Məhkəmə qərarları › İş №2(004)-2799/2023

Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi Qətnamə — İş №2(004)-2799/2023

07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(004)-2799/2023 07.08.2023 BAKI ŞƏHƏRİ YASAMAL RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Vahid Məcid oğlunun sədrliyi, Həsənova Aysel Zaur qızının katibliyi, X1, İddiaçı və Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh ASC-yə qarşı “dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, ona məxsus olan Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 203 nömrəli evin 48 nömrəli mənzilində xx.xx.2023-xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində istifadə edilməmiş suya görə xx.xx.2023-cü il tarixli hesab fakturaya görə əsassız yazılmış 8 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat pulun Cavabdeh ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi və izahatında bildirdi ki, o, Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 203 nömrəli evin 48 nömrəli mənzilində yaşayır. xx.xx.2023-cü il tarixdə ona mənzilində sudan istifadə haqqının ödənilməsinə dair hesab-faktura təqdim edilmişdir. Ödəniləcək məbləğ 39,76 manat təşkil etmişdir. Fakturada ödəniş üçün son tarixin xx.xx.2023-cü il olduğu göstərilmişdir. Bu baxmayaraq Cavabdeh ASC-nin Yasamal rayon Sukanalı İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə onun mənzilə gəlmişlər, qanunsuz olaraq su sayğacının yanındakı kranları bağlamış və mənzilinə gələn su borusunu kəsib getmişlər. Bununla bağlı ona heç bir bildiriş verilməmiş, yaxud xəbərdarlıq edilməmişdir. O, xx.xx.2023-cü il tarixdə 26 manat köhnə borcuna görə 30 manat ödəniş etmişdir. Sonra Cavabdeh ASC-nin 955 qaynar xəttinə və “ASAN kommunal xidlmət mərkəzinə” bu barədə məlumat vermişdir. Lakin onun mənzilinə suyun verilməsi bərpa edilməmişdir. xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə Yasamal rayon Sukanalı İdarəsinə müraciət etmiş, suyun verilməsinin bərpa edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdehin işçiləri tərəfindən borcu kəsiləndən sonra axaraq binanın blokuna tökülmüş və onun istifadə etmədiyi suyun pulunu ödəməyəcəkdir. Onun dəfələrlə etdiyi müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən o, xx.xx.2023-cü il tarixdə mənzilinə gələn su xəttini öz vəsaiti hesabına bərpa etmişdir. xx.xx.2023-cü il tarixli hesab fakturada onun mənzilində xx.xx.2023-xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində istifadə edilməmiş suya görə 8 manat borc yazılmışdır. O, su kəsilməsin deyə bu məbləği də ödəmişdir. Cavabdeh ASC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində ona 8 manat maddi zərər dəymişdir. Bununla yanaşı ona mənəvi zərər vurulmuş, həyacan keçirmiş, susuz qalmış, uzun müddət stres keçirmişdir. Vurulmuş mənəvi zərərin əvəzi olaraq 200 manat kompensasiya ödənilməsini tələb edir. Odur ki, iddia tələbinin təmin edilməsini xahiş edir. Cavabdeh ASC-nin nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini qismən qəbul etdi və izahatında bildirdi ki, İddiaçı yaşadığı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 203 nömrəli evin 48 nömrəli mənzilinə verilən suyun kəsilməsi nəticəsində xx.xx.2023xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində istifadə edilməmiş suya görə ödənilmiş 8 manat borcun iddiaçıya qaytarılmasına etiraz etmir. Lakin vurulmuş mənəvi zərərə görə 200 manat ödənilməsi hissəsində iddianı qəbul etmir. Odur ki, iddianın qismən təmin edilməsini xahiş edir. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 203 nömrəli evin 48 nömrəli mənzilində yaşayır. xx.xx.2023-cü il tarixdə İddiaçı mənzilində sudan istifadəyə görə 39,76 manat borc yaranmasına dair hesab-faktura təqdim edilmişdir. Fakturada ödəniş üçün son tarixin xx.xx.2023-cü il olduğu göstərilmişdir. Bu baxmayaraq Cavabdeh ASC-nin Yasamal rayon Sukanalı İdarəsinin əməkdaşları xx.xx.2023-cü il tarixdə iddiaçının mənzilinə gəlmişlər, qanunsuz olaraq su sayğacının yanındakı kranları bağlamış və mənzilinə gələn su borusunu kəsib getmişlər. Bununla bağlı iddiaçıya heç bir bildiriş verilməmiş, yaxud xəbərdarlıq edilməmişdir. İddiaçı xx.xx.2023-cü il tarixdə 26 manat köhnə borcuna görə 30 manat ödəniş etmişdir. Sonra Cavabdeh ASC-nin 955 qaynar xəttinə və “ASAN kommunal xidlmət mərkəzinə” bu barədə məlumat vermişdir. Lakin iddiaçının mənzilinə suyun verilməsi bərpa edilməmişdir. xx.xx.2023-cü il tarixdə yazılı ərizə ilə Yasamal rayon Sukanalı İdarəsinə müraciət etmiş, suyun verilməsinin bərpa edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, cavabdehin işçiləri tərəfindən borcu kəsiləndən sonra axaraq binanın blokuna tökülmüş və onun istifadə etmədiyi suyun pulunu ödəməyəcəkdir. İddiaçının dəfələrlə etdiyi müraciətlərin heç bir müsbət nəticəsi olmamışdır. Bu səbəbdən iddiaçı xx.xx.2023cü il tarixdə mənzilinə gələn su xəttini öz vəsaiti hesabına bərpa etmişdir. xx.xx.2023-cü il tarixli hesab fakturada iddiaçıya mənzilində xx.xx.2023-xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində istifadə edilməmiş suya görə 8 manat borc yazılmışdır. İddiaçı suyun verilməsinin təkrarən kəsilməməsi üçün 8 manatı da ödəmişdir. Cavabdeh ASC-nin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçıya 8 manat maddi zərər dəymişdir. Bununla yanaşı iddiaçı cavabdehin əməkdaşlarının qanunsuz hərəkətləri nəticəsində susuz qaldığı müddət ərzində stres və həyacan keçirmişdir, ona mənəvi zərər dəymişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 8.8-ci bəndinə əsasən suyun verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan, su təchizatı bu Qaydaların 8.1.5-ci və 8.1.8-ci yarımbəndlərinə əsasən dayandırıldıqda su təchizatının dayandırılması və bərpası ilə əlaqədar xərclər istehlakçı tərəfindən ödənildikdən və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində STKM tərəfindən suyun verilməsi bərpa edilməlidir. Su Məcəlləsinin 98-ci maddəsinə əsasən xüsusi mülkiyyətdə olan su obyektlərinə sudan istifadə haqqı mülkiyyətçilərlə su istehlakçıları arasında bağlanmış müqavilə əsasında müəyyən olunur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 30-cu maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndinə əsasən Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin Qanunun 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Tarif (qiymət) Şurasının xx.xx.2011-ci il tarixli qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mülki Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür.... Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli 7 nömrəli qərarının 8-ci bəndində Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə sübutlara məcmu halında qiymət verərək belə qənaətə gəlir ki, iddia qismən təmin edilməli, İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 203 nömrəli evin 48 nömrəli mənzilində xx.xx.2023-xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində istifadə edilməmiş suya görə xx.xx.2023-cü il tarixli hesab fakturaya görə əsassız yazılmış 8 manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 manat olmaqla, cəmi 108 manat pul Cavabdeh ASCdən tutularaq İddiaçı ödənilməlidir. Mənəvi zərərin əvəzi olaraq 100 manat pul tutulması hissəsində rədd edilməlidir. Çünki, məhkəmə mənəvi zərərin əvəzi olaraq 100 manat kompensasiya ödənilməsini yetərli hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə xx.xx.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə xx.xx.1982-ci il tarixli qərarı; “X4rşı” işi üzrə xx.xx.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı məxsus olan Bakı şəhəri Yasamal rayonu N.Nərimanov prospekti 203 nömrəli evin 48 nömrəli mənzilində (abonent kodu **********480) xx.xx.2023-xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində istifadə edilməmiş suya görə xx.xx.2023-cü il tarixli hesab fakturaya görə əsassız yazılmış 8 (səkkiz) manat və vurulmuş mənəvi zərərin əvəzi olaraq 100 (yüz) manat olmaqla, cəmi 108 (yüz səkkiz) manat pul Cavabdeh ASC-dən tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Yasamal rayon Məhkəməsi vasitəsilə (Azərbaycan Respublikası MPM-in 10-1.3-cü maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Vahid Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar