Məhkəmə qərarları › İş №2(001)-708/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-708/2022

18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-708/2022 18.01.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi, Sadıqov Nurlan Ədalət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) “ölüm faktının müəyyən edilməsi”-nə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 02 mart 1948-ci il (01 iyul 1948-ci il) təvəllüdlü X2 13 yanvar 2020-ci il tarixində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, anası 02 mart 1948-ci il təvəllüdlü X4 13 yanvar 2020-ci ildə ölmüşdür. Bu günə qədər də ölümü təsdiq edən sənədi almamışdır. Lakin bəzi sənədləşdirmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Bu barədə Səhiyyə Nazirliyi Bakı şəhər baş səhiyyə idarəsi şəhər poliklinikasına və Qeydiyyat Şöbəsinə yazılı ərizə ilə müraciə etmişdir. Lakin poliklinika arayışın, qeydiyyat şöbəsi ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Eyni zamanda imtina ərizəsində bu barədə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazimi qaydada məlumatlandırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin maraqlı şəxs xx.xx.2021-ci il tarixində ərizə ilə məhkəməyə müraciət edərək, ərizəçinin ərizəsinə etiraz edilmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxıldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun həyat yoldaşıdır. Özü Binəqədi rayonu, Ə.ünvan 1 ünvanında yaşayır. Hadisə vaxtı qaynanası onların evində olmuşdur. Çünki səhəri gün həkimə gedəcəkdi. Qaynanası uzun illər şəkərli diabet xəstəliyindən əziyyət çəkmişdir. Gecə onlarda qalacaqdı. Onlarla danışan zaman birdən səsi kəsilmiş, olduğu kimi qalmış, nəticədə vəfat etmişdir. O, dərhal təcili tibbi yardım çağırmışdır. Qaynanası 13 yanvar 2020-ci il tarixində təqribən saat 7-8 radələrində vəfat etmişdir. Qaynanasının vəfatından sonra baldızına və qohumlarına zəng vurmuşdur. Məhkəmə, ərizəçinin izahatını, şahidin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bərdə rayon VVADQ şöbəsinin Xİİ-ЖГ seriyalı, №439761 saylı doğum haqqında şəhadətnaməsindən görünür ki, Ərizəçi anası X3r. Səadət Sarayı tərəfindən xx.xx.2007-ci il tarixində verilən AZ-İ seriyalı, 351694 saylı nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X8 arasında xx.xx.2007-ci il tarixində nikah bağlanmışdır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 xx.xx.1948-ci il tarixində Yevlax rayonunun Qaraməmmədli kəndində doğulmuşdur. Bakı şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən xx.xx.2021-ci il tarixdə verilən 82 saylı arayışdan görünür ki, X1 rayonu, Dağüstü 2 qəbiristanlığında dəfn edilmişdir. Qəbir üstündə ölüm tarixi xx.xx.2020-ci il olaraq qeyd edilmişdir. Təcili və Təxirəsalınmaz X6 BŞT vəTTYS 9 saylı bölməsi tərəfindən verilən xx.xx.2020-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2020-ci il tarixində saat 18:04-də Ə.ünvan 1 ünvanında qadın cinsində meyid aşkarlanmışdır. Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi göndərilən xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatın qaydası”–nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəsisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında tibbi şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi sənəd təqdim edilmədiyi üçün mərhum X2 adına tibbi şəhadətnamə olmadığı ölüm haqqında şəhadətnamə alınması barədə ərizəsi təmin edilə bilmir. Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər.Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla və işin halları ilə müəyyən edilir ki, Ərizəçi mərhum X2 oğludur. X2 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi müvafiq trest tərəfindən təqdim edilən arayış, həmçinin şahid ifadəsi ilə sübut olunur. Təcili və təxirəsalınmaz X6 Ölüm haqqında xəbərdarlıq vərəqəsində ölüm tarixi barədə aparılan qeyd şahid ifadəsi və qəbirüstü abidədəki ölüm tarixi barədə məlumatla uyğunluq təşkil etməsə də, məhkəmə şahid ifadəsinə daha mötəbər sübut kimi qiymət verilməsi qənaətinə gəlir. Belə ki, tibbi yardım briqadasının müvafiq xəbərdarlıq vərəqəsində çağırışın tarixi barədə texniki səhvə yol verilməsi istisna edilmir. Halbuki məhkəmə iclasında şahid qismində dindirilən şəxs ölüm hadisəsi baş verən zaman orada olmuş və tibbi yardım stansiyasında onun tərəfindən məlumat verilmişdir. Ərizəçi anasının vəfat etməsi ilə əlaqədar səhiyyə orqanlarından tibbi şəhadətnamə əldə edə bilmir. Həmin sənədin alınması ərizəçiyə X2 ölüm haqqında şəhadətnaməsini almaq, habelə onun ölümündən sonra yaranmış bir sıra hüquqi məsələləri həll etmək üçün lazımdır. Odur ki, Ərizəçi anası 01 iyul 1948-ci il təvəllüdlü X2 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapdığından və ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt hüquqi əhəmiyyətli fakt olduğundan ərizə əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 01 iyul 1948-ci il təvəllüdlü X2 xx.xx.2020-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01 iyul 1948-ci il təvəllüdlü X2 xx.xx.2020-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar