Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-613/2023 11.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-613/2023 (Açar sözlər: borcun silinməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xəyal Əjdər oğlu Sarıyev (sədrlik edən və məruzəçi), X5 və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakları ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(010)-3915/2022 saylı qətnaməsindən cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1."xxxx" ASC tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş NDM seriyalı 029470 nömrəli xx.xx.2022-ci il tarixli akt üzrə abonentin-iddiaçının hesabına 1061,30 manat borc yazılmışdır. 2.İddiaçı həmin akt üzrə hesablanmış borcu qanunsuz hesab etdiyindən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a)Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli, HDM 029470 №-li aktın ləğv edilməsinə, həmin aktdan irəli gələn 1061,30 manatın hesab kodundan silinməsi və "xxxx" ASC-dən qanunsuz hərəkətlərinə görə ona dəymiş 10.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Sonradan İddiaçı ərizə təqdim edərək, cavabdeh "xxxx" ASC-nin xx.xx.2022-ci il tarixli, NDM seriyalı 029470 nömrəli aktına əsasən onun ünvanına yazılmış 1059 manat məbləğində borcun ləğv olunması və 10.000 manat mənəvi ziyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, iyul ayının 27-də onlara heç bir xəbərdarlıq edilmədən işıqları kəsilmişdir. Sonradan səbəbini araşdırdıqda ikinci işıq xəttinin olmasına görə akt yazılıb, cərimə olunduğunu bildirmişlər, halbuki bu əsassızdır. İddia tələbinin mənəvi ziyanla bağlı hissəsinə münasibətdə isə bildirdi ki, o, bu məsələ ilə də çox əsəbləşib müalicə almışdır. Bu səbəbdən mənəvi zərərlə bağlı heç olmasa həmin pulun yarısının onun xeyrinə tutulmasını istəyir. Buna görə də qeyd edilənlərin nəzərə alınmasını və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. 6.Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə iddiaçının yaşadığı mənzildəki sayğaca baxış keçirilib. Baxış zamanı aşkar olunmuşdur ki, sayğacın qoşulma sxemi səhvdir, yəni kənar xətdən sıfır xətt verilməklə sayğac dövriyyədən kənarlaşdırılıb. Həmin fakt əsasında akt tərtib edilib. Akt tərtib olunan vaxt iddiaçıya məlumat verilib, iştirak edən şəxs olmadığı üçün akt iştirakları olmadan tərtib edilib və itirilmiş elektrik enerjisinin dəyəri sonradan hesablanaraq 1059 manat olduğu müəyyənləşdirilib. Buna görə də qeyd olunanları nəzərə alaraq iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 7.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 10 oktyabr 2022-ci il tarixli, 2(010)-3915/2022 saylı qətnaməsi ilə (hakim-Mahmudova Təranə) iddia qismən təmin edilərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2022-ci il tarixli NDM seriyalı 029470 nömrəli aktına əsasən ünvan 1 ünvanına (abonent kodu: **********5002A) hesablanmış 1059 (bir min əlli doqquz) manat məbləğində borcun ləğv olunması, iddianın qalan hissədə rədd olunması və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30,59 (otuz manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. 8.İş materiallarında olan "xxxx" ASC-nin əməkdaşları Abdullayev B. və Məmmədov A. tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş NDM seriyalı, 029470 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, baxış keçirilən zaman məlum oldu ki, fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxemi səhvdir. Kənar mənbədən 0- sıfır verməklə sayğac dövrədən kənarlaşdırılıb. 9."xxxx" ASC-nin Akt komissiyası tərəfindən tərtib edilmiş “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblər” haqqında cədvəldən görünür ki, xx.xx.2022-ci il tarixdə NDM 029470 saylı akt tərtib edilmiş və itirilmiş enerjinin bərpası məqsədilə abonentə 1059 manat dəyərində əlavə sərfiyyat hesablanmışdır. 10.Videodiskdən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin elektrik sayğacının qoşulma sxeminin səhv olduğu və kənar mənbədən 0-sıfır verməklə sayğacın dövrədən kənarlaşdırıldığı bildirilmişdir. 11.Məhkəmə hesab etmişdir ki, hazırkı işdə iddiaçıya aid hesablaşma elektrik sayğacı cavabdehə məxsus yaşayış evində deyil, yaşayış evinin hasarının xarici tərəfində quraşdırılıb və buna görə də, iddiaçı o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin sayğaca müdaxilədə onun təqsiri sübuta yetirilmiş olsun. Əks halda, yuxarıda qeyd edilən Qaydalar onun məsuliyyətini istisna edir. Odur ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçının ünvanına hesablanmış 1059 manat məbləğində borc ləğv olunmalıdır. 12.Məhkəmə mənəvi zərərlə bağlı hissədə iddianı əsassız hesab edərək, təmin olunmaması qənaətinə gəlmişdir 13.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 1.1, 1.4, 9.1, 9.19, 7.11; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21,“Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.5, 8.1.2-ci; Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 14.Cavabdeh "xxxx" ASC qətnamədən apellyasiya şikayəti verərək, iddianın təmin edilmiş hissədə ləğv edilməsini və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 15.Apellyasiya şikayətində qeyd olunur ki, 27 iyul 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları abonent İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış elektrik sayğacına (abonent kodu **********5002A) baxış keçirmiş, baxış zamanı sayğacın qoşulma sxeminin səhv olması və kənar mənbədən sıfır xətti verilməklə sayğacın dövrədən kənarlaşdırıldığı aşkar edilmişdir. Aşkar olunmuş faktla bağlı tərəflərindən NDM № 029470 saylı akt tərtib edilmiş və bu barədə abonentə məlumat verilməsinə baxmayaraq aktın tərtib edilməsində abonent və ya onun nümayəndəsi iştirak etməmişdir. Bu səbəbdən də EEİQ-nin tələblərinə uyğun olaraq aşkar edilmiş pozuntu faktının "xxxx" ASC-nin əməkdaşları tərəfindən video-çəkilişi aparılmaqla qeydə alınmışdır."xxxx" ASC-nin Akt komissiyasının Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərə dair qərarına əsasən itirilmiş elektrik enerjisinin dəyəri 1059 manat məbləğində müəyyən edilməklə abonentin **********5002A nömrəli abunə haqqında məlumatına daxil edilmiş və yaranmış borcun ödənilməsi üçün abonentin ünvanına müvafiq bildiriş göndərilmişdir. Cavabdeh hesab edir ki, qeyd edilən akt qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmiş və akta əsasən hesablanmış itirilmiş elektrik enerjisinin dəyəri iddiaçı tərəfindən ödənilməlidir. Bundan başqa Akt tərtib olunarkən aşkar olunmuş kənar xəttin videogörüntülərini özündə əksetdirən disk sübut qismində tərəflərindən birinci instansiya məhkəməsinə təqdim edilməsinə baxmayaraq videodiskdə qeyd edilən hallar məhkəmə tərəfindən kifayət qədər ətraflı araşdırılmamış və qeyd edilən hallara düzgün hüquqi qiymət verilməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
a)Məhkəmə icraatı iştirakçılarının izahatları
17.Məhkmə kollegiyasının iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, apellyasiya şikayətində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin iddianın qismən təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iddianın rədd edilməsini xahiş etdi. 18.Məhkəmə kollegiyasının iclasında iddiaçı X4 apellyasiya şikayətini qəbul etmədi, iddia tələbində göstərilənlərə uyğun məzmunda izahat verərək, qətnamənin iddianın qismən təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
19.“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin 8-ci bəndinin tələbinə əsasən dövlət istehlakçılara öz hüquqları və onların müdafiəsi haqqında zəruri məlumat almaq üçün şərait yaradır. 20.Həmin Qanunun 17-ci maddəsinin tələbinə əsasən ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) qaydaları Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Bu qaydalar “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına zidd olmamalıdır. 21.Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı qərarı ilə təsdiq olunmuş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri- cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. 22.Həmin Qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. 23.Qeyd olunan Qərarın 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 24.Həmin Qərarın 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 25.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 26.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
27.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız mübahisələndirilən hissəsində şikayətin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirildiyi hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və ya dəyişdirə bilər. 28.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın qismən təmin edilən hissədə qanuniliyinin və əsaslılığının yoxlanmasə təşkil edir. Çünki cavabdeh qətnaməni həmin hissədə mübahisələndirmiş, iddiaçı isə apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29.Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və işin materiallarını tədqiq edərək hesab edir ki, apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(010)-3915/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 30.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçıya məxsus ünvanda cavabdehin əməkdaşları tərəfindən sayğacda pozuntu halının mövcudluğunu və bu pozuntunun məhz istehlakçının təqsiri üzündən yarandığını təsdiq edən sübut təqdim edilməmişdir. Cavabdeh tərəfin bununla bağlı təqdim etdiyi onun mənafeyinə uyğun yeganə sübut tərtib olunmuş aktdır. Həmin akt isə qüsurlu olduğundan qanuni hesab edil bilməz. Bu səbəbdən də, məhkəmə hesab etmişdir ki, göstərilən akt əsasında hesablanmış cərimə silinməlidir. 31.Belə ki, qeyd olunan Qərarın 8.33-cü bəndində təsbit olunmuşdur ki, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 32."xxxx" ASC-nin əməkdaşları Abdullayev B. və Məmmədov A. tərəfindən ünvan 1 ünvanına dair tərtib edilmiş NDM seriyalı 029470 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abunəçi və hal şahidləri aktı imzalamamışlar. 33.Videogörüntüdən də göründüyü kimi hazırkı işdə iddiaçıya aid hesablaşma elektrik sayğacı cavabdehə məxsus yaşayış evində deyil, yaşayış evinin hasarının xarici tərəfində quraşdırılıb və buna görə də, iddiaçı o halda məsuliyyətə cəlb edilə bilər ki, həmin sayğaca müdaxilədə onun təqsiri sübuta yetirilmiş olsun. 34.Hazırki halda cavabdeh tərəfindən tərtib edilmiş aktın qəbul edilməsi üçün əsas olmuş halları aktın və hesablanmış borcun doğruluğunu sübut etmək vəzifəsi bu aktın qəbul etmiş orqanın üzərinə düşdüyündən və həmin aktın qəbul edilməsi üçün əsas olmuş hallar, eləcə də həmin halların mövcudluğu cavabdeh tərəfindən sübuta yetirilmədiyindən həmin akt üzrə hesablanmış zərər də istehlakçı tərəfindən ödənilə bilməz. Bütün qeyd edilənlərə əsasən məhkəmə düzgün olaraq hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçının ünvanına hesablanmış 1059 manat məbləğində borc ləğv olunmalıdır. 35.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 36.Apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 37.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 38.Apellyasiya şikayətinin dəlilini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 39.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 oktyabr 2022-ci il tarixli, 2(010)-3915/2022 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz .
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Fuad Abdıyev
Fərrux Qasımov