Məhkəmə qərarları › İş №2(001)-7688/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7688/2021

22.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7688/2021 22.10.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Abdıyev Fuad Vilayət oğlunun sədrliyi Məhkəmə iclasının katibi X2, Ərizəçi, onun nümayəndəsi və vəkili X5 iştirakı ilə Ərizəçi “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X4 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizənin dəlillərinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, o, X4 vəsiyyətnamə üzrə varisidir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi və vəkili X8 ərizəni müdafiə edərək, ərizənin dəlillərinə və Ərizəçi izahatına uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X9 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, mərhum X4 öldüyü, yəni 05 sentyabr 2021-ci il tarixində evdə olmuşdur. Lakin o, dəfn mərasimində iştirak etməmişdir. Məhkəmə iclasında iştirakı Ərizəçi tərəfindən təmin edilmiş şahid X3 məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, Ərizəçi X4 qeydinə qalmış və ona qulluq göstərmişdir. Bu məsələ də o, da ərizəçiyə köməklik etmişdir. 05 sentyabr 2021-ci il tarixdə də o, X1 evdə olmuşdur. Sonradan evi tərk etmişdir və həmin vaxt ona qızı X9 zəng edərək, X4 öldüyünü bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs hər hansı üzürlü səbəb göstərmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Bu səbəbdən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, ərizəçi tərəfin izahatını, habelə şahidlərin ifadəsini dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. Belə ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, 19.11.1937-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 Ərizəçi ilə yaxın münasibətdə olan şəxs olmuş, 28 aprel 2021-ci il tarixdə tərtib edilmiş vəsiyyətnaməyə əsasən bütün əmlakını Ərizəçi vəsiyyət etmişdir. Ərizəçi ünvan 1 ünvanında qeydiyyatda olmaqla, orada yaşayır. X7 05 noyabr 2021-ci il tarixdə ünvan 2 ünvanında yerləşən evdə, ev şəraitində ölmüşdür. Bu hal həmin tarixdə çağırışa gəlmiş Bakı şəhər Təcili və X6 stansiyasının 9 saylı bölmənin təcili tibbi yardım briqadası tərəfindən aşkar edilmişdir (briqada evdə qadın cinsli meyit aşkar etmişdir). Bu şəxs 05 sentyabr 2021-ci il tarixdə Yasamal rayonunda yerləşən “Qurd Qapısı” qəbiristanlığında dəfn edilmişdir. Ərizəçi ölüm haqqında tibbi şəhadətnamə alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsi 10 saylı şəhər Poliklinikasına müraciət etmiş, lakin X4 poliklinikaya heç bir xəstəliklə müraciət etməməsi səbəbindən həmin şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ölüm haqqında tibbi şəhadətnamə olmadığından Bakı şəhəri Maraqlı şəxs ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Bu səbəbdən ərizəçi hazırda ərizə ilə məhkəməyə müraciət edərək, X4 ölüm faktının müəyyən edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.10.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.5-ci bəndinə görə ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Qərarın9.1-ci bəndinə əsasən “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikası Qanunun 39-cu və 41-ci maddələrində və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 saylı qərarı ilə təsdiq edilmiş “ İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası”nda insanın ölüm anının və səbəblərinin müəyyən edilməsi qaydası təsbit olunmuşdur. Həmin “Qayda”nın 4-cü bəndində “ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsi qaydası dəqiq müəyyən edilmişdir. “Ölüm haqqında tibbi şəhadətnamə’' mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydaların 5.3-cü bəndinə əsasən şəhadətnamənin verilməsi ilə bağlı bütün mübahisəli hallar məhkəmə qaydasında həll olunur. Nəzərə alınmalıdır ki, “Ölüm haqqında tibbi şəhadətnamə”nin verilməsindən əsassız imtina edildikdə, həmin şəhadətnaməni verməli olan tibb müəssisələrinə qarşı inzibati icraat qaydasında iddia qaldırıla bilər. Məhkəmə, işin materiallarını nəzərdən keçirib, qanunvericiliyin yuxarıda göstərilən müddəalarını rəhbər tutub, belə qənaətə gəlir ki, 19.11.1937-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi və 05 sentyabr 2021-ci il tarixdə Yasamal rayonunda yerləşən “Qurd Qapısı” qəbiristanlığında dəfn edilməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapır. Ərizəçi vərəsəsi olduğu bu şəxsin ölüm faktını təsdiq edən sənədi əldə etmək üçün aidiyyəti tibb müəssisəsinə müraciət etmiş, lakin ona bu sənədin verilməsindən imtina edilmişdir. Bu barədə sənəd olmadığından aidiyyəti qeydiyyat şöbəsində də ölüm barədə qeyd aparmaq mümkün olmamış və nəticədə ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hüquqi nəticə etibarı ilə ərizəçi həmin faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmir. Bu sənədin alınması ərizəçiyə X4 ölümünün qeydə alınması və ölüm haqqında şəhadətnamənin verilməsi, habelə onun ölümündən sonra yaranmış vərəsəlik hüququnun həyata keçirilməsi üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə itirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 19.11.1937-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində ev şəraitində ölməsi faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119-cu, 216-220-ci, 307- 311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.11.1937-ci il tarixdə Bakı şəhərində doğulmuş X4 05 sentyabr 2021-ci il tarixdə Bakı şəhərində, ev şəraitində ölməsi faktı müəyyən edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Fuad Abdıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar