğlunun katibliyi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1977-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində anadan olmuş X3 xx.xx.1978-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində ev şəraitində vəfat etməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi xx.xx.1974-cü il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Həmin nikahdan doğulan xx.xx.1977-ci il təvəllüdlü X7 xx.xx.1978-ci il tarixində Quba rayonu, 1-ci Nügədi kəndində ev şəraitində vəfat etmişdir. Onun ciddi xəstəliyi olmamış, 6 aylığında yüksək hərarət, ishal və qusma nəticəsində vəfat etmişdir. Uşağa doğum haqqında şəhadətnamə alınmamış, bu səbəbdən də poliklinikada qeydiyyatda olmamışdır. Həmçinin doğulandan 6 ay sonra öldüyündən ölüm haqqında şəhadətnamə almaq üçün müraciət etməmişdir. Oğlunun xx.xx.1977-ci il tarixdə doğulmasını və onun övladı olmasını doğum akt qeydi və ailə tərkibi haqqında arayışla müəyyən etmək mümkündür. Hazırda sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınmazı zərurəti yaranmışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları:
3. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil ərizənin dəlillərinə uyğun izahat verərək, təmin edilməsini xahiş etmişdir.
4. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onun iştirakı olmadan baxılmasının mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında iştirak edən şahid X11 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının 6 uşağı olub. Onlardan 1977-ci ilin sentyabr ayında doğulan Taleh 1978ci ilin fevral ayında ölmüşdür. Uşağın ölümü bugünə qədər onun yadındadır. Uşaqda hər hansı xəstəlik olmasa da yüksək hərarət, ishal, qusma əlamətləri ilə baş verən narahatlıqlardan vəfat etmişdir. Onu Quba rayonu, 1-ci Nügədi kənd qəbrstanlığında dəfn etmişlər.
6. Məhkəmə iclasında iştirak edən şahid X12 ifadə verərək bildirdi ki, ərizəçi onun bacısıdır. Bacısının 6 uşağı olub. Onlardan 1977-ci ilin sentyabr ayında doğulan Taleh 1978ci ilin fevral yüksək hərarət, ishal, qusma əlamətləri ilə baş verən narahatlıqlardan vəfat etmişdir.
7. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadə verərək bildirdi ki, ərizəçi onun baldızıdır. Ərizəçini 1976-cı ildən tanıyır. Ərizəçinin 1977-ci ilin sentyabr ayında doğulan oğlu, 1978-ci ilin fevral ayında ölmüş, Quba rayonu, 1-ci Nügədi kənd qəbrstanlığında dəfn edilmişdir.
Mülki işin materialları:
8. 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X8 xx.xx.1977-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində doğulmuşdur. Bu barədə xx.xx.1997-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi icra nümayəndəliyi tərəfindən 117 nömrəli doğum akt qeydi tərtib edilmişdir. X1, anası X9r.
9. 1 saylı Bakı ASAN Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilən xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Ərizəçi ailə tərkibində həmçinin oğlu X7 (xx.xx.1977-ci il) sağ kimi qeyd edilir.
10. 1 saylı Bakı ASAN Xidmət mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2025-ci il tarixli, 3-5/8-31xx/xx-2025 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənəd təqdim edilmədiyindən ərizənin təmin edilməsi mümkün olmamışdır.” Tətbiq edilən hüquq:
Azərbaycan Respublikası MPM-nin:
11. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
12. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
13. 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
14. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
15. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
16. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
19. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 8 saylı Qərarının 1.2-ci bəndinin izahına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 4.8-ci bəndinin izahına əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
Məhkəmənin mövqeyi:
20. Məhkəmə ərizəçinin izahatını nəzərə alıb, şahid ifadələrini, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizə aşağıda göstərilənlərə əsasən təmin edilməlidir.
21. Mülki işin materiallarından da görünür ki, Ərizəçi oğlunun ölümünün qeydə alınması üçün qeydiyyat şöbəsinə müraciət etmiş, lakin oğlunun ölüm faktı müvafiq sənəd ilə təsdiq olunmadığına görə ona ölüm haqqında şəhadətnamə verilməsindən imtina olunmuşdur. Buna görə də ərizəçi ölüm faktının müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir.
22. Məhkəmə qanunvericiliyin tələblərinə görə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmçinin qeyd olunmalıdır ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə məhkəmə o zaman hüquqi əhəmiyyəti olan faktları müəyyən edir.
23. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.
24. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, Ərizəçi ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və qeydiyyat şöbəsinin onun ölüm haqqında akt qeydinin aparılmasından imtina etməsi nəticəsində Ərizəçi oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X6 xx.xx.1978-ci il tarixdə ölməsi ərizəçinin izahatı, şahid ifadələri və işin digər mötəbər sübutları ilə sübuta yetirildiyindən ərizə əsaslıdır.
25. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, ərizə əsaslı olduğu üçün təmin edilməlidir.
26. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikaı MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü X6 xx.xx.1978-ci il tarixdə Quba rayonu, 1-ci Nügədi kəndində ölməsi (vəfat etməsi) barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən elektron qaydada Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Lətifə Məmmədova