Məhkəmə qərarları › İş №2(001)-7543/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7543/2025

01.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7543/2025 01.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyeva Elnarə Fəxrəddin qızının sədrliyi Hüseynov Həmid Xudaverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/16/2025-00393 saylı Barışıq sazişinin 2, 3, 6-cı bəndlərinin məcburi icrası üçün həmin sazişin təsdiq olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2019 tarixində nikah bağlanmışdır. Bu nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 dünyaya gəlmişdir. Ərizəçi "nikahın pozulması, uşağın ananın himayəsində qalması və aliment ” tələbi ilə mediasiyaya müraciət etmiş, xx.xx.2025-ci il tarixində mediasiya prosesi təşkil edilmişdir. Hər iki tərəf mediasiya prosesində iştirak etmiş və tərəflər arasında barışıq sazişi imzalanmışdır. Bununla bağlı ərizəçiyə “Barışıq sazişi” verilmişdir. Mediasiya prosesi Bakı 16 saylı Mediasiya Təşkilatında keçirilmiş və tərəflər arasında MŞB/16/2025-00393 nömrəli, xx.xx.2025-ci il tarixli barışıq sazişi imzalanmışdır. Sözügedən barışıq sazişinin şərtlərinə əsasən 2-ci tərəf Maraqlı şəxs tərəflərin birgə nikahından doğulmuş xx.xx.2020ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2025-ci ilin may ayından etibarən hər ay 600 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinə əsasən alimentin ödənilməsi 2025-ci ilin may ayından başlayaraq hər ayın 15-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödənilməsi barədə razılığa gəlmişlər. Tərəflər arasında alimentlə bağlı barışıq sazişi olsa da, Maraqlı şəxs barışıq sazişinə əməl etmir. Həmçinin bildirmək istəyirik ki, ərizəçi hazırda övladlarına özü tək baxır, maraqlı şəxs övladlarının baxımında iştirak etmir. Bu səbəbdən Barışıq Sazişinin təsdiq edilməsi zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizənin məzmununa uyğun izahat verərək barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli barışıq sazişindən göründüyü kimi, 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 1-ci tərəf (Ərizəçi) yəni anasının yanında qalmasına etiraz etmir. 3. 2-ci tərəf (Maraqlı şəxs) birgə nikahdan anadan olmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1-ci tərəf (Ərizəçi) yəni anasının (adına açılmış kart hesabına) 2025-ci ilin may ayından etibarən hər ay 600 ( altı yüz) manat alimenti ödəməyi öz öhdəsinə götürür. 4. Alimentin ödənilməsi 2025-ci ilin may ayından başlayaraq hər ayın 15-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəyi barədə razılaşdılar. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin tələb edilən hissədə təsdiq edilməsini mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Mülki Prosessual Məcəllənin 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Mülki Prosessual Məcəllənin 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. Mülki Prosessual Məcəllənin 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Mülki Prosessual Məcəllənin 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Mülki Prosessual Məcəllənin 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Mülki Prosessual Məcəllənin 191.1-ci maddəsinə görə, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Mülki Prosessual Məcəllənin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir. Mülki Prosessual Məcəllənin 262.4-cü maddəsinə müvafiq olaraq, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən bağlanmış barışıq sazişininin araşdırıb hesab edir ki, barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, hazırkı işə aid hissələrdə təsdiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191, 261.0.5, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında xx.xx.2025-ci il tarixdə bağlanmaqla mediator X5 tərəfindən təsdiq olunmuş MŞB/16/2025-00393 saylı barışıq sazişi aşağıdakı bəndlərdə təsdiq edilsin:

2. 2-ci tərəf (Maraqlı şəxs) tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X2 1-ci tərəf (Ərizəçi) yəni anasının yanında qalmasına etiraz etmir.

3. 2-ci tərəf (Maraqlı şəxs) birgə nikahdan anadan olmuş övladı xx.xx.2020-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 1-ci tərəf (Ərizəçi) yəni anasının (adına açılmış kart hesabına) 2025-ci ilin may ayından etibarən hər ay 600 ( altı yüz) manat alimenti ödəməyi öz öhdəsinə götürür.

4. Alimentin ödənilməsi 2025-ci ilin may ayından başlayaraq hər ayın 15-dən 30-na kimi 1-ci tərəfin (Ərizəçi) kart hesabına ödəniləcəkdir. Qətnamə aliment hissəsində dərhal icra edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində pul Maraqlı şəxs tutularaq Ərizəçi ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Elnarə Vəliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar