Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1280/2024 01.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Ağakişiyeva Lətafət Almazxan qızının katibliyi, Cavabdeh vəkili-nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (prosessual hüquqi varisi İddiaçı2) Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilk iddiası, Cavabdeh İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə qarşı mənəvi-maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası ilə bağlı mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(060)-2554/2024 nömrəli qətnaməsindən Cavabdeh vəkili-nümayəndəsi Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(060)-2554/2024 nömrəli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri təmin edilməmişdir (hakim Günel Tanrıverdiyeva). Qətnamədən Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəti vermişdir. İşin halları: İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 848,57 manat borcun (abonent kodu: **********350) və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutularaq İddiaçı1 ASC-nin hesabına ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, ASC tərəfindən Cavabdeh (abonent kodu **********350) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 848,57 manat (səkkiz yüz qırx səkkiz manat 57 qəpik) borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında xx.xx.2016-cı il tarixdə quraşdırılmış ABSERON-1tipli, 501008 nömrəli, B809731 plomblu və xx.xx.2023-cü ildə quraşdırılmış İSS-20M-2 tipli, 22166473 nömrəli, E052064 plomblu su sayğaclarının göstəricilərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı1 ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir. Göstərilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra Cavabdeh İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə qarşı mənəvi zərər tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1 ASC-nin ona qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 848,57 manat borcun və 30 manat dövlət rüsumu əvəzinin ondan tutularaq ASC-nin hesabına ödənilməsi barədə iddiasının rədd edilməsinə, onun qarşılıqlı iddiası üzrə isə İddiaçı1 ASC-dən vurulmuş mənəvi zərərə görə 500 manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 manat, cəmi 1000 (bir min) manat məbləğində pul vəsaitinin tutularaq ona (Cavabdeh) ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə borc hesablanmış Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 15-də 35 nömrəli mənzilin ona heç bir aidiyyatı yoxdur. Bundan başqa, onunla "xxxx" ASC-nin arasında həmin mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmayıb, mənzilə xidmətə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməyib. Qanunvericiliyin normalarına əsasən suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müiəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqaviləsi əsasında müvafiq xidmətlərin həyata keçirilməsinə başlanılmalıdır. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz xidmət zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olmalıdır. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi, su təhcizatı müəssisəsi də müraciət edən şəxsin obyektin sahibi olub-olmamasını araşdırmalıdır. Qanunvericiliyin başqa tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı xətlərindən hər hansı digər məqsədlər üçün istiladə etməsi faktına əsaslanır. Beləliklə, iş materiallarında iddiaçı ilə cavabdeh arasında heç bir müqavilə mövcud olmamış, Cavabdeh borc hesablanmış mənzilə heç bir aidiyyatı olmamaqla yanaşı, onun həmin mənzildə yaşamaşı, mənzilin icarəçisi olması və ya su təchizatı müəssisəsi tərəfindən həmin ünvana göstərilən xidmətlərdən istifadə etməsi faktı mövcud olmamışdır. Göründüyü kimi, ona qarşı iddia tamamilə əsassız olaraq qaldırılmışdır. Beləliklə, qanunvericiliyin tələbinə görə öhdəliyin yaranması üçün ilk öncə müqavilə bağlanmalı, həmin müqavilədə hər iki tərəfin iradə ifadəsi öz əksini tapmalı, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmalıdır ki, iş materiallarında tərəflər arasında imzalanmış hər hansı bir müqavilə olmadığından ilkin iddia üzrə cavabdehin iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyildir. Bundan başqa, bildirmək istəyir ki, oxşar tələblə İddiaçı1 ASC tərəfindən ona qarşı bir neçə iddia qaldırılmış, həmin iddialar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı1 ASC onunla aralarında alqı-satqı müqavilələrinin olmadığını bildiyi halda ona qarşı ayrı-ayrı mənzillərə dair iddia qaldırmaqla kobud şəkildə onun hüquqlarını pozmuşdur. Hüquqlarının bərpa olunması və onu məhkəmədə müdafiə etməsi üçün Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və tərəfindən 500 manat pul ödənilmişdir. Eyni zamanda, qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə ona 530 manat miqdarında maddi ziyan dəymişdir. Qeyd edilənlərə əsasən ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan qətnamə qəbul etmişdir. Qətnamədən narazı qalan Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(060)-2554/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddiaya aid hissədə ləğv olunmasını və həmin hissədə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddianın təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və işdə iştirak edən şəxslərin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı1 ASC tərəfindən Cavabdeh qarşı Abşeron rayonu, Gənclər Şəhərciyində yerləşən mənzillərdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcların ödənilməsi ilə bağlı ayrıayrılıqda 7 (yeddi) iddia qaldırılmışdır. Həmin iddialardan 3-ü eyni vaxtda, qalan 4-ü isə sonradan Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. Hazırkı iddia üzrə Abşeron rayonu, Gənclər Şəhərciyi, ev 15-də 35 nömrəli mənzilin ona heç bir aiddiyyatı yoxdur. Bundan başqa, onunla "xxxx" ASC-nin arasında həmin mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmayıb, mənzilə xidmətə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməyib. Qanunvericiliyin normalarına əsasən suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müiəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqaviləsi əsasında müvafiq xidmətlərin həyata keçirilməsinə başlanılmalıdır. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz xidmət zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçı mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olmalıdır. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi, su təhcizatı müəssisəsi də müraciət edən şəxsin obyektin sahibi olub-olmamasını araşdırmalıdır. Qanunvericiliyin başqa tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı xətlərindən hər hansı digər məqsədlər üçün istiladə etməsi faktına əsaslanır... İlk 3 iddia məhkəmədə araşdırılan zaman müəyyən olunmuşdur ki, həmin mənzillərin Cavabdeh heç bir aidiyyatı olmamaqla yanaşı, onun həmin mənzillərdə yaşamaşı, mənzillərin icarəçisi olması və ya onun tərəfindən həmin mənzillərdə su təchizatı xətlərindən istifadə etməsi faktı mövcud olmamışdır. Bundan başqa, aparılan araşdırmalar zamanı İddiaçı1 ASC ilə Cavabdeh arasında hər hansı bir müqavilənin bağlanılması ilə bağlı heç bir sübut mövcud olmamışdır. Eyni zamanda, cavabdeh tərəf olaraq müvafiq sorğular əsasında İddiaçı1 ASC-dən alınmış müqavilələrdə müqavilənin İddiaçı1 ASC ilə “Cavabdeh Bayramşərif oğlu” adlı şəxs arasında bağlandığı və müqavilədə Cavabdeh aid heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Bütün bunları nəzərə alan məhkəmə hər 3 iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Lakin bütün bu qeyd olunanlara və məhkəmə tərəfindən hər 3 iddia tələbinin rədd edilməsinə baxmayaraq, İddiaçı1 ASC Cavabdeh ilə aralarında müqavilə olmadığı və Cavabdeh adına abonent kodunun açıldığı mənzillərin bu şəxsə heç bir aidiyyatı olmadığı halda yenidən ona qarşı eyni əsaslar və pozuntularla iddia qaldırmışdır. Həmin iddialar məhkəmə tərəfindən rədd ediləndən sonra İddiaçı1 ASC yuxarıda qeyd olunan mənzilə dair hazırkı iddianı qaldırmaqla Cavabdeh hüquqlarını daha kobud şəkildə pozmuşdur. Hüquqlarının bərpa olunması və onu məhkəmədə müdafiə etməsi üçün Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və tərəfindən 500 manat pul ödənilmişdir. Eyni zamanda, qarşılıqlı iddia ərizəsinin verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə Cavabdeh 530 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa, iddiaçı ona qarşı bilə-bilə məhkəmədə əsassız iddia qaldırmaqla onu məhkəməyə get-gələ salmış, hüquqlarını kobud surətdə pozmaqla ona mənəvi sarsıntı, iztirab vermişdir. Ona görə də hesab edir ki, ilkin iddia üzrə iddiaçının biləbilə ona qarşı əsassız iddia qaldırması nəticəsində mənəvi iztirab çəkməyinə görə 500 (beş yüz) manat məbləğində mənəvi zərərin əvəzi tutulmalıdır. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verdi və şikayətin təmin olunmasını xahiş etdi. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən apellyasiya şikayəti üzrə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və işdə olan sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(060)- 2554/2024 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, həmin hissə üzrə yeni qətnamə qəbul edilərək qarşılıqlı iddia qismən təmin edilməli, "X5 Xidməti" publik hüquqi şəxsdən Cavabdeh xeyrinə mənəvi zərərin əvəzi kimi 250 manat və maddi ziyana görə də 250 manat pul vəsaiti alınıb ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 77.1-ci mаddəsinə əsаsən, hər bir tərəf öz tələb və etirаzlаrının əsаsı kimi istinаd etdiyi hаllаrı sübut etməlidir. Həmin Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. İşdə olan xx.xx.2024-cü il tarixli abonentin kartından görünür ki, Cavabdeh adına olan abonent kartı üzrə ünvan 2 ünvanında 4 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə ümumilikdə 848.57 manat borc hesablanmışdır. İşdə olan xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, yaranmış borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh bildiriş ünvanlanmışdır. İşdə olan xx.xx.2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə”dən görünür ki, həmin müqavilə ünvan 3 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı1 ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanılmışdır. Müqavilə abonent tərəfindən imzalanmamışdır. İşdə olan “X6” MMC tərəfindən verilmiş 3816 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası“ ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi, 7-ci km ünvanında yerləşən “ünvan 5 X3 qeydiyyatsız olaraq yaşayır və mənzil ona məxsusdur. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldıraraq, onun xeyrinə Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 848,57 manat borcun (abonent kodu: **********350) və ödənilmiş 30 manat dövlət rüsumu əvəzinin tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaya əsasən, cavabdehin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinə görə borcu ünvan 1 ünvanında xx.xx.2016-cı il tarixdə quraşdırılmış ABSERON-1tipli, 501008 nömrəli, B809731 plomblu və xx.xx.2023-cü ildə quraşdırılmış İSS-20M-2 tipli, 22166473 nömrəli, E052064 plomblu su sayğaclarının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Lakin məhkəmə araşdırması zamanı cavabdehin ünvan 1 ünvanına heç bir aidiyyatının, yəni həmin mənzilin mülkiyyətçisi və ya kirayəçisi, yaxud oraya qeydiyyatının olmaması, heç vaxt orada özünün və ya ailə üzvlərinin faktiki yaşamaması, həmin ünvana göstərilən müvafiq xidmətlərdən hər hansı formada istifadə etməməsi, eləcə də su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin göstərilməsi üçün iddiaçıya müraciət etməməsi və onunla iddiaçı arasında müvafiq xidmətlərin göstərilməsinə dair müqavilənin bağlanmaması məlum olmuşdur. İddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi xx.xx.2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilə” isə İddiaçı1 ASC ilə Cavabdeh arasında deyil, “Cavabdeh Bayramşərif oğlu” adlı şəxs arasında bağlanmaq üçün tərtib olunsa da, lakin müqavilədə sonuncunun imzası yoxdur... “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 61-ci maddəsinin 1-ci bəndinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır... Lakin ünvan 1 ünvanına münasibətdə qeyd edilən faktların heç biri Cavabdeh aid olmamışdır. İşin şərh olunan hallarını nəzərə alıb bu hallara tətbiq edilməli qanun normaları baxımından hüquqi qiymət verən birinci instansiya məhkəməsi İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin (prosessual hüquqi varisi "X5 Xidməti" publik hüquqi şəxs) Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilk iddiasını təmin etməmişdir. İddiaçı bununla razılaşaraq məhkəmənin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Birinci instansiya məhkəməsi Cavabdeh İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə qarşı mənəvi-maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiasını da təmin etməmiş, bununla razılaşmayan cavabdeh məhkəmə qətnaməsinin həmin hissəsindən apellyasiya şikayəti vermişdir. Birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya münasibətdə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh qarşılıqlı iddia ərizəsində ilkin iddiaçının ona qarşı məhkəmədə iddia qaldırmasından ibarət hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və ona 500 manat məbləğində mənəvi zərər dəydiyini iddia etsə də, ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə iclasında məhkəməyə təqdim etməmişdir. Digər tərəfdən, məhkəmə hesab etmişdir ki, İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinin su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə abonent kimi qeydə alınmış şəxsə qarşı iddia qaldırması cavabdehə mənəvi ziyan vurulmasına gətirib çıxaran təqsirli hərəkət kimi qəbul edilə bilməz. İddiaçı məhkəmədə iddia qaldırarkən qanunla müəyyən olunmuş məhkəmə müdafiəsi hüququndan istifadə etmişdir. Habelə, cavabdehin ona qarşı irəli sürülmüş iddiadan müdafiə olunmaq üçün çəkdiyi məhkəmə xərci də ona vurulmuş maddi ziyan kimi qiymətləndirilə bilməz... Bu səbəblərdən məhkəmə qarşılıqlı iddianı əsassız hesab etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə ilə razılaşmır. Belə ki, işin hallarından göründüyü kimi, İddiaçı1 ASC cavabdehə qarşı dəfələrlə və açıq-aşkar əsassız olan iddialar qaldıraraq sonuncunu guya 2016-cı ildən bəri istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin haqqını ödəməməkdə günahlandırmış və məhkəmə vasitəsilə ondan yaranmış borcunu ödəməyi tələb etmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin əsassızlığı və yaranmış borcun həmin cavabdehə aid olmaması müəyyən edilsə də, iddiaçı eyni binada daha bir neçə mənzil üzrə hesablanmış borcların həqiqətən də həmin cavabdehə aid olub-olmamasını araşdırmadan borclarla bağlı sonuncuya qarşı iddia ərizələri ilə məhkəməyə müraciət etməyi davam etdirmişdir. Hər bir məhkəmə işinin cavabdeh qismində cəlb olunan şəxs üçün müəyyən narahatlıq və emosional gərginlik yaratması, psixoloji vəziyyətinə mənfi təsir göstərməsi təbiidir. Cavabdeh belə psixoloji halın dəfələrlə və açıq-aşkar əsassız iddiaların irəli sürülməsi səbəbindən baş verməsini ona mənəvi sarsıntı yetirən amil kimi qəbul etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099.1-ci maddəsinə əsasən, hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Hazırkı iş üzrə su təchizatı müəssisəsinin, yəni iddiaçının işçilərinin (səlahiyyətli nümayəndələrinin) öz vəzifələrini yarıtmaz icra etmələri nəticəsində cavabdehə qarşı əsassız iddialar irəli sürülmüş və məhkəmə icraatları zamanı əslində iddiaların əsl olmayan cavabdehə qarşı irəli sürüldüyü məlum olmuşdur. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. Həmin Qanunun 62-ci maddəsində deyilir ki, qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Lakin işdən göründüyü kimi, mübahisəli borcun yarandığı ünvanda istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin haqqı 2016-cı ildən indiyədək ödənilmədiyi halda su təchizatı müəssisəsinin müvafiq səlahiyyətli nümayəndəsi vaxtında həmin ünvanda abonentin kimliyi, onunla lazımi qaydada müqavilənin bağlanıbbağlanmaması ilə maraqlanmamış, istehlakçıya borcun ödənilməsi barədə vaxtında xəbərdarlıq etməmiş, sözügedən ünvana xidmətlərin göstərilməsini dayandırmamış, habelə qanunda nəzərdə tutulmuş digər tədbirlər görməmişdir. Sonda isə həmin ünvan üzrə yaranmış borca görə iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. “Su təchizatı və tullantı suları haqqında” Qanunun 72-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisələri bu Qanunun tələblərini pozduqlarına görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, iddianın əsassızlığı və yaranmış borcun cavabdehə aid olmaması məhkəmə tərəfindən müəyyən ediləndən sonra iddiaçının mahiyyətcə eyni əsas və hallar üzrə, habelə eyni pozuntularla cavabdehə qarşı məhkəmədə yeni-yeni iddialar qaldırması sonuncuya mənəvi zərər vuran hərəkətlər kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı əvvəlki iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən bilməli idi ki, onun cavabdehə qarşı mahiyyətcə eyni olan hallar üzrə yeni iddialar qaldırması düzgün deyil və bunun nəticəsi uğurlu olmayacaq. Lakin iddiaçı bu xüsusatı nəzərə almadan cavabdehə qarşı növbəti iddialar irəli sürməyi davam etdirmiş, bununla cavabdehin həm maddi, həm də mənəvi zərər çəkməsinə səbəb olmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir... Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır... Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Həmin Qərarın 4-cü bəndində izah olunur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qərarın 10-cu bəndinə əsasən, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Qərarın 11-ci bəndində izah olunur ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə kollegiyasının qənaətincə, işin qeyd olunan hallarına əsasən cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) tərəfindən açıqaşkar əsassız olaraq məhkəmə icraatlarına cəlb olunması nəticəsində ona mənəvi-maddi zərər vurulması barədə iddiası əsaslıdır və buna görə sonuncudan kompensasiya tələb etməkdə haqlıdır. Şərh olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Cavabdeh qarşılıqlı iddiasının qismən, yəni mənəvi zərərin əvəzinin ödənilməsi hissəsində 250 manat, maddi ziyanın əvəzinin ödənilməsi hissəsində də 250 manat həcmində təmin olunması məqsədəuyğundur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qarşılıqlı iddiaya aid hissədə işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olmayan nəticəyə gəlmişdir. MPM-in 385.1 və 385.1.4-cü maddələrinə müvafiq olaraq, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. MPM-in 402.1-ci maddəsinə müvafiq olaraq mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olan əmlak xarakterli iddialar üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh vəkili-nümayəndəsi Vəkil apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 03 iyun 2024-cü il tarixli, 2(060)-2554/2024 nömrəli qətnaməsi qismən - qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh İddiaçı1 Açıq Səhmdar Cəmiyyətinə (hazırda onun hüquqi varisi olan "X5 Xidməti" publik hüquqi şəxsə) qarşı mənəvi-maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair qarşılıqlı iddiası qismən təmin edilsin. "X5 Xidməti" publik hüquqi şəxsdən vurulmuş mənəvi zərərin əvəzi kimi 250 (iki yüz əlli) manat və maddi ziyana görə də 250 (iki yüz əlli) manat məbləğlərdə pul vəsaiti alınıb Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Hazırkı qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(105)-1280/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1280/2024
01.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver