Məhkəmə qərarları › İş №2(105)-1369/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-1369/2024

02.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-1369/2024 02.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı və iddiaçı Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə (hazırda onun hüquqi varisi olan "X5 Xidməti" X13ə) qarşı mülki iş üzrə (Açar sözlər: su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi – mənəvi zərər və hüquqi xidmətlə əlaqədar çəkilmiş xərclərin ödənilməsi) Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X7 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, məhkəmə katibi Cəfərova Aysel Ramiz qızının katibliyi, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2551/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1455,73 manat borcun (abonent kodu: **********080) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq ”Azərsu” ASC-nin hesabına ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı ”Azərsu” ASC tərəfindən Cavabdeh(abonent kodu **********080) su təchizatı sistemindən su buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə xx.xx.2024-cü il tarixinə 1455,73 (min dörd yüz əlli beş manat, 73 qəpik) manat borcu yaranmışdır. İstehlakçının istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan 1 ünvanında, ona məxsus ev-mənzildə xx.xx.2017-ci il tarixdə quraşdırılmış SSS-15 tipli, 505137 nömrəli, M135003 plomblu və xx.xx.2020-ci ildə quraşdırılmış İSS15M-1 tipli, 713148 nömrəli, C348707 plomblu su sayğaclarının göstəricilərinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmişdir. İddiaçı ASC tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildiriş, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.

3. Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ilk iddia üzrə iddiaçı ”Azərsu” ASC-nin iddiasının rədd edilməsi, qarşılıqlı iddia üzrə cavabdeh ”Azərsu” ASC-dən vurulmuş mənəvi zərərə görə 500 (beş yüz) manat və hüquqi yardıma görə vəkilə ödənilmiş 500 (beş yüz) manatın, cəmi 1000 (min) manatın qarşılıqlı iddia üzrə cavabdeh ”Azərsu” ASC-dən tutularaq qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 48, 8 nömrəli mənzilin ona heç bir aiddiyyəti yoxdur. Həmin mənzil X2 məxsusdur. Bundan başqa həmin mənzilə görə onunla İddiaçı ASC arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmamış, mənzilə görə müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməmişdir. Qanunvericiliyin normalarına əsasən suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və ya tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təhcizatı müəssisəsinin müraciət edən şəxsin obyektin sahibi olubolmamasını araşdırmalıdır. Qanunvericiliyin digər tələbi isə ondan ibarətdir ki, tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri pnların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindın su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Belə ki, iş materiallarında ilk iddia üzrə iddiaçı ilə onun arasında heç bir müqavilə mövcud olmamış, o bununla bağlı qeyd olunan mənzilin su ilə təchiz olunmasına görə heç bir müraciət etməmiş, digər tərəfdən qeyd olunan mənzilin ona heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşaması, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Eyni zamanda iddia ərizəsindən də göründüyü kimi tərəflər arasında hər hansı bir müqavilənin bağlanılması ilə bağlı heç bir sübut əlavə olunmamışdır ki, bütün bunlar bir daha tərəflər arasında müqavilənin olmadığını iddianın əsassız olduğunu sübut etmiş olur. Qanunvericiliyin normalarına görə öhdəlivin yaranması üçün ilk öncə müqavilə bağlanmalı, həmin hər iki tərəfin iradə ifadəsi öz əksini tapmalı, müqavilə onu bağlayan şəxslər tərəfindən imzalanmalıdır ki, iş materiallarında tərəflər arasında imzalanmış hər hansı bır müqavilə olmadığından ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçı qarşısında heç bir öhdəliyi mövcud deyildir. Bundan başqa bildirir ki, oxşar iddialarla İddiaçı ASC tərəfindən ona qarşı iddia qaldırılmış, həmin iddialar Sumqayıt Şəhər Məhkəməsi tərəfindən rədd edilmişdir. İddiaçı ASC onunla aralarında alqı-satqı müqaviləsinin olmadığını bildiyi halda ona qarşı hal-hazırda yuxarıda qeyd olunan mənzilə dair iddia qaldırmaqla kobud şəkildə onun hüquqlarını pozmuşdur. Hüquqlarının bərpa olunması və onu məhkəmədə müdafiə etməsi üçün Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və tərəfindən 500 (manat) pul ödənilmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə ona 530 manat miqdarında maddi ziyan dəymişdir. Bundan başqa ilkin iddia üzrə iddiaçı tərəfindən ona qarşı bilə-bilə məhkəmədə əsassız çoxsaylı iddiaların qaldırılması onun hüquqlarını kobud surətdə pozmaqla ona mənəvi sarsıntı, iztirab vermişdir. Ona görə də hesab edir ki, ilk iddia üzrə iddiaçının bilə-bilə ona qarşı əsassız iddia qaldırması nəticəsində mənəvi iztirab çəkdiyinə görə 500 (beş yüz) manat mənəvi ziyan tutulmalıdır.

5. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2551/2024 nömrəli qətnaməsi ilə (hakim Elmir Hüseynov) ilk və qarşılıqlı iddia tələblərinin təmin edilməməsi qət edilmişdir.

6. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, məhkəməyə təqdim edilmiş xx.xx.2016-cı il tarixli su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhali qrupuna aid olan fiziki şəxslərlə bağlanan müqavilədən görünür ki, həmin müqavilə ünvan 2 ünvanında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlanmış, lakin müqavilə Cavabdeh Bayramşərif oğlu tərəfindən imzalanmamışdır. Hazırki iş üzrə Cavabdeh ata adı Eminalı olduğu halda, sözügedən müqavilədə istehlakçı kimi qeyd edilən şəxsin ata adı Bayramşərifdir. Mübahisəli ünvana dair məhkəməyə təqdim edilmiş abonent kartında isə abonent kimi Cavabdeh adlı şəxs qeyd edilmiş, həmin şəxsin ata adı qeyd edilməmişdir. Müqavilədə cavabdehin ata adının səhv olması texniki yanlışlıq kimi qəbul edilsə belə məhkəmə hesab edir ki, sözügedən müqavilə Cavabdeh tərəfindən imzalanmadığından həmin sənəd tərəflər arasında yaranmış münasibətləri tənzimləyən və tərəflərin iradə ifadəsini əks etdirən mötəbər sübut kimi qəbul edilə bilməz. Cavabdeh Abşeron rayonu, Gənclər şəhərciyi, ev 48, 8 saylı mənzilin sahibi olmamaqla həmin mənzildə yaşamadığından, mənzildə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcu istifadə faktına əsasən mənzildə həmin xidmətlərdən istifadə edən şəxs ödəməli olduğundan, o cümlədən cavabdehlə iddiaçı arasında mübahisəli mənzilə dair qanunla müəyyən edilmiş qaydada müqavilə bağlanılmadığından İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair ilkin iddiası təmin edilməməlidir. Qarşılıqlı iddiaçı ərizəsində ilkin iddiaçının ona qarşı iddia qaldırmaqla məhkəməyə müraciət etməsindən ibarət hərəkətləri nəticəsində mənəvi əzab çəkdiyini və bunun nəticəsində ona 500 manat məbləğində mənəvi ziyan dəydiyini bildirsə də ərizəsinə bu halları təsdiq edən hər hansı sübut əlavə etməmişdir. Digər tərəfdən məhkəmə cavabdehin iddiaçı ASC tərəfindən ona ayrı-ayrı yeddi ədəd mənzillə bağlı iddia qaldırılması barədə dəlilləri ilə də razılaşmayaraq qeyd edir ki, hazırki mənəvi ziyan tələbinə dair iddia ərizəsi qarşılıqlı iddia formasında verilmişdir. Bu səbəbdən məhkəmə yalnız hazırki ilkin iddia tələbinə münasibətdə mənəvi ziyan tələbinə dair qarşılıqlı iddia ərizəsinin qanuni əsaslarını yoxlayıb müvafiq qərar qəbul etmişdir. Cavabdeh ilkin iddia ilə əlaqədar deyil, məhz qarşılıqlı iddianın verilməsi üçün vəkillə hüquqi yardım haqqında müqavilə bağlamışdır. Cavabdehin nümayəndəsi özü də izahatında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təmsil etdiyi tərəfə qarşı qaldırılan eyni məzmunlu üç iddianın son nəticədə rədd olunduğunu bildirmişdir. Beləliklə cavabdeh tərəf hazırki ilkin iddia tələbinin uğursuz olma ehtimalını əvvəlcədən bilmiş, buna baxmayaraq vəkillə hüquqi yardım haqqında müqavilə bağlamış və qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

7. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096.1, 1096.2, 1097.1, 21.1, 21.2, 1097-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrubəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı, 03 noyabr 2008-ci il tarixli qərarına, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə istinad edərək əsaslandırmışdır.

8. Azərsu” Açıq Səhmdar Cəmiyyətinin yenidən təşkil edilməsi ilə əlaqədar olaraq, cavabdeh qismində “X5 Xidməti” X13 işə cəlb edilmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2551/2024 nömrəli qətnaməsinin qarşılıqlı iddianın rədd edilməsi hissəsində ləğv edilməklə, qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı ASC tərəfindən Cavabdeh qarşı Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyində yerləşən mənzillərdə su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi ilə bağlı ayrı-ayrılıqda 7 (yeddi) iddia qaldırılmışdır. Həmin iddialardan 3-ü eyni vaxtada, qalan 4-ü isə sonradan Sumqayıt Şəhər Məhkəməsinə verilmişdir. Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi, ev 48, 8 nömrəli mənzilin ona heç bir aiddiyyatı yoxdur. Bundan başqa həmin mənzilə görə onunla "xxxx" ASC arasıda su təchizatı tullantı sularının axıdılması xidmətlərinə görə heç bir müqavilə olmayıb və müqavilə bağlanılması ilə bağlı iddiaçıya heç vaxt müraciət etməyib. Qanunvericiliyin normalarına əsasən suyun verilməsi ilə bağlı ilk öncə istehlakçı tərəfindən yazılı şəkildə müraciət edilməli, su təhcizatı müəssisəsi bu barədə razılıq verməli və bundan sonra isə su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsi əsasında həyat keçirilməsi nəzərdə tutulmuşdur. Qanunvericiliyin digər tələbinə görə isə su təchizatı müəssisəsi öz su təchizatı zonasında yerləşən hər hansı istehlakçının müraciətinə əsasən onu su təchizatı sisteminə qoşarkən istehlakçının mövcud və va tikilməsi planlaşdırılan obyektin və ya onun bir hissəsinin sahibi olması tələbini qoymuşdur. Yəni hər hansı bir şəxsin ona aid olmayan obyektə su çəkilməsi ilə bağlı müraciət etmək hüququ olmadığı kimi su təhcizatı müəssisəsi müraciət edən şəxsin obyektin sahibi olub-olmamasını araşdırmalıdır. Tərəflər arasında müqavilə olmadığı halda xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istiladə faktına əsaslanır. İlk 3 iddia məhkəmədə araşdırılan zaman müəyyən olunmuşdur ki, həmin mənzillərin ona heç bir aidiyyəti olmamaqla yanaşı, onun həmin mənzildə yaşamaşı, mənzilin icarəçisi olması və ya onun tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə etməsi faktı mövcud olmamışdır. Bundan başqa aparılan araşdırmalar zamanı İddiaçı ASC ilə Cavabdeh arasında hər hansı bir müqavilənin bağlanılması ilə bağlı heç bir subut mövcud olmamışdır. Eyni zamanda cavabdeh tərəf olaraq müvafiq sorğular əsasında İddiaçı ASC-dən alınmış müqavilələrdə müqavilənin İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasında bağlandığı və müqavilədə Cavabdeh aid heç bir məlumatın olmadığı müəyyən edilmişdir. Bütün bunları nəzərə alan məhkəmə hər 3 iddianın rədd edilməsi ilə bağlı qətnamə qəbul etmişdir. Lakin bütün bu qeyd olunanlara və məhkəmə tərəfindən hər 3 iddia tələbinin rədd edilməsinə, İddiaçı ASC-nin onunla aralarında alqı-satqı müqaviləsinin olmamasına və onun adına abonent kodun açıldığı mənzillərin ona heç bir aidiyyəti olmadığı halda yenidən yuxarıda qeyd olunan mənzilə dair iddia qaldırmaqla kobud şəkildə hüquqlarını pozmuşdur. Hüquqlarının bərpa olunması və onu məhkəmədə müdafiə etməsi üçün Abşeron rayon Vəkil Bürosunun vəkili Vəkil ilə müqavilə bağlamış və tərəfimdən 500 (manat) pul ödənilmişdir. Eyni zamanda qarşılıqlı iddia ərizəsi verilməsi üçün 30 manat dövlət rüsumu da ödənilməklə ona 530 manat miqdarında maddi ziyan dəymişdir. İiddiaçı ona qarşı bilə-bilə əsassız iddia qaldırmaqla ona 500 manat maddi zərər vurmuşdur. Bundan başqa ilkin iddia üzrə iddiaçı tərəfindən ona qarşı bilə- bilə məhkəmədə əsassız iddia qaldırlmaqla onu məhkəməyə get-gələ salmış, hüquqlarını kobud surətdə pozmaqla ona mənəvi sarsıntı, iztirab verir. Ona görə də hesab edir ki, ilkin iddia üzrə iddiaçının bilə-bilə ona qarşı əsassız iddia qaldırması nəticəsində mənəvi iztirab çəkməyinə görə 500 (beş yüz) manat məbləğində mənəvi ziyan tutulmalıdır. İşə baxan hakim prosessual qanunvericiliyin tələblərini kobud surətdə pozaraq ilkin iddia üzrə cavabdehin iş materiallarında olan sübutlara heç bir münasibət bildirməmişdir. Belə ki, onunla Vəkil arasında 03 may 2024-cü il tarixdə hüquqi yardım göstərilməsi haqqında müqavilə bağlanmış və müqavilənin dəyəri 500 manat göstərilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Abşeron rayon Vəkil Bürosuna 500 manat pul ödənilmişdir. Lakin məhkəmə qeyd olunanları nəzərə almamışdır. Məhkəmə qətnaməsində qeyd etmişdir ki, hazırki iş üzrə cavabdeh ilkin iddia ilə əlaqədar deyil, məhz qarşılıqlı iddianın verilməsi üçün vəkillə hüquqi yardım haqqında müqavilə bağlamışdır. Məhkəmənin buna dair mövqeyi tamamilə əsassızdır. Belə ki, vəkilə ödənilmiş pul qarşılıqlı iddia ilə bağlı olmamış, ilkin iddia ilə bağlı olmuşdur ki, ilkin iddia verildiyinə görə iddiaçı vəkil xidmətindən istifadə etməyə məcbur qalmışdır.

b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

11. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Apellyasiya icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında Cavabdeh nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək bildirdi ki, İddiaçı ASC təmsil etdiyi şəxsə qarşı Gənclər şəhərciyində olan 3 ayrı mənzilə dair üç iddia qaldırmışdır. Həmin mənzillərin cavabdehə məxsus olduğu bildirilmişdir. İddialardan biri Sumqayıt Şəhər Məhkəməsinin bir hakimi tərəfindən təmin edilmiş, digər iddialar isə rədd edilmişdir. İddianın təmin olunmasına dair qətnamədən apellyasiya şikayəti verilmiş, apellyasiya instansiyası məhkəməsində birinci intansiya məhkəməsinin qərarı ləğv olunaraq iddia rədd edilmişdir. Müəyyən olunmuşdur ki, Məmədov Elmanın adına belə mənzil yoxdur. Həmin mənzillər başqa şəxslərin adına rəsmiləşdirilmişdir. Bununla bağlı bütün sənədlər məhkəməyə təqdim olunmuşdur. Tərəflər arasında müqavilə yoxdur. İddiaçı ASC-yə müraciət olunaraq müqavilə əldə olunmuş və sözügedən müqavilədə təmsil etdiyi şəxsin heç bir anket məlumatının olmadığı məlum olmuşdur. Atasının adı isə Bayramşərif kimi qeyd edilmişdir. Cavabdehin müqavilədə imzası yoxdur. Bunlarla bağlı həm iddiaçının özünə, həm də prokurorluğa müraciət olunmuş, buna baxmayaraq iddiaçı cavabdehə qarşı 4 yeni iddia ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir. Hazırda 7 qətnamə var. Eyni binada ayrı-ayrı mənzillərlə əlaqədar qaldırılmış iddiaların hər biri rədd edilmişdir. Təmsil etdiyi şəxs həmin binada kommunal xidmətlərə nəzarət edən şəxsdir. İddiaçı ASC-yə mənzillərin çıxarışlarını da təqdim etmişlər. Bununla belə İddiaçı ASC-yə növbəti müraciətdə 100-dən çox mənzilə dair iddia ərizəsini hazırlayıb məhkəməyə müraciət edəcəklərini bildirmişdirlər. Təmsil etdiyi şəxs Sumqayıtda yaşayır və Sumqayıt qeydiyyatındadır. Bir mənzili var və ona müvafiq abonent kodu açılmışdır. Qarşı tərəfin əməkdaşları təmsil etdiyi şəxsin şəxsiyyət vəsiqəsini götürərək sonuncunun xidmət göstərdiyi Abşeron rayonu, Gənclər şəhərciyində 200-ə yaxın mənzilə onun adına abonent kodu açmışlar. Birinci instansiya məhkəməsinin mövqeyi o istiqamətdə olmuşdur ki, təmsil etdiyi şəxsin xeyrinə qərar çıxarılacağını ehtimal etsə də o, vəkillə müqavilə bağlamış və vəkilə ödəniş həyata keçirmişdir. Vəkil isə qarşılıqlı iddia vermək üçün pul almışdır. Şəxsin hüquqlarını müdafiə etmək üçün ödəniş almışdır. Hər bir iş üçün ayrı ayrılıqda müqavilə bağlanmışdır. Hər biri üçün 500 manat ödəniş həyata keçirmişdir. Qarşılıqlı iddialar eyni vaxtda qaldırılmışdır.

13. İddiaçı ASC Asbşeron Sukanal İdarəsinin nümayəndəsi X1 xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək əvvəlcədən təyin edilmiş məhkəmə iclasında iştirakı ilə əlaqədar məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir.

14. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qarşılıqlı iddia üzrə cavabdeh “X5 Xidməti” X9 nümayəndəsi məhkəmə iclaslarında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə iddiaçının (qarşılıqlı iddia üzrə cavabdehin) nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

İşdə olan sübutlar

15. Abonent kartından görünür ki, Cavabdeh adına olan abonent kartı üzrə ünvan 2 ünvanında 4 nəfər ailə tərkibinə görə sudan istifadəyə görə ümumilikdə 1455,73 manat borc hesablanmışdır.

16. xx.xx.2016-cı il tarixli “Su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair əhalı qrupuna aid olan fiziki şəxslərlə bağlanan” Müqavilədən görünür ki, ünvan 2 ünvanında s u təchizatı və tullantı sularının axıdılması xidmətlərinə İddiaçı ASC ilə Cavabdeh Bayramşərif oğlu arasıdna bağlanmışdır. Müqavilə abonent tərəfindən imzalanmamışdır.

17. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-427/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 3 ünvanında görə sudan istifadəyə görə ümumilikdə 496,24 manat pulun tutulmasını xahiş etmiş, iddia tələbi təmin edilməmişdir.

18. “X14” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3816 nömrəli arayışdan görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən Abşeron Gənclər şəhərciyi yaşayış kompleksində mənzilin alqı-satqı müqaviləsinə əsasən blok 64, mənzil 54 ( mənzil 40) X3 məxsusdur.

19. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-412/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 6 ünvanında görə sudan istifadəyə görə ümumilikdə 841,74 manat pulun tutulmasını xahiş etmiş, iddia tələbi təmin edilməmişdir.

20. “X14” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3846 nömrəli arayışdan görünür ki, “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Sumqayıt şossesi 7-ci km ünvanında yerləşən Abşeron Gənclər şəhərciyi yaşayış kompleksində mənzilin alqı-satqı müqaviləsinə əsasən blok 84, mənzil 8 ( mənzil 10) X4 məxsusdur.

21. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(105)-693/2024 nömrəli qətnaməsindən görünür ki, İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ünvan 7 ünvanında görə sudan istifadəyə görə ümumilikdə 866,50 manat pulun tutulmasını xahiş etmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(060)-420/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, həmin qətnamədən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-420/2024 nömrəli qətnaməsi ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir.

22. Hüquqi yardım göstərilməsinə dair xx.xx.2024-cü il tarixli, 447 nömrəli müqavilədən və xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı 500 manat ödəniş edilmişdir.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikası Mülki Məcəlləsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir.

24. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsinə əsasən, su təchizatı müəssisəsinin istehlakçıya verdiyi suyun hesabı istehlakçıya su təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə su təchizatı müəssisəsi istehlakçının su təchizatını dayandıra bilər. 62-ci maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.

25. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü məddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında qeyd edilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir... Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak ziyanı ilə birlikdə, yaxud əmlak ziyanı vurulmadığı hallarda kompensasiya edilir.

26. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarının 2-ci bəndində göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır... Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. 4-cü bəndində izah olunur ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. 10-cu bəndinə əsasən, Plenum izah edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.),habelə işinsair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. 11-ci bəndində izah olunur ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir.

27. Mülki Prosessual Məcəllə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir: 115.0.6. vəkillərə etdikləri kömək üçün ödənilən xərclər. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

28. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2551/2024 nömrəli qətnaməsinin qanuniliyi və əsaslılığı mübahisə edilən, yəni qarşılıqlı iddianın rədd edilməsi hissəsində yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası tərəfin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2551/2024 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməlidir.

30. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qarşılıqlı iddia ilə bağlı gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, işin hallarından göründüyü kimi, İddiaçı ASC cavabdehə qarşı dəfələrlə və açıq-aşkar əsassız olan iddialar qaldıraraq sonuncunu guya 2016-cı ildən bəri istifadə etdiyi su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin haqqını ödəməməsini iddia etmiş və məhkəmə vasitəsilə ondan yaranmış borcunu ödəməyi tələb etmişdir. Məhkəmə tərəfindən iddiaçının tələbinin əsassızlığı və yaranmış borcun həmin cavabdehə aid olmaması müəyyən edilsə də, iddiaçı eyni binada daha bir neçə mənzil üzrə hesablanmış borcların cavabdehə aid olub-olmamasını araşdırmadan borclarla bağlı sonuncuya qarşı yenidən iddia ərizəsi ilə məhkəməyə müraciət etməyi davam etdirmişdir. Hər bir məhkəmə işinin cavabdeh qismində cəlb olunan şəxs üçün müəyyən narahatlıq və emosional gərginlik yaratması, psixoloji vəziyyətinə mənfi təsir göstərməsi təbiidir. Cavabdeh belə psixoloji halın dəfələrlə və açıq-aşkar əsassız iddiaların irəli sürülməsi səbəbindən baş verməsini ona mənəvi sarsıntı yetirən amil kimi qəbul etməkdə haqlıdır. İşdən göründüyü kimi mübahisəli borcun yarandığı ünvanda istifadə olunmuş su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin haqqı 2016-cı ildən indiyədək ödənilmədiyi halda su təchizatı müəssisəsinin müvafiq səlahiyyətli nümayəndəsi vaxtında həmin ünvanda abonentin kimliyi, onunla lazımi qaydada müqavilənin bağlanıbbağlanmaması ilə maraqlanmamış, istehlakçıya borcun ödənilməsi barədə vaxtında xəbərdarlıq etməmiş, sözügedən ünvana xidmətlərin göstərilməsini dayandırmamış, habelə qanunda nəzərdə tutulmuş digər tədbirlər görməmişdir. Sonda isə həmin ünvan üzrə yaranmış borca görə iddia tələbi əsl olmayan cavabdehə qarşı irəli sürülmüşdür. İddianın əsassızlığı və yaranmış borcun cavabdehə aid olmaması məhkəmə tərəfindən müəyyən edildikdən sonra iddiaçının mahiyyətcə eyni əsas və hallar üzrə, habelə eyni pozuntularla cavabdehə qarşı məhkəmədə yeni-yeni iddialar qaldırması sonuncuya mənəvi zərər vuran hərəkətlər kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı əvvəlki iddiası üzrə qəbul edilmiş məhkəmə qətnaməsindən bilməli idi ki, onun cavabdehə qarşı mahiyyətcə eyni olan hallar üzrə yeni iddialar qaldırması düzgün deyil və bunun nəticəsi uğurlu olmayacaq. Lakin iddiaçı bu xüsusatı nəzərə almadan cavabdehə qarşı növbəti iddialar irəli sürməyi davam etdirmiş, bununla cavabdehin həm maddi, həm də mənəvi zərər çəkməsinə səbəb olmuşdur. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının mənəvi zərərə məruz qalması iş materialları ilə sübut olunmuşdur.

31. Məhkəmə kollegiyası Cavabdeh vurulmuş mənəvi zərəri 250 manat məbləğində qiymətləndirilməsini işin faktiki hallarına uyğun, ədalətli və ağlabatan olması qənaətinə gəlmişdir.

32. Bundan başqa iş materialları ilə müəyyən edilir ki, iş üzrə cavabdeh məhkəmə proseslərində onun təmsil etmək üçün hüquqi yardımla bağlı vəkillə müqavilə bağlamış, xidmətə görə 500 manat ödəniş etmiş, həmçinin 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qarşılıqlı iddia tələbi qismən təmin edildiyindən, təmin edilmiş hissəyə mütənasib olaraq hüquqi yardıma görə ödənilmiş məbləğin 250 manat hissəsi və ödənilmiş dövlət rüsumunun 15 manatı qarşılıqlı iddia üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

33. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi qarşılıqlı iddia tələbini təmin edilməməsi hissəsində ləğv edlməli, qarşılıqlı iddia tələbi qismən təmin edilməli, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "X5 Xidməti" X13dən vurulmuş mənəvi zərərin əvəzi kimi 250 (iki yüz əlli) manat, məhkəmə xərci qismində 265 (iki yüz altımış beş) manat məbləğlərdə pul vəsaiti alınıb Cavabdeh ödənilməli, qarşılıqlı iddia qalan hissədə təmin edilməməlidir.

34. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 372.1, 372.6, 372.7, 384.0.2, 393, 402-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə T E T D İ:

Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(060)-2551/2024 nömrəli qətnaməsi qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilsin. Həmin hissə üzrə yeni qətnamə qəbul edilsin. Qarşılıqlı iddia qismən təmin edilsin. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin "X5 Xidməti" X13dən vurulmuş mənəvi zərərin əvəzi kimi 250 (iki yüz əlli) manat və məhkəmə xərci qismində 265 (iki yüz altımış beş) manat olmaqla, cəmi 515 (beş yüz on beş) manat tutularaq, Cavabdeh ödənilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar