Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7236/2021 07.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli Məhəmməd Əli oğlunun sədrliyi, Məhkəmə iclas katibi Xasayzadə Qəmərcan Eyvaz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (maraqlı şəxs qismində Bakı şəhəri Maraqlı şəxs cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası 15 yanvar 1953-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmuş X2 02 avqust 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası 15 yanvar 1953-cü il təvəllüdlü X6 02 avqust 2021-ci il tarixdə saat 20:30-da Siyəzən rayonu “Beş barmaq” ziyarətgahının yaxınlığında qəflətən idarə etdiyi avtomobildə vəfat etmişdir. Həmin vaxt orada xidmət aparan polis əməkdaşı tərəfindən təcili tibbi yardım çağırılsada, lakin onalara xəbərdarlıq vərəqəsi verilməmişdir. Mərhum atası 02 avqust 2021-ci il tarixdə Binəqədi kənd qəbristanlığında dəfn edilmişdir. Bu barədə X5 tərəfindən 23 avqust 2021-ci il tarixdə arayış verilmişdir. X1 ölümü ilə bağlı Siyəzən Şəhər Prokurorluğu tərəfindən 13 avqust 2021-ci il tarixdə “cinayət işinin başlanılmasmın rədd edilməsi barədə qərar qəbul edilmişdir. Tərəfindən ölüm haqqında şəhadətnamə verilməsi ilə bağlı rayon Maraqlı şəxsnə müraciət edilmişdir, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ölüm haqqında şəhadətnamənin verilməsinin mümkün olmaması barədə cavab verilmişdir və ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Həmçinin, ölüm haqqında tibbi şəhadətnamə verilməsi ilə bağlı Binəqədi rayonu 10 nömrəli şəhər poliklinikasına müraciət etmişdir, ölümün başqa yerdə baş verdiyinə görə poliklinika tərəfindən verilməsinin mümkün olmadığı barədə cavab verilmişdir. Ölüm haqqında şəhadətnamə verilməsi və hüquqlarının həyata keçirilməsi üçün ölüm faktının məhkəmə qaydasında müəyyən edilməsi vacibdir. Göstərilənlərə əsasən ərizənin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi yuxarıda göstərilən məzmunda izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş Maraqlı şəxs nümayəndəsi məhkəməyə gəlməmiş, məhkəməyə ünvanlanmış 24 sentyabr 2021-ci il tarixli məktubda iddiaya etiraz etmədiyini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara görə ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 05369440 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 15 yanvar 1953-cü il tarixdə Kürdəmir rayonunda anadan olmuş, yaşayış yeri ünvan 3-dir. Siyəzən Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 13 avqust 2021-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, 15 yanvar 1953-cü il ildə Kürdəmir rayonunda anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış X2 02 avqust 2021-ci il tarixdə saat 20:30 radələrində Siyəzən rayonu, Zarat kəndinin ərazisində yerləşən “Beş barmaq piri” adlanan ziyarəgahın yaxınlığında yerləşən iaşə obyektlərinin qarşısında dayanmış “Ford Tranzit” markalı, **-EV-*** dövlət qeydiyyat nişanlı avtomobildə meyidinin aşkar edilməsi faktı əsasında rayon prokurorluğunda toplanmış 52C-21 saylı material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. 10 Saylı Şəhər Poliklinikasının 19 avqust 2021-ci il tarixli məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olmuş və yaşamış 02 avqust 2021-ci il tarixdə, saat 20:30-da Siyəzən rayonu “Beş barmaq” ziyarətgahın yaxınlığında vəfat etmiş 15 yanvar 1953-cü il təvəllüdlü X3 “Ölüm haqqında tibbi şəhadətnamə” ölümün başqa yerdə baş verdiyinə görə Poliklinikası tərəfindən verilməsi mümkün deyil. Bakı şəhəri Maraqlı şəxs tərəfindən ərizəçiyə ünvanlanmış 29 sentyabr 2021-ci il tarixli məktubun surətindən görünür ki, onun vəfat edən atası X4 üçün ölüm haqqında şəhadətnamə almaq barədə müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X2 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizəni təmin edə bilmirlər. Bakı şəhəri Binəqədi rayonu X5 tərəfindən verilmiş 23 avqust 2021-ci il tarixli arayışdan görünür ki, həqiqətən də X4 03 avqust 2021-ci il tarixdə Binəqədi kənd qəbirstanlığında dəfn edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9.3 və 9.4-cü bəndlərində göstərilmişdir ki, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin atası X4 02 avqust 2021-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndi ərazisində nəqliyyat vasitəsində vəfat etmiş, lakin ərizəçinin atasının ölüm faktını təsdiq edə biləcək sənədi məhkəməyə müraciət etmədən əldə etməsi mümkün olmamışdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 15 yanvar 1953-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş X2 02 avqust 2021-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndi ərazisində nəqliyyat vasitəsində vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 15 yanvar 1953-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş X2 02 avqust 2021-ci il tarixdə Siyəzən rayonu, Zarat kəndi ərazisində nəqliyyat vasitəsində vəfat etməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Məhəmməd Rüstəmli
Məhkəmə qərarları › İş №2(001)-7236/2021
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7236/2021
07.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver