Məhkəmə qərarları › İş №2(103)-4305/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-4305/2022

02.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-4305/2022 02.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-4305/2022 Açar sözlər (kredit borcu, ipoteka predmetinə yönəltmə və.s) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi), Vahid Nəriman oğlu Sadıqov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi, İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(006)-244/2022 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.Cavabdeh1 ilə iddiaçı "xxxx" KB ASC arasında kredit müqaviləsi, Cavabdeh2 Şirxan oğlu ilə iddiaçı "xxxx" ASC arasında ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir 2.Odur ki, iddiaçı cavabdeh tərəfindən öhdəlik yerinə yetirilmədiyindən, hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı "xxxx" KB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kreditin, kredit faizlərinin ödənilməsi və ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 165.729,04 manat, faiz borcu üzrə 1.009,33 manat, cəmi 166.738,37 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 166.738,37 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin, 32 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 4.Sonradan, iddiaçı "xxxx" KB ASC Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən “iddia tələbinin azaldılmasına dair” ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə xx.xx.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə borcunun məbləği əsas kredit borcu üzrə 163.894,78 manat, iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutulması, tələbin ipoteka predmeti olan Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin, 32 saylı mənzilinə yönəldilməsi, bu əmlakın hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına Cavabdeh1 xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 163.894,78 manat borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 30 manat, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 40 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" KB ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin, 32 saylı mənzilinə tutma yönəldikdə və o satıldıqda ən geci 1 ay ərzində həmin yaşayış sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 çıxarılmaqla, mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı tələbini onunla əsaslandırmışdır ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında xx.xx.2014cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən borcluya 24 ay müddətinə, xx.xx.2021-ci il tarixədək, illik 4% ödəmək şərtilə 174.495 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi "xxxx" KB ASC ilə Cavabdeh2 arasında xx.xx.2014-cü il tarixli, UMi-24/2014 saylı ipoteka müqaviləsinə və həmin ipoteka müqaviləsinə xx.xx.2019-cu il tarixli əlavə sazişə əsasən Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin, 32 saylı mənzili "xxxx" KB ASC-yə ipotekaya qoyulmuşdur. İpoteka müqaviləsi xx.xx.2014-cü il tarixdə, həmin ipotekanın əlavə qeydiyyatı isə xx.xx.2019-cu il tarixdə AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinə əlavədə nəzərdə tutulmuş ödəniş qrafiki üzrə dövri olaraq "xxxx" KB ASC-yə ödənilməli olan kredit və faiz borclarının həmin qrafikə uyğun ödənilməsi təmin edilməmiş və müəyyən olunmuş ödəmə müddətləri pozulmuşdur. xx.xx.2014-cü il tarixli UM-24/2014 saylı əsas kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmin üsulu kimi Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə) küçəsində yerləşən 48a saylı evin 32 saylı mənzili "xxxx" KB ASC qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka notarial qaydada təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. 6.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə), 17 mart 2022-ci il tarixli, 2(006)-244/2022 saylı qətnaməsi (sədrlik edən-Tağıyev Ceyhun) ilə iddia təmin edilərək, xx.xx.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə 163.894,78 manat (iddiaçının son dəqiqləşmə ərizəsinə əsasən) pul vəsaitinin, ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə bildirişlərin qeydə alınması üçün ödənilmiş 40 manat rüsumu və məhkəməyə iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 iddiaçı "xxxx" KB ASC-nin xeyrinə tutulması, tələb üzrə tutmanın Cavabdeh2 məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin 32 saylı mənzilinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməsi, açıq hərrac keçirildikdən sonra əldə edilən vəsait hesabına ümumi borc məbləğinin "xxxx" KB ASCyə ödənilməsi, bankın tələbləri ödənildikdən sonra qalan məbləğ qalarsa Cavabdeh1 qaytarılması, həmin əmlak tutma yönəldikdən və satıldıqdan 1 ay sonra cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 həmin mənzildən çıxarılması, həmin əmlakın boşaldılması, qiymətləndirmə xərci olan 300 manatın Cavabdeh1 tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba ödənilməsi və ekspertiza xərci olan 150 manatın Cavabdeh1 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi qət edilmişdir. 7."xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsindən görünür ki, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 60 aya-xx.xx.2019cu il tarixədək, bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanmaqda ******* manat məbləğində kredit verir. 8."xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 iyul 2014-cü il tarixli, 64/14 saylı əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə-xx.xx.2017-ci il tarixədək, 18 faizlə, 127000 ABŞ dolları kredit verilmişdir. 9.Cavabdeh1 tərəfindən "xxxx" KB ASC-yə yazılmış xx.xx.2019-cu il tarixli ərizədən görünür ki, Cavabdeh1 97UB/19 saylı kredit xətti və ipoteka müqaviləsi üzrə kredit müddətinin sonuna qədər 174495 manat məbləğin məxaric edilməsinə icazə verilməsini, kredit və onun faizlərinin vaxtıvaxtında ödənilməsinə zəmanət verməsini, 174495 manatın Bank qarşısında xx.xx.2014-cü il tarixli 64/14 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsini xahiş etmişdir.

10. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 97UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 verilən kredit məbləği 174495 manat təşkil edir. Kredit 24 ay müddətinə-xx.xx.2021-ci il tarixədək, 4% ödəmək şərti ilə verilir. Kredt məbləği 174495 manat Bank qarşısında xx.xx.2014-cü il tarixli, 64/14 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcəkdir. 11."xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli, UM-24/14 saylı əsas kredit müqaviləsinə sazişə əsasən, tərəflər arasında bağlanmış 16 iyul 2014-cü il tarixli əsas kredit müqaviləsinin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 1.1.Borc verən borc alana ******* manat məbləğində illik maksimum 28 faiz, minimum 1 ay, maksimum xx.xx.2024-cü il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. 12.İpoteka saxlayan "xxxx" KB ASC, ipoteka qoyan Cavabdeh2 Şirxan oğlu və borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, UMi-24/2014 saylı ipoteka müqaviləsindən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə iddiaçı "xxxx" KB ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin, 32 saylı mənzilini Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. 13.Müqavilənin 2.4-cü bəndinə əsasən həmin mənzil tərəflərin qarşılıqlı razılığı ilə 155.000 manat dəyərində qiymətləndirilmişdir. 14.Müqavilənin 4.1.13-cü bəndinə əsasən ipoteka predmeti olan yaşayış evinə (mənzilə) tutma yönəldildikdə məhkəmə qərarı tələb etmədən yaşayış sahəsini (mənzili) tərk etmək barədə vəzifə müəyyən edilmişdir. 15.Tərəflər arasında xx.xx.2014-cü il tarixli, UMi-24/2014 saylı ipoteka müqaviləsi üzrə xx.xx.2019cu il tarixli əlavə saziş imzalanmışdır. 16.Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən mənzilin ipoteka ilə yüklü edilməsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatdan keçirilmişdir. 17.Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildirişlər borclu Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 Şirxan oğluna göndərilmiş, ipoteka qoyan tərəfindən bildiriş xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. 18.Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi ilə bağlı bildiriş Azərbaycan Respublikası ƏMDK-nın yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən elektron qaydada xx.xx.2021-ci ildə qeydə alınmışdır. 19.Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2022-ci il tarixli, 9/7782 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatı zamanı iş materiallarında olan sənədlərə əsasən (hesabdan çıxarış məlumatlarına, maliyyə arayışına) "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsi əsasında xx.xx.2019-cu il tarixli, 97UB/19 saylı əlavə kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə Cavabdeh1 banka olan borcu 164.532,82 manat məbləğində müəyyən olunur, o cümlədən – xx.xx.2021-ci il tarixə (sualda qeyd edilən tarixə): Əsas borc-164.532,82 manat; Faiz-0 manat. Ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarında olan hesabdan çıxarış məlumatlarınan göründüyü kimi, Cavabdeh1 tərəfindən xx.xx.2021-ci il tarixdən sonra 520 manat məbləğində ödəniş edilmişdir. Lakin banka olan borc məbləği xx.xx.2021-ci il (sualda göstərilən tarixə) tarixədək hesablandığından, 520 manat nəzərə alınmadı. 20."xxxx" MMC-nin 16 noyabr 2021-ci il tarixli rəyindən (mənzilin qiymətləndirilməsinə dair hesabatdan) görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin, 32 saylı mənzilinin hazırda bazar qiyməti 150.000 manat, likvid qiyməti isə 135.000 manat; qiymətləndirmə xərci isə 300 manat təşkil edir. 21.Bildiriş məktublarından görünür ki, "xxxx" KB ASC cavabdehə kredit müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməyəcəyi təqdirdə tutmanın ipoteka predmeti olan qeyri-yaşayış sahəsinə yönəldilməsi üçün məhkəməyə müraciət ediləcəyi barədə borcluya və ipoteka qoyana xəbərdarlıq etmişdir. 22.Məhkəmə hesab etmişdir ki, borclu Cavabdeh1 icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan "xxxx" KB ASC ipoteka ilə yüklü edilmiş mənzili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. Buna görə də, iddia təmin edilməlidir. 23.Məhkəməyə daxil olmuş ekspert rəyinə əsasən Cavabdeh1 banka ümumilikdə 164.532,82 manat borcunun olduğu qeyd edildiyi halda, iddiaçı iddia tələbinin həcminin artırılması, yaxud azaldılması barədə MPM-in 53-cü maddəsinə əsasən ərizə təqdim etməmiş, cavabdehdən ümumilikdə 163.894,78 manat məbləğində pul tələb etmişdir. Belə olan halda isə məhkəmə hesab etmişdir ki, iddia tələbindən kənara çıxılmamaqla, iddia tələbinə uyğun təmin edilməlidir. 24.Bundan əlavə məhkəmə qeyd etmişdir ki, "xxxx" MMC-nin 16 noyabr 2021-ci il tarixli rəyinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin, 32 saylı mənzilinin likvid qiymətinin 135.000 manat olduğu qeyd edilsə də, iddiaçı tərəfindən qeyd edilən mənzilin ilkin satış qiymətinin 150.000 manat məbləğində müəyyən edilməsi xahiş edildiyindən, məhkəmə iddia tələbindən kənara çıxılmamaqla, iddia tələbinə uyğun olaraq, mənzilin ilkin satış qiymətinin 150.000 manat müəyyən edilməli olduğu qənaətinə gəlmişdir. 25.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 269.1, 269.4, 319.1-ci; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1 və 34.1.2-ci; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

26.Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia ərizəsinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edlməsini xahiş etmişdir. 27.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, Cavabdeh1 ilə "xxxx" KB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, UM-24/2014 nömrəli kredit müqaviləsinə əsasən həmin kredit məbləğinin 60 ay müddətinə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 1.000000 manat məbləğində müəyyən edildiyi və kreditin təminatı olaraq Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin, 32 saylı mənzilin ipoteka ilə yüklü edildiyi, daha sonra tərəflər arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, UM-24/2014 nömrəli kredit müqaviləsi çərçivəsində bağlanmış xx.xx.2019-cu il tarixli 97UB/19 nömrəli əlavə kredit müqaviləsinə əsasən, "xxxx" KB ASC tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 4 % hesablanmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 174.495 manat məbləğində kredit verildiyi, xx.xx.2014-cü il tarixli, UMi-24/2014 nömrəli ipoteka müqaviləsi üzrə xx.xx.2019-cu il tarixli əlavə saziş bağlanıldığı iddia edilsə də həmin tərəflər arasında xx.xx.2014-cü il tarixli, UM24/2014 nömrəli kredit müqaviləsi çərçivəsində bağlanılmış xx.xx.2019-cu il tarixli, 97UB/19 nömrəli əlavə kredit müqaviləsinə əsasən ona yenidən qətnamədə göstərildiyi kimi 24 ay müddətinə illik 4% hesablamaq şərtilə 174.495 manat məbləğində kredit verilməmişdir. Göründüyü kimi tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 97UB/19 nömrəli əlavə kredit müqaviləsinə əsasən müəyyən edilən 174.495 manat məbləğində kredit faktiki olaraq kredit olaraq yenidən verilməmişdir. Həmin məbləğ restrukturizasiya edilmişdir. Bank tərəfindən borc hesablanarkən düzgün hesablanmamışdır. Həmçinin də məhkəmə tərəfindən də onun banka olan əsas borcunun nəyə əsasən 163.894,78 manat qalması müəyyən edilməmişdir. Məhkəmə tərəfindən borcun nə qədər olması ilə bağlı ekspertiza təyin edilsə belə, həmin ekspert rəyindən də görünür ki, ekspert tərəfindən məbləğ düzgün hesablanmamaqla ağlabatan olmamışdır. Təkrar ekspertizanın keçirilməsi barədə məhkəmədə vəsatət qaldırılsa da məhkəmə tərəfindən təkrar ekpertiza keçirilməmişdir. Bundan başqa məhkəmə tərəfindən əmlakın boşaldılması və şəxslərin mənzildən çıxarılması da qeyd edilib, baxmayaraq ki, əmlak hələ hərracda satıldıqdan sonra, boşaldılması və şəxslərin çıxarılması məsələsinə baxıla bilər. Çünki, ipoteka qoyanının özünün də həmin əmlakı əldə etmək hüququ var və bu zaman əmlakın boşaldılması hissəsinə ehtiyac olmayacaq. Digər tərəfdən əmlakın mülkiyyətçisi hələ ipotekaqoyan olduğu halda, əmlakın boşaldılması, digər şəxslərin çıxarılması, mülkiyyət hüquqlarının pozulması və bununla da Konstitusiya əsas müddəalarının pozulması deməkdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

28.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29.Məhkmə kollegiyasının iclasında iddiaçı nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etmədi, onun təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanmasını xahiş etdi. 30.Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 31.Maddə 14.2.1.Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 32.Maddə 386.1.İsə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 33.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 34.Maddə 445.2.1.Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 35.Maddə 739.Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 36.Maddə 425.Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 37.Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 38.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 39.Maddə 448.2.Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 40.Maddə 319.1.Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu: 41.Maddə 1.0.9.İlkin satış qiyməti bu qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 42.Maddələr 34.1.1 və 34.1.2.Əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması; əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. 43.Maddə 39.3.3.Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 44.Maddə 59.3, 59.3.1, 59.3.2. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: Yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 45.Maddə 59.4.Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 46.Maddələr 14.2, 77.1, 217.4.Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Maddə 115.0.1.İşə baxılması ilə əlaqədar şahidlərə, ekspertlərə, mütəxəsislərə, tərcüməçilərə verilməli olan məbləğlər məsrəflərə daxildir. 48.Maddə 119.1.Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 49.Maddə 217.2.Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 50.Maddə 385.1.1.Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. 51.Maddə 384.0.2.Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.

Apellyasiya baxışının hədləri

52.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 53.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, qətnamə kredit borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı hissələrində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Kollegiya tədqiq edilmiş sübutlar əsasında qeyd edir ki, "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli, UM-24/2014 saylı əsas kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 60 aya-xx.xx.2019-cu il tarixədək, bu müqavilə çərçivəsində əlavə kredit müqaviləsi bağlanmaqda ******* manat məbləğində kredit verilməsi nəzərdə tutulmuşdur. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 21 iyul 2014-cü il tarixli, 64/14 saylı əlavə kredit müqaviləsinə əsasən "xxxx" KB ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə-xx.xx.2017-ci il tarixədək, 18 faizlə, 127000 ABŞ dolları kredit verilmişdir. Cavabdeh1 tərəfindən "xxxx" KB ASC-yə yazılmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən Cavabdeh1 97UB/19 saylı kredit xətti və ipoteka müqaviləsi üzrə kredit müddətinin sonuna qədər 174495 manat məbləğin məxaric edilməsinə icazə verilməsini, kredit və onun faizlərinin vaxtı-vaxtında ödənilməsinə zəmanət verməsini, 174495 manatın Bank qarşısında xx.xx.2014-cü il tarixli 64/14 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldilməsini xahiş etmişdir. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli 97UB/19 saylı əlavə kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh1 verilən kredit məbləği 174495 manat təşkil edir. Kredit 24 ay müddətinə-xx.xx.2021-ci il tarixədək, 4% ödəmək şərti ilə verilir. Kredt məbləği 174495 manat Bank qarşısında xx.xx.2014-cü il tarixli, 64/14 saylı kredit müqaviləsi üzrə borcun ödənilməsinə yönəldiləcəkdir. "xxxx" KB ASC ilə Cavabdeh1 arasında bağlanmış 24 iyun 2019-cu il tarixli, UM-24/14 saylı əsas kredit müqaviləsinə sazişə əsasən, tərəflər arasında bağlanmış 16 iyul 2014-cü il tarixli əsas kredit müqaviləsinin 1.1-ci bəndi aşağıdakı redaksiyada verilmişdir. 1.1.Borc verən borc alana ******* manat məbləğində illik maksimum 28 faiz, minimum 1 ay, maksimum xx.xx.2024-cü il tarixinədək müddət ərzində, bu müqavilə çərçivəsində əlavə kredit müqavilələri bağlanılmaqla kredit verir. Əlavə kredit müqavilələri üzrə kreditdən istifadəyə görə illik faiz daha az müəyyən oluna bilər. 55.Kollegiya apellyatorun xx.xx.2019-cu il tarixli, 97UB/19 nömrəli əlavə kredit müqaviləsinə əsasən ona 174.495 manat məbləğində kredit verilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, qeyd olunan məbləğ Cavabdeh1 tərəfindən "xxxx" KB ASC-yə yazılmış xx.xx.2019-cu il tarixli ərizəyə əsasən onun Bank qarşısında xx.xx.2014-cü il tarixli, 64/14 saylı kredit müqaviləsi üzrə borcunun ödənilməsinə yönəldilmişdir. 56.Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də Cavabdeh1 onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıdığından, iddiaçı haqlı olaraq borcu tələb etməklə, tutmanın ipoteka predmetlərinə yönəldilməsini tələb etməkdə haqlı olmuşdur. 57.Kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyi mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, kollegiya hesab edir ki, iş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının rəyi mötəbər sübut kimi qiymətləndirilməlidir. 58.Kollegiya apellyatorun borcun düzgün hesablanmaması, yenidən ekspertiza təyin edilməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd edir ki, apellyator işdə olan maliyyə sənədləri və ekspert rəyini şübhə altına ala biləcək sübutları məhkəməyə təqdim etməmişdir. 59.Buna görə də, kollegiya hesab edir ki, məhkəmə borcun müəyyən edilməsi ilə bağlı düzgün nəticəyə gəlmişdir. 60.Həmçinin birinci instansiya məhkəməsi tutmanın ipoteka predmetinə yönəldilməsi ilə bağlı hissədə də, düzgün nəticəyə gəlmişdir. 61.Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. 62.Belə ki, birinci instansiya məhkəməsində qiymətləndirici "xxxx" MMC-tərəfindən əmlaka baxış keçirilməmiş, bundan əlavə ipoteka predmetinin bazar qiyməti götürülmüşdür. 63.Kollegiya hesab edir ki, qətnamə həmin hissədə maddi hüquq normasının (“İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsi) pozulması ilə qəbul edilmişdir. Buna görə də, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində ləğv edilməlidir. 64.Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 iyun 2022-ci il tarixli qərardadı ilə məhkəmə-qiymətləndirmə ekspertizaları təyin olunmuş və ekspert rəyləri əldə olunmuşdur. 65.Belə ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş 14-08/22-AM-N saylı, 14 avqust 2022-ci il tarixli rəyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan (Gəncə xanı) küçəsi, 48a saylı evin, 32 saylı mənzilinin likvid dəyəri 236.000 (iki yüz otuz altı min) manat civarında, "xxxx" MMC-nin PR-M/51- 2021 saylı, 20 sentyabr 2022-ci il tarixli rəyinə əsasən isə qeyd olunan mənzilin likvid dəyəri 230000 (iki yüz otuz min) manat civarında müəyyən edilmişdir. 66.Kollegiya hesab edir ki, "xxxx" MMC və "xxxx" MMC-nin rəyləri kifayət qədər əsaslandırılmış, əmlakların mövcud likvid dəyəri (internet, qəzet məlumatları nəzərə alınmaqla, əmlaklara baxış keçirilməklə) müəyyən olunmuşdur. 67.Buna görə də, kollegiya hesab edir ki, rəylər kifayət qədər əsaslı olduğundan və onlar arasında əhəmiyyətli dərəcədə fərq olmadığından, "xxxx" MMC-nin 14-08/22-AM-N saylı, 14 avqust 2022-ci il tarixli rəyi əsas götürülməklə mübahisələndirilən ipoteka predmetinin ilkin satış qiyməti onun likvid dəyərinə uyğun olaraq 236.000 manat müəyyən olunmalıdır. 68.Kollegiya hesab edir ki, mənzilə tutma yönəldikdən və o satıldıqdan sonra 1 ay ərzində Cavabdeh1 həmin mənzildən çıxarılmaları ilə bağlı hissədə məhkəmə düzgün nəticəyə gəlmişdir. 69.Belə ki, apellyator tərəfindən imzalanmış ipoteka müqaviləsinin 4.1.13-cü bəndinə əsasən ipoteka predmeti olan yaşayış evinə (mənzilə) tutma yönəldildikdə, məhkəmə qərarı tələb etmədən yaşayış sahəsini (mənzili) tərk etmək barədə öhdəlik götürülmüşdür. 70.Kollegiya qeyd edir ki, məhkəmə xərclərinin tərkib hissəsi olan ekspertiza xərci tələbin təmin edilmiş hissəsinə münasib olaraq cavabdehə aid edilməlidir. 71.Məhkəmə-qiymətləndirmə ekspertizasının tədqiqatı dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1, alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN AZ58RBTA********************, Bank: Rabitəbank ASC, Nərimanov filialı VÖEN:**********, Müxbir hesab: AZ61NABZ********************, FAD:505442; SWİFT:RBTAAZ22) keçirilməlidir. 72.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393, 402, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17 mart 2022-ci il tarixli, 2(006)-244/2022 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti ilə bağlı hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İpoteka predmetinin ilkin satış qiyməti 236.000 (iki yüz otuz altı) min manat müəyyən edilsin. Apellyasiya mərhələsində keçirilmiş qiymətləndirmə ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manat Cavabdeh1 alınaraq, "xxxx" MMC-nin hesabına (VÖEN:**********, Hesab/İBAN AZ58RBTA********************, Bank: Rabitəbank ASC, Nərimanov filialı VÖEN:**********, Müxbir hesab: AZ61NABZ********************, FAD:505442; SWİFT:RBTAAZ22) keçirilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şıkayəti verilə bilər.

Sədrlik edən Xəyal Sarıyev

Hakimlər Vahid Sadıqov Emin Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar