Məhkəmə qərarları › İş №2(001)-8971/2021

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №2(001)-8971/2021

03.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(001)-8971/2021 03.12.2021 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Hətəmzadə Fərid Eldar oğlu, Ərizəçi (maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsinin məhkəmə icraatının mümkünlüyü məsələsinə baxaraq MÜƏYYƏN ETDİM: Ərizəçi (maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 mart 1935-ci il təvəllüdlü X1 Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, A.Zeynallı küçəsində yerləşən 40 saylı evdə 23 sentyabr 2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Həmin Məcəllənin 151.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Ərizədən görünür ki, ərizəçi ərizəsində xahiş etdiyi faktın şahidlərin də təsdiq edə biləcəyinə istinad etsə də, lakin həmin şahidlərin soyadlarını, adlarını, atasının adlarını, şəxsiyyətlərini eyniləşdirməyə imkan verən digər məlumatlarını, yaşayış yerlərini və ya olduğu yerləri (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanlarını, olduğu halda – iş yerinin ünvanlarını, telefon nömrələrini, o cümlədən mobil telefon nömrələrini, elektron poçt ünvanlarını ərizədə qeyd etməmişdir. Bundan əlavə, ərizəçi tərəfindən ərizəyə əlavə edilmiş 22 oktyabr 2021-ci il tarixli dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, rüsum Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hesabına deyil, Abşeron Rayon Məhkəməsinin hesabına ödənilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci və 108.3-cü maddələrinə əsasən iddia ərizələri verildikdə dövlət rüsumu ödənilir. Dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Beləliklə, ərizənin qəbul olunmasının mümkünlüyü məsələsini yoxlayaraq belə nəticəyə gəlirəm ki, ərizə geri qaytarılmalı və ərizəçiyə izah edilməlidir ki, o, ərizəsində qeyd etdiyi şahidlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlarını göstərməklə, habelə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə vermək üçün həmin məhkəmənin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 152, 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİM: Ərizəçi (maraqlı şəxs Abşeron rayon qeydiyyat şöbəsi cəlb edilməklə) ölüm faktının müəyyən edilməsinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, ərizəsində qeyd etdiyi şahidlərin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlarını göstərməklə, habelə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə ərizə vermək üçün həmin məhkəmənin hesabına dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə etməklə yenidən məhkəməyə müraciət edə bilər. Qərardad rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Fərid Hətəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar