Məhkəmə qərarları › İş №2(001)-7483/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7483/2025

24.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7483/2025 24.11.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi Ağamalıyeva (Aslanova) Cəvahir Çingiz qızının iştirakı ilə, ərizəçi – Ağamalıyeva (Aslanova) Cəvahir Çingiz qızının maraqlı şəxs – Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbi barədə ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasənda açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Tərəflər arasında Bakı 16 saylı Mediasiya Təşkilatında mediasiya prosesi vasitəsilə “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair 12 iyun 2023-cü il tarixli, MŞB/16-001197 saylı Barışıq sazişi bağlanmışdır.

2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi e-2(002)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında xx.xx.2010-cu il tarixində bağlanmış və Binəqədi rayon X1 Qeydiyyat şöbəsində 912 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuşdur.

3. Ərizəçi maraqlı şəxslə aralarında mediatorun iştirakı ilə bağlanmış 12 iyun 2023-cü il tarixli, MŞB/16-001197 saylı Barışıq sazişinin alimentin tutulması hissəsində təsdiq edilməsi və 100 manat məbləğində ödənilmiş dövlət rüsumunun maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir.

Ərizəçinin əsaslandırması:

4. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında Bakı 16 saylı Mediasiya Təşkilatında mediasiya prosesi vasitəsilə “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair 12 iyun 2023-cü il tarixli, MŞB/16-001197 saylı Barışıq sazişi bağlanmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi e-2(002)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Ağamalıyeva (Aslanova) Cəvahir Çingiz qızının cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbi təmin edilərək tərəflər arasında xx.xx.2010-cu il tarixində bağlanmış və Binəqədi rayon X1 Qeydiyyat şöbəsində 912 saylı akt qeydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir. Lakin Barışıq sazişi bağlanmasına baxmayaraq saziş alimentin ödənilməsi hissəsində Maraqlı şəxs tərəfindən tam icra olunmamışdır. Belə ki, Maraqlı şəxs indiyədək aliment ödənişində müxtəlif çətinliklər yaradır. Bəzən bir neçə ay alimenti ödəmir, sonradan ödəyəndə qalıq borclarını ödəmir, ya da hər 2 uşağa görə aylıq cəmi ödəməli olduğu alimentin tam məbləğini ödəmir. İndiyədək onun ödəmədiyi aliment borcu 2640 manat təşkil edir və hər ay bu rəqəm azalmaq əvəzinə daha da artır. Barışıq sazişi üzrə məcburetmə tədbirləri tətbiq edilə bilmədiyindən, Maraqlı şəxs ödəmədiyi alimentə görə cəzasız qalacağından bu hərəkətlərə yol verir. Odur ki, hazırki ərizənin mahiyyəti Sazişin sözügedən bəndlərinin yekun məhkəmə qətnaməsi vasitəsilə məcburi icra edilməsini təmin etməkdir.

Maraqlı şəxsin etirazları:

5. Maraqlı şəxs tərəfindən məhkəməyə yazılı etiraz təqdim edilməmişdir.

Tərəflərin izahatları:

6. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRİCİ HİSSƏ:

Faktiki hallar və sübutlar:

8. İş materiallarında olan, birinci tərəf Ağamalıyeva (Aslanova) Cəvahir Çingiz qızı ilə ikinci tərəf Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatı tərəfindən həyata keçirilmiş mediasiya prosesində bağlanan 12 iyun 2023-cü il tarixli, MŞB/16- 001197 saylı Barışıq Sazişinin alimentlə bağlı bəndlərindən müəyyən edilir ki, tərəflər arasında aşağıdakı şərtlərlə barışıq sazişi imzalanmışdır: - 3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2-ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi), hər uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat alimentin ödəməsini öz öhdəsinə götürür. - 4. Alimentin ödənilməsi 2023-cü ilin iyul ayından başlayaraq hər ayın 20-dən 30na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəkdir.

9. İş materiallarında olan, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin e-2(002)- 2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilir ki, iddiaçı Ağamalıyeva (Aslanova) Cəvahir Çingiz qızının cavabdeh Maraqlı şəxs qarşı “nikahın pozulması” tələbi təmin edilərək tərəflər arasında xx.xx.2010-cu il tarixində bağlanmış və Binəqədi rayon X1 Qeydiyyat şöbəsində 912 saylı akt eydi ilə qeydə alınmış nikahın pozulması qət edilmişdir.

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Konstitusiyası: - Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. - Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (AR MM): - Maddə 881.1. Barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. - Maddə 881.2. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

12. Azərbaycan Respublikasının Ailə Məcəlləsi (AR AM): - Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. - Maddə 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.17. mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında. - Maddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - Maddə 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. - Maddə 355-26.1. Barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda və ya barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda məhkəmə barışıq sazişindən və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir.

14. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: - Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. - Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. - Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. - Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). - Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

15. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyalarının “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 23 fevral 2024-cü il tarixli, 01/2024 nömrəli Qərardadı: - 39. Mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi isə yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır (“Mediasiya haqqında” Qanun, maddə 34.4; MPM, maddə 355-23.1). - 47. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir.

Məhkəmənin mövqeyi:

16. Məhkəmə ərizəni, ərizəçinin və maraqlı şəxsin izahatlarını, ərizənin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir.

17. Tərəflər arasında Bakı 16 saylı Mediasiya Təşkilatında mediasiya prosesi vasitəsilə “nikahın pozulması, uşaqların ananın yanında saxlanması və aliment” tələbinə dair 12 iyun 2023-cü il tarixli, MŞB/16-001197 saylı Barışıq Sazişinin bağlanması, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi e-2(002)-2161/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasındakı nikahın pozulması, bundan əlavə Barışıq sazişinin uşağın ananın himayəsində saxlanılması hisəsində icra edilərək, alimentin ödənilməsi hissəsində isə icra edilməməsi işin mübahisəsiz halıdır.

18. Yuxarıda qeyd edilən müddəlardan göründüyü kimi, barışıq sazişi tərəflər arasında yeni hüquq və vəzifələrin yaranması və icrası məqsədilə bağlanmış bir müqavilədir və tərəflər bu müqavilə (razılaşma) əsasında özləri üçün yeni hüquq və vəzifələr müəyyən edirlər. Barışıq sazişinin digər bir mühüm xüsusiyyəti tərəflər arasında əvvəl yaranmış mübahisəyə son verilməklə, onlar əsasında tələb edilməli olan hüquq və vəzifələrin qüvvədən salınması ilə bağlıdır. Başqa sözlə, tərəflər əvvəl aralarında yaranmış ixtilafları qarşılıqlı güzəştlər yolu ilə həll etməklə, mahiyyətcə yeni mülki hüquqi münasibətlərin subyektlərinə çevrilirlər.

19. İşin faktiki hallarından da göründüyü kimi, ərizəçi ilə maraqlı şəxs aralarında mövcud olmuş mübahisəni həll edərək xx.xx.2023-cü il tarixdə barışıq sazişi bağlamaqla, üzərlərinə yeni öhdəliklər götürmüşlər.

20. Şərh edilənlər əsasında məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli barışıq sazişi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğundur və tərəflər sazişin bəndləri ilə üzərlərinə icrası onlar üçün məcburi olan yeni öhdəliklər götürmüşlər. Lakin maraqlı şəxs barışıq sazişinin alimentin ödənilməsi ilə bağlı şərtlərini icra etməməklə öhdəliyini pozmuşdur. Odur ki, maraqlı şəxs xx.xx.2023-cü il tarixli barışıq sazişi ilə üzərinə götürdüyü öhdəliyini tam yerinə yetirmədiyindən ərizəçi barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilməsi barədə məhkəməyə ərizə verməkdə haqlı olmuşdur.

21. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır.

NƏTİCƏ HİSSƏSİ:

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 355-25, 358, 360 və 362-ci maddələrinə rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. Ağamalıyeva (Aslanova) Cəvahir Çingiz qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesinin nəticəsi olaraq bağlanmış xx.xx.2023-cü il tarixli, MŞB/16-001197 saylı Barışıq Sazişinin aşağıdakı bəndləri təsdiq edilsin: - 3. Tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün 2ci tərəf (Maraqlı şəxs) 1-ci tərəfə (Ərizəçi), hər uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat alimentin ödəməsini öz öhdəsinə götürür. - 4. Alimentin ödənilməsi 2023-cü ilin iyul ayından başlayaraq hər ayın 20-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəkdir.

3. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində vəsait Maraqlı şəxs tutularaq ərizəçi Ağamalıyeva (Aslanova) Cəvahir Çingiz qızına ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar