Məhkəmə qərarları › İş №2(001)-9/2022

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(001)-9/2022

16.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(001)-9/2022 16.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ hakim Mustafayev Etibar Mustafa oğlunun sədrliyi, Nəsirov Nicat Abbas oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1, Cavabdeh2 iştirakı ilə, Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (ASC) Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qaytarılması, tutmanın ipoteka predmetinə yönəldilməsi barədə iddia ərizəsinə dair mülki işə 16 mart 2022-ci il tarixdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ləğv prosesində olan "xxxx" ASC ilə Cavabdeh1 arasında 05 yanvar 2012-ci il tarixdə bağlanmış 397A nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən sonuncuya avtomobil alınması məqsədi ilə illik 26 faiz dərəcəsi ilə, ödəniş müddəti keçmiş kredit üçün illik 52 faizlə 24 ay müddətinə ödəmək şərti ilə 5600 manat məbləğində kredit verilmişdir. Öhdəliyin icrasının təminatı olaraq Ab seriyalı, 726346 nömrəli "nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi"nə əsasən Cavabdeh1 məxsus "BMW 316" markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobil 05 yanvar 2012-ci il tarixli ipoteka müqaviləsinə əsasən bank qarşısında ipoteka ilə yüklü edilmiş, ipoteka müqaviləsi 06 yanvar 2012-ci il tarixli, AA seriyalı, 137475 saylı "ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarış"la Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat imtahan şöbəsində qeydə alınmışdır. Eyni zamanda, 10 avqust 2012-ci il tarixdə Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Sonradan Cavabdeh1 müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyindən bank tərəfindən təqdim olunmuş maliyyə arayışına əsasən 05.04.2018-ci il tarixə 2069 manat məbləğində əsas borcu, 4186 manat məbləğində pulun isə əldən çıxmış fayda qismində borcu yaranmışdır. Ləğv prosesində olan "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 05 yanvar 2012-ci il tarixli, 397A saylı kredit müqaviləsi üzrə yaranmış 2069 manat məbləğində əsas borcun, əldən çıxmış fayda qismində 4186 manatın, cəmi 6255 manat məbləğində borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus "BMW 316” markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracda satılması yolu ilə əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, satışdan əldə olunmuş məbləğ yetərli olmadığı təqdirdə qalan məbləğin cavabdehlərdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 avqust 2018-ci il tarixli, 2(001)- 5681/2018 saylı qiyabi qətnaməsinə əsasən, iddia təmin edilmişdir. Sonradan Cavabdeh2 ərizə ilə məhkəməyə müraciət edərək qiyabi qətnamənin ləğv edilməsini xahiş etmiş, məhkəmənin 10 dekabr 2021-ci il tarixli, 2(001)-9219/2021 saylı qərardadına əsasən, ərizə təmin edilmiş, qiyabi qətnamə ləğv edilmiş, iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsində göstərilənləri təsdiq etdiyini, iddianı müdafiə etdiyini bildirərək təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddianı qəbul etmədiyini bildirərək izahatında göstərdi ki, o, Cavabdeh1 adlı şəxsi ümumiyyətlə tanımır, zaminlik müqaviləsindəki imza ona məxsus deyil, o, iddiaçı bankın harada yerləşdiyindən belə məlumatı yoxdur. Digər cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə yaşayış ünvanı üzrə bildiriş və mobil telefon nömrəsinə sms bildiriş göndərilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddianın təmin olunması barədə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İşin faktiki halları ilə müəyyən olunur ki, Cavabdeh1 müqavilə üzrə öhdəliklərini tam icra etmədiyinə görə banka borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1-ci maddəsinə əsasənzaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Cavabdeh2 izahatında göstərilənlərin araşdırılması, yəni zaminlik müqaviləsindəki imzanın onun tərəfindən icra olunub-olunmamasının müəyyənləşdirilməsi məqsədi ilə məhkəmənin 12 yanvar 2022-ci il tarixli, 2(001)-9/2022 saylı qərardadına əsasən, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 fevral 2022-ci il tarixli, 4/201 saylı müvafiq rəyində göstərilmişdir ki, sözügedən zaminlik müqaviləsində “Zamin” hissəsində “Cavabdeh2” qrafasındakı imza Cavabdeh2 tərəfindən icra olunmuşdur. Beləliklə, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən o, kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu ilə birgə məsuliyyət daşımağı öz öhdələrinə götürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, iddia Cavabdeh2 münasibətdə də təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1 -ci maddəsinə əsasən əgər borclu icranı təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Eyni zamanda "İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 47.5-ci maddəsinə əsasənipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Məkhəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, 2069 manat məbləğində əsas borc, 4186 manat məbləğində pul isə əldən çıxmış fayda qismində hesablanmaqla cəmi 6255 manat məbləğində borc Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" ASC-nin xeyrinə tutulmalı, tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus "BMW 316" markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməli, avtomobil açıq hərracda satılaraq əldə edilmiş gəlir hesabına banka olan borc ödənilməli, satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetmədikdə qalan borc cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 119.1 -ci maddəsinə əsasən məhkəmə hesab edir ki, ləğv prosesində olan "xxxx" ASC-nin məhkəməyə iddia ərizəsi verərkən dövlət rüsumu kimi ödədiyi 30 manat məbləğində pul vəsaiti də cavabdehlərdən iddiaçının xeyrinə, habelə, məhkəmə-xətşünaslıq ekspertizası üzrə ekspert xərci olaraq 100 manat məbləğində pul vəsaiti müştərək qaydada cavabdehlərdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki - Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 05.01.2012-ci il tarixli 397A saylı kredit müqaviləsi üzrə əsas borc kimi 2069 manat, əldən çıxmış fayda kimi 4186 manat, cəmi 6255 manat məbləğində pul vəsaiti müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tutma bank qarşısında ipoteka ilə yüklü edilmiş, Cavabdeh1 məxsus "BMW 316" markalı, **-RU-*** dövlət qeydiyyat nişanlı, 2000-ci il buraxılışlı, gümüşü-metallik rəngli, ban nömrəsi WBAAL11070AH36511 olan avtomobilə yönəldilsin, avtomobil açıq hərracda satılaraq əldə edilmiş gəlir hesabına banka olan borc ödənilsin. Satışdan əldə olunmuş vəsait borcun ödənilməsinə yetmədikdə qalan borc cavabdehlərdən müştərək qaydada bankın xeyrinə tutulsun. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 30 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq ləğv prosesində olan "xxxx" Açıq Səhmdar Cəmiyyətinə, ekspertiza xərci kimi 100 manat məbləğində pul müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 tutularaq Azərbyacan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Etibar Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar