Məhkəmə qərarları › İş №2(001)-721/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-721/2023

21.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-721/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs qeyd edərək, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında məhkəməyə bildirdi ki, anası X2 xx.xx.1932-ci il tarixdə doğulmuş və xx.xx.2022-ci il tarixdə qardaşının evində vəfat etmişdir. Həmin vaxt təcili tibbi yardım çağırsalar da, anasının poliklinikada ambulator kartası olmadığına görə onlara ölüm haqqında tibbi şəhadətnamə verilməmişdir. Bu da ölüm haqqında şəhadətnamənin verilməsindən imtina üçün əsas olmuşdur. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması müəyyən sənədləşmə işləri üçün zəruridir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təcili və X4 Stansiyasının Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə X1 adına ünvan 1 ünvanda qadın cinsli meyid aşkar olunmuşdur. İş materiallarında olan 10 nömrəli şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, xx.xx.1932-ci il təvəllüdlü X2 10 nömrəli poliklinikaya heç bir xəstəliklə müraciət etməmiş, ambulator kartası yoxdur və bu səbəbdən Ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, X1 adına Ölüm haqqında tibbi şəhadətnamə olmadığına görə ölümün qeydə alınmasından imtina edilmişdir. İş materiallarında olan Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2022ci il tarixli arayışından görünür ki, X2 xx.xx.2022-ci il tarixdə Binəqədi rayonu, Binəqədi qəsəbəsinin “Kənd” qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində məhkəməyə bildirdi ki, mərhum X2 onun qayınanası idi. Bakı şəhərində, onların evində xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Bir müddət xəstə idi, daim qulluğa ehtiyacı var idi. Yeməyi az-az yeyirdi. Öldüyü gün xüsusi bir narahatçılığı yox idi, anidən elə bil gəyirmək istədi, sonra gözlərini bağladı. Özü uşaq həkimidir. Nəbzinə baxanda gördü ki, qolunda nəbz hiss olunmur, amma boynunda hələ hiss etmək olur. Həmin an təcili yardım çağırdılar, amma həkim gələn vaxta qayınanası artıq ölmüşdür. Mülki Prosessual Məcəllənin 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 309.1-ci maddəsinə əsasən isə, hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarında göstərilmişdir ki, “ ... Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir”. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1932-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1932-ci il tarixdə Ermənistanın Noyemberyan rayonunda doğulmuş X1 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar