Məhkəmə qərarları › İş №2(001)-734/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-734/2021

29.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-734/2021 29.06.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəbizadə Nigar Xeyrulla qızının sədrliyi, Əliyeva Aytən Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Cavabdeh” İstehsalat Birliyinə qarşı əsassız hesablanmış borc məbləğinin silinməsi və dəymiş mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Novxanı bağları, Babək küçəsi 22 ünvanında yerləşən bağ sahəsi 20 ildən artıqdır ki, iddiaçıya məxsusdur. Təqribən həmin müddətdən iddiaçının cavabdehlə bağladığı müqavilə əsasında bağ sahəsi qazla təmin edilmişdir. İddiaçının cavabdehlə bağladığı 30 may 2017-ci il tarixli müqaviləyə əsasən, cavabdehin işçiləri tərəfindən küçədə, bağın darvazasının yaxınlığında yeni smart kart tipli qaz sayğacı quraşdırılmışdır. Həmin tarixdən iddiaçı qaz təchizatı üçün xidmət haqqını smart kart vasitəsilə ödəməyə başlamışdır. Əvvəlcə pul vəsaitini həmin plastik karta, sonra isə kartı sayğaca daxil edərək vəsaiti sayğaca yükləyirdi. Sonradan smart karta yüklədiyi vəsaitin hamısının sayğaca yüklənmədiyini aşkarlamış və bu barədə cavabdehin ərazidə olan əməkdaşlarına müraciət etmişdir. Onlar da bildirmişlər ki, bir neçə vətəndaş bununla bağlı onlara müraciət edib, bu sayğacın istismar müddətin bitməsi ilə bağlıdır, lakin narahat olmağa dəyməz çünki, həmin sayğac yenisi ilə dəyişdirildikdə bu hal tam nəzərə alınacaq. 2020-ci ilin iyun ayında özünü cavabdehin əməkdaşları kimi təqdim edən şəxslər smart kart tipli qaz sayğaclarının istismar müddətinin başa çatması səbəbindən onların mexaniki sayğaclarla əvəzlənəcəyini bildirdilər və sayğacı dəyişdirdilər. 28 iyul 2020-ci ildə özünü cavabdehin əməkdaşı kimi təqdim edən şəxs yeni mexaniki qaz sayğacından son ayın borcu ilə bağlı bildiriş çıxararaq iddiaçıya təqdim etmiş və iddiaçıya məlum olmuşdur ki, ona əsassız olaraq borc yazılmışdır. Bu barədə dərhal “Cavabdeh” İstehsalat Birliyinin qaynar xətti vasitəsilə cavabdehə məlumat verilmişdir. Bundan əlavə qanunsuz borcun silinməsi ilə bağlı cavabdehin Bakı X6 Departamentinə ərizə ilə də müraciət edilmişdir. İddiaçının müraciətinə dair Bakı X6 Departamentinin rəis müavini Mehralı Quluyevin imzası ilə verilmiş 18 avqust 2020-ci il tarixli cavabda qeyd olunmuşdur ki, ərizə araşdırılaraq Bakı şəhəri, Novxanı bağları, Babək küçəsi 22 ünvanında olan evə yazılmış ******* nömrəli aktın ləğv olunması məqsədilə toplanmış materiallara “Cavabdeh” istehsalat Birliyinin “İstehlakçılardan daxil olmuş müraciətlərin araşdırılması ilə bağlı daimi fəaliyyət göstərən komissiya”sı tərəfindən baxılaraq abonent hesabında düzəliş olunması məqsədəmüvafıq hesab edilməyib. Araşdırma zamanı iddiaçının iştirakı təmin edilməyib və onun ümumiyyətlə araşdırmanın hansı formada və hansı sənədlər, faktlar əsasında aparılması barədə heç bir məlumatım yoxdur. Cavabdeh iddiaçının məlumatı olmadan, tamamilə qanunsuz olaraq abonent hesabına borc yazmaqla əslində iddiaçının qazdan qanunsuz istifadə etdiyini, qaz sayğacına müdaxilə etdiyini, qazı oğurladığını, dövlət əmlakına ziyan vurduğumu iddia edir. Cavabdehin iddiaçını ağır cinayət əməllərində ittiham etməsi qanunsuz və qəbuledilməz olmaqla yanaşı o, bu hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurmuşdur. Qeyd olunanlara əsasən iddiaçı qanunsuz hesablanmış 403,20 manat borcun silinməsi və 5000 manat məbləğində mənəvi zərərin əvəzinin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin nümayəndəsi X4 iddia tələbini qəbul etmədi və izahatında iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında 30.03.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, abonent kodu **********04260 olan İddiaçı məxsus Abşeron rayonu, Novxanı bağları ünvanında quraşdırılmış sayğacın plombunun sındırıldığının aşkar edilməsi aktlaşdırılmış və həmin akt İddiaçı tərəfindən imzalanmamışdır. İş materiallarında olan “Cavabdeh” İstehsalat Birliyinin Bakı X6 Departamentinin 30.03.2018-ci il tarixli qərarının surətindən görünür ki, qaz işlədicilərindən PQ4-ün maksimal saatlıq qaz sərfi 1.2 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 60 gün, QSQ-nin maksimal saatlıq qaz sərfi 1.5 m3/saat orta günlük iş rejimi 8 saat və hesabat müddəti 60 gün, radiatorun maksimal saatlıq qaz sərfi 0.8 m3/saat orta günlük iş rejimi 18 saat və hesabat müddəti 60 gün, qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabatın aparılması və hesablanmış məbləğin ödənilməsi qərara alınmış və qaz paylayıcısı tərəfindən sayğacın yivli birləşməsinə vurulmuş plombun qırılması nəticəsində 2016 m3 qaz itkisinin yaranması müəyyən edilmişdir. İş materiallarında olan abonent kodu **********04260 olan İddiaçı “abonentin saldosu”ndan görünür ki, 2018-ci ili mart ayından abonentə qalıq və aktlar üzrə 403,20 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digrə təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Qazdan istifadə Qaydalarının təsdiq edilməsi haqqında” 12.05.2011-ci il tarixli 80 saylı qərarının 1.3.-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. Həmin Qaydaların 4.2-ci bəndinə görə, qaz sayğacı ilə təchiz edilmə onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə görə, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş sübutlarda iddiaçının hər hansı hüquq pozuntusuna yol verdiyi halı öz əksini tapmamışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə müvafiq olaraq, istehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. Göründüyü kimi, qaz sayğacı iddiaçının evində deyil, ümumi istifadədə olan küçədə quraşdırılmış və ona iddiaçı tərəfindən müdaxilə edilməsini təsdiq edə biləcək hər hansı sübut mövcud deyil. Sayğaca vaxtında baxış keçirilməməsi isə birbaşa cavabdeh tərəfin səhlənkarlığıdır və baş vermiş nəticələrə görə məsuliyyət də cavabdehə aiddir. İddiaçının mülkiyyətində olan evdə öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək cavabdehin vəzifəsi olduğu halda o, sayğacın yararsız hala düşməsində istehlakçının təqsirini sübuta yetirmədən, istehlakçıya əsassız olaraq qaz sərfiyyatına görə borc hesablamışdır. Eyni zamanda qeyd olunmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Qeyd olunan prosessual hüquq normalarının məzmunundan göründüyü kimi, Mülki Prosessual Məcəllənin 77.1- ci maddəsində hər bir tərəfin öz tələbinin əsası kimi istinad etdiyi halı sübut etmək vəzifəsi müəyyən edilsə də, həmin maddənin ikinci bəndində tərəflərdən birinin dövlət orqanlarının, icra və s. olması və həmin orqanın qəbul etdiyi qərarın mübahisələndirilməsi zamanı prosessual statusundan asılı olmayan sübutetmə vəzifəsini dövlət müəssisə, idarə və ya təşkilatının üzərinə qoyulması müəyyən edilmişdir. Belə olan halda hazırkı iş üzrə iddiaçının cavabdeh tərəfindən hesablanmış borcun silinməsini tələb etməsinə baxmayaraq, borcun qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla yaranmasını sübut etmə vəzifəsi iddiaçının deyil, cavabdeh “Cavabdeh” İstehsalat Birliyinin üzərinə düşür, cavabdeh isə qeyd olunan vəzifəni icra edə bilməmişdir. Bununla yanaşı məhkəmə iddia tələbinin mənəvi zərərin ödənilməsi ilə bağlı hissəsini əsaslı hesab etmir. Belə ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, “... mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur”. Beləliklə məsuliyyətin yaranması üçün mülki-hüquq pozuntsunun tərkibini təşkil edən aşağıdakı elementlərin olması zəruridir: ziyanın vurulması; ziyanvuranın hüquqa və ya qanunazidd hərəkəti; əvvəlki iki elementlər arasında səbəbli əlaqə; ziyanvuranın təqsiri. Hazırkı işin materialları ilə isə sadalanan elementlərin hamısının mövcudluğu öz təsdiqini tapmır. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, abonent kodu **********04260 olan İddiaçı əsassız olaraq hesablanmış 403,20 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə görə, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi 7,46% hissədə təmin edildiyindən, ödənilməli olan 30 manat dövlət rüsumunun 2,24 manat hissəsi cavabdeh “Cavabdeh” İstehsalat Birliyindən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı (abonent kodu: **********04260) əsassız hesablanmış 403,20 (dörd yüz üç manat iyirmi qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. “Cavabdeh” İstehsalat Birliyindən dövlət rüsumuna görə 2,24 (iki manat iyirmi dörd qəpik) manat məbləğində pul tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mulki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Nigar Nəbizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar