Məhkəmə qərarları › İş №2(105)-1341/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1341/2024

16.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1341/2024 16.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi barədə” ilk və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə (hazırda onun hüququ varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ) qarşı “mənəvi zərər tələbi” barədə qarşılıqlı iddia ərizələrinə dair mülki iş üzrə (Açar sözlər: borcun tutulması, mənəvi zərər) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X6 (sədrlik edən və məruzəçi), X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2555/2024 nömrəli qətnaməsindən qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İşdə olan “abonent kartı”ndan görünür ki, Abşeron, Abşeron Gənclər şəhərciyi, ev 29, mənzil 37 ünvanı üzrə Cavabdeh su və kanalizasiya xidmətləri üzrə yaranmış borcu 386,50 manat təşkil edir.

2. İşə əlavə olan Azərbaycan Respublikası İddiaçı2 ASC tərəfindən Abşeron, Abşeron Gənclər şəhərciyi, ev 29, mənzil 37–də yaşayan Cavabdeh ünvanladıqları xəbərdarlıq məktubundan müəyyən edilir ki, Cavabdeh xx.xx.2024-cü il tarixinə su və tullantı su xidmətlərindən istifadəyə görə İddiaçı2 ASC-yə 386,50 manat son ödəmə tarixi keçmiş, ödənilməmiş borcu yaranmışdır.

3. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-412/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı2 ASC-nin Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməsi qət edilmişdir.

4. İşdə olan Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-427\2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi qət edilmişdir.

5. İşə əlavə olan “X9” MMC-nin xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin inşa etdiyi Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən Abşeron Gənclər Şəhərciyi yaşayış kompleksində ev 29, mənzil 37 ünvanı X3 məxsusdur.

6. İşdə olan xx.xx.2017-ci il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 4 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı2 ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanılmışdır, müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır.

Birinci instansiya məhkəməsində icraat

7. İlkin İddiaçı2 ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 386,50 manat borcun (abonent kodu: **********370) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. İlkin iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh (abonent kodu **********370) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024cü il tarixinə 386 (üç yüz səksən altı) manat 50 (əlli) qəpik borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 5 ünvanında, ona məxsus ev-mənzildə xx/xx/2021-ci il tarixdə quraşdırılmış İSS-15 tipli, 507164 nömrəli, C483952 plomblu su sayğacının göstəricilərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı2 ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

9. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilkin iddia üzrə İddiaçı2 ASC'-nin ilkin iddia üzrə Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 386.50 manat borcun (abonent kodu: **********370) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə iddiasının rədd edilməsinə, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-dən vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manat pul vəsaitinin, cəmi 1000 (min) manat məbləğində pul vəsaitinin qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

10. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, ilkin iddia üzrə İddiaçı2 ASC-nə qarşı qarşılıqlı iddia verərək ilkin iddia üzrə İddiaçı2 ASC-nin ilkin iddia üzrə Cavabdeh qarşı "borcun ödənilməsi“nə dair iddia ərizəsi əsassız olduğundan rədd edilməli və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı2 ASC-dən 500 manat maddi zivanın və 30 manat dövlət rüsumunun, cəmi 530 manat pulun tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməlidir. Belə ki, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 29, 37 nömrəli mənzilin ona heç bir aiddiyyatı yoxdur. Həmin mənzil X3 məxsusdur. Bundan başqa həmin mənzilə görə Elmanla İddiaçı2 ASC-nin arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmamış, mənzilə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməmişdir. "Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 3-cü bəndinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Beləliklə qanunvericiliyin istinad edilən normalarından göründüyü kimi suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli nə bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-salqısı müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təhcizatı müəssisəsinin müraciət edən şəxsin obyektin sahibi olub-olmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Beləliklə iş materiallarında ilkin iddia üzrə iddiaçı ilə ilkin iddia üzrə cavabdeh arasında heç bir müqavilə mövcud olmamış, ilkin iddia üzrə Cavabdeh bununla bağlı qeyd olunan mənzilin su ilə ləhciz olunmasına görə heç bir müraciət etməmiş, digər yandan qeyd olunan mənzilin Cavabdeh heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşaması, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Eyni zamanda iddia ərizəsindən də göründüyü kimi tərəfər arasında hər hansı bir müqavilənin bağlanılması ilə bağlı heç bir sübut əlavə olunmamışdır ki, bütün bunlar bir daha tərəfər arasında müqavilənin olmadığını iddianın əsassız olduğunu sübut etmiş olur. Beləliklə qanunvericliyin sadalanan normalarına görə öhdəliyin yaranması üçün ilk öncə müqavilə bağlanmalı, həmin hər iki tərəfin iradə ifadəsi öz əksini tapmalı, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmalıdır ki, iş materiallarında tərəflər arasında imzalanmış hər hansı bir müqavilə olmadığından ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyildir. Oxşar iddialarla İddiaçı2 ASC tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış, həmin iddialar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı2 ASC Cavabdehla aralarında alqı-satqı müqaviləsinin olmadığını bildiyi halda ona qarşı hal-hazırda qeyd olunan mənzilə dair iddia qaldırmaqla kobud şəkildə onun hüquqlarını pozmuşdur. Hüquqlarının bərpa olunması və məhkəmədə müdafiə etməsi üçün onunla müqavilə bağlamış və 500 manat pul ödənilmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə ona 530 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı tərəfindən ona qarşı bilə-bilə məhkəmədə əsassız çoxsaylı iddiaların qaldırılması cavabdehin hüquqlarını kobud surətdə pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Ona görə hesab edir ki, ilkin iddia üzrə iddiaçının bilə-bilə cavabdehə qarşı əsassız iddia qaldırılması nəticəsində mənəvi iztirab çəkməyinə görə 500 (beş yüz) manat məbləğində mənəvi ziyan tutulmalıdır.

12. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(060)-2555/2024 nömrəli qətnaməsi ilə iddiaçı-cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin cavabdeh-iddiaçı Cavabdeh qarşı “su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair” ikin iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş rüsumun iddiaçının özünə aid edilməsi, cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinə qarşı “mənəvi zərər tələbi” barədə qarşılıqlı iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia tələbi üzrə ödənilmiş dövlət rüsumun cavabdeh-iddiaçıya aid edilməsi qət edilmişdir (hakim Gülnarə Tağızadə).

13. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırki iş üzrə Cavabdeh ata adı Eminalı olduğu halda, sözügedən müqavilədə istehlakçı kimi qeyd edilən şəxsin ata adı Bayramşərifdir. Mübahisəli ünvana dair məhkəməyə təqdim edilmiş abonent kartında isə abonent kimi Cavabdeh adlı şəxs qeyd edilmiş, həmin şəxsin ata adı qeyd edilməmişdir. Müqavilədə cavabdehin ata adının səhv olması texniki yanlışlıq kimi qəbul edilsə belə, məhkəmə hesab edir ki, sözügedən müqavilə Cavabdeh tərəfindən imzalanmadığından həmin sənəd tərəflər arasında yaranmış münasibətləri tənzimləyən və tərəflərin iradə ifadəsini əks etdirən mötəbər sübut kimi qəbul edilə bilməz. İşin qeyd edilən hallarını nəzərə alan məhkəmə hesab etmişdir ki, hazırki halda İddiaçı2 ASC-nin Abşeron rayonu, Gənclər şəhərciyi, ev 29, 37 saylı mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 386,50 manat borcun Cavabdeh tərəfindən ödənilməsini tələb etmək hüququ yoxdur.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 5.3, 30, 61.1-ci maddələrinə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarına, "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 77.2, 124.2-ci maddələrinə istinad etməklə ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri

15. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasiya şikayəti verib Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(060)-2555/2024 saylı qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunmasını və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Şikayətin dəlilləri: İddiaçı2 ASC tərəfindən Cavabdeh qarşı Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyində yerləşən mənzillərdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi ilə bağlı ayrı-ayrılıqda 7 (yeddi) iddia qaldırılmışdır. Həmin iddialardan 3-ü eyni vaxtda, qalan 4-ü isə sonradan Sumqayıt şəhər Məhkəməsinə verilmişdir. Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 29, 37 nömrəli mənzilin ona heç bir aiddiyyatı yoxdur. Bundan başqa həmin mənzilə görə onunla "xxxx" ASC-nin arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmayıb, mənzilə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməyib. Qanunvericiliyin normalarına əsasən suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı satqlısı müqaviləsi əsasında həyat keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və va tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təhcizatı müəssisəsi müraciət edən şəxsin obyektin sahibi olub olmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. İlk 3 iddia məhkəmədə araşdırılan zaman müəyyən olunmuşdur ki, həmin mənzillərin Cavabdeh heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşamaşı, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Bundan başqa aparılan araşdırmalar zamanı İddiaçı2 ASC ilə Cavabdeh arasında hər hansı bir müqavilənin bağlanılması ilə bağlı heç bir subut mövcud olmamışdır. Eyni zamanda cavabdeh tərəf olaraq müvafiq sorğular əsasında İddiaçı2 ASC-dən alınmış müqavilələrdə müqavilənin İddiaçı2 ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlandığı və müqavilədə Cavabdeh aid heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Bütün bunları nəzərə alan məhkəmə hər 3 iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Lakin bütün bu qeyd olunanlara və məhkəmə tərəfindən hər 3 iddia tələbinin rədd edilməsinə, İddiaçı2 ASC-nin Cavabdeh ilə aralarında alqı-satqı müqaviləsinin olmamasına və Cavabdehadına abonent kodun açıldığı mənzillərin Cavabdeh heç bir aidiyyəti olmadığı halda yenidən ona qarşı eyni əsaslarla və pozuntularla yenidən iddia qaldırmışdır. Bundan başqa bildirmək istəyir ki, oxşar iddialarla İddiaçı2 ASC tərəfindən Cavabdeh qarşı iddia qaldırılmış, həmin iddialar Sumqayıt şəhər Məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı2 ASC Cavabdehla aralarında alqı-satqı müqaviləsinin olmadığını bildiyi halda ona qarşı halhazırda yuxarıda qeyd olunan mənzilə dair iddia qaldırmaqla kobud şəkildə mənim hüquqlarımı pozmuşdur. Hüquqlarımın bərpa olunması və məni məhkəmədə müdafiə etməsi üçün Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və tərəfimdən 500 (manat) pul ödənilmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə mənə 530 manat miqdarında maddi ziyan dəymişdir. Qanunvericiliyin qeyd olunan müddəasının tələblərindən görünür ki, mülki hüquqi məsuliyyətin yaranması üçün bir sıra məcburi şərtlərin olması tələb olunur. Həmin şərtlərə borclunun (zərərvuranın) hüquqa zidd davranışı, həmin davranış ilə vurulmuş zərər faktı arasında səbəbli əlaqə və borclunun (zərərvuranın) təqsiri aiddir. Həmin şərtlərdən hər hansı birinin mövcud olmaması mülki hüquqi məsuliyyəti istisna edir. Beləliklə qeyd olunanları nəzərə alsaq görmüş oluruq ki, iddiaçı Cavabdeh qarşı bilə-bilə əsassız iddia qaldırmaqla ona 500 manat maddi zərər vurmuşdur. Lakin nədənsə məhkəmə qeyd olunan məqama ümumiyyətlə heç bir münasibət bildirməmişdir Bundan başqa ilkin iddia üzrə iddiaçı tərəfindən ona qarşı bilə-bilə məhkəmədə əsassız iddia qaldırlmaqla onu məhkəməyə get-gələ salmış, hüquqlarını kobud surətdə pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Ona görə də hesab edir ki, ilkin iddia üzrə iddiaçının bilə-bilə ona qarşı əsassız iddia qaldırması nəticəsində mənəvi iztirab çəkməyinə görə 500 (beş yüz) manat məbləğində mənəvi ziyan tutulmalıdır. İşə baxan hakim prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ilkin iddia üzrə cavabdehin iş materiallarında olan sübutlara heç bir münasibət bildirməmişdir. Belə ki, Cavabdeh oğli ilə Vəkil arasında 06 aprel 2024-cü il tarixdə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış və müqavilənin dəyəri 500 manat göstərilmişdir. İş materiallarında olan xx.xx.2024 cü il tarixli qəbzdən görünür ki, Abşeron rayon Vəkil Bürosuna 500 manat pul ödənilmişdir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamışdır. Məhkəmə Cavabdeh tərəfindən Abşeron rayon Vəkil Bürosuna hüquqi yardıma görə 500 manat ödənilməsini araşdırmamışdır.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımi qaydada tərəflərə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər.

19. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. Qeyd olunan hüquq normasını əsas götürərək məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

20. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

21. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu

24. Maddə 62. Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 saylı “Sudan istifadə Qaydaları” haqqında Qərarının

25. 1.6-cı maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə STKM arasında bağlanılmış alqı-satqı müqaviləsinə (bundan sonra – müqavilə) əsasən həyata keçirilir.

26. 2.1.4-cü maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcminin və dəyərinin, həmçinin istismarda olan su təchizatı və kanalizasiya sistemlərinin tam və dəqiq uçotunu aparmaq su təchizatı və kanalizasiya müəssisəsinin vəzifələrindən biridir.

27. 5.1.5-ci maddəsinə əsasən, verilən suyun və axıdılan tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesabın təqdim edilməsini, dəqiqləşdirilməsini, yol verilmiş qeyri-dəqiqliyin aradan qaldırılmasını və ya yenidən hesablama aparılmasını tələb etmək istehlakçıların hüquqlarıdır.

Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı qərarı

28. Bənd 2. ...Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf , ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

29. Bənd 10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır.

30. Bənd 11. ...Mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

34. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

38. Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir.

39. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun.

40. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

41. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

43. Apellyasiya şikayətindən görünür ki, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh məhkəmədən Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(060)-2555/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd olunması hissəsində ləğv olunmasını və qarşılıqlı iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

44. Bu səbəbdən kollegiya Sumqayıt Şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli qətnaməsinin qarşılıqlı iddiaya dair hissəsində yoxlanılmasını vacib hesab edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın rədd olunması hissəsində qismən ləğv edilməli, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılaraq, qarşılıqlı iddia qismən təmin edilməlidir.

46. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı2 ASC Cavabdeh qarşı Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyində yerləşən mənzillərdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi ilə bağlı iddia qaldırmışdır. Halbuki iş materiallarından tərəflər arasında su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün alqı-satqı müqaviləsinin bağlanması müəyyən olunmur. Həmçinin işdən görünür ki, eyni cavabdehə qarşı İddiaçı2 ASC tərəfindən dəfələrlə əsassız iddialar qaldırılmış, Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-412/2024 saylı, xx.xx.2024-cü il tarixli və Sumqayıt Şəhər Məhkəməsinin e-2(060)-427/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnamələrinə əsasən, İddiaçı2 ASC-nin Cavabdeh qarşı iddiaları təmin edilməmişdir. Buna baxmayaraq ilkin iddiaçı yenidən hazırkı iş üzrə əsassız olaraq iddianı Cavabdeh qaldırmışdır.

47. Kollegiya qeyd olunanaları nəzərə alaraq, birinci instansiya məhkəməsinin qarşılıqlı iddianın tam rədd olunmasına dair mövqe ilə razılaşmayaraq, hesab edir ki, İddiaçı2 ASC tərəfindən apellyanta qarşı dəfələrlə əsassız olaraq mahiyyətcə eyni hallar üzrə iddiaların qaldırılması Cavabdeh mənəvi zərərin vurulması ilə nəticələnmişdir, bu hərəkətlər onda mənəvi iztirab və sarsıntıların keçırilməsinə səbəb olmuşdur.

48. Kollegiya həmçinin qeyd edir ki, İddiaçı2 ASC-nin apellyanta qarşı çoxsaylı iddiaların qaldırması Cavabdeh hüquqi yardım göstərilməsi haqqında müqavilənin bağlanmasına səbəb olmuş, bununla da ona buna görə də maddi zərər vurulmuşdur.

49. Kollegiya vurulmuş mənəvi zərərin 250 manat və maddi zərərin 250 manat məbləğində müəyyən etməsini ədalətli, işin faktiki hallarına uyğun və ağlabatan sayır.

50. Məhkəmə kollegiyası tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia hissəsində qismən ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilməli, İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin hüququ varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-dən vurulmuş mənəvi zərərə görə 250 manat, maddi zərərə görə 250 manat, cəmi 500 manat məbləğində pul vəsaiti tutularaq, Cavabdeh xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt şəhər Məhkəməsinin 10 iyun 2024-cü il tarixli, 2(060)-2555/2024 nömrəli qətnaməsi qarşılıqlı iddia hissəsində qismən ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək, qarşılıqlı iddia qismən təmin edilsin. İddiaçı2 Açıq Səhmdar Cəmiyyətinin hüququ varisi olan “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsdən vurulmuş mənəvi zərərə görə 250 (iki yüz əlli) manat, maddi zərərə görə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) manat məbləğində pul vəsaiti tutularaq, Cavabdeh xeyrinə ödənilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar