Məhkəmə qərarları › İş №2(001)-8858/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-8858/2021

23.12.2021 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-8858/2021 23.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev İlkin Əli oğlunun sədrliyi Sadıqov Nurlan Əli oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında 27 avqust 2021-ci il tarixdə mediasiya qaydasında bağlanılmış barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Binəqədi Rayon Məhkəməsinə müraciət edərək alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-13539\2017 saylı qətnaməsinə əsasən 25 avqust 2012-ci il təvəllüdlü X1 üçün tutulan alimentin miqdarı artırılaraq hər ay 160 manat sabit pul məbləğində Maraqlı şəxs tutulması qət edilmişdir. Maraqlı şəxs tutulan alimentin məbləğinin artırılması üçün mediasiya şurasına müraciət etmişlər. Bu barədə aralarında barışq sazişi bağlanmışdır. Sazişə əsasən Maraqlı şəxs birgə nikahdan olan övladlarının saxlanması üçün alimentin artırılaraq, 175 manat müəyyən edilməsi və hər ay sabit 175 manat məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür.Buna baxmayaraq, Maraqlı şəxs övladının saxlanılması üçün barışıq sazişində qeyd olunan öhdəliyi yerinə yetirmir. Göstərilənlərin nəzərə alınmasını və ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizənin dəlillərinə uyğun şəkildə izahat verərək, ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.Əlavə olaraq bildirmişdir ki, aralarında barışıq sazişi imzalasalar da, Maraqlı şəxs sazişi icra etməmişdir. Ona görə də, sazişin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Maraqlı şəxs 1000 manatdan çox aliment borcu vardır. Sonuncu dəfə 600 manat ödəniş etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs izahatında bildirmişdir ki, barəsində məhkəmədə iddia qaldırıldıqdan sonra, keçən həftə aliment borcundan 600 manat ödəniş etmişdir. Əvvəl işsiz olmuşdur. Hazırda təzəlikcə işə düzəlmişdir. O, barışıq sazişinin təsdiq edilməsinə etiraz etmir. Sonuncu dəfə 600 manat ödəniş etmişdir. Yaranmış borcunu isə hissə-hissə ödəyir. Məhkəmə, tərəfləri dinləyib, ərizəni və ona əlavə edilmiş sənədləri tədqiq edərək, onlara məcmu halda hüquqi qiymət verib, belə qənaətə gəlir ki, ərizə əsaslı olduğundan təmin edilməldir. İş materiallarında olan Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya mərhələsində mediatorun iştirakı ilə bağlanan 27 avqust 2021-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflər birgə nikahdan olan övladının saxlanması üçün alimentin 160 manat məbləğindən artırılaraq hər ay 175 manat ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs hər ay 175 manat sabit pul məbləğində aliment ödənilməsini öhdəsinə götürmüşdür. 19.11.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, ərizəçi Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilir ki, tərəflər arasında aliment məbləğinin artırılması ilə bağlı 27 avqust 2021-ci il tarixli barışıq sazişi imzalanmışdır. Saziş əsasında tərəflərin birgə nikahında olan uşaqlarının saxlanması üçün Maraqlı şəxs tutulan aliment məbləğini artırılaraq 175 manat həddində müəyyən edilməsi barədə razılıq əldə edilmişdir. Lakin Maraqlı şəxs barışıq sazişi imzalandığı andan 10 gün ərzində sazişin şərtlərini icra etmədiyindən Ərizəçi barışıq sazişinin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs barışıq sazişinin təsdiq edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası “Mediasiya haqqında” Qanunun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2-ci maddəsinə əsasən Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4-cü maddəsinə əsasən barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). İşin hallarından göründüyü kimi barışıq sazişinin təsdiq edildiyi vaxtdan keçən müddət ərzində maraqlı şəxs barışıq sazişi ilə artırılmış alimenti ödəməmiş, yalnız əvvəlki aliment borcundan bir hissə ödəniş etmişdir. Halbuki barışıq sazişinin şərtinə görə Maraqlı şəxs barışıq sazişi bağlandıqdan sonra könüllü olaraq hər ay 175 manat aliment ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq maraqlı şəxs tərəfindən barışıq sazişi könüllü qaydada icra edilməmişdir. Odur ki, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsi əsaslı hesab edilməklə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in, 217-ci, 355-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Tərəflərin birgə nikahdan olan övladının saxlanılması ilə bağlı hər ay 175(bir yüz yetmiş beş) manat alimentin Maraqlı şəxs tutularaq Ərizəçi ödənilməsi barədə 27 avqust 2021-ci il tarixli barışıq sazişi məcburi icra üçün təsdiq edilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İlkin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar