Məhkəmə qərarları › İş №2(001)-7393/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-7393/2025

07.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-7393/2025 07.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Rzayev Anar Nurəddin oğlu, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

2. Ərizədə ərizəçi Mediasiya Şurası Bakı 18 saylı Mediasiya təşkilatında X1 mediatorluğu ilə xx.xx.2025-ci il tarixdə keçirilən mediasiya prosesi nəticəsində cavbdehlə onun arasında bağlanmış MŞB/18/2025-00650 nömrəli Barışıq sazişinin 2-ci bəndinin 3-cü hissəsinin təsdiq edilməsini, xx.xx.2013-cü il təvəllüdlü X2 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər uşaq üçün 250 manat olmaqla, ümumilikdə 500 manat məbləğində alimentin Maraqlı şəxs öz xeyrinə tutulması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

3. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır.

4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 149.1. İddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. - Maddə 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb. - Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. - Maddə 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. - Maddə 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. - Maddə 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

5. Bu qərardadın 4-cü bəndində istinad edilmiş qanunvericilik normalarının tələblərindən göründüyü kimi ərizəsi tərtib edilərkən mülki prosessual qanunvericiliyin tələblərinə əməl edilməlidir. Məhkəmə qeyd edir ki, ərizədə ərizəçi bir-biri ilə əlaqədar olmayan bir neçə tələbi birləşdirməklə mülki prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, mediasiya prosesinin nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi üçün ərizəçi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət etmək hüququna malik olduğu kimi, cavabdehdən alimentin tutulmasına dair iddia ərizəsi ilə iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. Lakin, hazırki halda ərizəçi xüsusi icraat qaydasında baxılmalı məsələ ilə iddia icraatı qaydasında baxılmalı məsələni bir ərizədə qeyd etməklə mülki prosessual qanunvericiliyin yuxarıda istinad edilmiş tələbini – bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin bir icraatda birləşdirilməsi tələbini pozmuşdur. Bütün bunları isə mülki prosessual qanunvericilik iddia ərizəsinin geri qaytarılma əsası kimi müəyyən etmişdir.

6. Göründüyü kimi, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən mülki prosessual qanunvericiliyin yuxarıda qeyd edilmiş şərtinə - cavabdehə qarşı bir-biri ilə əlaqədar olmayan bir neçə tələbin birləşdirilməməsi şərtinə əməl etməmişdir. Bu səbəbdən də ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır.

7. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152.1.7, 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsi geri qaytarılsın.

2. Ərizəçiyə izah olunsun ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

3. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) şikayət verilə bilər.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar