Məhkəmə qərarları › İş №2(006)-144/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-144/2022

18.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-144/2022 18.10.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim - İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Məhkəmə iclasının katibi - Tağıyev Adil Elçin oğlunun katibliyi, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh2 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki işə Nəsimi rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı kredit müqaviləsi üzrə 35278,62 manat əsas borcun, 81194.03 manat hesablanmış faizin, 58292,12 manat hesablanmış dəbbənin, cəmi 174764,77 manatın və xx.xx.2015-ci il tarixli, 017/15/PBK/PK saylı kredit müqaviləsinə görə isə 4674,65 ABŞ dolları əsas borc, 15518,62 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 20193,27 ABŞ dolları kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması, xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı və xx.xx.2015-ci il tarixli, 017/15/PBN/PK saylı kredit müqavilələri üzrə tələbin cavabdehə məxsus olan ünvan 1, mənzili 33-ə (MA seriyalı, ******* nömrəli, **********51-05101- 093018 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi, mənzilin dəyərinin 78000 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi, mənzilin məcburi boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh1 cavabdeh qismindən çıxarılmışdır. İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı və xx.xx.2015-ci il tarixli, 017/15/PBN/PK saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 24 faiz olmaqla 60000 manat məbləğində və xx.xx.2015-ci il tarixli, C17/15/PBN/PK saylı kredit müqaviləsi üzrə isə 12 ay müddətinə, illik 30 faiz olmaqla, 5000 ABŞ dolları kredit verilmişdir. xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı və xx.xx.2015ci il tarixli, 017/15/PBN/PK saylı kredit müqavilələrinin təminatı kimi xx.xx.2011-ci il tarixli, 143/1İPBN saylı İpoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli Əlavə və xx.xx.2015-ci il tarixli Əlavə bağlanmışdır. Həmin müqaviləyə əsasən cavabdehə məxsus olan ünvan 1, mənzili 33-ü (MA seriyalı, ******* nömrəli, **********51-05101-093018 reyestr nömrəli, ********** qeydiyyat ncmrəli, xx.xx.2011-ci il qeydiyyat tarixli Çıxarışa əsasən) ipoteka ilə yüklü etmişdir. İpoteka (girov) müqaviləsinə Əlavə notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqavilələrinin 2.9-cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbo pulu tələb edir; 5.5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kreditə aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı kredit müqavilələrinə əsasən cavabdehin iddiaçıya 35 278.62 manat əsas borc, 81 194.03 manat hesablanmış faiz, 58 292.12 manat hesablanmış dəbbə, cəmi 174 764.77 manat və xx.xx.2015-ci il tarixli, 017/15/PBN/PK saylı kredit müqaviləsinə görə isə 4674.65 ABŞ dolları əsas borc, 15518.62 ABŞ dolları hesablanmış faiz borcu olmaqla, cəmi 20193.27 ABŞ dolları borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdeh bildirişə münasibət bildirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddianı müdafiə etdi və tələbin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik faiz dərəcəsi 24 % olmaqla 60000 manat məbləğində kredit verilmişdir. xx.xx.2015-ci il tarixli, C17/15/PBN/PK saylı Kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən cavabdehə 12 ay müddətinə, illik faiz dərəcəsi 30 % olmaqla 5000 ABŞ Dolları məbləğində kredit verilmişdir. xx.xx.2011-ci il tarixli, 143/1İPBN saylı İpoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli 04 saylı Əlavələrdən görünür ki, xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı və xx.xx.2015-ci il tarixli, 017/15/PBN/PK saylı kredit müqavilələri üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə cavabdeh tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil iddiaçı qarşısında ipoteka ilə yüklü edilmişdir. MA seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ əsasında iddiaçının adına qeydiyyata alınmışdır. RX seriyalı ******* saylı “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, cavabdehə məxsus olan ünvan 1 ünvanında yerləşən 33 saylı mənzil daşınmaz əmlakın dövlət reyestrində iddiaçının adına ipoteka ilə yüklü edilmişdir. xx.xx.2014-cü il tarixli Xəzinə məxaric orderindən görünür ki, iddiaçı tərəfindən 60000 manat pul cavabdehə verilmişdir. xx.xx.2016-cı il tarixli 367/16 saylı “İpoteka predmetinə tutmanın yönəldilməs haqqında” bildirişdən görünür ki, iddiaçı tərəfindən cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/2198 saylı ekspert rəyi ilə, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən "Borcalan’’ Cavabdeh2 tərəfindən "Parabank” ASC-dən alınmış kredit vəsaiti üzrə banka ödənilməli olan borcu 16 iyul 2014-cü il tarixli 071/14/PBN nömrəli kredit müqaviləsi üzrə xx.xx.2017-ci il tarixə əsas kredit borcu üzrə 39.725,84 manat, faiz borcu üzrə 9.957,94 manat, 20 aprel 2015-ci il tarixli 017/PBN/PK nömrəli kredit müqaviləsi üzrə xx.xx.2016-cı il tarixə əsas kredit borcu üzrə 5.000,00 ABŞ dolları, faiz borcu üzrə 876,00 ABŞ dolları müəyyən olunmuşdur. Ekspertiza tədqiqatlarının dəyəri 145 manat təşkil etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli H/01-PLS saylı “Daşınmaz əmlakın (mənzilin) qiymətləndirilməsi barədə” Hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin hazırki dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar qiyməti 110.000 manat, likvid qiyməti 90.000 manat müəyyən edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli Qiymətləndiricinin Hesabatından görünür ki, ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilin bazar qiyməti 149.500 manat, likvid qiyməti 130.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pulu və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə qeyd edir ki, mülki hüquq məsuliyyətin yaranma əsaslarından biri müqavilələrdir. Belə müqavilələrindən biri də borc (kredit) müqaviləsi olmaqla bir tərəf digər tərəfə iradə ifadələri ilə razılaşdırdıqları pul məbləğini digər tərəfə verməyə, digər tərəf isə götürülmüş həmin pul məbləğinə görə borc verən qarşısında pulu qaytarmaq öhdəliyi daşıyır. İddiaçı cavabdehə borc pul verdiyini aralarında mülki hüquq münasibətlərinin yaranmasına əsas olan borc müqaviləsinə istinad edir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında tədqiq olunan sənədlərlə və ekspert rəyi ilə cavabdehin xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı və xx.xx.2015-ci il tarixli, C17/15/PBN/PK saylı Kredit müqavilələri üzrə iddiaçıya olan əsas borc məbləğləri təsdiq olunduğundan həmin məbləğlər cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Əsas borc məbləğləri ilə bağlı məhkəmə qeyd edir ki, ekspert rəyi ilə hər iki kredit müqaviləsi üzrə əsas borc məbləğləri iddiaçının tələb etdiyi əsas borc məbləğlərindən artıq müəyyən edilsə də, verilmiş tələblər üzrə qətnamə çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqavilələrinə əsasən cavabdeh kredit məbləğlərinə hesablanmış faizləri ödəməyi öhdəsinə götürmüşdür. Faiz borclarının məbləğləri ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarından göründüyü kimi iddiaçı tərəfindən cavabdehə xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı Kredit müqaviləsi üzrə 81194.03 manat və xx.xx.2015-ci il tarixli, C17/15/PBN/PK saylı Kredit müqaviləsi 15518,62 ABŞ dolları faiz borcları hesablandığı halda, Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli 9/2198 saylı ekspert rəyi ilə 16 iyul 2014-cü il tarixli 071/14/PBN nömrəli kredit müqaviləsi üzrə faiz borcu 9.957,94 manat, 20 aprel 2015-ci il tarixli 017/PBN/PK nömrəli kredit müqaviləsi üzrə faiz borcu 876,00 ABŞ dolları müəyyən olunmuşdur. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Məhkəmə iclasında tədqiq olunan ekspert rəyinə və işin materiallarında olan sənədlərə əsasən məhkəmə hesab edir ki, hər iki kredit müqaviləsi üzrə ekspert rəyi ilə müəyyən edilən faiz borcu məbləğləri cavabdehdən iddiaçının xeyrinə tutulmalqa iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə iddia tələbinin xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı Kredit müqaviləsi üzrə cərimənin tutulması hissəsinə münasibətdə qeyd edir ki, həmin tələb iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı Kredit müqaviləsindən irəli gəlir. Belə ki, müqaviləyə əsasən cavabdeh kredit müqaviləsi üzrə əsas borcun və ona hesablanmış faizlərin gecikdirilməsinə görə cərimə ödəməyi öhdəsinə götürmüşdür. Lakin məhkəmə hesab edir ki, tələb olunan dəbbə pulu məbləği yaranmış borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, onun məbləğini azaldaraq 2500 manat həddində müəyyən edilməklə cavabdehdən tutulması ədalətlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin ödənilməsi üçün tutmanın tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 143/1İPBN saylı İpoteka müqaviləsinə xx.xx.2014-cü il tarixli və xx.xx.2015-ci il tarixli 04 saylı Əlavələrlə yüklü edilmiş ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə yönəldilməsi barədə iddiaçının iddia tələbi cavabdehin müqavilə üzrə götürdüyü öhdəlikləri icra etmədiyinə və ya lazımınca icra etmədiyinə görə əsaslı olduğundan təmin edilməlidir. İpoteka predmetinin likvid qiyməti müstəqil qiymətləndirici tərəfindən 130.000 manat müəyyən edildiyindən ipoteka predmetinin ilkin satış qiyməti həmin məbləğdə müəyyən edilməlidir. Belə olan halda, mənzil, dəyəri 78000 manat qiymətlə hərraca çıxarıla bilməz. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin; 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1 -ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən edilməli, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı kredit müqaviləsi üzrə 35278,62 manat əsas borc, 9.957,94 manat faiz, 2500 manat dəbbə, cəmi 47736,56 manat və xx.xx.2015-ci il tarixli, 017/15/PBK/PK saylı kredit müqaviləsinə görə isə 4674,65 ABŞ dolları əsas borc, 876 ABŞ dolları faiz, cəmi 5550,65 ABŞ dolları kredit borcu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutulmalı, tutma cavabdehə məxsus olan, likvid dəyəri 130.000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə yönəldilməli, mənzil hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməli, mənzil məcburi boşaldılmalı və iddia tələbi qalan hissədə rədd edilməlidir. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 72,5 manat məbləği cavabdehdən, qalan 72,5 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, məhkəməəmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 500 manat məbləğində ekspertiza xərclərinin 250 manat məbləği cavabdehdən, qalan 250 manat məbləği iddiaçıdan tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən edilsin. Cavabdeh2 İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə xx.xx.2014-cü il tarixli, 071/14/PBN saylı kredit müqaviləsi üzrə 35278,62 manat əsas borc, 9.957,94 manat faiz, 2500 manat dəbbə, cəmi 47736,56 manat borc və xx.xx.2015-ci il tarixli, 017/15/PBK/PK saylı kredit müqaviləsinə görə isə 4674,65 ABŞ dolları əsas borc, 876 ABŞ dolları faiz, cəmi 5550,65 ABŞ dolları kredit borcu ödənildiyi gün üçün Azərbaycan manatı məzənnəsi ilə və 30 manat ödənilmiş dövlət rüsumu tutulsun. Tutma Cavabdeh2 məxsus olan, likvid dəyəri 130.000 manat müəyyən edilməklə ünvan 1 ünvanında yerləşən 33 saylı mənzilə yönəldilsin, mənzil hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilsin və mənzil məcburi boşaldılsın. İddia tələbi qalan hissədə rədd edilsin. İş üzrə təyin edilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatlarının dəyəri 145 manat məbləğində ekspertiza xərclərinin 72,5 manat məbləği Cavabdeh2, qalan 72,5 manat məbləği İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM: VÖEN: **********, X3, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatlarının dəyəri 500 manat məbləğində ekspertiza xərclərinin 250 manat məbləği Cavabdeh2, qalan 250 manat məbləği İddiaçı Bank Olmayan Kredit X5 Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin VÖEN: **********, "xxxx" ASC Sumqayıt şəhər filialı, Kod: 200253, VÖEN: **********, Müxbir hesab: AZ37NABZ013501**********1944, SWİFT: AİİBAZ2X, AZ06AİİB******************** saylı hesabına köçürülsün. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar