Məhkəmə qərarları › İş №2(001)-8165/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8165/2025

06.03.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8165/2025 06.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Pərviz Şahin oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Nəsirov Murad Seyran oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində göstərmişdir ki, anası X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində vəfat etmişdir. O, anasının ölüm haqqında şəhadətnaməsinin alınması ilə bağlı qeydiyyat şöbəsinə müraciət etmişdir. Ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Mərhum anasının ölümünün məhkəmə qaydasında qeyd edilməsi faktı mərhumun dəfn xərcləri ilə bağlı dövlət tərəfindən veriləcək pulun, eləcə də, valideynlərindən miras qalmış hər hansı daşınar və ya daşınmaz əmlakın vərəsəlik qaydasında əldə edilməsinə görə lazımdır. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi göstərilənləri nəzərə alaraq, ərizəsinin qəbul edilərək mahiyyəti üzrə baxılması, anası xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşaxuna bağ massivində vəfat etməsi faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında çıxış edən Ərizəçi ərizəni müdafiə etməklə yanaşı, ərizədə göstərilən xüsusatları təsdiq edərək, ölüm faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən verilmiş 18 dekabr 2025-ci il tarixli 3-16-5/7-13-1661/25 saylı məktubdan görünür ki, Ərizəçi müraciətinə baxılmış və bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X1 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizənin hazırda təmin edilməsi mümkün deyildir. İş materiallarında olan Təcili və X3 Stansiyası tərəfindən verilmiş ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 12 dekabr 2024-cü il tarixdə X4 üçün çağırış edilmiş, həmin gün saat 01:50-də həkimə qədər ölüm, qadın cinsli meyit aşkar olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Baki Baş Səhiyyə Mərkəzi” X9 45 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş məktubdan görünür ki, mərhum xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə evdə ölmüşdür. Ölümə qədər xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmişdir. Ölümdən sonra Təcili Yardım həkimi tərəfindən həkimə qədər ölüm qeydiyyata alınmışdır. Ölümə səbəb olan hər hansı diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin №AZS-106 verilməsindən imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. İş materiallarında olan fotoşəkildən görünür ki, xx.xx.1959-cu il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan Bələdiyyəsinin sorğuya cavabından görünür ki, Bələdiyyə tərəfindən sorğuya baxılmış və bildirilmişdir ki, Ərizəçi “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə müiki işlə bağlı ərizəçinin anası X4 xx.xx.2024-cü il tarixdə vəfat etmişdir və Mərdəkan qəsəbəsi, 88-ci Mərdəkan küçəsi ilə Şağan qəsəbəsi, 22-ci Şağan küçəsinin kəsişməsində yerləşən qəbirstanlıqda dəfn edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ərizəçinin dostu olmaqla yanaşı, ərizəçinin anası X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsi, Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilməsi faktını təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ərizəçinin qardaşı olmaqla yanaşı, anası X1 xx.xx.2024-cü il tarixdə ev şəraitində vəfat etməsi və Şağan qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn edilməsi faktını təsdiq etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinin tələbinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Göründüyü kimi ərizə aidiyyəti üzrə düzgün verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinin tələbinə əsasən məhkəmə fiziki və ya hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa yolla ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyin normalarını rəhbər tutaraq hesab edir ki, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə vəfat etməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar olduğundan, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etdiyindən və bununla da, ərizə əsaslı olduğu üçün təmin edilməli, xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1959-cu il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. X1 adına ölüm haqqında şəhadətnamənin verilməsi Bakı şəhəri Maraqlı şəxsnə həvalə edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Pərviz Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar