Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-7932/2025 23.12.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ X4 Hüseynağa qızının sədrliyi, Səftərov Hüseyn Sahib oğlunun katibliyi ilə, Ərizəçi mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs qeyd etməklə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə ərizə ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmiş, ərizə onunla əsaslandırılmışdır ki, Binəqədi Rayon Məhkəməsinin 2(016)-6488/2025 saylı qətnaməsi ilə aralarındakı nikah pozulmuşdur. Lakin maraqlı şəxs MŞB/11/2025-00892 nömrəli, xx.xx.2025-ci il tarixli "Barışıq sazişinin" şərtlərinə əməl etməmiş və xx.xx.2025-ci il tarixdən ödəməli olduğu alimenti ödəməkdən boyun qaçırmışdır. Buna görə də, barışıq sazişinin təsdiq olunması barədə qətnamə çıxarılmalıdır. Bu səbəbdən Maraqlı şəxs ilə aralarında bağlanmış MŞB/11/2025-00892 nömrəli, xx.xx.2025ci il tarixli "Barışıq sazişinin” təsdiq edilməsi və alimentin xx.xx.2025-ci il tarixdən hesablanması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur. Tərəflər məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə iş materiallarını nəzərdən keçirib, barışıq sazişinin təsdiq edilməməsi üçün əsasların olmadığını nəzərə alaraq, tərəflər arasında bağlanmış barışıq sazişinin təsdiq edilməsini mümkün hesab edir. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: MŞB/11/2025-00892 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq sazişindən göründüyü kimi, həmin saziş mediasiya prosesi nəticəsində Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış və həmin sazişdə aşağıdakılar göstərilmişdir:
1. Tərəflər Saziş imzalandıqdan sonra aralarında olan 1 saylı Bakı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə, Nikahın bağlanması haqqında akt qeydləli kitabında 1386 nömrə ilə qeydə alınmış nikahın pozulmasına və bunun məhkəmə qaydasında həllinə razılaşdılar.
2. Birinci Tərəf (Maraqlı şəxs) övladları xx.xx.2016-ci il təvəllüdlü X2 və xx.xx.2018-ci il təvəllüdlü X1 İkinci Terefin (Ərizəçi) himayəsində qalmasına etiraz etmir.
3. X7 Tərəfə xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır.
4. X8 Tərəfə yuxarıda qeyd edilən övladları ilə günün istənilən vaxtlarında, heç bir maneə yaratmadan ünsiyyət qurmağına (uşağı götürməyinə, yanında saxlamağına) şərait yaradacaq.
5. X7 Tərəfin və onun övladlarının hal-hazırda yaşadıqları Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, R.Allahverdiyev küçəsində yerləşən, ünvanı qeydə alınmayan fərdi yaşayış evində məhdudiyyətsiz olaraq yaşamalarına etiraz etmir və onların yaşamaları üçün lazımi şərait yaradacaq.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.1-ci maddəsinə görə, barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.2-ci maddəsinə müvafiq olaraq, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. İşdə maraqlı olan şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda, məhkəmə işin baxılmasını təxirə salır. 355-25.3-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə görə, məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə müvafiq olaraq, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə görə, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dovlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin maraqları arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. "Uşaq hüquqları haqqında" BMT-nin Konvensiyasının 3-cü maddəsində uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməsi nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/11/2025-00892 nömrəli, xx.xx.2025-ci il tarixli Barışıq sazişi təsdiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355- 23-355-26, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Nəticə hissəsi QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış MŞB/11/2025-00892 nömrəli, xx.xx.2025-ci il tarixli saylı Barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: Birinci Tərəf (Maraqlı şəxs) İkinci Tərəfə (Ərizəçi) xx.xx.2025-ci il tarixdən başlayaraq yuxarıda qeyd edilən övladı(ları) yetkinlik yaşına çatanadək, hər ayın 10-na qədər, hər birinə 250 (iki yüz əlli) manat olmaqla, cəmi 500 (beş yüz) sabit pul məbləğində aliment ödəməyi öz öhdəsinə götürür. Sazişin bu bəndi gələcəkdə aliment məbləğinin artırılıb-azaldılması üçün məhdudiyyət yaratmır. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
X6