Məhkəmə qərarları › İş №2(001)-7484/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7484/2025

05.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(001)-7484/2025 05.03.2026 BAKI ŞƏHƏRI BINƏQƏDI RAYON MƏHKƏMƏSI GİRİŞ: Hakim Rzayev Anar Nurəddin oğlunun sədrliyi, Alızadə Gəray Rəfail oğlunun katibliyi, Ərizəçi Ərizəçi iştirakı ilə, ərizəçi – Ərizəçi maraqlı şəxs – Maraqlı şəxs cəlb edilməklə “vəfat etmə faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ: İşin halları:

1. Ərizəçi mərhum X1 anasıdır.

2. X1 ##.##.1982-ci ildə anadan olmuşdur.

3. Ərizəçi Ərizəçi Maraqlı şəxs maraqlı şəxs qismində cəlb edilməklə “vəfat etmə faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək ##.##.1982-ci ildə doğulmuş X1 vəfat etmə faktının müəyyən edilməsini xahiş etmişdir.

Ərizəçinin əsaslandırması:

4. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu X1 ##.##.1982-ci ildə anadan olmuş, 1983-cü ildə vəfat etmiş və Lənkəran rayonu, Xolmili kəndində dəfn edilmişdir. Lakin oğlu vəfat edən zaman hüquqi savadsızlıqdan ölüm haqqında şəhadətnamə almamışdır. Hazırda ailə tərkibi haqqında arayışda mərhum övladının olduğu göstərilir. O, vərəsəliklə bağlı notariat ofisinə müraciət etmişdi. Notariat ofisinin işçisi bildırmişdir ki, mərhum övladı Telmanın onların sistemində ölməsi barədə hər hansı məlumat yoxdur. Övladı 1983-cü tarixdə vəfat etdiyinə görə ölməsi barədə tibbi şəhadətnamə alınması mümkün olmamışdır. Ölüm haqqında şəhadətnamə almaq üçün ** nömrəli Uşaq Poliklinikasına ve Lənkəran RMX Xolmili həkim məntəqəsinə müraciət olunmuşdur. Həmin qurumlar mərhum X1 barəsində heç bir rəsmi sənədin mövcud olmadığı bildirilmişlər. Vərəsəliklə bağlı gələcəkdə ölüm haqqında şəhadətnaməsi olması məcburiyyəti yarandığından məhkəməyə müraciət etmək qərarına gəlmişdir.

Maraqlı şəxsin etirazları:

5. Maraqlı şəxs ərizəyə dair hər hansı münasibətini yazılı şəkildə məhkəməyə təqdim etməmişdir. Tərəflərin izahatları:

6. Ərizəçi ərizəsində qeyd edilənlərlə eyni məzmunda izahat verərək ərizəsini müdafiə etdiyini və tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi.

7. Maraqlı şəxs Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDIRICI HİSSƏ:

Faktiki hallar və sübutlar:

8. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ##.##.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, vətəndaşlıq vəziyyəti aktlarının avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə əsasən ##.##.1982-ci il təvəllüdlü X1 adına Xətai rayon qeydiyyat şöbəsində ##.##.1982-ci il tarixli **** saylı doğum haqqında akt qeydi tərtib edilmişdir.

9. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Lənkəran Rayon qeydiyyat şöbəsinin ##.##.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, X1 1979-1985-ci illər üzrə Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində ölümü haqqında akt qeydi aşkar olunmamışdır. Akt qeydi kitabları Lənkəran rayon qeydiyyat şöbəsinin arxivində 1948-ci ildən saxlanılır.

10. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı şəhəri Maraqlı şəxs ##.##.2024-cü il tarixli məktubunun surətindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin ##.##.2003-cü il tarixli, *** saylı qərarı ilə təsdiq edlmiş "Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydasının 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Oğlunun adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə təmin edilməmişdir.

11. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs "Bakı Baş Səhiyyə Mərkəzi" publik hüquqi şəxs ** nömrəli Uşaq Poliklinikasının ##.##.2025-ci il tarixli məktubunu surətindən müəyyən olunur ki, ##.##.1982-ci ildə anadan olmuş -1983-cü ildə vəfat etmiş X1 barədə poliklinikada heç bir məlumat yoxdur.

12. İş materiallarında olan Lənkəran rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsi Xolmilli Həkim Məntəqəsinin ##.##.2025-ci il tarixli ** saylı arayışından müəyyən olunur ki, ##.##.1982-ci ildə anadan olmuş X1 barəsində məntəqədə heç bir rəsmi sənəd mövcud deyildir.

13. İş materiallarında olan Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxs “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2025-ci il tarixli, **-*-**/*-H-***-**-***/**** saylı Arayışdan müəyyən edilir ki, ##.##.1982-ci il tarixində anadan olmuş övladı X1 1983-cü ildə vəfat etməsi ilə bağlı “Lənkəran Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsdə hər hansı bir qeydiyyat aşkarlanmayıb.

14. İş materiallarında olan Azərbaycan Respublikası Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xolmili kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin ##.##.2026-cı il tarixli məktubunun surətindən müəyyən olunur ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Xolmili kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə aid olan təsərrüfatbaşı kitabları 2000ci ilə qədər mövcud deyil və arxivə təhvil verilməmişdir.

15. ##.##.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində çıxış edən X3 bildirdi ki, ərizəçi gəlinləridir, Həlimənin 2 oğlu 1 qızı var idi, 2-ci oğlu Telman vəfat edib, o, zəhərlənərək ölmüşdü, həmin vaxt heç 1 yaşı olmamışdı. Bakıda yaşayırdılar, vəfat edən zaman yay ayı idi.

16. ##.##.2026-cı il tarixli məhkəmə iclasında şahid qismində çıxış edən X2 bildirdi ki, ərizəçi bacısıdır, onun 3 uşağı olub. Telman 1983-cü ildə, yayda zəhərlənərək vəfat edib. Öləndə heç 1 yaşı yox idi. Xolmili kəndində pirin yanında dəfn edilib.

Tətbiq edilən hüquq:

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (AR MPM): - Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. - Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında. - Maddə 306.1. Məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. - Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. - Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının. - Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. - Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. - Maddə 311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

18. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenum Qərarı: “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” * nömrəli, ## ##### 2019-cu il tarixli: - 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. - 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. - 1.4. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. - 1.6. Məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. - 9. Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il ## ####### tarixli, *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. - 9.1. “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının ## ###### 2018-ci il tarixli ** saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. - 9.2. Şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında ərizəyə “Ölüm haqqında tibbi şəhadətnamə”nin alınması üçün müraciət edilməsi və həmin şəhadətnamənin hansı səbəblərdən alınmaması barədə sübutlar əlavə edilməli, belə sübutlar əlavə edilmədikdə isə, Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsinə əməl edilmədiyinə görə ərizə və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. - 9.3. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair verilən ərizədə şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsini təsdiq edən əsaslı hallar (sübutlar) göstərilməlidir. - 9.4. Şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. - 9.5. Şəxsin müəyyən vaxtda müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini şəxsin ölmüş elan edilməsindən də fərqləndirmək lazımdır. Şəxsin ölmüş elan edilməsi üçün Azərbaycan Respublikası Mülki Məcəlləsinin 41-ci maddəsində nəzərdə tutulan vaxtın keçməsi zəruridir, lakin ölüm faktının müəyyən edilməsi üçün belə müddət məhdudiyyəti yoxdur və yalnız ölümün konkret yerdə və konkret şəraitdə baş verməsi zəruri şərt kimi müəyyən edilir.

Məhkəmənin mövqeyi:

19. Məhkəmə ərizəni, ərizəçinin izahatını, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməlidir.

20. Belə ki, ərizəçinin və şahidlərin ifadələri və iş materiallarında olan sübutlar əsasında ##.##.1982-ci ildə doğulmuş X1 1983-cü il tarixində ev şəraitində ölməsi faktı tam sübuta yetirilir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin *** saylı, ## ####### 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

22. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, ##.##.1982-ci ildə doğulmuş X1 1983-cü ilin konkret ay və gününün müəyyən edilmədiyi tarixdə ev şəraitində ölməsi faktı sübuta yetirildiyindən və bunun müəyyən edilməsi hüquqi əhəmiyyətli olduğundan, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa yolla ala bilmədiyindən, ərizəçi Ərizəçi ərizəsi əsaslıdır və göstərilən fakt məhkəmə tərəfindən müəyyən olunmalıdır.

23. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, X1 ölüm faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçinin isə oğlunun ölümünü təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, habelə X1 1983-cü il tarixdə ölməsi iş materiallarında olan sübutlarla öz təsdiqini tapdığından ərizə təmin edilməlidir.

24. Məhkəmə həmçinin qeyd edir ki, ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

NƏTİCƏ HİSSƏSİ:

25. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 76, 77, 88, 216-220, 227, 233, 307-311, 358, 360 və 362-ci maddələrinə əsasən, məhkəmə

QƏT ETDİ:

1. Ərizə təmin edilsin.

2. ##.##.1982-ci ildə doğulmuş X1 xx.xx.1983-cü il tarixində ev şəraitində vəfat etməsi faktı müəyyən edilsin.

3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

5. Qətnamədən apellyasiya şikayəti verilmədiyi halda rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Anar Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar