Məhkəmə qərarları › İş №2(001)-7389/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7389/2025

26.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7389/2025 26.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/16/2024-00743 saylı Barışıq sazişinin 2 və 3-cü bəndlərinin məcburi icrası üçün həmin sazişin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə aramızda bağlanmış və mediator tərəfindən təsdiq edilmiş 11,06.2024-cü il tarixli Barışıq sazişi mövcuddur. Barışıq sazişinə əsasən 11,06.2024-cü il tarixdə mediasiya prosesində mediasiya təşkilatı vasitəsi ilə mənimlə Maraqlı şəxs arasında bağlanmış barışıq sazişindən görünür ki, biz nikahın pozulması, övladlarımız - xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X3 mənim himayəmdə qalması, hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat məbləğində alimentin ödənilməsi ilə bağlı razılığa gəlmişik. Həmin sazişin 8-ci maddəsində qeyd edilmişdir ki, sazişin könüllü icrasından imtina olunsa, tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Bildirirəm ki, ərizə üzrə Maraqlı şəxs 11,06.2024-cü il tarixli sazişə əsasən aliment öhdəliyini icra etməmişdir. Eyni zamanda o, uşaqlardan xx.xx.2011-ci il təvəllüdlü X4 bir aydır ki, yanında saxlayır, uşağı geri verməyəcəyini və aliment ödəməyəcəyini bildirir. Belə olan halda da mən həmin sazişin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam. Məlumat üçün bildirirəm ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 30.01,2025-ci tarixli, 2(001)-1504/2025 saylı qətnaməsi ilə Maraqlı şəxs ilə aramızda olan xx.xx.2008-ci il tarixdə 527 nömrəli akt qeydi ilə Bakı şəhər Binəqədi rayon Qeydiyyat Şöbəsində bağlanmış nikah pozulmuşdur. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs bildirmişdir ki, barışıq sazişi onun tərəfindən icra edilsə də, sonradan oğlu evdə mübahisə olduğundan onunla birlikdə yaşamaq istəmiş, anasının yaşadığı evə qayıtmaq istəmir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli barışıq sazişindən göründüyü kimi, 2-ci tərəf ( Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011- ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 1-ci tərəfin yəni ananın ( Ərizəçi) yanında qalmasına etiraz etmir. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs ) 1-ci tərəfə ( Ərizəçi), hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 ( dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürməsi barədə Ərizəçi Maraqlı şəxs ilə razılaşdılar. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin tələb edilən hissədə təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bağlanmış barışıq sazişininin araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, hazırkı işə aid hissələrdə təsdiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə bağlanmaqla mediator X5 tərəfindən təsdiq olunmuş MŞB/16/2024-00743 saylı barışıq sazişi aşağıdakı bəndlərdə təsdiq edilsin:

2. 2-ci tərəf ( Maraqlı şəxs) tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011- ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 1-ci tərəfin yəni ananın ( Ərizəçi) yanında qalmasına etiraz etmir.

3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs ) 1-ci tərəfə ( Ərizəçi), hər ay hər uşağa görə 235 (iki yüz otuz beş) manat, ümumilikdə 470 ( dörd yüz yetmiş) manat alimenti ödəməyi öz öhdəsinə götürür. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar