Məhkəmə qərarları › İş №2(001)-7912/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-7912/2025

25.02.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7912/2025 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X15 Hüseynağa qızının sədrliyi, Hüseynzadə Nərmin Yaşar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh X1 qarşı müstəqil tələb irəli sürməyən İİİ şəxs X12 Xidmətinin cəlb edilməsi ilə əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı cavabdeh X1 qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, iddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh işəgötürənlə aralarında əmək münasibəti mövcud olmuşdur. Bugünə kimi işində heç bir problem olmamışdır. Cavabdehə məxsus Müşviqabad qəsəbəsində yerləşən istixanada fəhlə kimi fəaliyyət göstərmişdir. İşlədiyi müddətdə rəhbərlik tərəfindən hər hansı xəbərdarlıq və töhmət almamışdır. Öhdəsinə düşən işi layiqincə yerinə yetirmişdir. Heç bir əsas olmadan işə götürən xəbərdarlıq etmədən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndində (tərəflərdən birinin təşəbbüsü) maddəsinə əsasən xx.xx.2025-ci il tarixdə əmək müqaviləsinə birtərəfli qaydada xitam vermiş, işçinin xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 0 məzuniyyət gününün son haqq hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi maliyyə şöbəsinə həvalə edilməsi barədə əmr imzalanmışdır. Dəfələrlə işəgötürənə müraciət etsə də, problem aradan qaldırılmamışdır. İşəgötürən onu işə bərpa etməmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, işəgötürən onu işin az olduğunu əsas gətirərək evə yollamış, lazım olan vaxtı işə çağırılacağını bildirmişdir. Hər dəfə işə götürənlə nə vaxt işə çıxcağı barədə telefon vasitəsilə soruşsa da hər dəfə ona gözləməyi bildirmişdir. Bir neçə ay gözlədikdən sonra onunla işləyən fəhlələrdən biri işdən azad olmağı barədə məlumat vermişdir. Bundan sonra şikayət ərizəsi ilə X7 Abşeron - X13 müraicət etmişdir. Onlar tərəfindən müraciəti araşdırılmış, sonunda müvafiq qaydada məhkəməyə müraciət etmək hüququ olduğu bildirilmişdir. Təqsiri olmadan, məhz işəgötürənin sənədləri təqdim etməməsi səbəbindən iddia müddətini üzrlü səbəblərdən ötürmüşdür. Məhz buna görə də iddia ərizəsinə prosessual müddətin bərpa edilməsi haqqında vəsatət təqdim etmişdir. Qeyd olunanlara əsasən iddiaçı ilə cavabdeh işəgötürən "Vöen: ********** X4" arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında xx.xx.2025-ci il tarixli SX001 nömrəli əmrin ləğv edilərək işə bərpa edilməsi və əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi “Elektron Kabinet” vasitəsilə məhkəməyə təqdim edilmiş xx.xx.2026-cı il tarixli iddiaya etiraz onunla əsaslandırılmışdır ki, iddia ərizəsinin heç bir əsası yoxdur və göstərilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçı 3 aylıq sınaq müddəti təyin edilməklə işə qəbul edilmiş, daha sonra işini yerinə yetirə bilməmiş və digər işlə təmin edilsə də müəsissəyə 2700 manatdan artıq zərər vurmuş və sonradan özü başqa iş tapdığından ərizə verərək işdən azad olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı özü bildirmiş ki, o, 29 may 2025-ci il tarixində işdən azad olunması barədə 15 gün sonra bilmiş və əmrin sürətini almışdır. Həmçinin məhkəmə iclasında bildirmiş ki, avqust ayında başqa yerdə işə girmiş və 20 gün orada işləmişdir. Bu hal bir daha göstərir ki, iddiaçı 1 aylıq müddəti ötürmüş 5-6 aydan sonra iddia ilə müraciət etmişdir. Həmçinin hazırda işləmək istəmədiyini də məhkəmə iclasında bildirmişdir. Belə olan halda iddia tələbi həm müddəti ötürdüyü həm də heç bir əsası olmadığından təmin edilə bilməz. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərdiyi tələblərin təmin olunmasını məhkəmədən xahiş etdi. Sədrlik edənin suallarına cavab olaraq əmək müqaviləsinə xitam olunması ilə bağlı məlumatının olmadığını, iyun ayında onu xəbərsiz işdən çıxarıldığını bilmiş, dərhal əmək müfəttişliyinə müraciət etmiş, araşdırma zamanı ona ərizəsi olmadan qanunsuz işdən çıxarıldığı məlum olmuşdur. Avqust ayında qarşı tərəf ona zəng vuraraq işə qayıtması ilə təklif etmişdir. Lakin özü təklifi qəbul etməmişdir. Sonradan isə Gülməmməd Babayevin xaricə getdiyi ona məlum olmuş, təxminən sentyabr, oktyabr aylarında anlamışdır ki, onu aldadırlar, bu səbəbdən noyabr ayında mediasiya təşkilatına müraciət etmişdir. Orada ona bildirmişlər ki, işə bərpa ilə əlaqədar müddəti ötürüb, hansı səbəbdən belə gec müraciət edir, gərək ilk öncə işdən çıxarıldığını bilən kimi mediasiyaya və ya məhkəməyə müraciət edərdi. Məhkəmənin suallarına cavab olaraq may ayı üçün işlədiyi pulu ona qonşusu tərəfindən 3 iyun 2025-ci il tarixdə verildiyi və qarşı tərəfin maaşı həmişə əlbəəl verdiyini, imza edərək maaş aldığını bildirmişdir. Cavabdeh ona işlədiyi ayın son haqqını vermişdir, bunu etiraf edir. Lakin hesab edir ki, onu işdən qanunsuz çıxarıblar. Hazırda iddia tələbini müdafiə edir və təmin olunmasını xahiş edir. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etmədiyini və iddianın əsassız olduğundan rədd edilməli olduğunu bildirdi. Həmçinin, sədrlik edənin suallarına cavab olaraq dəfələrlə işə geri qayıtması üçün tərəfə zənglər olduğunu, lakin sonuncunun geri qayıtmadığını, yenidən işə götürülməsi üçün isə 4 ay sonra müraciət etməsini və bunun mümkün olmadığını bildirdi. Müstəqil tələb irəli sürməyən İİİ şəxs X12 Xidməti məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçının və cavabdehin mövqeyini, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddianın rədd edilməsi üçün əsaslar mövcuddur. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Əmək müqaviləsinə xitam verilməsi barədə SX001 saylı əmrdən görünür ki, "istixana" bölmasında "istixana fəhlə" vəzifəsində işləyən İddiaçı Abdul qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “AR ƏM-nin 68.2."a"- tərəflərdən birinin təşəbbüsü" maddəsinə əsasən xx.xx.2025 tarixindın xitam verilmiş və işçinin 21.04 2025 tarixindən 29.05 2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqqhesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödəniməsi Maliyyə şöbəsinə/departamentinə havalə edilmişdir. X12 Xidmətinin Abşeron Xızı X8 Sara Abdul qızına ünvanlanmış 3-17-5/2-X- 76178/2025 saylı cavab məktubunun surətindən göstərilir: “Müraciətinizin müəssisənin səlahiyyətli nümayəndəsinin iştirakı ilə ətraflı dəqiq araşdırılması, muvafiq sənədlərin təqdim olunması və müraciətə rəsmi münasibət bildirilməsi məqsədi ilə xx.xx.2025-ci il tarixli 3-17-5/2-B-56267/2025 saylı məktubla tərəfimizdən rəsmi müraciət edilmiş və məktub xx.xx.2025-ci il tarixində poçt şöbəsi tərəfinden ünvana çatdırılınışdır. Buna baxmayaraq fərdi sahibkar X3 tərəfindən müvafiq sənədlər tam təqdim olunmamışdır. Siz xx.xx.2025-ci il ve xx.xx.2025-ci il tarixdə X14 X12 Xidmətinə təqdim etdiyiniz izahatlarınızda 2025-ci ilin aprel ayından X1 məxsus istixanada fəhlə işlədiyiniz, xx.xx.2025- tarixdə ərizəniz olmadan, işəgötürənə müraciət etmədən əsasız olaraq əmək müqavilənizə xitam verildiyini, işlədiyiniz müddətdə əmək haqqı kartı açılmadığını, əmək haqqını nağd şəkildə əlbəǝl aldığınızı, əmək haqqı ödənişləri ilə bağlı heç bir şikayət və tələbinizin olmadığını, tələbinizin yalnız əmək müqavilənizə əsassız xitam verilməsi ilə bağlı olduğunu qeyd etmisiniz. Eyni zamanda tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" alt sisteminə baxış keçirilərkən Sizinlə xx.xx.2025-ci il tarixində bağlanılmış əmək müqaviləsinə işəgötürən tərəfindən xx.xx.2025ci il tarixli SX001 saylı əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xx.xx.2025-ci il tarixindən xitam verildiyi müəyyən olunmuşdur. Bildiririk ki, araşdırma zamanı müəyyən olunmuşdur ki, Sizinlə bağlanılmış əmək müqaviləsinə yazılı ərizəniz olmadan işəgötürən tərəfindən Əmək Məcəlləsinin 76-cı maddəsinin 2-ci hissəsinin (əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz) tələbləri pozularaq xitam verilmişdir. Aşkar olunmuş pozuntulara əsasən tərəfimizdən işəgötürən barəsində İnzibati Xətalar Məcəlləsinin 539.3cü (Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzrətini həyata keçirən muvafiq icra hakimiyyəti orqanının tələbi ilə bu Məcəllənin 539.1-1-ci maddəsində nəzərdə tutulan hallarla bağlı zəruri olan məlumatların (sənədlərin) təqdim edilməməsinə, yaxud tam, düzgün və ya vaxtında təqdim edilməməsinə görə) və 192.6-cı (işçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin pozularaq xitam verilməsi) maddələrinə müvafiq olaraq xx.xx.2025-ci il tarixli i xəta haqqında protokol tərtib olunmuş və Sizinlə bağlanılmış əmək müqaviləsinə qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə işəgötürən X3 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.6-cı maddəsinə in xx.xx.2025-ci il tarixli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qəbul olunmuş və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 20 (iyirmi) gün müddət müəyyən olunmuşdur. Eyni zamanda X12 Xidmətinin Abşeron-Xızı regional şöbəsinin xx.xx.2025-ci il tarixli 3-17-5/2-B-73499/2025 nömrəli göstəriş məktubu ilə işəgötürən X1 20 gün müddətində Sizin əmək müqavilənizə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli SX001 nömrəli xitam əmrinin ləğv edilməsi və nəticəsi barədə Dövlət emək Müfettişliyi Xidmətinin Abşeron-Xızı regional şöbəsinə rəsmi məlumat verilməsi tələb olunmuşdur. Nəzərinizə çatdırırıq ki, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" 20 oktyabr 2015-ci il tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2026-cı il tarixinədək dayandırıldığından müraciətdə göstərilən halların yerində dırılması mümkün deyildir.” X2 X12 Xidmətinin Abşeron-Xızı Regional şöbəsinə ünvanladığı xx.xx.2025-ci il tarixli məktubuna əsasən, X10 şəxsiyyət vəsiqəsində qeydiyyat ünvanı dəqiq qeyd olunmadığına görə rəsmi olaraq müraciət edə bilmədiyini, lakin dəfələrlə X11 telefonla əlaqə saxlayaraq işə qayıtması barədə müraciət etdiyini və hal hazır da onun işə geri dönməsinə etiraz etmədiyini bildirmişdir. İddiaçı xx.xx.2025-ci il tarixində Mediasiya Şurası Bakı 3 saylı Mediasiya təşkilatına Mediasiyanın tətbiqi barədə təkliflə müraciət etmiş daha sonra xx.xx.2025-ci il tarixli X5 iştirak edilməməsi barədə arayış almışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İV hissəsinə əsasən, əmək müqaviləsi sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Göstərilən norma Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 3-16-ci maddəsinə əsasən fərdi əmək mübahisəsi — əmək müqaviləsinin, kollektiv müqavilənin və sazişin şərtlərinin, tərəflərin öhdəliklərinin yerinə yetirilməsi, habelə bu Məcəllənin və digər normativ hüquqi aktların tətbiqi zamanı fərdi qaydada işəgötürənlə işçi arasında yaranan fikir ayrılığıdır. 42-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq, əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. 45.1. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır 68.1-ci maddəsinin a) bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. 296-cı maddəsinin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. 296-cı maddəsinin 6-ci hissəsinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikası Mülki Məcəllənin 372.1-ci maddəsinə əsasən bir şəxsdən hər hansı bir hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 03 iyun tarixli Qərarında qeyd etmişdir ki, işin məhkəmə baxışına hazırlığı zamanı hakimin tərəflərdən hər hansı birindən iddia müddətinin keçməsi ilə bağlı sübutları təqdim etməyi və ya izahat verməyi tələb etməsi yolverilməzdir. Əgər maraqlı tərəf, yəni cavabdeh iddia ərizəsinə qarşı verdiyi etirazda iddia müddətinin keçməsinə istinad edərsə, hakim işin məhkəmə baxışına hazırlığı qaydasında işin düzgün və vaxtında həllini təmin etmək üçün tərəflərin hər birinə iddia müddəti ilə bağlı müvafiq sübutların təqdim olunmasını təklif edə bilər. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. İddia müddətinin tətbiqini nəzərdə tutan müddəalara görə hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296cı maddələrinin şərh edilməsinə dair qərarına əsasən qanunverici bütün fərdi əmək mübahisələrinin məhkəmə qaydasında həllini müəyyən etsə də, bundan istisna olaraq fərdi əmək mübahisələrinə kollektiv müqavilələrdə nəzərdə tutulmuş hallarda müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılan müvafiq orqan tərəfindən məhkəməyə qədər baxılmasını da nəzərdə tutmuşdur. Beləliklə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanı səciyyələndirən şərtlər aşağıdakılardır: ·yaradılmasının kollektiv müqavilədə nəzərdə tutulması; ·müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılması; Əgər müəssisədə kollektiv müqavilə bağlanmamışsa və ya bağlanmış kollektiv müqavilədə belə bir orqanın yaradılması nəzərdə tutulmamışdırsa, bu zaman Əmək Məcəlləsinin 294-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq fərdi əmək mübahisələrinə yalnız məhkəmələrdə baxıla bilər. Həmçinin qərarda qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən, X12 Xidməti mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən Azərbaycan Respublikasının hüquqi şəxsləri, xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri və fiziki şəxslər tərəfindən Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının əmək qanunvericiliyi sisteminə daxil olan digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır. Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu vurğulamağı vacib hesab edir ki, X12 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin yuxarıda qeyd olunan Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Miraqall Eskolano və digərlərinin İspaniyaya qarşı” iş üzrə 28 oktyabr 1998-ci il tarixli qərarında qeyd edilmişdir ki, “atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Lakin sözügedən qaydalar və ya onların tətbiqi tərəflərin əlçatan vasitədən istifadə etməsinin qarşısını almamalıdır”. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2019-cu il tarixli qərarında aşağıdakılar göstərilmişdir: "... Mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. ...Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil”. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb müəyyən etdi ki, iddiaçı ilə cavabdeh arasında əmək müqaviləsinə xitam verildikdən sonra o, hüquqlarının pozulduğunu artıq 2025-ci ilin iyun ayından bilmiş, xx.xx.2025-ci il tarixində işdən qanunsuz çıxarılmasına dair əvvəlcə əmək müfəttişliyinə müraciət etmiş, sonuncu qurumun araşdırması nəticəsində cavabdehin iddiaçının qanunsuz qaydada işdən çıxarılması müəyyən edilmiş, daha sonra cavabdeh avqust ayında iddiaçıya yenidən işə qayıtmağı təklif etsə də iddiaçı buna razı olmamış, artıq xx.xx.2025-ci il tarixdə mediasiya təşkilatına müraciət etmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq olunmasına dair ərizə təqdim edərək iddianın rəddini xahiş etmiş, məhkəmənin suallarına cavabında isə iddiaçı müddəti hüquqi savadsızlığından, müddət və qanunlarla bağlı kifayət qədər məlumatı olmadığından ötürdüyünü bildirir, müddətin ötürülməsinin üzrlü hesab edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edir. Məhkəmə, araşdırma zamanı tələbin xarakterini, ötürülən iddia iddia müddətini və səbəblərini hüquqi qiymətləndirmədən keçirərək belə qənaətə gəlir ki, müddətin ötürülməsinin üzrlü hesab edilməsi və bərpa edilməsi üçün hər hansı bir əsas müəyyən edilməmişdir. Bu səbəbdən də qanunvericiliyin tələblərini, o cümlədən Yuxarı instansiya məhkəməsinin mövcud məhkəmə təcrübəsi ilə əlaqədar mövqeyini nəzərə alaraq məhkəmə iddia tələbinə mahiyyəti üzrə qiymət vermədən tələb üzrə qanunla nəzərdə tutulmuş iddia müddətinin keçməsinə dair cavabdeh tərəfin ərizəsini nəzərə alaraq iddianın rədd edilməsini qanunamüvafiq hesab edir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, İddiaçı cavabdeh X1 qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia tələbi rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki halda tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olduğundan, iddia tələbi isə təmin edilmədiyindən və bu hal cavabdeh tərəfi də rüsum ödəməkdən azad etdiyindən məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticəvi hissə QƏT ETDİ: İddiaçı cavabdeh X1 qarşı əmrin ləğvi, işə bərpa və əmək haqqı tələbinə dair iddia tələbi rədd edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar