Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7753/2025 19.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi ilə, Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizəsinə xüsusi icraat qaydasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, Maraqlı şəxs ilə onun, yəni Ərizəçi arasında Bakı şəhər 2 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə bağlanmış xx.xx.2025-ci il tarixli, MŞB/2/2025-00001 nömrəli Barışıq Sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh Maraqlı şəxs onunla əldə olunmuş razılaşma əsasında ondan 22000 manat məbləğində pul vəsaitini borc almışdır. Lakin sonra borcunu qaytara bilmədiyinə görə onun tərəfindən mediasiyaya müraciət olunmuşdur. Bakı şəhər 2 saylı Mediasiya Təşkilatının mediatoru X1 iştirakı ilə xx.xx.2025ci il tarixdə, MŞB/2/2025-00001 nömrəli Barışıq Sazişi bağlanmışdır. Barışıq Sazişinin şərtlərinə əsasən: 1. Maraqlı şəxs (2-ci Tərəf) Ərizəçi (1-ci Tərəf) kömək almaq məqsədilə 1-ci Tərəfə məxsus olan: marka/model-BMW 428İ Minik, Texniki pasport:BA362252, buraxılış ili-2016 olan nəqliyyat vasitəsini X2 adına notarius vasitəsilə alqı-satqı müqaviləsi əsasında keçirmiş və əvəzində 22000 manat pul almışdır, lakin geri qaytarmadığından 1-ci Tərəfə məxsus şəxsin mülki olan yuxarıda göstəriciləri qeyd edilmiş nəqliyyat vasitəsi borc verən X2 şəxsi mülkündə qalmışdır. 2. 2-ci Tərəf Maraqlı şəxs 1-ci Tərəf Ərizəçi aylıq 2.000 manat ödəyəcəyini öhdəsinə götürür. 3. 2-ci Tərəf Maraqlı şəxs xx.xx.2025-ci ilin son tarixində borcunun bağlanmış olacağını öz öhdəsinə götürmüşdür; Lakin həmin vaxtdan 8 aydan artıq vaxt keçməsinə baxmayaraq 2-ci Tərəf Maraqlı şəxs barışıq sazişi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Hər ay 2000 manat ödəməyi üzərinə götürsə də, bu günədək heç bir qəpik də ödəniş etməmişdir. Göründüyü kimi, Maraqlı şəxs mediasiya qurumunda bağlanmış Barışıq Sazişini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən də, o, hesab edir ki, qanunun tələbinə əsasən həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq olunaraq məcburi icraya yönəldilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər və ya nümayəndələrinin məhkəmə iclasında iştiraklarını təmin etməmişlər. Lakin Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, rəsmi mediasiya prosesində iştirak etmədiyini və mediatorla görüşmədiyini əsas gətirərək, mediasiya sənədinin etibarsız sübut kimi qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli MŞB/2/2025-00001 nömrəli Barışıq sazişindən görünür ki, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində barışıq sazişi bağlanmış və sazişin şərtlərinə görə tərəflər sazişi imzalamaqla “1. 2-ci tərəf – Maraqlı şəxs (xxxxxxx) 1-ci tərəfdən – Ərizəçi (xxxxxxx) kömək almaq məqsədi ilə 1-ci tərəfə məxsus olan: - marka/model: BMW 428i minik, texniki passport: BA362252, buraxılış ili: 2016 olan nəqliyyat vasitəsini X2 adına notarius vasitəsilə alqı-satqı müqaviləsi əsasında keçirmiş və əvəzində 22000 (iyirmi iki min) manat pul almışdır, lakin geri qaytarmadığından 1-ci tərəfə məxsus şəxsin mülki olan yuxarıda göstəriciləri qeyd edilmiş nəqliyyat vasitəsi borcverən X2 şəxsi mülkündə qalmışdır. 2. 2-ci tərəf – Maraqlı şəxs (xxxxxxx) 1-ci tərəfə - Ərizəçi (xxxxxxx) aylıq 2000 (iki min) manat ödəyəcəyini öhdəsinə götürür. 3. 2-ci tərəf – Maraqlı şəxs (xxxxxxx) xx.xx.2025-ci il son tarixində borcunun bağlanmış olacağını öz öhdəsinə götürür.” barədə razılığa gəlmişlər. İş materiallarında olan Maraqlı şəxs tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, Maraqlı şəxs məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində qeyd etmişdir ki, ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş mediasiya sazişi onun real iştirakı olmadan, mediatorla qarşılıqlı görüş keçirilmədən və mediasiya prosesi aparılmadan tərtib edilmişdir. O, mediatorla heç bir dəfə üzbəüz görüşməmiş və mediasiya prosesi barədə məlumatlandırılmamışdır. Tərəfindən imzalanmış sənəd qeyri-rəsmi mühitdə, üçüncü şəxs vasitəsilə təqdim edilmiş və mediasiya sənədi kimi rəsmən izah olunmamışdır. Bu səbəbdən də, o, hesab edir ki, həmin sənəd Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanununun tələblərinə cavab vermir və hüquqi baxımdan mediasiya sazişi hesab edilə bilməz. Bundan əlavə, ərizəçinin “heç bir ödəniş edilməyib” iddiası əsassızdır. O, borcun bir hissəsi olaraq 6000 manat ödəniş etmiş və ödəniş bank vasitəsilə həyata keçirilmişdir. Ödənişi təsdiq edən qəbzləri məhkəməyə təqdim edəcəkdir. Hazırda o, Azərbaycan Respublikasında deyildir. Gürcüstan Respublikasının ərazisindədir, bu səbəbdən də, xx.xx.2025-ci il tarixli iclasa fiziki qatıla bilmir. O, ərizəçi tərəfindən təqdim olunmuş mediasiya sazişinin ləğv edilməsini, sənədin mediasiya prosesi qaydalarına uyğun tərtib edilmədiyinin müəyyən olunmasını və mediasiya sənədinin hüquqi nəticə doğurmadığının tanınmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2/2025-00001 nömrəli barışıq sazişin 6-cı maddəsinə əsasən məlum olur ki, Saziş, əgər Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməmişdirsə tam imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü icra olunmalıdır. Həmin Sazişin 8-ci maddəsinə əsasən Sazişin könüllü icrasından imtina olunarsa Tərəf Sazişin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3-cü maddəsinə görə məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə görə barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Mülki prosessual qanunvericilik “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçiyə barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət edə bilmə imkanı tanımışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi onunla Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində borc tələbi ilə bağlı bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2/2025-00001 nömrəli barışıq sazişinin təsdiq edilməsini tələb etsə də, Maraqlı şəxs məhkəməyə təqdim edilmiş mediasiya sazişinin onun real iştirakı olmadan, mediatorla qarşılıqlı görüş keçirilmədən və mediasiya prosesi aparılmadan tərtib edildiyini bildirmiş, həmçinin borc məbləğini mübahisələndirmişdir. Ərizəçi maraqlı şəxsin bu dəlilini təkzib edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı məhkəmə tərəflər arasında mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 10-cu və 12-ci bəndlərinə uyğun olaraq, mübahisələrin alternativ həlli üsullarından olan mediasiyanın təşkili sahəsində ictimai münasibətləri tənzimləyir, mediasiyanın məqsədlərini, prinsiplərini, həyata keçirilməsi qaydalarını və mediatorların statusunu müəyyən edir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun: 3-cü maddəsində mediasiyanın tətbiq dairəsi təsbit edilmiş və mediasiya aşağıdakılar üzrə tətbiq edilir: 3.1.1. mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); 3.1.2. ailə münasibətlərindən irəli gələn mübahisələr; 3.1.3. əmək münasibətlərindən irəli gələn mübahisələr; 3.1.4. inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr. 3.2-ci maddəsinə əsasən ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28 və 29-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. 6.1-ci maddəsinə əsasən tərəflər mediasiya zamanı bütün məsələlərdə, o cümlədən mediatorun seçilməsində bərabər hüquqlardan istifadə edirlər və bərabər vəzifələr daşıyırlar. 6.2-ci maddəsinə əsasən tərəflər mediasiyanın məqsədləri naminə əməkdaşlıq etməli və qarşılıqlı şəkildə fəaliyyət göstərməlidirlər. 6.3-cü maddəsinə əsasən mediasiya mübahisənin həllində tərəflərin əməkdaşlığına, habelə ünsiyyət və danışıqlara əsaslanır. 9.1.3-cü maddəsinə görə tərəflərin mediasiyanın aparılmasında şəxsən və ya etibarnamə əsasında təmsilçi vasitəsilə iştirak etmək hüququ vardır. Məhkəmə tərəflər arasında olan münasibətləri təfsir edərək qeyd etməyi zəruri hesab edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən mediasiya məhz mübahisələrin alternativ həlli üsullarından olmaqla yanaşı, yalnız ailə və əmək mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirakı tələb edildiyindən, borc mübahisələri üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb edilmədiyindən, tərəflər arasında bağlanmış borc müqaviləsi ilə bağlı yaranmış mübahisənin həlli üçün mediasiyaya müraciət zəruri olmamışdır. Həmçinin müəyyən edilir ki, maraqlı şəxsin mediasiya sessiyasında iştirakı təmin edilməmiş, barışıq sazişi mediatorun iştirakı ilə imzalanmamışdır. Beləliklə, sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış və təsdiqlənməsi xahiş edilən barışıq sazişi mülki qanunvericiliyin tələblərinə zidd olaraq bağlandığından və həmin barışıq sazişinin şərtləri ilə bağlı tərəflər arasında mübahisə olduğundan ərizə təmin edilməməli, Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2/2025-00001 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə ərizənin təsdiq edilməsindən imtina edilməsini nəzərə alaraq hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizəçi, Maraqlı şəxs və mediator X3 arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2025-ci il tarixli MŞB/2/2025-00001 nömrəli Barışıq sazişinin təsdiq edilməsindən imtina edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov
Məhkəmə qərarları › İş №2(001)-7753/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7753/2025
19.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver